POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Şair ömrü” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

İmpressionist rəssam və postpostmodernist şair - Adil Mirseyid. Daim ağrılar və əzablar içində yaşadı, əsərlərində kədəri, dərdi bütün çalarları ilə göstərdi, ağrının bütün cizgilərini nümayiş etdirdi, elə kədərə, dərdə, ağrıya da təslim olaraq dünyadan köçdü. 

Bu şeir adi şeir deyil, bu məmləkətdəki düşünə bilən yaradıcı adama bir elegiyadır. 

Şeir 1987-ci ildə yazılıb. 

 

hardan nişan alsalar

güllə mütləq ürəyindən keçir şairin.

həmişə hər yerdə

hər yerdə həmişə

bir qəfil gülləyə hədəfdi şair ürəyi

və hər kəsin öz şairi var dünyada

və qanadlı doğular şair ürəyi.

uçur sürünmür

bəzən şair diri ikən gözə görünmür.

bəzən zindan zülməti

tənhalıq səfaləti

bəzən şöhrət öldürür şairləri.

ölümə can atdığını bilmədən

şöhrətə can atır zavallı şair

bir də ayılıb görür

ilk şeirini qoşduğu o aylı gecədəki

o aylı ürək deyil artıq sinəsində döyünən

və yolu kəsib ölüm

gülümsəyir qırmızı gözləriylə

və yazdıqları yazacağı şeirlərin 

qaralamasıymış yalnız

və yaşadığı ömür

qaralamasıymış yaşayacağı ömrün.

zamanın qum saatları

axır barmaqlarımız arasından

axır gözlərimizin qarasından

axır ürəyimizin ən dərin yarasından

və yarımçıq şerlər

yarımçıq ömür qalır

bizdən sonra dünyada.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.