“Göylərdə ev ucalt savab daşından“- Rafiq Ələkbərin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rafiq Ələkbərin şeirləri təqdim ediləcək

 

 

Göylərdə ev ucalt

savab daşından

 

Ömür dediyimiz qaraçı köçü,

Beşiyi məlumdur, məzarı harda?

Sonda barışırıq taleyimizlə,

Onu biz yaşadıq, Yazarı harda?

 

Harada gizlədək sevincimizi,

Həyat itirməsin bu incimizi.

Vuraq qayalara külüngümüzü,

Görək, qəm-kədərin azarı harda?

 

Ruhum dil açmasa, sərtləşir ürək,

Ağır əzablara qatlaşır ürək.

Yatdıqca yuxuda yadlaşır ürək,

Bilinmir gileyi-güzarı harda?!

 

İki əllə yapış ömür yaşından,

Bəzən o ayırmır yazı qışından.

Göylərdə ev ucalt savab daşından,

Soruşma, bu yerin bazarı harda?

 

 

Yarımçıq bəndimi 

tamamlamadım

 

Baxırsan, zamana cürətlidir ki,

Hər gün bir dərd qoyur yaşımın üstə.

Dalğalar o, qədər sürətlidir ki,

Sahilə tullanır başımın üstdən.

 

Bəzən gil, palçıqdan məzar tikirəm,

Görən, nə olacaq məzar dibində?!

Eh, gör, mən də nəyin dərdin çəkirəm,

Ağlım başımdadır, pulum cibimdə.

 

Sözü öz dilimdə bişirməmişdən,

Yüz dəfə keçirdim onu ələkdən.

Bu gülü dərirəm, keçib iş-işdən,

Güllər də bezibdi bakirəlikdən.

 

Eh, kiməm, tənhayam, bəlkə adayam,

Onunçün insantək ölə bilmirəm.

Ona xəbər verin, mən buradayam,

Körpü üstündəyəm, gələ bilmirəm.

 

Deyəsən, bu yerdə tükənir sözüm,

Bir uşaqlıq çağım düşür yadıma.

Yerdə ulduz olmaq nəyimə lazım,

Göydə bir ulduza verin adımı.

 

O qız salam verir gözləri ilə,

O qızı mən indi tamam anladım,

Nə qədər sabahlar ötüşsə belə,

Yarımçıq bəndimi tamamlamadım.

 

Boylandım sola da, baxdım sağa da,

Qalmışam məsumtək ortada hələ.

Vaxt tapa bilmədim qocalmağa da,

Necə oturmuşam partada hələ?!

 

Dünyanın həm özü, həm dərdi ağır,

Onu gəzdirirəm bir qolum üstə.

Hamı danışsa da, kim-kimə baxır,

Zaman davam edir öz yolu üstə.

 

 

Göylərdə uçmağı 

bacarmadıqsa

 

Bəzən günəş kimi güldün üzümə,

Bəzən də yolumda duman, çən oldun.

Bu uzun illərin sevda nurundan,

Od alan mən oldum, donan sən oldun.

 

Bəzən düşündüm ki, bu qız görəsən,

Niyə razı qalmır saf diləyimdən?

Qəlbimi açmağa yollar aradım,

Yol açdı dilimə söz ürəyimdən.

 

Göylər od tutmuşdu, yanırdı qürub,

Ruhumsa əsirdi o an təlaşdan.

Bax, o qürub çağı qarşında durub,

"Qız, sənə aşiqəm", - dedim, yavaşdan.

 

Soyuq baxışların bağrımı dəldi,

Söndü ümidlərim, söndü büsbütün.

Yaxşı ki, bir azca insafa gəldin,

"Elçi göndərərsən, baxarıq", - dedin.

 

Elə bil unutdun, dandın bu zaman

Eşqin od çağını, alov çağını..

Sən necə üzümə söylədin, gülüm,

Mənə yox, elçiyə inandığını?

 

Bilmədin içimdə dolaşır nələr,

Varmı, iç dünyamı ölçən ölçülər?!

Sənli ürəyimdə bir sevda mələr,

Necə deyəcəkdi bunu elçilər?!

 

Elçi nə biləydi, mən nə çəkirəm,

Bu iş belə getməz, yox, belə qalmaz.

O vaxt dəniz idi qəlbim səninlə,

İndi ümmanlarla heç belə dolmaz.

 

Elə bil göylərdə uçurdu ruhum,

Ən uca göylərdən bir sözlə düşdüm.

Səndən çox əzablar görsəm də, ancaq,

Bu ağır cavabı gözləməmişdim.

 

Gözümdə kainat talandı yenə,

Daha mənim deyil o ulduz, o ay.

Göydəki qapılar bağlandı mənə,

Yer öz qapısını açdı taybatay.

 

Elçilər söyləsin sözünü qısa,

Elçilər danışsın, biz səssiz qalaq.

Göylərdə uçmağı bacarmadıqsa,

Bir cüt çiçək kimi yerlərdə solaq.

 

 

Şair ruhdur, gözəl mələk

 

Şair ruhdur, gözəl mələk, əzizim,

Cənnət üçün yaranmışlar tək-təkdi.

Bu dünyada şair dərddən üzülər,

Bu dünyada mələk elə mələkdi.

 

Şair - gözəl qohumdular əzəldən,

Hansı dünya, hansı məkan, fərqi yox.

Bu dünyada şairləri üzənlər

O dünyada ruhlarını qoruyur.

 

Şair təbi, gözəl nuru həyatdı,

Kainatda xoşbəxtliyin açarı.

Tanrım, niyə Sən bəndələr yaratdın?!

Gözəlləri şairlərdən qaçırır.

 

Şair Tanrı sevgisindən doğulub,

Gözəl-mələk, lap Tanrının yanında.

Ey gözəllər, şairlərdən qaçmayın,

Qoy birləşək, lap Tanrının yanında.

 

Şair ruhdur, gözəl mələk, dərd-qəmi,

Hamı bilir bir-birindən çəkər kim.

Ey şairlər, siz cənnətə getməyin,

Cənnətdə də ruha mələkdi hakim.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.