Şair İbrahim İlyaslının sevgi şeirləri üstə gəzişmələr - ƏDƏBİ TƏNQİD Featured

Ramiz Göyüş, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün

                                                                                        

Araşdırmalar və müşahidələr göstərir ki, məhəbbət şeirləri şairlərin ilk şeirlərinin mövzusu olub. Şairlərimizin böyük əksəriyyəti də ilk məhəbbət bəlasına düçar olduqdan sonra şeir yazmağa başlayıblar və onlar uzun müddət ilk məhəbbətin təsiri altında çoxsaylı, silsilə şeirlər yazıblar. 

 

İlk məhəbbətdən yaranmış duyğular getdikcə püxtələşmiş, kamilləşmiş və sonda ilk məhəbbət şeirləri tədricən ictimai məzmun kəsb edən şeirlərlə əvəz olunmuşdur. Müşahidələr də sübut edir ki, dünyaca məşhur şairlərin də ən gözəl şeirləri sevgi və məhəbbətə həsr olunmuş əsərlərdir. Elə bilirəm ki, dediklərimə dahi Nizaminin “Xosrov və Şirin”, Füzulinin “Leyli və Məcnun”, Şeksprin “Romeo və Julyetta”, Puşkinin “Ruslan və Lyudmila” poemalarını, müəllifi və yaranma tarixi bilinməyən “Yusif və Züleyxa”, “Tahir və Zöhrə”, ”Şahsənəm və Qərib”, “Əsli və Kərəm” məhəbbət dastanlarını misal gətirsəm kifayət edər. Deyilənlərdən belə nəticə hasil olur ki, məhəbbət mövzusu poeziyamızın əzəli və əbədi mövzusu olaraq qalacaqdır. 

Bir həqiqət də aydındır ki, dünyada nə qədər insan var, o qədər də məhəbbət var və bu məhəbbətlərin heç biri də bir-birinə oxşamır. Bu səbəbdən şairlərin məhəbbət mövzusunda yazdığı şeirlərin məzmunu da, müəllifin ustalığı da, poetik ifadə forması da fərqlidir.  

Yaradıcılığını araşdırmaq istədiyim İbrahim İlyaslı fitrətən məhəbbət şairidir. Onun nəinki məhəbbət mövzusunda yazdığı şeirlər, əslində bütün yaradıcılığı tamamilə səmimiyyətdən yoğrulub. Elə ona görə də şeirləri bu qədər oxunaqlı, cəlbedici, yaddaqalandır. Xalq şairi, Ustadımız Nəriman Həsənzadə demiş: ”Onun təfəkkür tərzi aydın olduğu üçün, fikrini sadə şəkildə ifadə edir, istədiyi oxucuda istədiyi poetik ovqatı oyada bilir. İbrahim sözə qənaət edir, o, fikrə geniş yer verməyə çalışan oxunaqlı şairlərimizdəndir:”

                                            

Sən gözəl olmaya bilməzsən, xanım!

Sözlərindən çəmən, çöl ətri gəlir.

Bircə yol tel vurub səsini duydum,-

Bir ildi ovcumdan gül ətri gəlir.

 

Xəyalımda əsmər bənizin durur,

Unutmam - çalına İsrafil Suru...

Bu qara sevdadan, gözümün nuru,

İbrahim qoxuyan kül ətri gəlir.            

    

Təsadüfi deyil ki, İbrahim İlyaslı çağdaş poeziyamızda şeirləri bədii qiraətçilərin diqqətini özünə cəlb edən, radio və televiziya kanallarında, sosial şəbəkələrdə ən çox səslənən və dinlənən barmaqla sayılan şairlərimizdən biridir. Bədii qiraətçilərimizin ustalığına və ifasına zərrə qədər xələl gətirmədən elə burada xüsusulə qeyd etmək istəyirəm ki, İbrahım İlyaslının şeirləri öz səsində, öz ifasında daha möhtəşəmdir. Və mənə elə gəlir ki, şairin öz səsində şeirləri birbaşa öxucunun, dinləyicinin qanına, iliyinə işləyir.

Səmimi desək, İbrahim İlyaslının poeziya yaradıcılığı özünəməxsusluğu ilə fərqlənir və onun şeirlərində bir misra belə boşuna deyilməyib. Sanki bu misraların hər biri göydən bir vəhy şəklində diktə olunur:     

 

 Könlümün gizli bir şahzadəsidi,

 Ayın sirri, Günün ağ haləsidi.

 Bu qoşma bir ahın şəlaləsidi,

 İbrahim eləcə mirzədi, deynən.

 

 Elə bu baxımdan bu yazıda mən fikirlərimi İbrahim İlyaslının sevgi şeirləri üzərində kökləmək istəyirəm. 

Görkəmli ədəbiyyatşünas-alim, professor Rüstəm Kamal şairlərin sevgi şeirlərindən söhbət salanda demişdir: “Qadın sevgisi kişi yaddaşının varlığını şərtləndirir. Uşaqlıq xatirələrindən, yurd nisgilindən sonra sevgi tarixçələri kişinin xatırlamaq istədiyi, ən şirin xatirələrdir”. Rüstəm müəllimin bu kəlamları fonunda, İbrahim İlyaslının “Sizin də məhləyə yağış yağırmı” sətri ilə başlayan şeirini nəzərdən keçirək:

 

Sizin də məhləyə yağış yağırmı,

Sular söyləşirmi navalçalarda?

Ala gözlərinə qonan buludun,

Neçə yaşı olur bu son baharda?

                                         

Kəndə dönürsənmi xəyallarında,

Yadına düşürmü o payız günü?-

Birlikdə məktəbdən evə dönürdük,

Yeni haqlamışdıq “Sarı Körpü”nü.

 

“Və qəfil başladı leysan tökməyə, sel ağzına aldı, bərəni, bəndi”. Bu şeiri oxuduqca mənə elə gəldi ki, şair bu şeiri elə həmin anda, o dəm, bədahətən, məktəbdən evə qayıdanda yazıb. Baharda yenicə tumurcuqlamağa başlayan çiçəklər kimi içində çücərmək ictəyən pak, təmiz, şəffaf və zərif duyğuların ifadəsidir bu şeir. Adama elə gəlir ki, müəllif içində bu cücərən müəmmalı, anlaşılmaz duyğuların sevgi adlandığını bəlkə heç özü də hələ dərk də bilmirdi. Şeiri oxuduqca ifadənin səmimiliyi oxucunu heyrətə gətirir:

 

Başqa yermi vardı daldalanmağa,

Qaçıb akasiyanın altında durduq...

Titrəyib əsirdin həyacanından,

Tutub əllərindən qorxma söylədim.

Qorxulu nağıllar düşdü yadıma,

Sənin qəhrəmanın olmaq istədim.

 

“Sonrası?.... Nə deyim, sonrası heç nə. Buludlar dağıldı, yağış da kəsdi, 

Ancaq ürəyimdə şırım açmağa, 

mənə bu  xatirə bir ömür bəsdi.” 

 

İndi aradan 40 il keçdikdən sonra o vaxt  cücərməyə başlamış, lakin gül açmamış bu sevdanın sızıltısı, göynərtisi yenidən müəllifi özündən alıb düz 40 il bundan əvvələ aparır:

 

Sizin də məhləyə yağış yağırmı,

Sular sevişirmi navalçalarda?

Qırx ildi həməncə ağacın altda

Səni gözləyirəm, hardasan, harda?

 

İbrahim İlyaslı öz yaradıcılığı haqqında danışarkən yazır: “Yazdıqlarımda uğurlu nə varsa hamısına görə… çanağını ürəyim bildiyim saza, Yunus Əmrəni, Füzulini, Nəsimini, Seyyid Mir Həmzə Nigarini, müqəddəs ziyarətgahım Hacı Mahmud Əfəndini mənə anladan Nəqşibəndi müridlərinə... və bir də əzəlim-sonum İncə Dərəsinə borcluyam”. Düşünürəm ki, İbrahim İlyaslı yaradıcılığının araşdırıcıları onun əsərlərini gələcəkdə məhz bu kontekstdə öyrənməli və araşdırmalı olacaqlar.   

Bu mənada, filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər - ”İbrahim İlyaslı bütün yaradıcılığı ilə Mövlanə, Yunis Əmrə mürididir”. - deyəndə tamamilə haqlı imiş.

Mənim qənaətimcə sevg- məhəbbət şeirlərinə münasibətdə İbrahim İlyaslı həm də Füzuli mürididir. Füzulidə olduğu kimi İbrahim İlyaslı da ilahi bir Eşqə mübtəla olub və şeirlərin qəhrəmanı da Füzuli kimi müəllifin özüdür.

Əgər Füzuli  “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var”, və ya “Nə pərvanə doyar bir şöləyə, nə şəm bir aha, Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.” deməklə, indi 500 il keçdikdən sonra bütün ədəbi aləm Məcnun obrazının məhz Füzulinin özü olduğunu etiraf etməyə məcbur edirsə, o zaman Füzuli dühası qarşısında  bir daha baş əyməli olursan. Və həqiqətən ona bənzər bir aşiqin olmadığını qəbul etməkdən başqa bir imkan qalmır. Məhz İbrahim İlyaslı da öz mürşidinin yolu ilə gedərək yaratdığı məhəbbət dastanlarında (Onun sevgi məhəbbət haqqında yazdığı şeirlərin hər biri bir dastan yükü daşıyır) baş qəhrəman olaraq özünün obrazını yaradıb.

 

Mən eşq əsiriyəm, gül sevdalısı,

Bircə bülbüllərə həsədim qalır.

Mən eşqə düşəndə canla düşürəm,

Çıxanda quruca cəsədim qalır. 

 

Diqqət yetirsək görərik ki, İbrahim İlyaslı bir qayda olaraq sevgi şeirlərinə müxtəlif müəlliflərdən epiqraflar seçir. Seçilmiş epiqrafların xeyli hissəsi Füzuli qəzəllərindən götürülmüşdür və bu da təsadüfi deyil. Əslində seçilmiş bu epiqraflar şairin-aşiqin, Füzuli dühasına, onun şəxsiyyətinə, yaradıcılığına böyük sevgisindən, məhəbbətindən irəli gəlir. Ancaq təkcə bu da deyil. Füzulinin qəzəllərindən seçilən, bir növ həm də Füzuli şeirinin ruhundan, məzmunundan, ahəngindən vəcdə gələrək onun qəzəlləri ruhunda öz qoşmalarını yaratdığına dəlalət edir. Gəlin şairin “Məni ömrüm boyu çək imtahana” sətri ilə başlayan şeirinə diqqət yetirək. Şeirə Böyük Füzulinin “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni” bəndi epiqraf seçilmişdir.            

Böyük Füzuli burda epiqraf gətirilən şeirini qəzəl janrında, İbrahi İlyaslı İsə qoşma janrında yazıb. Hər iki əsərdə aşiq sevgilisinin vüsalına yetmək üçün hər cür cəfa çəkməyə hazırdır.

 

Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni!  

 Bir dəm bəlayi-eşqdən etmə cuda məni.

Az eyləmə inayətini əhli-dərddən.  

Yəni ki, çox bəlalarə qıl mübtəla məni!  

 

İbrahimi İlyaslının böyük məhəbbət şairi Füzuliyə müraciət etməsi təkcə ona olan böyük sevgidən irəli gəlmir, həm də sevgi və məhəbbətin əbədiliyindən irəli gəlir, hisslərin, duyğuların təkrar olunduğunu sübut edir. 

 

Məni ömrün boyu çək imtahana,

Mənə ömrün boyu zülm elə noolar.

Görüm nə çəkibdir dəli-divana,

Görüm eşq əhlinə zülm ilə noolar.

 

Şeirin ikinci bəndində İbrahım İlyaslı sanki yenidən Füzulinin “Məni candan üsandırdın, Cəfadan yar usanmazmı” məşhur beytinə müraciətən şeirin növbəti bəndini davam etdirir:

 

Təsəlli umduqca kəs umudumu,

Görüm necə olur candan usanmaq.

Tutuşub odlara, deyim-budumu

Füzulidə yanmaq, Vaqifi qanmaq!

 

Şeir davam etdkcə oxucunu ovsunlayır, sehrinə salır. Sanki müəllifin aləmində, vəcd məqamındasan:

 

Yaşıl ağac olam, qara daş olam,

Yolların üstündə bitməyə qoyma,

Sərgərdan ruh olam, kəsik baş olam

Qoyma vüsalına yetməyə, qoyma.

 

Göründüyü kimi Füzulinin 500 il bundan əvvəl yazdığı qəzəllə, İbrahim İlyaslının indi yazdığı  qoşma məna etibarı ilə eyni səsələnsə də, həm forma, həm də məzmunca fərqlənir.

Şairin, ”Şair olmaq zülümdür” kitabında “Bir havanın dörd qoşması“  başlığı ilə təqdim olunmuş “Ömrüm” adl qoşmaya müəllif Füzulinin “Nalədəndir ney kimi avazeyi- eşqim bülənd. Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd” misralarını epiqraf götürüb. 

Böyük Üzeyir Bəyin “Arşın mal alan” operettasında və filmində Füzuli və Üzeyir Bəy dühalarının birgə məhsulu kimi təqdim olunan Əsgərin ariyasının sözləri də, musiqisi də, ifa da doğurdan da möhtəşəmdir. Mən indi deyə bilmərəm ki, Füzuli qəzəli filmdəmi İbrahim İlyaslının diqqətini cəlb edib, yoxsa tamaşadamı? Hər halda Əsgərin ariyasını dinlədikcə dərhal xəylından ilk sevgi oxu daşa dəymiş, sevgilisinin vüsalına çatmaq üçün hər əzab, əziyyətə qatlaşmağa hazır olan aşiqin kədərli anları göz önündən keçir.

Şair İbrahim İlyaslı isə təkcə Füzulinin deyil, həm Əsgərin, həm də müəllifin özünüün sevgi iztirablarını qeyri adi ifa tərzi ilə poetik ustalıqla ifadə edə bilib. Və güman edirəm ki, son dövrlərdə ədəbiyyatımızda və poeziyamızda bu səpkili bir əsər yaranmamışdır. İbrahim İlyaslının bu şeirini bəlkə də Füzuli qəzəlinə bir nəzirə adlandırmaq olardı. Lakin hər iki şeirin mətni mahiyyət etibarı ilə eyni olsa da, həm də  bir-birindən ciddi sürətdə fərqlənir. Etiraf etmək lazımdır ki, İbrahim İlyaslının “Ömrüm” şeirində sevgisinə qovuşmaq üçün hər əzaba hazır olan aşiqin iztirabları daha çanlı və daha inandırıcı, həm də daha qabarıq formada təqdim edilir. Müəllif  həmin qoşmanı dörd hissəyə bölmüşdür və onu “Bir havanın dörd qoşması” adlandırmışdır. “Hava” deməklə düşünürəm ki, müəllif həm də Üzeyir Bəyin operettasındakı ariyadakı kimi şeiri hansısa musiqinin, havanın sehri altında yazıb. Mənim qənaətimcə, şair həm də bu qoşmalarla xəyalən bir sevgi- məhəbbət dastanın süjetini, ssenarisini qurmuşdur. Hissələr bir-birindən fərqli olmaqla bərabər, həm də biri-birini tamamlayır:

 

Dünən bir tənəli söz dedin mənə,

Nə şirin səsləndi, yenə de, ömrüm!

Nə xoşuymuş sənin acını çəkmək,

Ən acı sözünü mənə de, ömrüm.

 

Ərkini görk elə - nə sədd, nə sərhəd,

Unut nə olandı insaf, mərhəmət.

Mahnıda deyir e... kəs doğra bənd-bənd,

Canım ney deyil də, bə nədi, ömrüm?

 

Göründüyü kimi aşiq sevgilisinin vüsalına yetmək üçün hər acını çəkməyə hazır olduğunu bildirməklə, insaf və mərhəmətin nə olduğunu sevgilisinə unutdurmaqla bir ney kim bənd-bənd doğranmağa hazır olduğunu bəyan edir. Və budur, bütün bu iztirabların sonu, aşiq vüsal dəmindədir:

 

Sön dedin göylərin çırağı söndü,

İtirdim qibləmi bu hansı yöndü?

Ağzımdan çıxınca bülbülə döndü,-

Hanı bərabəri bu ahın, ömrüm?!

 

Olmazlar vardı ha... nəhayət oldu,

Eşqin sirr üzünə səyahət oldu!

Yanında gündüzlər xəcalət oldu,

Gecəsinə şükür Allahın, ömrüm.

 

Qoşmanın 3-cü hissəsi vüsal dəminin şirinliyinin vəcd məqamında təsvir olunur.

 

Gözündən irağa qoyma, təngidim,_

Mənə hava göndər bir udum, ömrüm.

Sinədən sıyrılmış ürək kimidir,-

Gör necə çırpınır vücudum, ömrüm.

 

Gəl ya dəli elə, ya qandır məni,

Ya gizlət ovcunda, ya yandır məni.

Hər gün bir yalana inandır məni,-

Səndən üzülməsin umudum ömrüm.

 

Və qoşmanın sonuncu hissəsi. Aşiq sevgilisinin vüsalına yetdikdən sonra bəlkə də demək olardı ki, o artıq arzusuna catıb. Lakin sən demə bu hələ başlanğıcdır. Sevgilisinin vüsalına çatmaq, eşqin sirr üzünə səyahət etmək, təsəvvüründə canlandırdığı “olmazların” olması hələ hər şey deyilmiş. Aşiqin od kimi yaşamaq əhdi, sevgilisinin şəhla gözlərində alışıb yanmaq arzusu var imiş. Yenə də Böyük Füzulinin “Leyli və Məcnun” poemasının qəhrəmanı obrazında təsəvvür edir özünü:

 

Divanə olanın məskənı çöldü,

Bir barmaq alovdu, bir ovuc küldü.

Mənim tək qulların yeri könüldü,

Gözündən könlünə sat məni, ömrüm.

 

Və nəhayət şeirin finalı. Aşiq fiziki aləmdən ayrılıb xəyalən əbədi olaraq sevgisinə qovuşmağa can atır. Bu artıq böyük eşqdir. Müəllif süfiyana bir tərzdə cezv məqamındadır.

                                          

Oydur gözlərimi - gözü tox olum,

Bir az artır məni - bir az çox olum.

Səndə var olmuşam, səndə yox olum,

Əridib özünə qat məni, omrüm.

 

Mən həm də düşünürəm ki, İbrahim İlyaslı 4 fərqli, eyni zamanda bir-biri ilə üzvü surətdə bağlı “Ömrüm” qoşmasını yaratmaqla çağdaş şeirimizdə sentimental poeziyanın təkrarsız nümunəsini yaratmışdır. 

Klassik Azərbaycan poeziyasında sentimental poeziyaların ən parlaq nümunələrini “Leyli və Məcnun” poemasında Məhəmməd Fizuli yaratmışdır. Sonrakı dönəmlərdə istər klassik, istərsə də çağdaş poeziyamızın bir çox nümayəndələrinin yaradıcılığında sentimental mövzulu və ruhlu nümunələr kifayət qədərdir. Əslində sentimental hisslərin özü böyük eşqdən, sevgi və məhəbbətdən qaynaqlanır. Hələ məşuqunun vüsalına yetməmiş aşiq, həmin vüsalı xəyallarında qurur. Sevgilisinin vüsalına yetmək üçün hər çür əzab-əziyyətə qatlaşmağa, cəfalar çəkməyə, hətta ölümə belə getməyə hazırdır. Lakin burda ölüm yoxdur, qovuşma var. Ruhən qovuşma. Şair “Səndə var olmuşam səndə yox olum, əridib özünə qat nəni ömrüm” deməklə, artıq sevgilisinin vüsalına qovuşmuş olur. Düşünürəm ki,  İbrahim İlyaslın yaratdığı “Ömrüm”qoşması ilə mürşidi Füzulinin yolu ilə gedərək parlaq sentimental poeziya nümunəsi yaratmışdır.    

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

 

                                                                                               

.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.