“Ədəbiyyat və incəsənət” portalı Yeni imzalar rubrikasında Pərvanə Hüseynovanın “Təəssürat” adlı hekayəsini təqdim edir.
Ananın bətnində böyüdükcə yavaş – yavaş ətrafı hiss etməyə başlayırdı . İki-üç ay bundan öncə özünü heç bəyənmirdi gah balığa, gah çömçəquyruğa, gah başı bədənindən böyük bədheybətə bənzəyirdi. Həmin vaxtlar anası ilk dəfə müayinə üçün getmişdi. Həkim yastı bir aləti qarnını üstündə gəzdirərək yandakı ekranda gördüklərini bir – bir anasına xırdalayırdı:
– Hamiləliyiniz hələ bir - neçə həftəlikdir, rüşeymin inkişafına baxılarsa, normal inkişaf gedir.
Anası bu sözdən sevinmişdi. Amma onun özü, bu rüşeym sözündən çox da məmnun olmamışdı. “ Bu nə addır belə, yoxsa doğulandan sonra da məni bu adla çağıracaqlar?”
Bir az əhvalı pozulmuşdu. Sonrakı həftələrdə həkim onun adına döl demişdi. Bu ad da o qədər xoşuna gəlməmişdi. Onda özünə məxsus xarakteri olduğunu göstərmək üçün o tərəf-bu tərəfə çabalayıb, şəhadət barmağını yuxarı qaldırmışdı. Demək istəyirdi ki, “sizin dediyiniz adlarən heç biri mənim xoşuma gəlmir. Anam mənə qardaşıma verdiyi kimi gözəl ad verəcək.”
Hətta bu hərəkətləri həkimlərin gözündən yayınmamışdı. Bərkdən şaqqanaq çəkib gülən həkim anasına – “Oğlun bizə barmaq silkələyir “-dedi. Həkimin belə ləzzətlə gülməyi tibb bacısına da maraqlı gəldi. Əlindəki işini yerə qoyub, ana ilə həkimin baxıb güldüyü ekranın qabağına gəldi. İndi üçü də bir-birinə qoşulub gülürdü. İşini yekunlaşdıran həkim: ”Xeyli güldük, ürəyimiz açıldı, bu oğlana yaxşı bax, bu elə belə uşaq olmayacaq” – dedi.
Bu dəfə “uşaq“ sözü diqqətini çəkdi. Daha sonrakı gəlişlərində həkim hətta onun ürək döyüntüsünü də anasına dinlətdi, sonra da baxdığı ekranın yanından xırıltı ilə boz bir kağız çıxdı. Həkim o kağızı qoparıb anasına verdi:
– Al! Bu da körpənin şəkli.
Şəkli görən ananın iri badamı gözləri elə güldü ki, sanki qaranlıq otaq lampasız işıqlandı. Ananın sevincini, fərəhini görən həkim maraqla soruşdu:
- Kimə oxşayır?
Sevincdən ürək döyüntüləri artan ana nəfəsini dərib, sakitcə danışmağa başladı:
-Böyük oğlum üz cizgilərindən mənə bənzəyir, xarakterdə atasına. Balaca olsa da, təmkinli olacağı bəllidir. Mənə verdiyiniz şəklə baxıram, körpəm atasına oxşayır. Amma, deyəsən, bir az mənim kimi çılğın olacaq.
Hər ikisi keçəndəfəki müayinəni xatırlayıb gülümsündülər. Bu dəfə o, həkimdən razı qalmışdı. Həkim ona təzə ad vermişdi – “Körpə”. Gözəl səslənirdi.
Evə gələn kimi anası bədənüma güzgünün qarşısında durub həvəslə özünü süzdü, hamiləliyin ona yaraşdığını son günlərdə hər kəs deyirdi. O, da ilk dəfə anasının necə gözəl olduğunu anladı. O, bəstəboy, uzunsaçlı, gözəl bədən quruluşlu, bir qədər də hamiləlik səbəbindən çəki almış, gözlərindən, ağappaq çöhrəsindən, gülümsəyən dodağından xoşbəxtlik yağan bir qadındır. Onun pozitiv görünüşünün bir hissəsi özünə aid olsa da, bir hissəsi də sevdiyi həyat yoldaşına aid idi. İlk tanışlıqları belə olmuşdu – oxuduğu universitetdə hərbçilərlə keçirilən görüşdə tanış olmuşdular. Hərbi geyimdə soyuqqanlı adam təsiri bağışlayan gənc zabitlə tanışlıqlarından sonra soyuq görkəmin altında necə həlim, mehriban ürəyin olduğunu duymuşdu və beləcə, həyatlarını qovuşdurmuşdular. Xoşbəxt ailələri vardı.
Axşam atası işdən gələndə, səbirsizliklə yol gözləyən anası elə qapının ağzındaca şəkli ona göstərib, həkimin dediyi sözləri bircə-bircə təkrarlamağa başladı. Həkim deyir ki, körpəniz çox gümrahdı.
Həkimin zarafatla dediyi sözlərini də unutmadı. Ədayla onu da ərinə danışdı. Həkim deyir ki, hələ bu günə qədər mənə şəhadət barmağını silkələyən olmamışdı, bu oğlana yaxşı baxın, deyəsən çox ağıllı olacaq.
Hər ikisi fərəhlənmişdi. Sözünü bitirəndən sonra anası əlavə etdi:
-Bax, canım, şəkil eynən sənə bənzəyir.
Şəkli görən ata, anadan da çox sevindi deyəsən.
- Bəs necə, hər ikisi sənə bənzəyə bilməz ki , -deyib, həyat yoldaşının gülən gözlərindən öpdü.
İndi bütün ailə onun gəlişini səbirsizliklə gözləyirdi.
Yavaş-yavaş ətrafı anlamağa, tezliklə gələcəyi dünyanı öyrənməyə başlamışdı. Eşitdiyi səsləri, gülüşü, qışqırığı, acıqlı danışığı biri-birindən ayırmağa çalışırdı. Bu belə də asan olmurdu. Bəzən ona elə gəlirdi ki, insanlar gülümsəyərək danışanda yalnız yaxşı şeylərdən bəhs edirlər. Acıqlı görünürlərsə, deməli pis adamdırlar. Hündürdən danışmaq dava-dalaşdı. Bəzən bu fikirləri onu yanıldırdı, indi də insanları jestləri ilə tanımaq istəyirdi. Bəzən də elə olurdu ki, insanların ananın gözündən yayınan hərəkətlərini o görür, anasını xəbərdar etmək istəyirdi. Ən çox istədiyi bir şey də vardı. Qardaşının başına sığal çəkən anasının əllərinin hərarətini öz saçlarında hiss etmək.
Axşam anası qardaşını öz yataq otağına gətirib, yatızdırmağa çalışırdı. Qardaşının otağı çox rahatdı. Qırmızı maşın formasında olan çarpayının üstünə göy rəngli yataq dəsti örtülmüşdü. Pəncərədəki qırmızı pərdənin üzərində hörümçək adam əks olunmuşdu. Otaqdakı gecə lampasının üstündə də eyni şəkil vardı. Orta və nisbətən kiçik ölçülü, dolabların hər ikisinin profili qırmızı, yanları göy rəngdəydi. Divarda müxtəlif ölçülü çərçivələrdə qardaşının, həm valideynləri ilə, həm də tək şəkilləri asılmışdı. Eynən bu dolablar rəngdə olan üst tərəfi kitab rəfi, ortası yazı masası, aşağısı isə şkaf olan daha bir dolab vardı. Rəfdə şəkilli nağıl kitabları vardı. Qardaşını yatağa uzandırandan sonra anası kitablardan birini götürüb, oxumağa başladı. Qardaşı maraqla dinləyirdi. Anası dünyanın kürə formasında olmasından danışırdı. Kürənin nə olduğunu qardaşı başa düşməmişdi.
Ana kürə nədir deyə, soruşmuşdu. Anası dolabın üstündəki balaca suvenir qlobusu ona göstərib, bax bu, dünyanın kiçik formasıdır, dünyanın 70 % sudur, - demişdi.
Hə, demək, qardaşıyla, valideynlərinin yaşadığı dünya onun indi yaşadığı dünyaya bənzəyirdi. O da topa bənzər, içərisində maye olan dünyasında böyüyürdü. Neçə vaxtdan bəri göbəyindən başlayıb, onu əhatə edən dairəvi divarların lap yuxarısına yapışmış göbək ciyəsinin və burdakı dupduru mayenin onun rahat hərəkət etməsinə necə yardım etdiyinin fərqinə indi vardı. Anası ona, dünya içərisində dünya yaratmışdı.
Qardaşı yorulub, yatmaq istəyəndə anası laylay çalmağa başladı. Onun məlahətli səsi vardı, o da qardaşı ilə birlikdə yuxulamağa başlayırdı. Nədənsə indi özünü anasına qardaşından çox yaxın hiss edirdi. Qardaşı təkcə layla səsini eşidirdi, o isə laylayla birlikdə anasının ahəngdar həzin ürək döyüntüsünü də eşidirdi. İlk eşitdiyi musiqiydi anasının ürək döyüntüləri. Ən çox da o döyüntülərin sədaları altında əl qol atıb, tərpənirdi. Çünki hiss edirdi, indi ananın ürəyi hər kəsdən çox onunçün döyünür.
Bu gün səhər anası qardaşını parkda gəzdirdikdən sonra evə yenicə qayıtmışdı. Həkimin onun şəklinə baxdığı dördbucaqlı qutuya bənzər bir qutu vardı evlərində. Anası həmin qutunu açmışdı, orda anası kimi gözəl bir qadın danışırdı. Dünyadan xəbərlər verirdi.
-Görəsən bu da anamın danışdıqlarını danışacaq?
Diqqət kəsildi... Ekranda dağılmış evlər göründü, yaralı insanları daşıyan, anasının həkimi kimi ağ xalatlılar vardı ətrafda. Gördüklərinin adına zəlzələ deyirdilər. Sonrakı kadrda yaralı qan içində uşağı qucağına almış ata fəryad edirdi. Balaca ürəyi elə bil dayanmağa hazırlaşırdı, boğulurdu. Üzünü çevirmək istədi, bu dəfə diqqətini qardaşı yaşında bir uşaq çəkdi.
Uşaq kəsilmiş plastik butılkada yarıya qədər palçıq, yarıdan çoxu lil olan, suya gözünü zilləmişdi, durulmağını gözləyirdi. Ekrandakı qadın görünənləri izah edirdi, ”Afrikada, bir çox cənub dövlətlərində, su qıtlığı dözülməz həddədir”- deyirdi.
Axı anası demişdi ki, dünyanın yarısı sudur? Yox ola bilməzdi. Yəqin bu qadın nəyisə, düzgün izah etmir. Yoxsa anası yalan deməz. Yorulmuşdu amma anasının dediklərini yalan çıxardan, bu qadına axıra qədər qulaq asmalıydı. Nəyə görə onun sözü anasıyla düz gəlmirdi? Səbəbini bilməliydi.
Növbəti səhnə daha acınacaqlıydı. Qupquru, cadarlanmış torpağın üstündə sərələnib, oturmuş uşaqların aclıqdan və toz-torpağın üstündə qalmaqdan quruyub, arıq, cılız sümüklərinə yapışmış dəriləri, sanki hansısa bir skeletin üstünə geyindirilmiş yad geyimə bənzəyirdi üzərlərində. Əyinləri çılpaq, ayaqları yalın idi. Onları qoruyan yeganə geyim elə dəriləri idi.
Bir az kənarda nisbətən böyük yaşlı uşaqlar, əllərində çirkli, əzik qazanlar yemək növbəsində durmuşdular. Lap körpələr isə nimdaş geyimlərdə, torpağın üstündə oturub, çəlimsiz qollarından başqa, övladına heç bir sığınacaq verə bilməyən analarının qucağına qısılmışdılar. Burdakı anaların gözləri, baxışları, görkəmləri bir-birinin eyniydi. Bütün gözlərdə ümidsizlik, biganəliklə, carəsizliklə qəribə vəhdət yaratmışdı.
Uzaqlara zillənmiş gözləri yaşamadıqları, sadəcə nəfəs aldıqları bu dünyanın, gözə görünməyən divarlarını dəlib, lap uzaqlarda özlərinə dünya axtarırdı. Qazanlarına bir çömçə isti yemək tökülən uşaqlar sevincək analarının yanına qaçır, köhnə əski parçasına bükülmüş, quruluqda yerdəki kəsəklərdən seçilməyən, çörək qırıntılarını, bu yeməkdə isladıb, yeməyə çalışırdılar. Aparıcı qadın Qəzza deyilən bu yerin dünyanın ən qaynar, ən çox qan tökülən yeri olduğunu və yaxın zamanlarda da sülh gözlənilmədiyini deyirdi.
Gördükləri onu qorxutmuşdu.Deyəsən aparıcı onunla inadlaşırdı. Qəzzadakı qan gölündə boğulan, həyatını itirən insanların sayı ilə yanaşı, ayrıca öldürülmüş uşaqların sayı vurğulanırdı. Yəqin son illərdə ən çox uşaqların öldüyü yer buraydı. Aman Allah nə qəribə yer idi, dünya dedikləri bir yanı quruyub cadarlanıb, bir yanı işıq saçır. Görəsən, anasının indi ona yaratdığı dünyadan azad olub, yeni dünyaya gələndə onun halı necə olacaqdı?
Qorxudan əl-qol atıb çabalayır, anasına etiraz etmək istəyirdi.
Bətnində qəfil başlayan çırpıntıdan ana narahat olmuşdu. Bir əlini qarnının altina, o birisini isə göbəyinin üstünə sıxıb, divana çökmüşdü. Qarnının altında başlayan ağrı belinə vurur, az qala nəfəsini kəsirdi. Ürək döyüntüləri getdikcə artır, başında, boynunda sıxıntılar əmələ gəlirdi. Vəziyyətin kəskinləşdiyini görüb, əlləri əsə-əsə hamiləliyinə nəzarət edən həkimə, sonra isə təcili yardıma zəng vurdu. Həkim təzyiqin yüksək olduğunu, həm ana üçün həm də döl üçün təhlükə ola biləcəyini, təcili xəstəxanaya çatdırılmalı olduğunu dedi.
Belə həyəcanlanıb, anası üçün təhlükə yaratdığı üçün peşman oldu. Sakitləşib üzünü anasının qarnının ön divarından, arxaya belinə tərəf çevirib, ayaqlarını qarnına yığıb, əlini çənəsinə söykəyib, beləcə hərəkətsiz qaldı.
Ultra səs müayinəsində həkim dölün ürək ritminin normallaşdığını desə də, hərəkətsiz olmasından narahat qalmışdı. Anaya bir neçə dəfə bərkdən öskürməyi xahiş etdi ki, bəlkə ananın bətnində baş verən titrəyişdən körpə hərəkətə gələ. Amma o israrlıydı, heç halını pozmadan olduğu vəziyyətdə də qaldı- küşmüşdü....
***
Bir neçə gündən sonra anası yaxşılaşıb evə qayıtmışdı. Artıq hamiləliyin 8-ci ayındaydı. Həkimlər çox az vaxt qaldığını, indi səhhətinə həmişəkindən çox diqqət yetirmək lazım olduğunu demişdilər.
Yenə anası qardaşını parka aparmışdı. Sarı oturacaqlı, dəmir zəncirlə hundur dəmirlərə bağlanmış, yelləncəkdə yelləndikcə, sevinc çığırtıları ətrafı bürüyürdü. Anası da qardaşıyla birlikdə gülürdü. O da bir az özünü rahat hiss edirdi. Axşam atasının gəldiyi saatın yaxınlaşdığını hiss edən qardaşı tez-tez qapıya yaxınlaşırdı. Qapının zəngi çalınan kimi çığırıb qapıya qaçdı. Atası qapının ağzında onu öpüb, anasının vəziyyətini soruşdu. Görkəmindən təlaşlı olduğu, həyəcanını gizlətmək istədiyi, açıq- aydın hiss olunurdu. Süfrəyə oturub, yemək yeyəndə, nəhayət tərəddüdlə sözə başladı. Həyat yoldaşının, çox həyəcanlanacağını bilirdi. Ona görə də üzünə baxmamağa, qayğılı gözlərini ondan qaçırmağa çalışırdı.
-Səni bu vəziyyətdə tək qoymaq istəməzdim- nəfəsini dərib bir qurtum su içdi və davam etdi, - Amma tapşırıq almışam... Sonuncu torpaqlarımızı da terrorçulardan azad etməliyik. Getməliyəm...
Anası doluxsunmuşdu. Etiraz etmək mənasızdı. Həyat yoldaşının borcuydu, getməliydi.
Nigahlarından əvvəl aralarında belə bir söhbət keçmişdi:
-Hərbçinin - hər an Vətəni uğrunda ölümə getməyə hazır olan insanın həyat yoldaşı olmaq asan iş deyil. Bəlkə də bütün ömrün boyu bu həyəcanı yaşamalı olacaqsan. Hər an əziz bir insanını itirmək qorxusu və buna mətanətlə dözmək, sınmamaq, əyilməmək səni müşayiət edəcək. Gələcəkdə dünyaya gələcək övladlarımızı lazım gələrsə, tək başına böyütmək məsuliyyəti var ortada – Sən buna hazırsanmı?
Təmkinlə, alacağı cavab “Yox” olsa belə, “anlayışla qarşılayacağam” deyən baxışlarla qızın üzünə baxmışdı.
Sevdiyi adamı itirmək qorxusuyla gözününün qabağında üçrəngli bayrağa bükülmüş şəhid tabutu canlanmışdı qızın. Özünü bir anlıq həmin anaların, gəlinlərin yerinə qoymuşdu. Gözlərini bərk-bərk yumub, kirpiklərini sıxmışdı. Həyəcandan bədəni titrəmişdi, tükləri biz-biz olmuşdu. Bir neçə saniyədən sonra simasında yenidən günəş doğmuşdu.
Qızın müstəqil qərar verməsi üçün gənc zabit sakitcə dayanıb, onun üz ifadələrini izləmişdi. Anidən üzündə doğan günəşin səbəbi artıq ona aydın idi. Axı hər ikisi eyni xalqın övladıdır. Hər ikisinin damarından eyni qürur axır.
Sevdiyi qız gözlərini açanda heç bir söz demədən onun əlini əlləri arasına alıb bərkdən sıxmışdı. Artıq sözə ehtiyac yox idi. O, istədiyi cavabı almışdı.
...İndi həyat yoldaşının gedəcəyini eşidəndə yenidən həmin günləri xatırladı. Və bir də 44 günlük müharibəni.. . İlk övladlarının doğulacağı günü səbirsizliklə gözləyirdilər. Həyat yoldaşının döyüşdə olması onu hamiləliyin son günlərini təkbaşına keçirməyə məcbur etmişdi. İlk övladlarının doğulması xəbərini də cəbhədə almışdı həyat yoldaşı. İndi də ikinci övladlarının doğulmasına az qalmış yenə də düşmən terroru rahatlıqlarını pozmuşdu .
...Anası əlini qardaşının başına qoyub, onu özünə tərəf sıxırdi. Anasının titrədiyini, həyəcandan belə etdiyini hiss edirdi. Deyəsən, atası da hər şeyin fərqindəydi, sadəcə vida dəqiqələrinin uzanmaması üçün soyuqqanlılığını qoruyurdu. Qapıdan çıxanda anasına “Övladlarımdan muğayat ol” deyib, qardaşını qucağına aldı. İndi o da atasını qucaqlamaq istəyərdi, ancaq atasının “Övladlarım” sözüylə təskinlik tapmaqdan başqa yolu yoxuydu. Hiss etdiklərini, atasına göstərə bilmədiyinə görə qəzəblənmişdi. Çırpınıb, bir anda azad olmaq, atasına sevgisini göstərmək istəyirdi. Anası bətnində qopan təlatümdən narahat olsa da, ağrı, sancı hiss etdikcə dişini dişinə sıxıb dözürdü. Necə olur olsun, həyat yoldaşı onun narahat olduğunu bilməməliydi. Onu ailəsi ilə vətəni arasında seçim qarşısında qoymamalıydı.
Qapıdan çıxanda “Bu dəfə terrorçulara 44 gün nədir, heç 44 saat da nəfəs çəkməyə imkan verməyəcəyik “ deyib getdi. Bayaqdan zorla müvazinətini saxlayan ana, durduğu yerdəcə diz üstə çöküb, valideynlərinə zəng etdi. Xəstəxanada həkimlər yarımçıq doğuşun ola biləcəyindən ehtiyat edib, anaya ciddi yataq rejimi tövsiyyə etmişdilər.
Beləcə anasının narahat günləri başlamışdı. Bir yandan həyat yoldaşının nigarançılığı, bir yandan bətnindəki körpəni itirə biləcəyi qorxusu, bir yandan da böyük oğlunun atasından ayrı qala bilməməsi.. Qardaşı hər axşam atasının işdən gəldiyi saatda qapıya qaçır, atasının gəlmədiyini görüb boynunu büküb, küskün gözlərini anasının üzünə zilləyirdi. Ananın keçirdiyi həyəcanı hər kəsdən çox o, hiss edirdi. Ürək döyüntülərində ən kiçik dəyişikliyi hiss edir, gah tamam hərəkətsiz qalır, gah da narahat-narahat “öz kiçik dünyasının “divarlarını döyəcləyirdi.
Günləri səksəkəli keçirdi. Bəzən atasından günlərlə xəbər ala bilmirdilər. Bəzən də qısa müddətli telefon danışıqlarında “Erməni terrorçuları xəbərdarlıqlarımıza qulaq asıb geri çəkilsələr, bizim qan tökmək niyyətimiz yoxdu“,deyirdi. Yenə də anası həmən dördbucaqlı qutuya baxırdı. Aparıcnın sevinc dolu səsi eşidildi “ Antiterror döyüşləri 24 saatdan da qısa bir müddətdə başa çatdırıldı. İşğal altında olan sonuncu torpaqlarımız da azad olundu!“
Ardınca aparıcı əlavə etdi: “Təəssüf ki, yaralanan, ağır vəziyyətdə olan döyüşçülərimiz və şəhidlərimiz də var....”
Qəfil eşitdiyi sözlərdən sonra neçə gündən bəri atasından xəbər ala bilməyən anası, huşunu itirib yerə yıxıldı. Qardaşı “ana qorxuram”, deyib ağlamağa başladı.
Əməliyyat otağında cərrah assistentləri tələsdirirdi.” Cəld olun nəyin bahasına olursa, olsun ananı da, körpənidə xilas etməliyik” deyə haray şəkdi.
Anası huşunu itirib yıxılanda, atasını onlardan ayrı salan, anasına, qardaşına belə qorxuları yaşadan, bir dəri bir sümük olan, ac uşaqlara uşaqlığını unutduran, bu dünyaya gəlmək istəmədiyini qətiləşdirdi. Ən çox da anasının, həyatını əlindən almaq bahasına gələcəyi dünyanı heç istəmirdi. 8 ayda anası ilə arasında bağ olan, ona oksigen, qida verən göbək ciyəsindən kiçik əlləriylə bərk-bərk yapışıb elə çırpındı ki, göbək ciyəsi bir neçə dəfə boynuna dolanıb, anasından aldığı oksigenin və qanın qarşısını kəsdi. Beyin damarları gərilir, boğulduqca daha çox cabalayırdı. Anası huşsuz vəziyyətdə olmasaydı onun gündəlik tərpənişlərinə bənzəməyən halını dərhal anlayardı. İndi isə ana-bala hərəsi bir-birindən xəbərsiz can çəkişirdilər.
Ginekoloq cərrahı tələsdirirdi:
- Qanaxmanı bir neçə dəqiqəyə dayandıra bilməsək, ananı itirə bilərik.
Uşaq həkimi, körpənin ürək döyüntülərinin getdikcə zəiflədiyini deyirdi. Hər kəs əlindən gələni edirdi. Nəhayət, onu ananın bətnindən ayırdılar. Pediatr rəngi bozarıb, külə dönmüş körpəni yandakı əməliyyat stoluna uzandırıb, ovuc içindən də kiçik köksünə bir barmağını qoyub, ürəyini qapalı masaj etməyə başladı.
Həkim körpənin getdikcə, zəifləyib, yox olmaq həddinə çatmış ürək döyüntülərini hiss edib, sonuncu ümiddən bərk-bərk yapışmaq istəyirdi. Cəhdlər nəticə vermədi. Gəlməyə qorxduğu, bir neçə dəqiqəlik qonağı olduğu dünyada sonuncu eşitdiyi söz “Ananı xilas etdik!“ nidası oldu.
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)