“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın folklora, el bayatılarına, klassik aşıq poeziyasına köklənmiş yeni şeirlərini oxucularına təqdim edir.
RUHUMUN SAZ KÖKÜ
Tərlan təbim qıyya çəkdi,
Haqq sözümü şux nazladım...
Dərd sinəmdə sitəm əkdi...
Aşıx burdum, sim sazladım.
Nalə nəğmədən öncəmi?
Göz yaşı üzdə incimi?
Aşıb-daşan sevincimi
Kədərimlə tarazladım.
Ruh sazımın kökü zildi,
Qələm barmaq qəlbə dildi,
Mizrab tutdum, elə bildim
Həsrətimi boğazladım.
Bu yanğım -- bir ah sevgisi,
Şairin agah sevgisi...
Onda ki Allah sevgisi
batinində var, üzlədim.
Hoydu, pər pərdələr, hoydu,
Can çanaq üstə uyudu!..
Dünya qırx arşın quyudu --
Quylanıban yar özlədim!..
ALLAH SƏNƏ KÖMƏK OLSUN, AY ALLAH
Qayğın çoxdur, qayığın yox, üzürsən,
Allah sənə kömək olsun, ay Allah!
Quruya nur, suya işıq süzürsən,
Allah sənə kömək olsun, ay Allah!
Ayətisən neçə sadə aydının,
Pak, üzüağ, az azadə aydının...
Bu rüku da Ağazadə Aydının:
"Allah sənə kömək olsun, ay Allah"!
Yağış yolla, nadan olsun islana...
Tünbə...tülkü diş qıcayır aslana...
Yolu yümrült yolun azan insana,
Allah sənə kömək olsun, ay Allah!
Anlaq ürək ocağında köz qalır,
Anlamazın boğazında söz qalır...
Közlü sözdə nəfsi iti göz qalır...
Allah sənə kömək olsun, ay Allah!
Ağ hökmünlə qaranlıqlar ağarır,
Qaralanan...imdad deyib bağırır...
Daş kəsən də, baş kəsən də çağırır...
Allah sənə kömək olsun, ay Allah!
Xəlq etmədin yarıdəyər, gərəksiz,
Cəmi cəsur, kəmi qorxaq, ürəksiz...
Sən-varlığın Var edəni, şəriksiz...
Allah sənə kömək olsun, ay Allah!
Nəzərindir səpələnən "sağol" tək...
Üzərindir üzgörünməz doğaltək.
Allahlığa qurşanana "sığal çək"!..
Allah sənə kömək olsun, ay Allah!
Zülmət sarıb, bax, gurişıq dünyanı...
Aç qəddini, düz qırışıq dünyanı --
Gidi, qarı -- bu qarışıq dünyanı...
Allah sənə kömək olsun, ay Allah!
Ey tək Uca, ucaya çək ulunu --
Səslə Yusif Nəğməkartək qulunu.
Bizdən kömək -- saxlamaqdır yolunu,
Allah sənə kömək olsun, ay Allah!
ETİRAF ANI
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən.
Atəşimə su çiləyən
Bir bulaq, ya bir dənizsən...
Qüsurları yan-yana düz,
Hər kəlməni gərəklə, de.
Otur səhvimlə üzbəüz,
Nəyim çatmır-ürəklə de.
Şər - öznü yuxarı tutmaq...
Bərabərlik ətrafladır.
Öyüklük - baxarı tutmaq,
Böyüklük etirafladır!
Dəm tutaram o düzümü;
Elə sanma öyrənmirəm.
Axı kənardan özümü
sən görəntək görəmmirəm...
Az ələmə ibrətini,
Son yağmur səbrədək öyrət.
Mum et müşkülü, çətini;
"Beşikdən qəbrədək" öyrət.
Köksümdəki küy-ənama
Yozma ki ritmin yasıdır...
Ürək səsimi qınama;
Sevgi arritmiyasıdır!..
Üzülmərəm iradından,
Süz diqqətlə, üzgüm yoxdur...
Gəl, üzümə tutum hər an -
Səndən gözəl güzgüm yoxdur!..
Hər addımım - hökmüm, qətim,
Aramızda anlaşım var!..
Mənim səntək həqiqətim,
Həm sənsizlik yanlışım var!..
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən!
Atəşimə su çiləyən
bir bulaq, ya bir dənizsən!..
CORDANO YUXUSU
Yatdıq ki, oyanaq,
Oyandıqmı ki yataq?!
Soyuduq ki, yanaq,
Yandıqmı ki qanaq?!
Tanrının əllərilə
toxunmuş xalı kimi
yaş kəndir bağlanıb dilimə,
Atılmışam düşüncələrimin
rənglər tonqalına;
Alışıram ilmə-ilmə...
Sökülür gecə bağrım,
Qeybə çəkilmiş
qorxduğum qorxum,
Çəkdiyim ağrım...
İlahi, səsim yoxkən necə bağırım?!
Kimi çağırım?!
Beş əsrin o üzündən
səsləyimmi Cordano Brunonu?!
Soruşummu ki onu
hansı fikir fəlsəfəsinin "nəfs"i yandırdı?!
Beləmi olur
ilkin dərin düşüncənin sonu?!
Beləmi olur yeni fikir yolunda
ayılıb, ayaq açmaq?!.
Beləmi olur Yer üzünün hər üz yerində
Dominiko monastrından
bilik dalınca qaçmaq?!
Beləmi olur Kopernikə qoşulub,
Kainatı ölçüsüz bilmək?!
Beləmi olur
yaş kəndir alovda quruduqca
sıxdığı adam olub,
"qanı axıdılmadan" diri-diri yandırılıb
könüllü olaraq od içində ölmək?!
Beləmi olur
"hər bir şeydə hər şeyi görüb",
görəcəklə, gələcəklə rabitələşmək?!
Beləmi olur
"yanılıb", yandırıldığın yerdə,
anılıb, andırıldığın yerdə
abidələşmək?!.
A D S I Z
Həsrətimin gözlərini açmısan;
Gözlərinin həsrətidir baxdığım...
Nə sükutdur - harayından qaçmısan?!
Sükutunun selabıdır axdığım...
Bir ayrılıq buludu var üzündə;
Gah sıxlaşıb, gah seyrələn çağıydı...
Qəzəbinin şimşək çaxan sözündə
Hər ifadən ilgək-barış bağıydı...
Bu, nə istək, bu, nə hissdir - çaşqınam?!.
Ömrə baxmır, günə baxmır, sübh açır,
Ey, sənallah, elə sənin aşqınam --
Diləyimin, ləliyimin əlacı!
Sakitlikdir odla suyun təması,
Yandırdığın bir ürəkdir, gəl apar.
Orda sənsən, yox özgə bir əmması;
Bəlkə mehrin əmanətə yol tapar...
Sən imanlı, mən inamlı dünyada,
Allah eşqi -- bu sevdanın özülü.
Düalarım -- Tanrı yazan bir nida,
Qələm-qələm qiblə xətdə düzülü...
Gecə-gündüz xəyalımda uçmusan;
Ruhum şirin xatirəni imsiyə...
İki göz də həsrətimə açmısan;
Dörd gözlə də baxammıram kimsəyə!..
AYRILIQ GƏTİRMƏ
Qolunu boynuma doladın, payız,
Başımı söykədim sinənin üstə.
Soyuqluq tonqalı qaladın, payız,
Fikirli; barmağın çənənin üstə...
Nədən xəyaldasan, fəsil yazarım?
Neçin təbiəti altun yazırsan?!
Yenə qəlbimizə düşüb güzarın,
Gah dolub, gah da ki avazıyırsan...
Uc-uca qayğılar düyüb-düzdürüb,
Sarı sıralamaq yamandır, payız!..
Sevgi qayığımı qəmdə üzdürüb,
Ayrılıq gətirmə, amandır, payız!
Çöküb vücuduma qalğınlığınla,
Payız görkəmimdən lövhə-yayımsan...
Durumum dolanan dalğınlığınla
Sən xəyal sovqatım -- fikir payımsan...
Qolların -- əyricə ağac qadağın,
Hayqıran həsrətə susmusan, nədir?
Budaqda büzülüb düymə dodağın;
Sarışın gözəlim, küsmüsən, nədir?
Fəraqdan tumurcuq gözüqırpıqlar
Bir çarə umsalar, tap, talama gəl.
Ayağın altında solğun yarpaqlar
Qızıl xatirəmdir, taptalama gəl...
Nigaran halımdan alışır ayaz;
Bu da bir olaydır, bu da bir dönəm...
Bütün dərdlərimin sevinci payız,
Bütün sevincimin payızı mənəm...
Yetər, yetişinlə yeni yetir yol;
Yola könül cala, a tirmə payız.
Vüsal karvanını gətir, savab ol,
Üstünə ayrılıq götürmə, payız!..
MÜHARİBƏ AZADLIĞI
İki min iyirminci il,
Sentyabrın sonu --
İyirmi yeddisi günü
cəsarət addımları
basdı düşmən üstünü;
Çağladı qeyrət seli.
Sürük, çürük çöp kimi
sındı yağının beli;
Pozuldu fitnə-feli...
Bu da qızıl payızda
Əbədi yaz adlığım!!
Hünər həndəvərində
İnad başında ilk tac...
İşğal xəstəliyinə
son təyinat, son əlac --
Müharibə azadlığım.
Bir baxın səadətə --
Bir qərinə yuxulu...
Ərdönməz, qan qoxulu...
Köksü oda sərilən;
Bir ölüb, min dirilən
Ah-fəğanlı, fəryadlı --
Möhtəşəm, zəfər adlı!...
Qeyrət ağlı başında,
Polad yumuruq qolunda...
Səbr, dözüm aşındı
Qərib VƏTƏN yolunda!..
Budur hər əsarətə,
Mənim əzəl yadlığım --
Müharibə azadlığım!
Canın YURDA can səsi --
Canın canlı töhfəsi --
Pik insanlıq zirvəsi!..
Fəzilətin xitliyi --
İgidlər şəhidliyi!..
Eh, daha nələr... nələr...
Döyüş səadətinə --
İntiqama təşnələr...
Bir kərə şahə qalxdı
əzmin köhlən atlığı --
Ruhumun qanadlığı...
O gündən günüm oldu,
Tarixi ünüm oldu
çox sülhdə görmədiyim
müharibə azadlığı!..
SÖYLƏMƏ GƏLMƏYƏCƏKSƏN
Əgər işin çıxsa görüşdən yana,
Xeyir işdən yana, şər işdən yana,
Könlün də olmasa hər işdən yana,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Demə qabaqcadan bu sözü mənə,
Qaranlıq eləmə gündüzü mənə...
Vüsaldır gözləmək həm özü mənə...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
De ki, biraz yorğun...iş edir məni,
Özgə qayğılara tuş edir məni...
De, bu gün hava da üşüdür məni...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Bilsəm əvvəlcədən gəlməməyini
Dadmaram həsrətin məhrəm meyini...
Öyüm yoxluğunun axı nəyini?!
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Çox soyuq nəzərlər bir oddan keçib;
Yanıb, canından yox, bir addan keçib...
Gəlimli-gedimli dünyadan keçib
Gəlməsən, söyləmə gəlməyəcəksən.
İnkarı eşitmək mənə xoş olmur,
Qulaq da, ürək də duyur, daş olmur,
Son həsrət öncədən axı faş olmur...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Sormayıb əhvalım , bilməməyinlə,
Hərdən sevinməyib, gülməməyinlə...
Sevgin əkizdirsə gəlməməyinlə,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Ətirli yazım ol sən qışdan əvvəl,
Gizlət fərzi də yır-yığışdan əvvəl,
Gurlayan göy kimi yağışdan əvvəl
Gəlməsən, söyləmə gəlməyəçəksən.
Nə "hə"de, nə "yox" de, sus dəniz kimi,
Bağlan yollar kimi, örtül iz kimi,
Qapan doğru kimi, sapan düz kimi,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Mənim gələcəyim -- and sədaqətim,
Hökmümün qəlbidir qərarım, qətim,
İsti ismarıcım -- qəlb inayətim:
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Gəlməsən qədəri bölə bilərsən;
Üzüboz inada gülə bilərsən...
Ən azı bir heca "gəl!"ə bilərsən...
Gəlməsən, söyləmə gəlməyəcəksən!
SEVGİ BELƏ OLUR
Bilməm Günəş hardan doğdu...
Şəfa yağmur necə yağdı...
Bu, nə əhval, bu, nə çağdı --
Lələ, sevgi belə olur?!
Ətəkdən atıb daşını,
Uca tutursn başını.
Adam unudur yaşını --
Lələ, sevgi belə olur?!
"Ox"un yıxarı çəkilir...
Yoxun yaxarı çəkilir...
Yuxun yuxarı çəkilir --
Lələ, sevgi belə olur?!
Gah bulaq kimi axırsan,
Gah şimşək olib çaxırsan,
Gah qəribtək darıxırsan --
Lələ, sevgi belə olur?!
Ürək ürəkdən güc alır,
Ruhun zamandan öc alır,
Yolağın yollarda qalır --
Lələ, sevgi belə olur?!
Bəzən qeyibdən gülürsən,
Bəzən qəmdən bükülürsən;
Bilmirsən nədən "ölürsən" --
Lələ, sevgi belə olur?!
Qalırsan hicran əlində;
Bəbəyin ümüd selində...
Bir ad dolaşır dilində...
Lələ, sevgi belə olur?!
Səsin bəstə, könlün səsdə;
Bir şərqisən bu həvəsdə...
Ey Nəğməkar, öt ahəstə:
Elə sevgi belə olur,
Lələ, sevgi belə olur!