Lənkəran yazarları Novruzun gəlişini qeyd ediblər

AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisi 16 mart 2024-cü il tarixdə yazın gəlişi münasibətilə "Elimizə Novruz gəlir" adlı tədbir keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli məlumat verib.

 

Tədbiri giriş sözü ilə açan bölmə sədri Novruz bayramının Azərbaycan xalqının Milli bayramı olduğunu qeyd edərək tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib. Q.Cəfərli builki Novruzun əsas özəlliyin - bayramın 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızın tam  bütövlüyü şəraitində qeyd olunacağını  xüsusilə vurğulayıb.

Novruz bayramının tarixi və bu günü haqqında Lənkəran Diyarşünaslıq Muzeyinin direktoru, Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova danışıb. Leyla xanım  xalqımızın bu böyük bayramı xüsusi təmtəraqla qeyd etdiyini, qadağa olunduğu dövrlərdə belə Novruz ənənələrini yaşatdığını, son on illərdə bayramın dövlət səviyyəsində keçirildiyini bildirərək təbrik iştirakçılarına bayram təbrikini çatdırıb.

Sonra söz digər iştikçılara verilib. Rayonun tanınmış ağsaqqal ziyalılarından Teyyub Rzayev və Fəxrəddin Canıyev, "Zərban" TV-nin təsisçisi, yazıçı Hafiz Mirzə, Qarabağ qazisi Pərviz Məmmədov, "Qalib Lider" xəbər portalının əməkdaşı, jurnalist Mahilə Qurbanova, tanınmış mədəniyyət işçisi Ağacəfər Fətullayev, Əməkdar məşqçi İdrak Dadaşov, yazıçı və şairlərdən Səyavuş Süleymanlı, Ağamir Cavad, Nəriman Azəri, Salman Məmmədoğlu, Əliməmməd Ağazadə, Qorxmaz Kamil Kadusi, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Əlizadə Əsədov, Eldar Tahirov, Ziya Dilsuz, Eldar İlqaroğlu, Hidayət Ölməz, Əfsanə Soltan, Faiq Hüseynov və başqaları çıxış edərək Novruz ənənələrindən, ədəbiyyatda və ictimai həyatda bu adətlərin rolundan danışıb məclisdəkiləri təbrik ediblər. Şairlər bahara həsr etdikləri şeirlərini oxuyublar.

Tədbirin Baharqızı - gənc qiraətçi Aytac Qurbanovanın ifa etdiyi bahar bayramına həsr olunmuş şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mahilə Qurbanova əməkdaşı olduğu xəbər portalı adından rayonun idman və mədəniyyət sahələrində göstərdikləri yüksək fəallığa görə əməkdar məşqçi Əlizadə Əsədova və mədəniyyət işçisi Ağacəfər Fətullayevə fəxri diplomlar təqdim edib.

Məclisi idarə edən Qafar Cəfərli iştirak edənlərə minnətdarlığını bildirərək tədbiri yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, AYB regional bölmələri arasında öz çoxşaxəli fəaliyyəti ilə Lənkəran bölməsi daim seçilməkdədir. Lənkəranda ədəbi həyat öz axarı ilə davam etməkdədir, bu da, təbii ki, sevindirici haldır.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.