Yuxulu gözlərində gizlənər arzularım,
Yuxulu gözlərində ürək boyda həqiqət.
Mənim umub-küsdüyüm o gözlərdə, ilahi,
Nə qədər hıçqırtı var, nə qədər də sükunət.
Üsyan havasındadır hər səhər-axşam başım,
Göy üzünə ümidlər çilənməkdə qan kimi.
Səni yer kimi sevdim, səni göy kimi sevdim,
Bacarmadım sevməyi adi bir insan kimi.
Bu sevginin yükünü çiyinlərin daşımaz,
Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.
Amandı, mənim kimi ürəyə bel bağlama,
Bir gün öz odun düşər, öz odunda yanarsan.
Göz yaşların acıdır gözlərimi sil daha.
Səndə günah nə gəzir, suçlamağa qıymaram.
Yanımda qalmağınla sağalarmı yaramız?
Getməkdən heç danışma, getməyə də qoymaram...