“Regionun sevimli qonağı" şair Vaqif Aslan oldu Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

Oktyabrın 22-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Regionun sevimli qonağı" layihəsi çərçivəsində Şəki şəhərində yaşayan şair, nasir, publisist, müəllim və tərcüməçi Vaqif Aslanovla Qax rayon Heydər Əliyev Mərkəzində oxucularla görüş keçirilib. 

 

Layihənin məqsədi ölkəmizdə tanınan simaları şəhər əhalisi və oxucularla görüşdürmək və təcrübələrini bölüşmələrini təmin etməkdir. 

Görüşdə mədəniyyət işçiləri və poeziyasevərlər iştirak ediblər. Həmçinin, şairin sevilən şeirləri səsləndirilib, maraq doğuran suallar verilib.

Sonda şair sevilən əsərlərindən ibarət kitablarından bir neçəsini  imzalayaraq oxuculara hədiyyə edib və xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, layihə çərçivəsində mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər davam etdiriləcək. 

Vaqif Aslanov 1950-ci il 5 iyul tarixində Şəki rayonunun Kiş kəndində anadan olub. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində alıb. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsində təhsil alıb.  1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.

Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlayıb.  Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.

İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. İlk kitabı “Aydın” poemasıdır.Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir. Vaqif Aslanın  Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı "Vaqif" dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulub.

Vaqif Aslan tərcümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazenin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardenin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə edib.

Həmçinin qeyd edək ki, Vaqif Aslanov 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi bir illik Prezident təqaüdünə layiq görülüb. 27 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.