Aprelin 25-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin təşkilatçılığı ilə Universitetin Heydər Əliyev mərkəzində Azərbaycan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, i.e.d. Rəsmiyyə Sabirlə görüş keçirilib.
Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyindən
“Ədəbiyyat və incəsənət” portalına məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra ADMİU “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin sədri Ülkər Rzayeva qonağı və tədbir iştirakçılarını salamlayaraq görüşün keçirilməsinin məqsədindən danışıb. O deyib ki, müəlliflik hüququ təkcə ölkəmizdə deyil, bütün dünyada vacib məsələlərdən biridir. O, kitabın, mütaliənin təbliğində, eləcə də müəlliflik hüququnun qorunmasında şair və yazarların rolunu vurğulayaraq, Rəsmiyyə Sabirin bu mənada fikirlərinin gənc nəsil üçün xüsusi önəm kəsb etdiyini bildirib.
Tədbirdə Universitetin prorektoru Nizami Əsədov, Kitabxana-informasiya mərkəzinin əməkdaşı Natiq Mürsəlov, yazıçı-publisist Zakir Abbas Rəsmiyyə Sabirin yaradıcılığı haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, R.Sabir təkcə Azərbaycanda deyil, Türk dünyasında tanınan şairlərdənir. O, Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. Onun 130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb. 2003-cü ildə “Həbs olunmuş sükut”, 2006-cı ildə “Rəngsiz göz yaşları” və “Kölgəsiz dar ağacları” (İraq), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyə), 2018-ci ildə “Sonun başlanğıcı”, 2021-ci ildə “Zindan sevinci”, 2023-cü ildə “Sən birsən, Tanrım” (Özbəkistan) və “Yerlə göy arasında” (Türkiyə) adlı şeir kitabları nəşr olunub.
Tədbirdə Universitetin tələbələri R.Sabirin şeirlərini səsləndiriblər, sözlərinə yazılan mahnıları ifa ediblər. Tədbirdə, həmçinin R.Sabir yaradıcılığı ilə bağlı tələbə və müəllimlərin ona ünvanladığı sualları cavablandırıb. Sonda R.Sabir iştirakçılar üçün öz ifasında şeirlərini səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)