“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göyüşün 100 illiyini qeyd etdiyimiz Xalq şairi Nəbi Xəzri yaradıcılığına həsr edilmiş “Poeziyamızın Nəbi Xəzri zirvəsi” məqaləsini təqdim edir.
Ədəbiyyatımızı zirvələrı ilə sıralanan Sıra Dağlara bənzətsək, bu sırada bir -birindən möhtəşəm dağ zirvələri tək sıralanan ədəbi dühaları görəcəksən. Həmin zirvələrdən biri də, heç şübhəsiz, adını Azərbaycanın poeziya tarixinə əbədi həkk etmiş, ədəbi xəzinəmizə misilsiz töhfələr vermiş, öz parlaq poeziya nümunələri, epik, dram və nəsr əsərləri, tərcümələri, publisistikası, ssenariləri ilə zənginləşdirmiş Nəbi Xəzri zirvəsidir. Həmin zirvəni Nəbi Xəzri özü belə tərənnüm edirdi:
Nəbiyəm bir dağam başı qarlıyam,
Demə zirvəndəki o duman nədir?
Bütün varlılardan daha varlıyam,
Dövlətim məhəbbət, varım sevgidir...
Çoxşaxəli, rəngarəng, maraqlı və bir-birindən fərql mövzularla zəngin əsərləri ilə səciyyələnən Nəbi Xəzri yaradıcılığı hələ gənc yaşlarından istər oxucuların, istərsə də ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdi. Yaradıcılığa başladıqları ilk illərdən, o dövrdə poeziyaya yenicə qədəm qoyan gənc istedadlar- Əlağa Kürçaylı, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və onlarca digər gənc istedad kimi Nəbi Xəzrinin şeirləri də gənc istedadların ən böyük himayəçisi Səməd Vurğunun diqqətindən yayınmamışdır. Nəbi Xəzri də Böyük şairin qayğısı ilə əhatə olunmuş, onun təkidi ilə həmin dövr üçün az təsadüf edilən, 20 yaşlı gənc ölkədə böyük nüfuza malik Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdi.
83 il ömür sürmüş, 65 ildən şox yradıcılıqü yolu keçmiş, öz istedadı, zəhməti, bacarığı və yüksək intellekti sayəsində Azərbaycan Dövlət Televiziya Verilişləri Komitəsinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinə sədri, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti kimi yüksək dövləti və ictimai vəzifələr tutsa da, Respublika Lenin Komsomolu mükafatı, SSRİ Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, "Qırmızı əmək bayrağı" ordeni, “Lenin" ordeni, "Şöhrət" ordeni,"İstiqlal" ordeni kimi yüksək mükafatlar, "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycanın Xalq şairi" kimi fəxri adlar alsa da, bu şöhrət onun gözünü qamaşdırmamış, yaradıcılıq onun stixiyyası olmuş, yazıb yaratmaqdan usanmamış, Azərbaycan ədəbiyyatı 65 il ərzində onun ədəbi yaradıcılığı ilə müşayət olunmuş, ömrünün sonunadək böyük həvəs və çoşqu ilə yazıb yaratmışdır.
Ömrünün erkən çağlarında 3 qardaşını və atasın itirməsinə, çətin həyat şəraitinə, ailə-məişət problemlərinə baxmayaraq, Nəbi Xəzri yaradıcılığında bədbin notla köklənmiş nümunələr demək olar ki, yox dərəcəsindədir. Məhz Nəbi Xəzri yardıcılığını səciyyələndirən xüsusiyyətlərindən biri də onun əsərlərinin pozitiv nota, şən əhval-ruhiyyəyə köklənməsidir.
Onun yaradıcılığı insanı məhəbbətə , sevgiyə, yaşamağa, yaratmağa səsləyir.
İstəsən yanına gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm sənin,
səpərəm dəniz kim.
İstəsən üzündən öpərəm sənin,
öpərəm dəniz kim.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi,
Sevmirəm söyləsən bir axşam mənə,
susaram dəniz kimi.
Vətən Sevgisi, Vətənə məhəbbət Nəbi Xəzri poeziyasının baş mövzusudur. O,Vətənimizin təbiətinə, gözəlliklərinə dağına- dərəsinə, dənizinə-çayına, baharına yayına, gülünə-çiçəyinə çoxsaylı şeirlər həsr etmişdir. Bununla yanaşı Nəbi Xəzri də sənət ustadı Səməd Vurğun kimi ən gözəl şeirlərini anamız Azərbaycana həsr edib. Azərbaycan mövzusu Səməd Vurğundan sonra poeziyaya gəlmiş bütün şairlərin baş mövzusu olmuşdir və bu mənada (Əslində hər kəsə məlumdur ki, “Azərbaycan” mözusunu ədəbiyyatımıza səməd Vurğun gətirmişdir və hələlik onun şeirindən güclü şeir yaranmamışdır.) Nəbi Xəzrinin “Azərbaycan”ı da bu mövzuya həsr edilmiş ən gözəl poeziya nümunələrindən biridir. Şeir musiqisiz nəğmə kimi səslənir və elə buna görə də həmin şeirə yazılan və məşhur müğənnimiz, Xalq artisti Şövkət Ələkbərovanın ifasında belə gözəl səslənir.
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göy-Gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə həmişə sənsən gümanım
Canım, gözüm mənim Azərbaycanım.
Sən günəş, mən isə bir zərrə kimi,
Diriykən oğlunam, ölsəm torpağın.
Sən ki, döyündürdün mənim qəlbimi,
Sən uca çinarsan mənsə yarpağın.
Mənəm sənin özün, ey eşqim, canım,
Sənsən özüm mənim Azərbaycanım!
Bu yazının girişində nümunə gərirdiyim bircə bənd şeir əslində Nəbi Xəzri yaradıcılığını bütünlüklə ifadə edir desəm düşünürəm ki, səhv etmiş olmaram. Nəbi Xəzri çoxşaxəli yaradıcılığında nə yaratmışsa sevgi ilə, məhəbbətlə yaratmışdır. Elə buna görə də onun bütün yaradıcılığı lirika ilə müşayət olunur. Onun, həm poeziyasında, həm nəsrində, həm də digər janrlarında bir lirizm vardır.
Başımız üstündə zərli qanadlar,
Kəhraba çinarlar, qızıl palıdlar,
Belə yer dünyada deyin varmıdır,
Meşə pıçıldayır, bulaq danışır?
Günəşdən süzülən ulduzlarmıdır,
Ya kəhraba yanır, qızıl sayrışır,
Sirli bir qələmlə, söz yaza-yaza,
Ağaclar zər səpir yollarımıza...
Elə ona görə də onun şeirləri həm də bəstəkarlarımızın diqqətini cəlb etmiş, şeirlərinə onlarca mahnı yazılmış və bu mahnıları ən məşhur müğənnilərimiz Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova , “Qaya” qrupu, Gülağa Məmmədov, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, Briliant Dadaşova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilmiş və həmin mahnılar musiqi xəzinəmizin qızıl fondunda saxlanılır. Və onlardan bircə nümunə;
İstəsən sükuta bürünsün cahan
heç nə yox,
Al məndən ömrümlə
əbədi qalan
o ani,
o ani
Görüşlərini...
Mən həmişə bu qənaətdə olmuşam və yazılarımda bir neçə dəfə qeyd etmişəm ki, sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə biər. Əksinə bir tikanlı söz, bir bənd kəsərli şeir insanı öldürə bilər. Nizamidən, Füzulidən üzü bəri çağdaş poeziyamıza qədər az-az şair tapılar ki, bu hikməti öz yaradıcılıqlarında əks etdirməmiş olar. Bu mənada Nəbi Xəzri də istisna deyil və onun “söz”ün qüdrətinə həsr etdiyi şeirdən aşağıdakı nümunəni gətirmək istədim:
Əzəl başdan açarıdır sirrlərin,
Öz gücünü ürəklərdən alar söz.
Ümid verər, sevinc verər, qəm verər,
Müşkül olan dərdə çarə qılar söz...
Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahanda insanı.
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz...
Anamız Azərbaycanın qeyri-adi bir bölgəsi olan Abşeron yarımadasının təbii landşaftı son dərəcə əsrarəngiz olduğu kimi, onun yaradıcılıq landşaftı da çox zəngindir. Nəbi Xəzrinin yaradıcılığı ilə tanış olduqca əmin olursan ki, Abşeronun əsrarəngiz təbii landşaftı sanki onun yaradıcılığına köçüb. Nəbi Xəzri həm şairdir, həm dramaturqdur, həm nasirdir, həm tərcüməçidir, həm publisistdir, həm ssenaristdir, həm də Abşeron üçün çox xarakterik yaradıcılıq sahəsi olan rəssam. Sadəcə o, rəsmlərini sözlə çəkir.
Su mavi,
Göy mavi,
Hava da səssiz.
Gəmi maviliyə ağ inci düzür.
Üfüqlə o qədər qovuşub dəniz,
Gəmi sanırsan ki, göylərdə üzür.
Nəbi Xəzriyə görə Azərbaycan təkcə insanları ilə deyil, həm də Tanrının bu məmləkətə verdiyi əvəzsiz töhfələri ilə -göyləri, yerləri, havası, suyu, dənizi, küləyi, dağları, dərələri, meşələri, çinarları, qovaqları ilə gözəldir və o, əsərlərində bu gözəllikləri insanla vəhdətdə təqdim edir. O, öz sevgi və məhəbbətini də təbiətin varlıqları ilə üzvi surətdə birləşdirir. Bu baxımdan onun “Dəniz, göy, məhəbbət” şeiri son dərəcə maraqlı və cəlbedicidir. Dörd hissədən ibarət olan bu poeziya nümunəsində o qədər güclü bir harmoniya var ki, şairin poetik ustalığı qarşısında heyran qalmaya bilmirsən:
-Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzünə,
-Mən isə göyləri verirəm – dedin.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm-deyə,
Mənimlə danışıb, güləsən bir də.
Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?:
Nəbi Xəzri poeziyasından söhbət açarkən onun çox sevdiyim “Söylə bəs hardaydın” şeirindən söz açmaya bilməzdim. Həmin şeirdən nümunələr gətirməmişdən öncə vurğulamaq istəyirəm ki, klassiklərimizdən üzü bəri, indiki dövrümüzə qədər əksər şairlər ən gözəl şeirlərini həm də geçikmiş məhəbbətlərinə həsr etmişlər. Dediklərimə misal olaraq bir neçə görkəmli şairimizin Hüseyn Arifin (“Ləzgi qızı”), Bəxtiyar Vahabzadənin (“Sən hardan biləsən”), Cabir Novruzun (“ Sən elə bir vaxtda rast gəldin mənə”), Tofiq Bayramın (“Ay gecikən məhəbbətim”), Nəriman Həsənzadənin (Nərdivan), Nüsrət Kəsəmənlinin (Sən demə təzədən sevmək olarmış”) adlarını çəkməyi məqsədə uyğün saydım. Bu şeirlərin hər bir fərdi olmaqla, həm də, ümumidir, məhəbbətin əbədiliyinin ifadəsidir. Hər birinin müəllifi görkəmli poeziya bahadırları olmaqla , yaratdıqları əsərlər də şedevrdir. Nəbi Xəzrinin yuxarıda adını çəkdiyim şeir kimi:
Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir...
Nəbi Xəzrinin yaradıcılığı haqqında böyük ədəbiyyat adamları-şairlər, tənqidçilər, tədqiqatçılar, müasirləri çeşidli məqalələr, yazılar, kitablar yazmışlar. Və təbii ki, bir kiçik yazı ilə Nəbi Xəzri yaradıcılığını, onun miqysını əhatə etmək mümkün deyildir. Bununla belə mənim təsəvvürümdə yaratdığı assosiasiya barədə fikirlərimi oxucularla bölüşmək iistədim. Heç şübhəsiz, öz yaradıcılığı, ictimai fəaliyyəti və fərdi xüsusiyyətləri ilə xalqını tanıdan, ona şərəf və şöhrət gətirən yaradıcı ziyalılarımızdan və ictimai xadimlərimizdən biri də Nəbi Xəzridir. Mənim qənaətimcə Nəbi Xəzrinin çoxşaxəli yardıcılığı və geniş miqyaslı dövləti və ictimai fəaliyyəti nə qədər çox cəhətli olmasına baxmayaraq O, Azərbaycan Xalqının yaddaşında daha şox şair kimi qalacaqdır. Mən də bu yazıda onu bir şair kimi səciyyələndirməyə çalışdım.
“Ədəbiyyat və incəsənət”
(11.12.2024)