Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Bir gün gözlərinə baxdım və itirdiyim hər itgimin təsəllisini tapdım…
Bu gün mən bir qadın şairin mənim dünyamda tutduğu yerindən danışmaq istəyirəm.
Onunla sevimlim Vaqif Səmədoğlunun ev muzeyində qarşılaşdım. Səbirli, təmkinli, ağıryana baxışlarıyla diqqətimi çəkdi. Həmyaşıdlarından çox seçilirdi. Təmkini ilə və ədəbiyyata vurğunluqu ilə o, çox fərqli idi. Sonra qoluma girib evə tərəf yollandıq. Başdan ayağa qəzəl, söz olan bu qadının elə adı da mənə xoş gəldi. Mahcamal, yəni Ay Üzlü. Bütün yolu mənə qəzəllərindən dedi. Bu yolun uzanmağını istədim, yalnız yol da bitdi, qəzəllər də.
Və illər keçdi. Şeir-şeir bu gözəl ruh şairini izlədim, öyrəndim.
Yalnız ...
Zamanla düçar olduğu dərd onun üzünə, gözlərinə çökdü. Bu gözəl ruhun bu qədər dərdə-qəmə batması məni yaman üzdü. Bu elə bir qəm idi ki, Mahcamal xanımın üzündən-gözündən axıb dünyaya dağılırdı. Bu elə bir acizlik idi ki, onun söz ilə ifadəsi yoxdur. Düşünürəm, bu haqsız dünyada Şair olmaq özü bir xoşbəxtikdir. Çünki dərdi nəxş edən Allah bu xanıma gözəl istedad da verib.
Qadın, kişi şair deyirlər. Mən heç bu lazımsız düşüncəylə razılaşa bilmirəm. Nə qadın, nə kişi var. Şair ruhdur. Yalnız Ruh halını Şeir məqamında saxlamaq insanı bu fani dünyada qoruyur. Şair Mahcamal dünyanın uçurum halını belə izah edir.
Vermə saqi, mənə hicran qədəhin, vermə daha!
Acı badəmdən acı an qədəhin vermə daha!
Eşqimi qanına qəltan elədi dövrü zaman,
Saqi rəhm et! Mənə al qan qədəhin vermə daha!
O vüsal badəsin hər kəs çox asan aldı ələ,
Qəliz olmuşluğun əlvan qədəhin vermə daha!
Salmadım meyli qızıl teştinə dünya malının,
Nə hömkdar, nə də bəy, xan qədəhin vermə
daha!
Zülm əlindən bu cahan mülkünü tərk etmədəyəm,
O gülüstanlığa heyran qədəhin vermə daha!
Min ilin karvanı əl yelləyir artıq gedirəm...
Qəm, sitəm karvana sarvan qədəhin vermə daha!
Mahcamal, dur! Güman içrə bir ümid vardır hələ...
Zaman ümmanına bir can qədəhin vermə daha!
Şair bu dövranla, bu aləmlə barışır. Bəzən ətrafda hər kəsə təsəlli verir, söz qəzəl diliylə həyatın keşməkeşliyini başa salır. Yalnız özünə gücü yetmir. Özü ilə bacarmır.
Mahcamal Babayeva Azərbaycan qadın qəzəl yazan şairlər içində sayılan fərqliliyi ilə düşüncəsinin itiliyi ilə, qəzəllərinin dilimizin, kökümüzün keşiyində duran ali qəzəlxan şairlərimizdəndir, mən deyərdim ki, birincidir. O, gözəl duyur, qəzəlləri onun canının, ruhunun məhsuludur. Ustadları təkrarlamır. Özüdür. O, qəzəllərində özünü, öz baxışlarını oxucusuna izah edir.
Mahcamal Babayeva ədəbiyyat üçün gərəkli simalardan biridir. Əlbəttə, bizim ədəbi mühitimiz o qədər də hamar və əmin yer deyil. Çünki nə bəladırsa hamı özünü yuxuya verib şair oyanmaq istəyir. Sözün atasını yandıran bəzi şairlərin xor uğultusunu susduran incə ruhlu, sanballı, gözəl şairlər də az deyil.
Ədəbiyyatı yaşatmaq istəyənlər onu yerlə yeksan etmək istəyənlərdən az deyil.
Yalnız mən ümid edirəm ki, bəzi gözəl şair ismləri içində Mahcamal Babayevanın adı həmişə olacaq. Yazını yazarkən belə onun özümə qarşı olan mehribanlığını, mərhəmətini hiss edirəm. İnsanları sevməyən gözəl şeir yaza bilməz.
Niyə bu yazının adı "Qəmin tərifidir"? Bir qəm bu qədərmi gözəl izah olunar? Allah
dünyadan vaxtsız gedən qız övladı üçün yanıb yaxılan Ana bu dünyanın bəla, qəza qədərindən aciz qalsa da, hər yerdən əlini üzdüyü an belə, ona yeganə təsəlli olan sözündən, inci kimi düzdüyü qəzəllərindən əl çəkə bilmir.
Səntirləmə ey təb, mənə biganə yanaşma.
Məstanə ol, ancaq dəli, divanə yanaşma.
İlham pərimi tut gətir ahəstə, aramla,
Əvvəlcə əlin tut, hələ dur, canə yanaşma.
Qoy gözlərinin aynası sözdən nəzər alsın,
Qoy vəslə təməl, bir daha hicranə yanaşma.
Söz mülkümü tərk eyləmə ey təb, belə olmaz!
Küskünlüyü tərk et, mənə fərzanə yanaşma.
Getdin, qəmin ümmanı o an qoynunu açdı,
Gəl, gəl dedi, ancaq dürə, mərcanə yanaşma.
Hər kimsə bu cür laf eləyib, təblə görüşmüş,
Görmüş zor olur bagə, gülüstanə yanaşma.
Ey Mahcamal, ilhamla təbin xiffətin etmə!
Gəl sən sayıq ol, nakəsə mərdanə yanaşma.
Onun dərdinin, qəminin tərifi şeirləridir.
Övladları, dostları başına fırlansa da gecələrin, səhərlərin eyniliyi onu darıxdırır. Hərdən bu gözəl anaya məktub yazmaq istəyirəm. Bilmirəm həzin qəmli səsinə necə təsəlli olum. Hərdən evdə olarkən, ya yol gedərkən səsi və üzündə olan qəmin şəkli, həzin siması gözümünün önünə gəlir.
Son zamanlar bir hadisə məni sevindirdi. Uzun zaman öz hücrəsinə çəkilib qəminin dəmində qovrulan gözəl Mahcamal Babayevanın son illər yazdığı qəzəllərini bir yerə toplayıb, kitabını nəşr ediblər. Buna sevinməyəsən, nə edəsən.
Uzun müddət təqdimatlara gedə bilməsəm də, bu tədbirdə az da olsa işirak etdim. Gözəl şairimiz İlqar Fəhminin açdığı bu tədbirdə kimlər yox idi. Elm adamları, şairlər, qirayətçilər, onun söz dünyasına valeh olan hər kəs.
Kitab "Hələ də gec deyil" adlanır.
Bu sözü çoxşaxəli yozmaq olar. Yalnız butun bu yozumların sonu yaxşılığa, işığa və nura yol açır.
O yol ki, Mahcamal adlı bir Günəş öz işığından azalda bilmir.
Az zaman olar ki, aktyor Tural Əhmədin ifasında onun bir qəzəlini dinlədim.
O gedən gündən edir zülmünü zindan gecələr,
Daha yanmır çırağım, olmayır əlvan gecələr.
Nə yuxum var ki, görüm hüsnünü röyada onun,
Nə gücüm var ki, üzüm dalğalı ümman gecələr.
Mənə candan da əziz sevgili cananım odur,
O vüsal badəsinə süzsə də hicran gecələr.
Sübhə tək fikri-xəyal zülfə tumarın çəkir hey,
O siyah tellər olur büsbütün üryan gecələr.
Kipriyin çalsa da dan, daima ahəstə yatan,
Eləyibdir bu könül mülkümü viran gecələr.
Yox hüdud səbrimə, ümmidlə güman oldu dayaq,
O dayaqlar yox olur tənha, nigaran gecələr.
Mahcamal, tut qələmin incə belindən belə ki,
Tökə göz yaşlarını, eyləyə neysan gecələr.
Bu gözəl ifanı dinlərkən dərdin büküm -büküm etdiyi yuxusuz gecələri xatırladım. İnsan dərd ilə sevincdən ibarət varlıqdır.
Sadəcə bunu dərk edib anlamaq, bu dünyayla barışmaq gərəkdir.
Bəli bu da bir məktubdur.
Mən bu gün də bir az bu mələksima, ürəyi ümman qadınla dərdləşdim. Ona yazılacaq məktublarım bitməyəcək, bunu bütün ruhumla duyuram.
Bu dünyanın gərdişi ilə barışıb şeir aləminə gözəllik qatmaqda davam etsin hələ..
Ey can, hünər et, gəl məni dövranla barışdır.
Çönmüş fələyi bir təbi ümmanla barışdır.
Tutmur neçə müddətdi əlimdən, gözü dönmüş,
Gəl, güclə deyil, bir ədəb-ərkanla barışdır.
Gəl söylə əzəldən bu könül mülkü talanmış,
Ömründə əsən yelləri səhmanla, barışdır.
Bir taleyi kəm, küskün özündən bəşərəm mən,
Gəl, yaxşılıq et, insanı insanla barışdır.
Gəl Mahcamalın bəxtini röyadan oyandır,
Dünyanı əsilzadə qəzəlxanla barışdır.
Çünki o barışarsa məni də mənim kimi ürəyi itgilərdən param-parça olanları da barışdırar.
Dünyanın kədərinin qəminin sonu görünmür.
Mələklər isə qəmin içində parıldayan işıq selidir.
Mahcamal Babayeva Şeyriyyat dünyasının işıq selidir. Onun qədrini bilin, söz adamları.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)