Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb Featured

Onu əbəs yerə böyük hekayə ustası hesab etmirlər. “Radio qabağında”, “Vətən oğlu”, “Baldan əvvəl”, “Gülbəsləyən qız”, “Titrək bir səs” “Badam ağacları”, “Muştuluq” və digər yaddaqalan hekayələrin müəllifi olan görkəmli yazıçı Mir Cəlal Paşayev həyatı boyu 300-ə yaxın hekayə qələmə alıb. Həmin əsərlərdə o, lirik-romantik, lirik-psixoloji, lirik-dramaturji hekayələrin ən gözəl nümunələrini yaradıb. Ənənəvi olaraq “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir. Növbəti tədbir də müsabiqə qaliblərinə həsr olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, aprelin 29-da “Ədibin Evi”ndə Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva Mir Cəlalın bənzərsiz yaradıcılığından, xüsusilə onun Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına verdiyi töhfələrdən söhbət açıb. Qeyd edib ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında “kiçik hekayənin böyük ustası” adını qazanıb.

Ş.Mehrəliyeva qeyd edib ki, dördüncü müsabiqə barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən ötən il noyabrın 1-də elan verilib və hekayələrin qəbulu bu il martın 1-dək davam edib. Müsabiqə həm peşəkar, həm də həvəskar yazarlar üçün açıq olub. Hekayə mövzusu sərbəst idi: “Görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas və pedaqoqu Mir Cəlalın doğum günü ərəfəsində müsabiqəyə ənənəvi olaraq yekun vurulur. Builki müsabiqədə 230 müəllifin 261 hekayəsi nəzərdən keçirilib. Ümumilikdə isə 2017-ci ildə təsis edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər 1500-ə yaxın hekayə təqdim olunub. Ədəbiyyatda hekayə janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə 2023-cü ildən başlayaraq hər il təşkil edilir”.

Qeyd olunub ki, Xalq yazıçısı Elçinin sədrliyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən hekayələri mərhələli şəkildə qiymətləndirdikdən sonra qaliblərlə bağlı yekdil qərar verilib.

Tədbirdə çıxış edən müsabiqənin münsiflər heyətinin üzvi, şair-yazıçı Aqşin Yenisey Mir Cəlal adına hekayə müsabiqəsinin keçirilməsini Azərbaycan yazılı dilinin yaşadılması, hekayə janrının inkişafı, gənc istedadlı nasirlərin üzə çıxarılması, tanıdılması baxımından yüksək qiymətləndirib.

Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvü olmuş, mərhum alim, professor Şirindil Alışanlının da xatirəsi anılıb və şair Fərid Hüseyn onun bir alim kimi elmi axtarışlarının Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi töhfələrdən danışıb.

Fərid Hüseyn özünün hazırladığı və Şirindil Alışanlının “Ön söz” yazdığı Mir Cəlalın böyük şairimiz Nizamiyə həsr etdiyi elmi əsərlərinin toplusu olan “Nizami Gəncəvi dünyası” kitabının ilk nüsxəsini iştirakçılara təqdim edib.

Sonra qaliblər mükafatlandırılıb.

Müsabiqədə Asim Arazlı “Kələntər dayı”, Aliq Məmmədov “Naqafil alver” və Aysel Şıxlı “Sonsuzadək gülümsəyən uşaq” adlı hekayələrinə gərə 3-cü yerə layiq görülüblər. “Yanğınların dili olsa” hekayəsinin müəllifi Nuranə Abbasova və “Heyvagülü” adlı hekayəsinə görə Yaşar Əhmədov müsabiqədə ikinci yeri tutublar. Münsiflərin yekdil rəyi ilə Mir Cəlal adına hekayə müsabiqəsində birinci yerə Leyla Əliyevanın “İşıq” hekayəsi layiq görülüb.

Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.

Qalibləri təbrik edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, bu müsabiqə yeni-yeni nasirlərin tanınmasına və onların öz qələmlərini hekayə janrında sınamasına təkan verib. Müsabiqənin Azərbaycan ədəbiyyatının inkişafına xidmət etdiyini söyləyən Hafiz Paşayev ədalətli seçimə görə münsiflərə təşəkkürünü bildirib.

Sonda Milli Aviasiya Akademiyasının tələbəsi Nazim Əzimlinin pianoda səsləndirdiyi ifalar alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.