"Les Fossoyeurs" ("Məzarçılar") kitabı Fransanı silkələdi Featured

“Məzarçılar": Fransada qocalar evlərində yaşlı insanlar üçün qayğı əvəzinə qayğısızlıq nümayişi haqqında jurnalist araşdırması böyük qalmaqala səbəb olub. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən bu barədə məlumat verir.

 

“Fransada qocalar üçün xüsusi evlərlə bağlı qalmaqal alovlanır” – medianın gündəmində duran baş xəbərlər belədir. Konkret olaraq araşdırmada diqqət mərkəzində Orpea qocalar evi dayanır.

 

26 yanvar - çərşənbə günü jurnalist Viktor Kastananın "Les Fossoyeurs" ("Məzarçılar") adlı kitabı işıq üzü görüb, kitab bu tip müəssisələrin öz qonaqları ilə pis rəftarından bəhs edir. Kitabdan parçalar daha öncə "Le Mond" qəzetində çap olunmuşdu və cəmiyyətdə geniş diskussiyaya səbəb olmuşdu.

 

Kastana Orpea qocalar evlərində xərclərin azaldılmasının ciddi "disfonksiyalara" gətirib çıxardığını öz araşdırmasında iddia edir.

 

 

 

İnsanlar sidik qoxusunda yaşayırdılar

 

 

Viktor Kastana Ehpad-in özəl qrupunun gəlirlərini artırmaq üçün qonaqların qulluq, tibbi xidmət və hətta qidalanmasının "normallaşdırılması" sistemini təsvir edir. Müəllif göstərir ki, belə qocalar evlərində yaşamaq ucuz deyil - "giriş səviyyəsi" otağına görə ayda 6 500 avrodan başlayaraq müəyyənləşib. Və bu boyda pulun müqabilində insanlar üçün cənnət yaratmaq əvəzinə dözülməz şərait yaradılıb.

 

Kitab üç illik araşdırmanın nəticəsidir ki, bu müddət ərzində müəllif 250 nəfərdən müsahibə götürüb, o cümlədən Firmanın keçmiş əməkdaşları ilə müsahibələrə geniş yer verib.

 

Kastananın sözlərinə görə, Fransada hətta özəl qocalar evləri də dövlətdən xeyli maliyyə alır, lakin onun sözlərinə görə, "bu pullar yaşlı insanların xeyrinə getmir".

 

Belə müəssisələrdən birinin qonaqlarına baxan qadın jurnalistə məlumat verir ki, "insanlar qidalanmaqda məhdudiyyətlə üzləşirdilər, bir günə onlara maksimum üç uşaq bezi verilirdi. Halbuki qastritdən, qarın getməsindən, sidik saxlaya bilməməsindən əziyyət çəkən insanlar nəzərə alınmırdı, pasiyentin xəstə olub-olmamasının fərqi yox idi".

 

Qocalar evinin digər işçisi bildirir ki, o, "sidiyin qoxusunda yaşayan qonaqların maraqlarını müdafiə etməli idi".

 

Bəs necə oldu ki, Viktor Kastana biu kitabı yazmaq qərarına gəldi? O, məşhur yazıçı və aktrisa Françoise Dorinin qocalığı ilə əlaqədar Orpeada məskunlaşmasını, ora köçdükdən cəmi üç ay sonra - 2018-ci ilin əvvəlində vəfat etməsini başa düşməyə çalışmış, nəticədə kitab ərsəyə gəlmişdi.

 

 

 

Orpea sahiblərinin reaksiyası

 

 

"Biz bütün bu ittihamları rəsmi olaraq rədd edirik. Biz onları yalan, çirkin və qərəzli hesab edirik", - deyə Orpea rəhbərliyi kitabın "sensasionallığı"nı və "zərər çəkdirmək üçün açıq istəy"ini pisləyib. Qrupun nümayəndələri bildiriblər ki, şirkətin vəkilləri faktların həqiqiliyini bərpa etmək üçün "lazımi tədbirlər" görəcəklər.

 

"Biz həmişə keyfiyyəti maliyyədən yuxarı qoymuşuq", - deyə Orpea-nın baş direktoru İv Le Man bildirib. Onun sözlərinə görə, kitabda ittihamlar şirkətin keçmiş işçilərindən gəlir, onlar cinayət törətdiklərinə görə işdən qovulublar və işdən çıxarıldıqdan sonra səhv faktlar ötürməklə təkrar "cinayət" törədiblər.

 

 

 

Skandalın siyasətə və iqtisadiyyata təsiri

 

Kitab çıxdıqdan sonra Paris Fond Birjasında Orpea səhmlərinin dəyəri kəskin şəkildə azalıb. Firmanın qiymətli kağızları 16,11% -  69,28 avroya qədər ucuzlaşıb. Cümə günü səhər səhmlərin qiyməti yenidən düşüb -demək olar ki, 17%. Yəni itkilər iki gün ərzində 30% - dən çox olub.

 

Oprea rəsmiləri özlərini təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxsalar belə görünən dağa nə bələdçi. Qanunpozmalar həqiqətən var, özü də böyük miqyaslıdır. 

 

Biz Avropa insanına – xüsusən xoşbəxt fransıza həmişə qibtə ilə baxırıq. Amma sən demə, varlılar da ağlayırmış.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.