“Üç general” - Udmurt Xalq şairinin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Udmurt Xalq şairi Vyaçeslav Ar-Serginin “Üç general” adlı hekayəsini təqdim edir. Hekayəni ruscadan Azərbaycan dilinə Həyat Şəmi tərcümə edib. 

 

 

Yaxşı yadımdadır, vaxtı ilə bizim kəndin kişiləri sərxoş olanadək o qədər çox içərdilər ki, hətta evdə öz arvadlarını tutub döyərdilər. Əlbəttə ki, kəndin bütün kişiləri belə deyildi. Amma kənd camaatı bu cür mərəkələrə baxıb təəccüblənməzdi, çünki  kənddə başdan xarab kişilər də kifayət qədər az deyildi. Ayıqkən həlim və mülayim olan bu insanların dilinə içki dəydimi, elə bil ki, şüşədən cin udurdular. 

Kolxoz rəhbərliyinin qarşısında aciz, hüquqsuz olan həmin kişilər bunun əvəzini evdə arvad-uşaqdan çıxardılar: “Bu evdə kimin rəis olduğunu birdəfəlik biləcəksiniz!” deyər, “ağa nəzərəm, belə gəzərəm” şəklində rəftar edərdilər. “İstəsəm – qoçun buynuzunu qanırıb bükərəm. Hələ siz bilmirsiniz, orduda batalyon komandiri özü mənimlə əl verib salamlaşardı” deyərək evdə əzrailə dönərdilər.

Rəbbimə şükürlər olsun ki, bu cür hadisələr hər gün olmazdı, əsasən də bayram günlərində baş verməzdi, bəzən heç bayram günü olmasına da baxmazdılar. Bir də görürdün, qonşu arvadının çığırtı səsi ətrafı başına aldı: “Ay camaat, qoymayın! Kömək eləyin! Öldürəcək qoymayın, vallah, öldürəcək! Köməyə gəlin!” - qışqıraraq var gücü ilə ayağı büdrəyə-büdrəyə, paltarı cırıq-cırıq, saçları dağınıq, dəhşətə gəlmiş gözləri yerindən çıxmış halda, sifətindən qəm-kədər yağa-yağa lənətə gəlmiş şeytan ərinin  əlindən qaçıb canını qurtarmaq istəyir.

Budur, onun sərxoş işgəncə verən əri qovduğu arvadına çatmaq üzrədir…Köynəyi əynindən tökülə-tökülə, əlində ağac paya və yaxud dəmir dəyənəklə,  bəzən isə havada fırlatdığı balta ilə, küçə söyüşləri yağdıra-yağdıra arvadının dalınca qaçır, sanki bu dəqiqə ona çatıb  qətlə yetirəcəkdir... Düşünürsən ki, bax bu əsil vampirdir ki, vampir. Əgər çatsa, mütləq  öldürəcək!

Küçədə bu cür hadisələr günün günorta vaxtı baş verəndə, belələrinin cavabını anındaca verib, yerinə oturdardılar. Bir də görürdün, qonşulardan iki nəfər iri cüssəli özünü yetirib sərxoş harınlamışın qollarını burub yerə sərdi. O zaman, bayaqkı əjdaha dönüb quzu olardu və “ay yavaş olun, qolum ağrıdı” deyib sakitləşərdi. Ayıltmaq üçün cinə oxşayan sifətini qara və ya palçığa basıb “sakitləş!”deyib hirsinin soyudardılar.

Elə vaxtlar da olurdu ki, sərxoş kişi qonşulardan daha ayıq, daha güclü çıxar, onların əlindən sivrilib qurtular və yenə də arvadının dalınca qışqıra-qışqıra qaçar, “Ay, anası göyçək!” deyib söyüşlər yağdırmağa davam edərdi...

Amma çox vaxtı onların qaçdı-tutdusu uzun çəkmirdi, evlərindən səsə-küyə çıxan qonşuların qınağından çəkinib dayanardılar. Sərxoş halda qaçmaqdan tez yorulub gücü tükənənlər biabır olduğunu görüb səssiz-səmirsiz öz həyətinə, evinə qayıdardılar. Bəli, bizim kənd kişilərinin başları müxtəlif səbəblərdən, ya qarşılarına çıxmış talelərindən, ya da əldə çəkilmə araqlardan xarab olurdu. Bəziləri isə heç kimsə heç nə görməsin deyə, səs-küy hasardan çölə çıxmasın deyə evlərinin içində tiranlıq edərdilər. Arvadlarının sifətinə tutuzdurduqları yumruqların göyərmiş ləkələri uzun müddət onların üzündə qalar, çətinliklə sağalardı.

Onu da deyim ki, bizim kənddə əvvəllər belə şeylər heç baş verməzdi. Sərxoş olub evində dava salanlarımız olmazdı. Bu məsələyə birdəfəlik son qoyulmuşdu. Bəs, bu udmurtlara birdən-birə nə oldu belə!? Əsrin dörddə üçünü yaşamış mamlı-matan, çevik apaylarımız xala olandan sonra, qoca Oqır öz sərt əlləriylə bizim həqiqi adət-ənənələrimizi param-parça etmişdimi? Gör iş nə yerə gəlib çıxmışdı ki, bizm kişilər daha burdan-bura, tayqaya ayaq basmağa da tənbəllik edirdilər. Əvvəllər aylarla meşədə yaşayıb heyvan ovlayar, balıq tutmaqla məşğul olardılar. Əl üsulu ilə araq çəkmək nədir, qəti bilməzdilər, yalnız ov ovlamaq, balıq tutmaqdı işləri.  İndi isə ya evində, ya da kolxozda gününü boş-boşuna keçirib avaralanırlar, “onsuz da dolanmaq üçün kolxozdan maaşımı alacam” deyib tənbəlləşirlər. Belə dolanışıq üsulu gələcək üçün yaxşı heç nə vəd etmir, verilən maaş isə araqdan başqa heç nəyə çatmırdı.

- Belə vərdişləri udmurtlar yaxın qonşularından, ruslardan öyrəndilər - deyib özü ilə yaşıd olan papiros muşduğunu dərindən üfürüb təmizləyən Oddok dilləndi. - Bütün bu pis vərdişlər bizə qonşu rus kəndlərindən – Qurbağalı, Qoyunlu, Xoruzlu kəndlərindən keçibdir... Kama çayının o biri tərəfindən. Onlarda  hər zaman belə olub, arvad öz ərindən qorxardı. Özləri kimi aravadları da evtikən deyildilər. Amma bizim qadınlarımız həmişə kişilərlə çiyin-çiyinə olublar. Ər – çöldə, istehsalatda, arvad isə - evində ocağının xanımı, sahibəsi olub. Öz adət-ənənələrimiz, qanun-qaydalarımız olardı: həyət-bacanı, evi-eşiyi, uşaqları evin qadını idarə edərdi. Qadına nəinki əl qaldırmaq, hətta üstünə yürümək belə günah idi. Bunu dünənki uşaqlar da bilirdilər və belə şeylərə cəsarət etməzdilər.

- Ay sizi lənətə gələsiniz! – hətta kəndin partiya təşkilatının rəhbəri Petroviç də onlardan əlini üzüb ciddi şəkildə bizi məzəmmət edərək - düşünürsünüz ki, siz burada ara qarışdıracaqsınız, milli ayrı-seçkilik salacaqsınız, mən də durub baxacam? Vallah sizə elə toy tutaram ki, ananız ağlar qalar. Nə oldu? Elə hər nə pis şey varsa, ruslardan keçmədir? Sizin evdə  nə baş verirsə, günahı həmişə başqasında axtarırsınız.!

- Bu sözlərin mənə heç aidiyyatı yoxdur. Öz əlim, öz başımdır!  Mən isə deyirəm ki, kənddə özbaşınalıqdır, bunu isə siz eləmisiniz.  Lap ağını çıxartmısınız. Vaxtı ilə mənim atam belə özbaşınalığa dərhal son qoyardı. İndiki zəmanədə isə, di gəl, sən  bunları tərbiyələndir, dilə tut görüm, necə tutursan!  Tfu sizin üzünüzə!

Camaat yaxşı bilirdi ki, onun (Oddokun) atası kolxozu ilk quranlardan olub, ötkəm bığlı kişi idi. Amma Stalinqrad döyüşlərindən sağ çıxmadı. Alman minasına tuş gəldi, bığları ilə birlikdə özü də param-parça oldu. Və bir də onu deyirlər ki, göyərçinləri çox sevirmiş, hədsiz dərəcədə çox! Mandolinada da gözəl çalırdı, hətta Şalyapinin özü ilə səhnəyə çıxa bilərdi.

Biz kəndimizdəki sayılıb-seçilən insanlarımızı dinləməyi sevirdik. Onların dedikləri hər şeyi anlayırdıq, ən əsası isə onlar bizim üçün tamamilə başa düşülən bir dildə, öz ana dillərində danışırdılar. Daha bu rayon mərkəzindən gələn mühazirəçilər kimi deyildilər. 

Rayondan gələnlər gələr, klub  kürsüsünün arxasında durub yarım qrafin suyu içə-içə, anlaşılmaz bir dildə nəsə danışıb gedərdilər. Yeri gəlmişkən, gəlib bizə bu Vyetnam müharibəsi haqda danışıb, baş-beynimizi aparardılar.. Deyirəm, axı bu Vyetnam haradadır? Bu ölkə haqqında biz heç bir şey eşitməmişik. Hələ bizə  Amerika ordusu haqqında boş-boş çərənlədiklərini demirəm. Amma kəndə gəlmiş bu  mühazirəçilərə baxmaq bizə maraqlı gəlirdi – kostyumlu, portfelli, çəkməli… Onları biz qastrola gəlmiş aktyorlar kimi qəbul edirdik. Xüsusilə şəhərliləri. Nə danışırdılar, nə deyirdilər, az adam qulaq asırdı, hamının gözü kənd  partiya rəhbərində idi, düşünürdük ki, görəsən bizi nə vaxt evə buraxacaqlar?

Dünən klubumuza yenə bir mühazirəçi gəlmişdi. Əvvəlcə Kommunist Partiyasının siyasətindən danışdı, sonra Marsda həyatın mümkünlüyündən və ən sonda da dəniz heyvanlarından söz açdı... Hə, nə olsun, atamız onlar haqqında bizə daha çox danışa bilərdi. Axı o, dənizçi idi, Sakit Okeanda xidmət edirdi - ondan hətta osminoqlar (ahtapotlar) haqqında da soruşub öyrənə bilərdik. Görəsən, doğrudanmı onların səkkiz ayağı var?

- Ayaqları deyil, üzgəcləri, - deyə böyük qardaşım Talço bizim sözlərimizə düzəliş etdi . Talço-Vitalço, sözün əsil mənasında bizim dəstə başçımız idi. Ortabab səviyyəli idi, ancaq Yogi onu dəstəkləyirdi.

   Yadımdadır, həmin gün biz üçümüz məktəbdən qayıdırdıq.  Mən ən kiçiyi idim, o zamanlar, yəqin ki, ikinci sinifdə oxuyurdum... Həmin gün böyük qardaşlarımın  dərsləri məndə olduğu kimi çox deyildi. Təsadüfən, o gün üçümüz də eyni vaxtda məktəbdən evə qayıdırdıq. Sən demə, böyük qardaşlarımla birlikdə evə getmək sıradan bir iş deyilmiş. Əlbəttə, birgə yol gedərkən  mən onlardan çox maraqlı şeylər öyrəndim, amma daha uzun addımları olan qardaşlarımla yollaşmaq mənə ikiqat çətin və yorucu oldu.

- Maraqlıdır, görəsən anam bu gün bizim üçün nə hazırlayıb? - Yogi ortalığa bir söz atdı. Onun bu sözündən biz xəyallar qurduq, - həə, dünən hər şey necə də ləzətli idi! Yəqin bu gün ya göbələk qızartması, ya da “ziretli taban”, bəlkə də souslu dadlı fəsəli hazırlayıb. - Amma, üçümüz də yaxşı bilirdik ki, bu gün sobada, çuqun vedrədə bişmiş şorba yeyəcəyik - ət, kartof, arpa və kələmdən ibarət bir şorba. Biz onu adi bir şorba deyil, xüsusi xəyal etdiyimiz bir yemək kimi təsəvvür edərdik.  Xüsusən də səhərlər,  ağzımızda sanki xaşxaş dadı verən, şorba kimi. Biz onu bax belə - qara bibər səpilmiş, yağlı sarımtıl üzlü, içində qayıq kimi dəfnə yarpaqları üzən şorba olaraq gözlərimizin önündə canlandırırdıq.

Beləcə yol boyu ordan-burdan söhbət edə-edə gəlib darvazadan içəri, həyətimizə daxil olduq. Biz varlı yaşamırdıq, daha doğrusu, hamı kimi kasıb yaşayırdıq. Evimizin dam örtüyü taxtadan idi. Amma bizim üçün evimizdən gözəl yer yox idi... Hə budur, sıxılmış samandan düzəldilmiş qapılarımız taybatay açıqdır. Özü də dekabr ayında! Elə bu zaman qapıların arxasında nəsə soyuq səslər eşidildi. Bu, heç də xeyrə əlamət deyildi, nə baş verirdi?

Nə anam, nə də atam heç vaxt qapıları belə taybatay açıq qoymazdılar.Yoxsa sərt qış küləyi onları qaldırıb qapının kəndarına çırpardı! Tap! Tap! Tap!...

Birdən anam üstü-başı dağınıq halda, tək isti gödəkcədə sıçrayıb evdən bayıra çıxdı. Bununla da bizə hər şey aydın oldu. Bu gün atamız yenə də sərxoşdur, axmaqlıq edir. Bunun təsdiqi kimi evin girişindəki vedrələrin gurultusu qopdu və ardınca atamın sərxoş səsi eşidildi:

- Dayan! Kimə deyirəm, dayan! Mən indi sənə sevmək azadlığını öyrədərəm. Dayan!

- Al, sənə madyan - qoy dursun! İyrənc heyvan! – deyən anam ürəkdən fəryad etdi və sonra hamımızın əlindən tutub dərhal küçəyə tərəf sürüklədi.

Sonra necə oldusa, anlamadım və ağlamağa başladım. Çox məyus oldum – isti evimizi istədim, anamın bişmiş şorbasını istədim, böyük qardaşlarımla maraqlı mübahisələr etmək, Timofey adlı pişiyimi qucaqlamaq, həyətimizdəki itimiz Polkana yemək vermək, rahatca televizora baxmaq istədim – bizim kənddə çox az evdə var idi “Vesna-3” televizoru. Anladım ki, bu gün bizim üçün nə rahatlıq, nə də sevinc var. Bizdə belə şeylər olur, tez-tez olmasa da, hərdən olur. Atam hardasa içir, evə sərxoş gəlir, anam isə artıq müdafiəyə hazır vəziyyətdədir, hücum və müharibə başlayır. Stullar qırılır, qab-qacaq göydə oynayır... Sonra anam bizi də götürüb qonşulara gedir, biz onlarda gecələyirik. Ev sahibinin köhnə qalınçalarını altımıza salır və əlbəttə ki, biz geyinikli yatırıq. Ac və dağılmış xəyallara bürünüb dilsiz dərdimizlə birgə yerdən salınmış “yataqda” yuxuya gedirik. Bundan sonra anam atamla uzun müddət danışmır. Bir sözlə, qəm-qüssə, kədər... Sonra hər şey yavaş-yavaş yoluna düşür, biz yavaş-yavaş yaşamağa davam edirik. Yeni bir Ata-ana müharibəsinə qədər. Ancaq bu şəkildə yaşayan tək biz deyildik. Küçəmizdə hər iki evdən birində belə hallar yaşanırdı. Arvadlar aylarla itaətkar ərlərininin başının ətini yeyirdilər, kişilər isə bunun əvəzində onlara yüz qat artığını qaytarırdılar. Bizə elə gəlirdi ki, bütün dünya belə yaşayır, çünki biz başqa həyat tanımırdıq... Və kimin haqlı, kimin haqsız, kimin sevilib, kimin sevilmədiyini araşdırmaq lazım gəlirdi. Kim nə tapacaq ki?...

​​Bu gün də biz Marin xalagildə gecələməli olduq. Bizim mülayim, mehriban, qısaboylu, möhkəm bədən quruluşlu, soba kimi istiqanlı, öz ayaqları üzərində duran, və nəhayət xoşməramlı Marin xalagildə. Bəxtimiz gətirdi ki, bizdən əvvəl oğlanları ona baş çəkmişdilər və yenicə getmişdilər. Onun oğlanları  gənc və irigövdəli gənclər idi. Gənc deyəndə ki, artıq böyük kişidirlər. Öz ailələri, evləri-eşikləri var. Əlbəttə ki, Marin xalanın evində yeyib-içib, silib-süpürüb getmişdilər, gözəl vaxt keçirdikləri bəlli idi. Və təbii ki, bizi hesaba almamışdılar - qaynadılmış ət, doyumlu şorba və bol sıyıq... Pəncərədən baxan Marin xala birdən fərq etdi ki, evdə kimsə yoxdu:

 -  Hələ də işığınız yanmır, amma hava qaralıb. Deyəsən sənin dənizçin yuxuya gedib...

-  Hə, elədir, hər şey aydındır. Onda, Marin xala, gəl bizim evə gedək, sənin yanında o, hürə bilməz. Gedək uşaqlara bir az yemək gətirək. Gəl gedək, çuqun vedrə dolu şorbamız elə sobanın üstündədir, onu bura gətirək..

- Gedək, gedək, əzizim – Marin xala dərhal razılaşdı və paltosunun ardınca qaçdı.

 Biz isə Marin xalanın evində qalıb onları gözlədik.

- Sən deyəsən şox təsirləndin, hətta ağladın da, gördüm – deyə ortancıl qardaşım böyrümdən dümsüklədi.

- Elədir, bu axşam da belə getdi – deyib dərindən nəfəs aldım.

- Bəlkə mən də ağlayardım, səndən böyük olmasaydım - deyə Yoqi məni qucaqladı və silkələdi. Əsla, ruhdan düşmə, qardaş! - Onun sayəsində bir az özümə gəldim...

Talço pəncərənin yanında oturdu və bizim partiya rəhbərimiz Petroviç kimi qollarını sinəsində çarpazlayaraq dedi:

- Ümumiyyətlə, mən düşünürəm ki, ay mənim qardaşlarım, biz qeneral olmalıyıq. Niyə də yox? Yaxşı oxuyuruq, idmanda normalıq, üçümüz də eyni məktəbdə oxuyuruq və biz bir yerdə olsaq, bizə heç kim bata bilməz. Və təbii ki, Vətənimizi də sevirik.

- Niyə birdən-birə general, bunu anlamadım, – deyən Yoqi təəccübünü bildirdi. Mən də heyrətləndim.

- Bax belə deyim! Bu gün tariximizə dönüb baxsaq görərik ki, bizim qırmızı generallarımız kimlər olub? Baxın, onlar ən sadə insanlar olublar. Ola bilsin ki, onların da arasında  sadə olmayanlar, varlılar da var idi, amma mənzərə dəyişmir. Bizim generallar sadə insanlardan çıxıb. Bəziləri kasıb kəndlilərdən, bəziləri kasıb proletariatdan çıxıb. Əsas odur ki, onlar cəsur olublar.

- Hə, indi guya biz də cəsururq, qorxmazıq? - Yogi aşağı oturdu və sinəsinin üstünə yaslandı – biz burda bir qonşunun evində oturub sərxoş atamızdan gizlənirik. Əla generallarıq!

-  Boş-boş danışmayın, qalxın, gedək atamızı tutub gətirək!- bizim Talço qəzəbindən yerindən sıçrayıb qalxdı, - kim arxamca gəlsə, o, qəhrəmandır!

-​Biz ona neyləyəcəyik ki? Tutacağıq. Birdən o, bizdən cəld tərpənib bizi tutsa necə olacaq?  Axı o, öküz kimi sağlamdır, - deyən Yogi dözməyib böyük qardaşımın arxasınca getdi.

-​Bəs mən hara getməliyəm? Təbii ki, onların arxasınca. Brr-r-r!..

Elə bu vaxt qapı tappıltı ilə açıldı və Marin xalayla anamız evə daxil oldular. Onlar ləzzətli şorba dolu qiymətli çuqun qazanı özləri ilə gətirmişdilər!

 - Bizim yaramaz evdə yox idi.  Yəqin ki, qaraja dostları ilə kart oynamağa gedib - anam ehtiyatla dedi.

- Yaşasın! Bu o deməkdir ki, atamı tutmaq, bağlamaq məcburiyyətində qalmayacağıq. Çünki o, evdə yoxdur, əgər o yoxdursa, deməli haq-hesab çəkmək da yoxdur.

Qaynar şorba həmişəki kimi əla və ləzzətli çıxmışdı. Biz bir azdan yerdən salınmış “qalınça yatağa” girdik.

- Talço! - Yogi birdən pıçıldadı, - amma generallar da fərqli olurlar. Məsələn, tikinti batalyonunun öz generalı olur, tankçıların öz generalı.

- Аha, anladım, anladım – böyük qardaşım yarıyuxulu, çətinliklə eşidiləcək şəkildə dedi -Mən pilot generalı olacağam. Təyyarələri sevirəm mən. Sənin isə xoşuna böyük maşınlar, avtomobillər gəlir. Bu, o deməkdir ki, sən də avtomobil generalı olacaqsan. Ən kiçiyimizin isə bir yolu var. O, dəniz generalı olacaq. O, sal düzəltməyi və çay boyu onların üzərində üzməyi sevir. İndi isə yatmaq vaxtıdır. İşığı söndürün!

    Və biz döşəmənin üzərində yuxuya getdik. Gözəl bir yuxu gördüm. Gördüm ki, həyətimizdə nəhəng bir masada üstü bol süfrə açılıb. Onun ətrafında bir insan dənizi var. Yayın istisi! Hörmətli adamlarımız Oqır apayla Oddok ağa da onların arasındadır. Onların yanında kostyumda və əlində portfel  partiya rəhbəri  Petroviç də var. Masa arxasında orta yerlərdə anamız Marin xala da var.  Beləliklə, biz də - üç qardaş, üç general həyətə daxil oluruq. Vitalço pilot generalıdır, Yogi nədənsə tank generalıdır, mən də dəniz generalı. Bizim yaxamızda çoxlu medal və ordenlərimiz var! Pencək ağ, şalvar qara, qırmızı zolaqlar da öz yerində.

Vay, kəmərimdən asılan xəncər necə də işıq saçır, qardaşımın dərsliyindən gördüyümün eynisi idi. Və təbii ki,  papaqlı jilet də başqa bir gözəllikdir! Və biz hamımız həyat yoldaşlarımızla içəri giririk, hər halda belə olmalıdır. Mən əlbəttə, sinif yoldaşımla gəlirəm, siz o qızı yaxşı tanıyırsınız... Böyük qardaşlarımın arvadları da öz sinif yoldaşlarıdır. Gözəldirlər, hind kino ulduzları kimi! Valya, Olya... Yoxsa adlarını qarışdırıram. Çox gözəl və şıx geyinmişlər, baldakı kimi. 

Budur, biz qonaqlarımıza tərəf addımlayırıq, yaşıl qarışqa otlarının üstündə gəlirik. Üstümüzə düşən günəş parlaq və şəndir. Yumşaq və bəmbəyaz buludlar masmavi səmada harasa tələsirlər... Nadinc külək ətrafımızda fırlanır, bir çiçək dənizi başını əyir - qırmızı, sarı, narıncı... Və ölkəmizin himni hər yerdə eşidilir!

- Qalxın, qalxın, uşaqlar! – birdən anamın səsi yuxumu kəsdi. Sən demə biz burdayıq, Marin xalagildə. Sabahın alatoranlığında onu sobanı qalayan yerdə görürəm.  Səhər erkəndən açılan radiodan isə eyni himn eşidilir - deməli, artıq saat altıdır...Aman Allah, bu nə gözəl yuxu idi! Yaxşı yatdıq.

  Qabağa qaçaraq, sizə açığını deyim ki, həyatda bizim heç birimiz general olmadıq. Heç admiral da olmadıq. Böyük qardaşım uşaqlıqdan başında qalmış bir axmaqlıq səbəbindən “böyük sahibinin” həbsxanasında “kimyəvi” qurama bir iş üstündə Orenburq vilayətində həbsdə yatdı. Ortancıl qardaşım Primorye vilayətində “ZİL” avtomobilinin sürücüsü kimi orduda xidmət etdi. Ailəmizin kiçiyinin taleyinə də isti Türküstanda istehkamçı işləmək düşdü. Anamız isə bizi daha evdə gözləməkdən yorularaq Allahın rəhmətinə qovuşdu.Bəli, axı hər kəs general ola bilməzdi ...

                                                                                                         

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.