Necə oldu ki, Nizami Gəncəvi “KoloritKafe”yə gəldi Featured

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Habil Yaşarın “SMS” hekayəsini təqdim edir.

 

“SMS”

 

“Kitab evim” mağazasından Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabını alıb pilləkənlərlə aşağı düşərkən telefonuma SMS gəldi. Öncə nömrənin Azərbaycana məxsus olmadığını dəqiqləşdirəndən sonra “Google”da həmin nömrənin - “+19825467123659871” kodunun hansı ölkəyə aid olduğunu aydınlaşdırmağa çalışdım. Dəhşətli dərəcədə qəribə olan o idi ki, kod heç bir ölkəyə məxsus olmamaqla yanaşı, həmçinin heç bir adiyyatı orqanlara da aid deyildi. Bir anlıq özümü fantastik filmlərin içərisindəki kimi hiss elədim. Daha sonra ismarıcı oxumağa başladım və daha bir müdhiş qəribəliyə şahid oldum. 

 “Hörmətli Ayxan bəy, sizi 23 noyabr, saat 20:00-da Nizami küçəsi, 83 ünvanında yerləşən “KoloritKafe” restoranına dəvət edirəm.

                                                                    

Hörmətlə Nizami Gəncəvi”

 

Bir neçə saniyə yerimdə donmuş vəziyyətdə qaldığımdan, ətrafımdakıların gəliş-gedişinə maneçilik törətdiyimdən xəbərsizdim. Bir ağsaqqalın “Zəhmət olmasa, bir az kənara çəkilə bilərsinizmi?” sualı ilə ayıldım. “Buyurun” dedikdən sonra özüm də fikirli-fikirli addımlayaraq yoluma davam etməyə başladım. SMS-i isə sübut olaraq screen edərək saxladım.

“Sirlər Xəzinəsi” kitabını oğluma hədiyyə etdikdən sonra “KoloritKafe” restoranına getmək üçün evdən çıxaraq yola düzəldim. Bu müəmmalı SMS qarşısında düşüncələrimin olduqca dağınıq olduğunu nəzərə alaraq şəxsi avtomobilimlə deyil taksi ilə gedəsi oldum. Hər nə qədər özümü təmkinli göstərməyə çalışsam da evdə də bunu hiss etmiş, “sənə nə olub?” sualı qarşısında guya yolda baş vermiş hansısa avtomobil qəzasından sarsıldığımı bəhanə etmişdim. 

Yol boyu ancaq və ancaq bu ismarıcın nə məna kəsb edə biləcəyini, kimin və hansı məqsədlə yaza biləcəyini araşdırdım. Hətta bunun dostlarım tərəfindən zarafaytana edilə biləcəyini düşünsəm də naməlum nömrə bu fikrimi tamamilə alt-üst edirdi. Ürəyimə bir çox variantlar gəlsə də heç biri məni razı sala bilmədi. İstənilən məntiqi düşüncələr sirli SMS qarşısında öz acizliyini etiraf etməyə məruz qalırdı. 

Nəinki qohumlara, hətta ən yaxın sirdaşıma belə bu barədə məlumat vermədim. Çünki, onların da mənim kimi məəttəl qalacaqlarını bilirdim. Eyni zamanda, ən son ehtimal olaraq mənə qarşı edilə biləcək hər hansı bir sui-qəsddə kimsənin başının ağrımasını istəmədim (əslində, kim və nə üçün mənə sui-qəsd eləsin ki?).

Saatlar 19:30 göstərərkən “KoloritKafe” restoranına yaxınlaşaraq orada Nizami Gəncəvini gözləməyə başladım. Keçən hər saniyə sanki ömrümdən bir il aparırdı. Çünki olduqca həyəcanlı idim. Axı necə ola bilərdi? Necə ola bilərdi ki, Nizami Gəncəvi dünyaya yenidən zühur etmiş, nəinki ruhən, həmçinin cismən varlığını nümayiş etdirmişdi?

Saatlar 19:59:59 göstərərkən o, qarşımda dayanaraq mülayim bir səslə “Salam, Ayxan bəy” deyə müraciət elədi. Eyni tərzdə mən də ona xitab elədim. Hər ikisi, nə şəkillərdəki, nə də təsəvvürümdəki Nizaminin heç biri real həyatdakı Nizami qədər nurani, gözəl, yaraşıqlı, eyni zamanda əzəmətli deyildi. Nə dünyanın hər hansı bir lideri, nə də hər hansı bir məşhur Hollivud aktyoru xarizmatiklikdə onunla rəqabətə girə bilməzdi. Digər yanıldığım məqam isə onun rəsmlərdəki kimi yox, XXI əsrin dəbi ilə geyinməsi idi. Yəni, başı əmmaməli, atlas xalatda, ayağı çarıqda deyildi o, adi kostyumdaydı, ayağında da adi tufli. 

Bəli, o mükəmməl deyilə biləcək qədər cazibədar, eyni zamanda, son dərəcə müasir idi. Asta addımlarla restorana daxil olduqdan sonra o məni masalardan birinə əyləşməyə dəvət elədi, həmçinin təklifini qəbul etdiyim üçün dərin minnətdarlığını bildirdi (bu arada mənim də istəyimi soruşduqdan sonra ofisianta sifariş verdi). Hər nə qədər təəccübümü gizlətməyə çalışsam da o hər şeyi hiss edərək həddən artıq yumşaq tərzdə dedi:

-Bu qədər həyəcanlanmağınıza ehtiyac yoxdur, Ayxan bəy.  

Daha sonra: “Son dərəcə təəccüblənməyinizi də normal qəbul edirəm. Bəli, mən Nizami Gəncəviyəm”, -deyə əlavə elədi.

 Bu an hər nə qədər yuxudaymış kimi olsam da kəkələdim:

 -XII əsrdə yaşayan, nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin tanıdığı o, Şeyx Nizami Gəncəvi sizsiniz?

 O, da cavabında “Bəli, özüdür ki, var. Mən oyam. Başdan-ayağa kimi, bütün cisminmə, ruhumla Nizami Gəncəviyəm” söylədi.

 Onun etirafından sonra mən cəsarətlənərək, həm də kəkələməyimi azacıq düzəldərək yeni bir sual ünvanladım:

 -Bəs necə olur ki, siz yenidən bu dünyaya qayıtmısız,  zühur etmisiz?

 O, tamamilə soyuqqanlı şəkildə cavab verdi:

-Şairlərin ölməz olduğunu bilmirsinizmi? Onlar hər iki dünyada sağ və salamatdırlar. Digər insanlar onları görmək və hiss etmək qabiliyyətinə malik deyillər.

Mən məyus şəkildə “Əlbəttə, əlbəttə, şairlər ölməzdir” deyib udqundum. Və daha sonra məni maraqlandıran növbəti sualı verdim:

-Bəs siz necə olub ki, Yer üzərində heç bir dövlətə və ya adiyyatı qurumlara məxsus olmayan nömrə və kod vasitəsi ilə mənə ismarıc göndərmisiz?

O, bir daha təəccübsüz-filansız:

-Allah şairlərə nəinki xəyal gücünün bütün dərinliklərindən istifadə etməyə imkan yaratmış, həmçinin xəyallarını reallaşdırmaq üçün qabiliyyət də vermişdir. Və mən də Allahın sonsuz lütflərindən yararlanaraq sizlə əlaqə yaratmağa çalışdım, - cavabını verdi.

Elə bu məqamda sonda verəcəyim sualın müəyyən qədərini özü açıqlamışdı ki, məni ən çox təəccübləndirən mətləbi tamamilə öyrənmək üçün  Nizamiyə müraciətlə dedim:

-Azərbaycanda 10 milyon, Yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim.

Azacıq sükutdan sonra o, böyük ehtiramla, sadəcə üç sözdən ibarət “Siz buna layiqsiniz” deməklə kifayətləndi. 

Bu sözləri eşidərkən hiss etdiklərimi hansı sözlərlə ifadə edəcəyimi yazmaqda acizəm. Sadəcə onu deyə bilərəm ki, sanki, damarlarımda qanım donmuşdu, ruhumun ən dərin qatlarında isə yazıb-yaratmaq eşqimin alovlandığını duyurdum. Əllərim titrəyirdi, ürək döyüntülərimin səsinin onun tərəfindən də eşidilə biləcəyini güman edirdim.

Bu məqamda o, “yeməyini ye” deyib özü də yeməyə başladı. Biz sakitcə yenəyimizi yeyib qurtardıqdan sonra o, “artıq mənim getmək zamanım gəlmişdir” söylədi, sonra da əlavə etdi:

-Oğlum, bu dünya zamanı ilə mənim 880 yaşım tamam olur. Gün o gün olsun ki, sizin də 880 yaşınız qeyd edilsin və bunun belə olacağını da zənn edirəm. Başqa bir aləmdə yenidən görüşmək ümidi ilə Allaha əmanət olasınız, Ayxan bəy.

Gedişindən bir neçə saniyə keçməsinə baxmayaraq yerimdə donub qalmış, baxışlarımı o gedən istiqamətə zilləmişdim. Cismən yeriməsinə baxmayaraq yolun sonuna yaxın heç kəsin olmadığı  bir yerdə anidən buxarlanaraq qeybə çəkildi. 

Nə qəribədir ki, SMS və screen şəkil də silinmişdi.

Nizami alicənablığının, ululuğunun qarşısında heyrətimi gizlədə bilməyərək göz yaşlarıma sahib olmağı bacarmayaraq ağladım.

 

23.11.2021

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.