“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Məhəmmədəli İbrahimliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏHƏMMƏDƏLİ MÜTƏLLİM OĞLU İBRAHİMLİ
(22.11.1996.-13.10.2020.)
Əslən Füzuli rayonunun Cuvarlı kəndindən olan, Beyləqanda doğulmuş, Bakı şəhəri Sabunçu rayonundakı 215 nömrəli orta məktəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (bakalavr) və Azərbaycan Texniki Universitetinin (magistr) məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
Şəhid olduğu yer: Tərtər rayonu Göyarx kəndi.
Dəfn yeri: Sabunçu, Şəhidlər Xiyabanı.
MƏHƏMMƏDƏLİNİN CƏNNƏTDƏN MƏKTUBU
Əslim Cuvarlıdandır, doğuldum Beyləqanda,
Xoşbəxtəmmiş göz açdım, doğma Azərbaycanda.
Bakıda təhsil aldım, gündüz-gecə çalışdım,
Geri qalmamaq üçün zaman ilə çarpışdım.
İdmanla məşğul oldum, vardır neçə medalım,
Uzağa aparırdı daim məni xəyalım.
Məni çox yandırırdı kəndimizin işğalı,
Niyə əsirlikdədir, can kəndim, can mahalım.
“Qarabağ” klubuna azarkeşlik edirdim,
Yarışlara baxmağa həvəs ilə gedirdim.
Həyatda hər bir zaman düz yaşadım, düz oldum,
İki ali məktəbdə məzun, mühəndis oldum.
Gözlədiyim gün gəldi,
Yazıldım ordumuza, kəşfiyyat əsgəriydim,
Ölüm nədir ki, qorxam, mən azadlıq şiriydim.
Sarsılmadım həmin gün... ağır yaralanmışdım,
“Mənə heç nə olmayıb”, ağrıları danmışdım.
Yenə irəlidəyəm, sorğu-hesab vaxtıdır,
Bəli, bu son imtahan, dəqiq cavab vaxtıdır.
Avtomatla düşməni bir-bir yerə sərirdim,
Yağını cəhənnəmə əlimlə göndərirdim.
Düşmən səngərindəyəm, əlimdədir qumbara,
Kafirlər çaş-baş qalıb, axı qaçsınlar hara?
Aldım şəhidlərin mən, həmin gün qisasını,
Görməsəm də kəndimin, evimin xilasını.
Ruhum şaddı, rahatdı, atam, yaşa vüqarlı,
Qarabağım azaddır, xilas olub Cuvarlı.
Əziz anam, ağlama, sənin oğlun qalibdir,
Azərbaycan müqəddəs torpaqlara sahibdir.
Sağ olsunlar, adımı hörmət ilə çəkənlər,
Xatirəmə çinarlar, qızılgüllər əkənlər.
Dostlar, şəhid olmuşam, amma mən ölməmişəm,
Qismətim imiş cənnət, cənnətə də gəlmişəm.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)