“Məncə, insanın ən böyük sərvəti təcrübələridir” - Türkiyəli yazıçı Elif Ünal Yıldızla müsahibə Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm. Qonağımız Elif Ünal Yıldız xanımdır. 

Buyurub oxuya bilərsiniz... 

 

-Salam Elif xanım! Zəhmət olmasa öncə özünüz haqqında Azərbaycan oxucularına məlumat verərdiniz.

 

-Mənim Elif Ünal Yıldız. 1986-cı ildə İstanbulda anadan olmuşam, 6 yaşımdan paytaxt Ankarada yaşayıram. Dövlət idarəçiliyi məzunuyam. “Umuda Yolculuk” kitabının müəllifiyəm. Bundan əlavə, sizin də yazıçı heyətində olduğunuz “fisildayankalemler.org” saytının qurucusu və yazarıyam.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Uşaqlıqdan ədəbiyyata, yazıya marağım olduğunu deyə bilərəm. Özümü tanıyandan bəri  mən öz üslubumda məqalələr, bəstələr, hekayələr yazıram. İlk nəşr olunan əsərim “Umuda Yolculuk” adlı kitabımdır.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-“Umuda Yolculuk” gənc yaşda evləndirilən Yağmur adlı qadının evliliyindən qaçaraq özünə yeni həyat qurmaq üçün Ankaraya köçməsi haqqında dram kitabıdır. Eyni zamanda özündə detektiv də ehtiva edir; Qadın hüquqlarına, ədalətə, feminizmə də çoxsaylı istinadlar etdiyini söyləmək mümkündür. Yağmur obrazını güclü qadınların təmsilçisi olaraq diqqətlə yaratdım; Yağmurun həyatı boyunca müşahidə etdiyim və bildiyim bir çox gender bərabərsizliyi və qadın hüquqları məsələlərinə toxunaraq, onu bütün çətinliklərə baxmayaraq yıxılmayan, dimdik duran bir şəxsiyyət kimi yazdım. Ümid edirdim ki, bu, bütün qadınlarımız üçün bir ilham ola bilər.

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr nələrdir?

 

-Məncə, təxəyyül insanın şüurunda və hətta şüuraltında olan dərin baxışın ən aydın əksidir. Düşünürəm ki, xəyal qurmağı və təsəvvür etməyi bacarmayan yazıçı öz karyerasında o qədər də uğurlu ola bilməz. Təbii ki, müəllif əsərində reallıqdan ilham almalı və gündəlik həyata toxunmalıdır, lakin bu reallıqla müəllif mesajının qarışdığı yer təxəyyüldür. Ona görə də təxəyyül və yaradıcılığı olmayan yazıların oxucu üçün çox darıxdırıcı və monoton ola biləcəyindən narahatam. İnsan təəssüratını nəyə heyran olursa, nədə işıq görürsə onunla qidalandırır. Bu mənim üçün də tam olaraq belədir. Şəxsən mən, xəyallarımı oxuduqlarımdan, yaşadıqlarımdan, gördüklərimdən aldığım ilhamla qururam. Bu xəyallar həyatımın hər qarışına və təbii ki, yazılarıma da sirayət etdi. Məncə, insanın ən böyük sərvəti təcrübələridir. Yaşadığım ən kiçik hadisənin belə mənə necə xəyallar qurdurduğuna və ideyalar formalaşdırmasına səbəb olduğunu eşidəndə təəccüblənərsiniz. İş o yerə çatıb ki, bəzən küçədə gördüyüm pişik belə ağlımın dərinliklərində məni bir başından o biri ucuna uçurub, yeni ideyalarla aydınlandıra bilir. Ona görə də xəyallarım reallığımı daha fantastik şəkildə əks etdirir.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

  

-Kitab oxumaq vərdişi çox dəyərlidir. Xüsusilə yazıçı üçün vazkeçilməzdir. İnsan oxuduğunu yazır. Təbii ki, hər kəsin üslubu, ahəngi var, amma yaradıcı yazının əsasları şübhəsiz ki, əvvəllər oxunmuş hər cür yazılardan az-az bir araya gələrək formalaşır. Yalnız bumu? Oxumaq insanın həyata baxışını dəyişdirir, hadisələri qavramaq qabiliyyətini artırır və tamam başqa daxili aləmlərə qapı açır. Bu səbəbdən də yazıçı olmayanların mütaliə vərdişi qazanması çox vacibdir. Oxumaq vərdişi olmayanlar üçün bir neçə saat kitab, jurnal və ya xəbər məqaləsinə bağlı qalmaq çox çətin ola bilər; Bununla belə, məncə, kitab oxumaq vərdişini qazanmaq çətin deyil. Həmişə düşünürəm ki, oxumağı sevməyənlər sevəcəkləri şeyləri oxumurlar. Məncə, ilk iş insanın oxumaqdan həzz alacağı əsəri tapmasıdır. Ağır, klassik kitabları hamının bəyənəcəyi bir qayda yoxdur. Arzu edən hər kəs istədiyini oxuya bilər və ona ən çox həzz verəni və faydasını hiss etdiyi birini seçə bilər. Bundan əlavə, hər gün oxuma vaxtını bir az da artıraraq, zamanla daha möhkəm oxu modelini qurmaq mümkündür.

 

- Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Zaman mənim üçün bir fürsətdir. Yeni şeyləri sınamaq, yeni yerləri ziyarət etmək, yeni insanlarla tanış olmaq zamanın vədidir və şübhəsiz ki, zaman hər şeyi bilən yeganə şeydir. Özümü zamanın öhdəsinə buraxıram, yazılarımı özümü ən canlı hiss etdiyim zamanlarda yazıram, fikir və ilhamla dolub-daşarkən narahat hiss etdiyim zamanlarda... Bu vaxt adətən gecələr olur. Hər şeydən çox qaranlıqda işləməyi və yazmağı sevirəm.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-İnternetdə hazır məlumatların çoxalması kitab alışlarında oxucu nisbətinin azalmasına səbəb olmaqdadır.

Bundan əlavə, ölkəmizdə imtahan sisteminin çox olması səbəbindən sual banklarına tələbat artdığı halda, ədəbi əsərlərə tələbat əvvəlki illərlə müqayisədə azalmaqdadır.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Təbii ki, mənim də qardaş ölkəmiz Azərbaycanın ədəbiyyatını öyrənmək imkanım oldu. Qəzetinizi, portalınızı araşdırarkən çoxlu müxtəlif yazılara, əsərlərə rast gəldim. Fürsət tapanda daha ətraflı araşdırma aparmaq istərdim. Əldə etdiklərimdən demək olar ki, sizin zəngin və dolğun ədəbiyyat tarixiniz var. Ümidvaram, bundan sonra da daha da uğurlu əsərlər yaranacaq.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Hələlik bir kitabım və hər cür məqalənin yazılaraq paylaşıldığı “fisildayankalemler.org” adlı bir müəllif platformam var. Gələcək məqsədim yeni əsərlərimi yazmaqla yanaşı, hazırda böyük bir yazar heyəti ilə xidmət edən saytımı institutlaşdıraraq daha geniş auditoriyaya çatmaqdır. Ölkənin, hətta dünyanın hər yerindən insanlara qələmimlə pıçıldamaq istəyirəm.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Məncə, e-kitab mədəniyyəti əsl fiziki kitabı heç vaxt əvəz edə bilməz. Təbii ki, daha praktik olduğuna görə üstünlük verilə bilər, axı texnologiya əsrində yaşayırıq, amma kitaba əlimlə toxunub vərəqlərinin qoxusunu almaq başqa şeydir. Qələmlə məni heyran edən sətirlərin altından xətt çəkə bilməsəm, vərəqlərin kənarlarına qeydlər apara bilməsəm, qaldığım yerdən səhifəni qatlaya bilməsəm, oxumağın nə mənası var?

 

– Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-Bir yazıçı olaraq digər yazıçılara ən böyük tövsiyəm odur ki, əsərlərini yazmazdan əvvəl çoxlu araşdırma aparsınlar. Mətn oxucunu istiqamətləndirir. Yalan məlumatlara və ya real olmayan ssenarilərə əsaslanan məqalənin oxucuya xeyirdən çox ziyanı olacaq. Şəxsən mən dərindən araşdırma aparmadan ən kiçik məqaləmdə belə qələmi əlimə almıram. Ən xırda detallara qədər skan edir və oxucuya ən dəqiq və etibarlı məhsulu təqdim etməyə çalışıram.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.