Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Yaradıcılıq emalatxanası" rubrikamızın qonağı qəzəlləri ilə sevilən xanım şairimiz Lilpar Cəmşidqızıdır.
-Xoş gördük, əziz Lilpar xanım. Klassik şeir növü olan Qəzəli sevənlər hər zaman olacaq və bu gün də qəzəlin öz xiridarları var.
Mənim üçün qəzəlin ritmləri qəlb ritmləri kimidir. O ritmlər xüsusi heyranlıq doğurur. Sözün möhtəşəmliyi bu ritmlərlə pik nöqtəsinə çatır.
Mənim ömrümdə bahar, qış dəyişibdir yerini,
Ayırıbdır bu cahan, bir gecədən gündüzümü.
Nə danışsam, yenə hər cümlədə fikrim qarışır,
Qoyulan nöqtə, nidalərdir, ağardan üzümü.
Mənə Allah özü ilhamı verib, şair edib,
Qoruyur hər gecə-gündüz, su töküb kəhrizimi.
(Lilpar Cəmşidqızı)
Lilpar xanım, Qəzəl janrına olan sevginizi nə zaman hiss etdiniz, Qəzəl janrı hansı özəlliyi ilə Sizi özünə bağladı?
-Əziz Ülviyyə xanım, istəyirəm, tərcümeyi-halımla başlayım. Mən Cəmşidqızı Lilpar Cəmşid qızı 1965- ci il dekabr ayının 31-də Qədim Bərdə rayonunun "Bu Əhmədli" kəndində anadan olmuşam. Orta təhsilimi həmin kənddə almışam. Atam Cəmşid kişi əslən Təbrizdəndir. O öz dövrünün tanınmış aşığı olub və Dədə Şəmşirdən dərs alıb. Gözümü açanda evimizdə saz səsi eşitmişəm. Yaşadığım şərait məndə saza, sözə həvəs yaradıb. Orta məktəb illərindən şeir yazmağa başlamışam. Əvvəl qoşma, gəraylı və digər heca şeirləri yazmışam. Mütəmadi olaraq rayon qəzetində şeirlərim çap olunub. Orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün tale məni Bakıya və sonra Sumqayıta gətirib. Ali təhsilimi Azərbaycan Neft və Kimya institutunda almışam. İxtisasca mühəndis olsam da, poeziya məni öz qanadına alıb aparıb. 1000-dən çox heca şeirlərim var. Ancaq nə qədər yazsam da, elə bil ömrümdə nəsə catışmayıb. Və bu həvəs məni klassiklərin əsərlərini oxumağa vadar eləyib. Mən Məhəmməd Füzulinin, Seyid Əziz Şirvaninin, Şərəf xanımın, Əbülqasım Racinin, Əliağa Vahidin, İmadəddin Nəsiminin və. başqa klassiklərin əsərlərini oxuyub, onlardan bəhrələnmişəm. Əruz çox çətin bir elmdir. Mən bu elmə yiyələnmək üçün illərimi sərf eləmişəm. Şükür Tanrının böyüküyünə ki, əməyim hədər getməyib. Azərbaycanda əruzun 12 bəhri işlənir. Mən bu bəhrlərin hamısını yazıram. Hətta çox bəhrlər var ki, onların bir neçə növündə də yaza bilirəm. Qəzəl mənim həyatımdı, bir gün yazmasam, elə bilirəm, həmin gün yaşamıram. Əruz elə bir dəryadı ki, ora düşdün, çıxa bilmirsən. Mən 8 kitab müəllifiyəm. Azərbaycanda ilk rübai yazan mən olmuşam. Bu yaxınlarda mənim "Divan" kitabımın təqdimatı oldu. Azərbaycanda "Divan" yazan ikinci xanım mənəm. İlk "Divan" kitabını Gülarə Munis yazıb, ikinci mən. "Divan"kitabında bütün şeirlər əruzda yazılıb. Mən artıq həyatımı əruzdan ayrı sana bilmirəm. Əruzda hər bəhrin öz musiqisi var. Mənə qəzəliyyatı sevdirən bəlkə də o musiqilərdi. Hal-hazırda qəzəllərim tanınmış xanəndələr tərəfindən ifa olunur. Məni yaşadan da elə budur. Hərdən yazdığım qəzəlləri səsləndirməyi də sevirəm. Mən klassiklərdən bəhrələnsəm də, artıq ərəb-fars sözlərindən istifadə eləmirəm. Bəlkə, məni oxucularıma sevdirən qəzəllərimin sadə olmasıdır. İnşallah, ikinci "Divan" kitabımın üzərində işləyirəm. Sağlıq olsun, bu ilin sonuna növbəti "Divan"ımla oxucularımı sevindirəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)