“Ədəbiyyat və incəsənət” portalı bu çərşənbə günündə sizi Yardımlı rayonunda yaşayıb yaradan, həqiqətən də insanı öz sehrinə sala bilən, ovsunlayan, səmimiyyəti, axıcılığı və poetik kamilliyi ilə seçilən şeirlərin müəllifi İqbal Nəhmətlə görüşdürür.
İqbal Nəhmət (Nəhmətov) 1976-cı ildə Yardımlı rayonunda anadan olub, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 3 kitab müəllifidir, “Azərbaycan” jurnalında, “Ədəbiyyat qəzeti”ndə, Təbrizdə çıxan ,,Sancaq” qəzetində, digər mətbu orqanlarda 100-dən çox şeiri dərc edilib, bir necə şeiri özbək dilinə tərcumə olunub. Şeirlərinə mahnılar da bəstələnib. Ulvi Qılıncın sevilən ,,Gedirəm” adlı mahnısının sözləri İqbal Nəhmətindir.
Hardasa bir günəş doğur yenidən
Gecəni öldürüb amansız sükut,
Ölü daşımağa diri tapılmır.
Beləcə uzanır bu qış gecəsi,
Nağıl danışmağa biri tapılmır.
Bilirəm, hardasa kömək gözləyən,
Sağalmaz bir dərdə yoluxanım var.
Bir qarış uzaqda üşüyür Vətən,
Bir qarış yaxında darıxanım var.
Çılpaq ağacları, quru kolları,
Şaxta qılıncıyla qovur yenidən.
Hardasa bir qarış ömür gödəlir,
Hardasa bir günəş doğur yenidən.
Qısılıb gecənin soyuq evinə
Yazıb son şeirimi bitirəcəyəm.
Yatıram, yuxudan oyana bilsəm,
Sabah yenə səni düşünəcəyəm...
Torpağıma qarışmağa gələrsən...
Külək əsər, yağış yağar, gün çıxar,
Bir alarsan, əvəzinə min çıxar,
Əlbət bir gün yuxuların çın çıxar,
Həqiqəti danışmağa gələrsən.
O dinləyən, sən oxuyan, mən yazan,
Qismətimi qismətinə tən yazan,
Qoy bu dəfə mən uduzum, sən qazan,
Son bir dəfə yarışmağa gələrsən.
Ömür zəhər, ya baldısa deyəcəm,
Bilmədiyin nə qaldısa deyəcəm,
Bu canımı kim aldısa deyəcəm,
Yaşadınmı? Soruşmağa gələrsən.
Arzumuzu biçə-biçə ağladıq,
Döngə döndük, küçə-küçə ağladıq,
Bu dünyada küsə-küsə ağladıq,
O dünyada barışmağa gələrsən.
Xeyli vaxtdı çevirmisən üzünü,
Əyrilərə calamısan düzünü,
Ölər olsam çatdırmasan özünü,
Torpağıma qarışmağa gələrsən.
Ört bütün qapıları
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölüm ki,
Ölüm balaca qalsın.
Mən nə boyda gülüm ki,
Eşitməsin ağlayan.
Bəlkə də o olacaq
Gözümü son bağlayan.
Mən nə boyda bölum ki,
Bir tikəni yüz yerə.
O qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm ki,
Dünya içimdə qalsın.
Gəlmə
Hələ ki, qonaqdı qarlı qış mənə,
Gözlə bahar gələr, onda gələrsən.
Gəlib oyadarsan bənövşələri,
Gələndə o güllü donda gələrsən.
Bizim buralarda soyuqdu, gəlmə,
Azan dənizçinin qayığındayam.
Yerin isti olsa məni düşünmə,
Mən hələ bu ömrün soyuğundayam.
Gəlib, oyadarsan bənövşələri,
Cücərər, rəsmini çəkib gedərsən.
Kollara danışıb mənim sevgimi,
Bənövşə dibinə əkib gedərsən.
Mən necə darıxım sənsiz?
Bu gün cümə, sabah şənbə,
Həftənin neçəsindəyəm?
Gecəni gündüz etmişəm,
Gündüzün gecəsindıyəm.
Mən necə darıxım sənsiz,
İlin, günün bu vaxtında.
Söylə necə yaşayırsan
Həsrətimin paytaxtında?
Verdiyin o kar ümidin
Qulağı çoxdan kəsilib.
Gəlişinin, gedişinin
Sorağı çoxdan kəsilib.
Sevgimizi elə böl ki,
Üstünə qanı dəyməsin.
Mən necə darıxım sənsiz,
Sənə ziyanı dəyməsin?
Sənçün darıxa-darıxa,
Mələyə, cinə dönmüşəm.
O qədər dönüb özümdən,
Döngəyə, tinə dönmüşəm.
Ya günəş ol, ya da ay ol,
Qarışanda şər bilməsin.
Mən necə darıxım sənsiz
Göy biləndə yer bilməsin?
Gör
Çoxuna tanışdı gözümdəki nəm,
Dərd nədir, hamıdan yaxşı bilirəm,
Baxma ki, sevinib hərdən gülürəm,
Məni uşaq kimi ağlayanda gör.
Şəhriyar ölmədi, yaşayır məndə
Mən də sən olaram sözüm bitəndə,
O taydan bu taya lil gətirəndə,
Araz yatağında laxlayanda gör.
Vətən torpağına çəkdi oğlunu,
Qırmızı qanına əkdi oğlunu,
Atalar bayrağa bükdü oğlunu,
Analar yasını saxlayanda gör.
Bu gün gəl, sabah get, belədir qayda,
Yaxşı var, pis də var yetərli sayda,
Yaşamaq gözəlmiş, amma nə fayda,
Ölüm gözlərini bağlayanda gör.
Götür məni o yerə ki
Qara külək, götür məni,
Bu dünyanın qurtaracaq yeri varsa,
O yerlərdə
həqiqətin danışmağa dili varsa,
Orayacan ötür məni.
İstəmirəm görsün kimsə
yanağımda yuva quran göz yaşımı,
Tam bir əsrin döngəsində haçalanan,
əsir düşən yaddaşımı.
Bu yerlərdə
tumurcuğum çiçəkləməz,
bu yerlərdə
körpə arzum
bələyindən baş qaldırıb
iməkləməz.
Yetişmədim,
qundağında yetimləşən körpələrin
harayına.
Qara külək, götür məni,
İmanını tərəzidən ucuz tutan
baqqallardan uzaq yerə,
Əli əyri, dili əyri, dini əyri
saqqallardan uzaq yerə,
Havasından qan qoxuyan
meydanlardan uzaq yerə,
Amalları neçə yerdə, neçə kərə
parçalanan insanlardan uzaq yerə.
Götür məni,
Geri baxıb Vətən deyə ağlayım mən!
Neçə itkin düşənimə,
Neçə küskün ölənimə,
hansı tində, hansı gündə ölənimə
Bu gün matəm saxlayım mən,
qara geyib ağlayım mən.
Qara külək, götür məni, o yerə ki,
Ədalətin dəmir, polad məngənəsi,
yıxsın, boğsun yaltaqlığı.
Silkələsin insanlardan
Qaçaq düşmüş insanlığı.
Ölsəm bağışla məni...
Bilmədiyin nə varsa,
Bilsəm, bağışla məni.
Bu sevgini yarıya,
Bölsəm, bağışla məni.
Burnuna qoxu kimi,
Yuxuna yuxu kimi,
Ömrünə çoxu kimi,
Gəlsəm, bağışla məni.
Gedirəm, gedişim var,
Bəlkə son bir işim var,
Ölümlə döyüşüm var,
Ölsəm, bağışla məni.
Əlvidasız get
Sən gəlmədən öncəydi bütün bunlar,
Qaranlıqdan qorxmağım,
özümü sıxmağım, özümdən çıxmağım.
Öncəydi umidsizliyim.
Divar kimiydim, kar, kor söz keçməyən...cansız.
Və bir gün sən gəldin
Görmədiyim, bilmədiyim yerdən,
sualsız, cavabsız özün kimi,
gəlişin də gözəl oldu üzün kimi.
Səni o üzdən sevdim
Hec kimə qarışmadan,
Heç kimdən soruşmadan, danışmadan lal kimi gəldin.
Özünlə məni də gətirdin mənə,
əhsən sənə...
Sən gəlmədən öncəydi..
Dünyamın iki rəngi dəyişə bilirdi, ağı və qarası...
və bir də tənhalığımın sağalmayan yarası.
Sən gəlmədən öncəydi fəsillərin yoxluğu,
yaşanmayan illərin çoxluğu.
Payız kimiydi bütün fəsillər,
Hər ildə uç dəfə köçürdüm payızdan-payıza...
Sən gəlmədən öncəydi
sevgi serlərimin qırıq misralarında çabaladığım anlar.
Və bir gün sən gəldin,
Yenidən doğuldum.
Bu dəfə anamdan yox, gətirdiyin sevgidən doğuldum.
Dəyişdiyimi düşunmüşdüm,
heyif, çox heyif...
Indi yenə də gedirsən!
Səbəbsiz gəldiyin ücündür bəlkə,
sənə qal da deyə bilmirəm,
Hələlik...
get, amma əlvidasız get..
Əlvida boyda bir ağrını daşıya bilmərəm daha, əzizim!
Günəşi qaytara bilmərik geri
Gəl gedək günəşin batdığı yerə,
Gündüzlə-gecənin yatdığı yerə,
Torpaqdan üzülsün ayaqlarımız
Gedək başımızın çatdığı yerə.
Tanıya bilmədik heyif, çox heyif
Gözün əvəzinə qaş atanları.
Bulud qamçılasın izlərimizi,
Döysün arxamızca daş atanları.
Nə vaxtdan amansız oldu bu dünya,
Hiyləsiz, yalansız yoxmu bir ölkə?
Gəl gedək günəşin batdığı yerə
Ordan sabahlara yol oldu bəlkə.
Yeri, canım-gözüm, dayanma, yeri
Deyəsən, yolların sonuna gəldik.
Günəşi qaytara bilmərik geri,
Bəlkə, arzuları qaytara bildik.