“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin “Mehdi Hüseyn Cəlil Məmmədquluzadə haqqında” başlıqlı yazısını təqdim edir. Düşünürük ki, ədəbiyyat sahəsində çalışanlar və ədəbiyyatsevənlər üçün bu yazı maraq doğuracaq.
Qoy yazının başlığı hörmətli oxucuları təəccübləndirməsin. Hər şeydən əvvəl hər iki sənətkar Azərbaycan ədəbiyyatının, mədəni və içtimai fikrinin inkişafı yolunda mühüm və təqdirəlayiq xidmətlər göstərmişlər. Düzdür, yazı üslubları, əsərlərinin mövzusu nəzərə alınsa, C.Məmmədquluzadə ilə M.Hüseyn arasında yaxınlıq tapmaq çətin görünür. Üstəlik M.Hüseynin bir zamanlar M.Cəlili “çığırdaş” adlandıranların arasında olduğu da nəzərə alınarsa, hətta qeyri-mümkün görünür. Amma belə bir yaxınlıq və əlaqə mövcuddur.
Hələ keçən əsrin 30-cu illərində M.Hüseyn “Ədəbi döyüşlər” (1932) kitabında M.Cəlilin yaradıcılığından bəhs edir, onun ədəbiyyat və içtimai fikir tariximizdəki yerini müəyyən etməyə çalışırdı. Əlbəttə, Mehdi Hüseyn də müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Marksist tənqidin sosioloji metodologiyasının təsirinə qapılan, M.Hüseyn “vulqar siosiologizmin təsiri” ilə C.Məmmədquluzadəni “cığırdaş”, “proletar inqilabından əvvəl demokratik xırda burjua cərəyanının qüvvətli nümayəndələrindən biri” adlandırırdı.
Sonralar o, dahi C.Məmmədquluzadənin yaradıcılığına dərindən bələd olduqca, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş oduğunu gördükcə və burdakı estetik gözəlliyi duyub qiymətləndirdikcə yanlış mövqe tutduğunu etiraf etmişdi. Böyük yazıcımız İ.Əfəndiyev öz xatirələrində yazırdı ki, bir dəfə M.Hüseyndən nə üçün belə etdiyini soruşdum. O, boğulurmuş kimi dərindən köks ötürüb dedi: “Bunlar hamısı, – lənətəgəlmiş vulqar sosiologizm – bizi …uzaq salmışdı. Biz tribunalarda döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimisini nə adlandırırdıq. Biz Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlaratmaqdan da çəkinmirdik. Biz o tribunalardan hətta klassiklərimizə də atəş açırdıq”. Bu, əslində, “ədəbiyyata qabaqcadan hazırlanmış ölçülərlə yanaşmağa” məcbur qalan bir insanın səmimi etirafı idi. Belə bir etirafa onun tərcümeyi-halında da (1958) rast gəlirik.
Ötən əsrin 40-cı illərindən sonra M.Hüseyn özünün “Dahi sənətkar” (1941), “Düşündürən sənətkar” (1947) və digər məqalələrində M.Cəlilin yaradıcılığını daha dərindən və obyektiv qiymətləndirir, XX əsr ədəbiyyatınin inkişafında onun nəsrinin, dramaturgiyasının və publisistikasının böyük rol oynadığını göstərirdi. 1952-ci ildə yazdığı “Ədəbiyyatşünaslıqda marksizmi təhrif əleyhinə” adlı məqalədə o, M.Rəfilinin M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi sənətkarların rolunun azaltmaq, onların ədəbi-içtimai rollarına kəmetinalıq göstərmək cəhdini tənqid edərək deyirdi:
“Bu nədir, üzdə “ifrat inqilabçılıq”, əsl həqiqətdə isə ədəbi irsə rappçılıq cəbhəsindən yanaşmaq deyilmi?” O, C.Məmmədquluzadə yaradıcılığına etinasız yanaşmaları kəskin tənqid etməklə bərabər, yazılarında M.Cəlilin böyüklüyünün sirrini açmağa çalışırdı. Dahi ədibi dərindən öyrəndikcə onun böyüklüyünü israrla etiraf edən M.Hüseyn yazırdı:
“…bizim qarşımızda adi məişət yazıcısı durmayır, bəlkə də, bu dörd-beş cildlik əsərləri ilə milli ədəbiyyatımızda böyük bir dövr açmış dahi sənətkar durur. Bu sənətkarın əsərləri yarım əsrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün də yaşayır. Cəsarətlə deyə bilərik ki, onlar sabah da yaşayacaq. Məsələ belədirsə, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq yeni dünyanın keşiyini çəkir, onun mübarizə səngərində yenə eyni mərdliklə vuruşur…”.
M.Hüseyn M.Cəlilin böyüklüyünü onun öz mühitinə, xalq həyatına, milli ədəbi ənənələrə möhkəm bağlılığında, xalqı özünüdərkə çağırmasında, həmçinin mütərəqqi ideyaları müdafiə etməsində, mütərəqqi qüvvələrin qələbəsinə olan inamda, sənətkarlıq məharətində görürdü. Onun M.Ə.Sabir haqqında dediyi “Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı” fikrini qeyd-şərtsiz C.Məmmədquluzadəyə də aid edə bilərik.
Ədəbi prosesdə ənənələrin rolunu yüksək qiymətləndirən, lakin ona doqmatik münasibəti qəbul etməyən, yaradıcı münasibətin tərəfdarı olan, müasirliyi duyaraq və anlayaraq yazanların həm də klassik ənənələrə sadiq qaldıqları qənaətində olan M.Hüseyn öz əsərlərində C.Məmmədquluzadə ənənələrinin davam etdirilməsinin vacibliyini bildirirdi. Bu baxımdan M.Hüseynin “...biz Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünki onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürəyi bizim köksümüzdə çırpınır...” sözlərini gəlişigözəl sözlər saymaq olmaz. O,"Biz, Azərbaycansovetnasirləri, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq" (M.Cəlal) məşhur aforizmində çox mühüm bir ədəbi həqiqətin ifadə olunduğunu yazırdı.
“C.Məmmədquluzadə o tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisində böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salırlar. O şəxsiyyətlərin surəti nəsillər üçün vətənrərvərlik, qeyrət və fədakarlığın nümunəsinə çevrilir.”
Təsadüfi deyildir ki, Mehdi Hüseyn Cəlil Məmmədquluzadəyə həsr etdiyi və 1941-ci ildə nəşr olunmuş “Dahi sənətkar” məqaləsində yazırdı ki, “Biz Molla Nəsrəddindən çox şey öyrənə bilərik və öyrənməliyik. Biz onun sənətkarlıq sirlərini və üsullarını öyrənmək yolu ilə bugünkü nəsrimizi qat-qat yüksəldə bilərik. Xüsusən düşündürmək məharətini Molla Nəsrəddindən öyrənmək lazımdır və zəruridir”. O, yazıçılara “Bədii ustalıqda Molla Nəsrəddin kimi klassik bir lokanizm yolu tapmaq, qəzəbi də, məhəbbəti də, kədəri də, sevinci də təsvir edilən lövhənin bədii məntiqində onun kimi ifadə etməyi bacarmağı”, “süjet qurmağı, hadislələr arasında möhkəm vəhdət yaratmağı, mənalı və dərin bir məntiqlə obrazları inkişaf etdirməyi, heç bir gözlənilməz və damdandüşdü macəraya yol verməməyi” məsləhət görürdü.
Qeyd edilənlərlə yanaşı, görkəmli tənqidçi böyük sənətkarın yazı üslubunu, dil və bədii təsvir vasitələrini ölçüyə, meyara və ülgiyə çevirməyin əlehinə idi. O, Mirzə Cəlildən yaradıcılıqla istifadə etməyin, öyrənməyin tərəfdarı idi.Ən gözəl ənənələri belə sadəcə təkrar etməyi qətiyyətlə rədd edir və yazırdı: “Ənənəni mexaniki təkrar edənlər, ədəbi inkişafımıza yeni bir şey də əlavə edə bilməzlər”. Ümumiyyətlə, bədii yaradıcılıqda təkrarı və təqlidi kəskin tənqid edən M.Hüseyn C.Məmmədquluzadənin bəzi əsərlərinin N.V.Qoqolun bəzi əsərlərindən iqtibas (“Qurbanəli bəy – “Kolyaska”, “Ölülər” – “Müfəttiş”) olduğunu iddia edənlərə qarşı çıxaraq bildirirdi ki, bu təkrar yox, konkret mühitin yetirdiyi, öz dövrünün və xalqının oğlu olan istedadlı bir sənətkarın başqa bir sənətkardan yaradıcılıqla faydalanmasıdır.
M.Hüseyn məqalələrində ədibin realizminin, xüsusilə, satirasının "böyük ideallara" xidmət etdiyini yazır, dramaturgiyasını "böyük fikirlər, canlı xarakterlər dramaturgiyası" adlandırırdı. "Azərbaycan romanı haqqında" adlı məqaləsində yeni, müasir Azərbaycan nəsrinin, yeni milli romanın yaranmasında Mirzə Cəlil ənənələrinin misilsiz rolunu da dönə-dönə qeyd edirdi.
M.Hüseyn M.Cəlili özünün müəllimi hesab edir və deyirdi: ”Molla Nəsrəddin təkcə yumoristik və satirik əsərlər yazan sənətkarlarımızın müəllimi deyil, həm də hər bir Azərbaycan (sovet) yazıçısının müəllimidir”. “...onun ölüm günündən 10 il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik, çünki o özündən sonra da əsrlər boyu yaşayan, ölməz sənətkarlar qəbilindəndir”.
M.Cəlilin məşhur “Ölülər” tragikomediyası M.Hüseyni valeh etmiş, onu heyrətə gətirmişdi. O, qürurla yazırdı: “Ölülər” olduqca orjinal və dahiyanə yazılmış bir komediyadır... Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur... Molla Nəsrəddin fəxrlə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var!” Təsadüfi deyildir ki, C.Məmmədquluzadənin “Ölülər”də istifadə etdiyi priyomlar sənətkara bilavasitə təsir göstərmişdir.
Onu da qeyd edək ki, M.Cəlildən öyrənən, ondan təsirlənən və onun ənənələrini yaradıcılıqla davam etdirənlərdən biri də elə M.Hüseyn özüdür.Bu barədə M.Hüseynin özü yox, əsərləri danışır. Onun hekayələrindən digər klassiklərlə yanaşı, M.Cəlilin hekayələrinin ətrini duymaq çox da çətin deyil. “Qabar”, “Çinar”, “Şeytanın barmağı”, “Azar”, “Yaxşılıq” və digər hekayələrində M.Hüseyn “böyük demokrat” kimi mütərəqqi ideyaları ehtirasla müdafiə edir.
O, “Ölülər”dəki ədəbi priyomlardan özünün “Tərlan” və “Qara daşlar” romanlarında geniş istifadə etmişdir. Məsələn, “Tərlan” romanında Tərlanın monoloqu ilə İskəndərin monoloqu arasında daxili və zahiri yaxınlıq dərhal nəzərə çarpır. Yaxud “Qara daşlar”da Mollayevə zəng etmək üstündə düşən mübahisə Şeyx Nəsrullahın otağına girib-girməmək barədə məşvərət edən hacı və kərbəlayıların hərəkətinə çox oxşayır və s. M.Cəlilin məharətlə işlətdiyi belə üsullardan istifadə etməklə M.Hüseyn adları çəkilən əsərlərdə bəzi surətlərin xarakterini hərtərəfli açmağa müvəffəq olmuşdur. Bu cür nümunələr M.Hüseynin istəsə də, istəməsə də M.Cəlildən bir şeylər mənimsədiyini göstərir. Bu barədə görkəmli alim Y.Seyidov özünün 1979-cu ildə çap olunmuş “Mehdi Hüseyn” adlı monoqrafiyasında xeyli maraqlı nümunələr verir.
Qeyd etdiklərimiz M.Hüseynin peşəkar ədəbiyyatşünas kimi C.Məmmədquluzadənin yaradıcılığını yüksək qiymətləndirərək bu barədə öz aktual mülahizələri ilə ədəbi prosesə istiqamət verdiyini, eləcə də onun özünün bir yazıçı kimi püxtələşməsində görkəmli M.Cəlilin böyük rol oynadığını göstərir. Onu da qeyd edək ki, bu əlaqələr yeni tarixi şəraitdə yeni tədqiq və təhlilə möhtacdır.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)