“Bahar oğlu” Lənkəranda anıldı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”        

 

Bölgələrimiz içində ədəbi prosesə təkan verməsi, istedadlı yazarlar üzə çıxarması baxımından daim fərqlənən, ön mövqelərdə olan Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsi bu istirahət günlərində növbəti bir tədbiri ilə yadda qaldı. Belə ki, AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, tərcüməçi Cəfər Cabbarlının 125 illiyi ilə əlaqədar "Bahar oğlu" adlı tədbir keçirildi.

Təbii ki, məkan olaraq Lənkəran Dövlət Dram Teatrı seçilmişdi. Tədbiri izləməyə bölgə yazarları, teatr xadimləri, ictimaiyyət nümayəndələri təşrif buyurmuşdular. Xüsusən, AMEA Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin iştirakı tədbirə rəng qatırdı.

 

ANAR BABALI

 

Tədbiri teatrın baş rejissoru Anar Babalı açdı. O, Cəfər Cabbarlının  ədəbiyyatımızda, xüsusən dramaturgiya sahəsində, milli teatr sənətinin inkişafındakı müstəsna xidməti barədə qısa məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərliyə verdi.

 

QAFAR CƏFƏRLİ

 

Qafar Cəfərli ədəbiyyatımıza "Bahar oğlu" kimi qədəm qoyan böyük ədibin həyat yoluna nəzər saldı. Bildirdi ki, cəmi 34 il ömür sürən Cəfər Qafar oğlu Cabbarlı özündən sonra əsrə sığacaq bir ədəbi irs miras qoymuşdur. Yaradıcılığa çox erkən yaşlarından başlayan böyük ədibin həyatı həmin vaxtı ölkədə mövcud olan  Rusiya imperiyası, Azərbaycan Xalq Cumhuriyyəti və Sovet  dövrünə düşdüyündən, ədəbi yaradıcılığı da üç dövrlə xarakterizə olunur. Cəfər Cabbarlı yaradıcılığının hər üç dövründə məşğul olduğu sahənin hər birində möhtəşəm nümunələr yarada bilmişdir.

 

VAQİF YUSİFLİ

 

Sonra Q. Cəfərli yubilyarın yaradıcılığı haqqında danışmaq üçün sözü Vaqif Yusifliyə verdi. Vaqif Yusifli Cəfər Cabbarlının yaradıcılığı haqqında ətraflı çıxış etdi, ortaya əsl tənqidçi baxışı qoydu. Cabbarlının poeziya, nəsr, dramaturgiya, tərcüməçilik, kino, jurnalistika sahəsindəki fəaliyyətindən tədbir iştirakçılarına  məlumat verdi, C. Cabbarlının Allahın bəxş etdiyi böyük istedad sahibi olduğunu və qələmə aldığı hər bir əsəri ilə  bunun  təsdiq olunduğunu xüsusilə vurğuladı.

 

DİGƏRLƏRİ

 

Daha sonra yazıçı Hafiz Mirzə, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, şair Məmməd Əvəzoğlu çıxış edərək Cabbarlı yaradıcılığının müxtəlif məqamlarına  toxundular.

Teatrın tanınmış aktyorlarından respublikanın əməkdar artisti Sücəddin Mirzəyev, Aynur Əhmədova və Allahverən Babayev çıxışlarında  görkəmli dramaturqun  sənətinə olan sevgilərini bir daha dilə gətirdilər, onun qələmindən çıxan, dramaturgiyamızda xüsusi bir era təşkil edən əsərlərinin bu gün də aktual olduğunu bildirməklə həmin dram əsərlərin səhnə taleyindən, bu əsərlərdə oynadıqları rollardan söz açdılar. Aynur Əhmədova və Allahverən Babayev yubilyarın bir neçə şeirinə yeni həyat verərək yüksək sənətkarlıqla ifa etdilər.

Tədbiri yekunlaşdıran Qafar Cəfərli Bölmə ilə Teatrın birgə işindən böyük məmnunluqla danışaraq bu işgüzar əlaqələrin bundan sonra da daha sıx olacağına əminliyini ifadə etdi. Tədbirin keçirilməsinə verdiyi dəstəyə görə teatrın rəhbərliyinə, təşkilatçılara  və iştirakçılara  minnətdarlığını bildirdi.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Beləcə, AYB Lənkəran bölməsi növbəti tədbirini başa vurdu, qarşıda isə Azərbaycanın Mədəniyyət, habelə Elm və Təhsil nazirliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının 5-7 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçirəcəyi 2-ci Lənkəran Kitab Sərgisində iştirak var. Bölmə sərgi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təşkil edəcəyi “Bölgə ədəbiyyatı. Problemlər və perspektivlər” dinləməsinə təşkilatı dəstək verəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(01.04.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.