21 YANVARIN YAZISI: Zəlimxan Yaqub - arzuları çin olan Şair Featured

 

Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün

 

Zəlimxan Yaqub fenomeni haqqında çox deyilib, çox yazılıb və hələ innən belə də, əbədiyyətəcən yazılacaq, deyiləcəkdir. O, Azərbaycan ədəbiyyatı  tarixinə öz adını əbədi yazmış nadir söz ustadlarındandır. 

Əminəm ki, onun əsərləri, əsərlərində qoyduğu problemlər, poetik üslubu və dili hər zaman maraqlı və oxunaqlı olacaq, zamanın sərhədlərini aşaraq min illərə gedib çıxacaqdır. Zəlimxan poeziyası oxunduqca, öyrənildikcə daha orjinal, daha aktual, daha maraqlı olacaqdır. Onun yaradıcılığına hansı baxış bucağından baxılmasından, hansı tərəfdən yanaşılmasından asılı olmayaraq sözünün sanbalı, gücü, mənası, ləngəri və ifadə forması, poetikası ilə həmin dövrün oxucusunu heyrətləndirəcəkdir. 

Zəlimxan Yaqubun Qarabağ dərdləri haqqında əsərləri “Şair harayı” kitabında  toplanmışdır. Hər sətrindən, hər sözündən fəryad qopan bu əsərlər əsasən  1990-1993-cü illəri əhatə edir. Həmin illərdə şairin bütün yaradıcılığı sanki bu problemlərə yönəlmişdi. Böyük ədəbiyyatşünas-filosof Yaşar Qarayev şairin qeyd olunan əsərlərinin toplandığı həmin kitabı haqqında yazırdı: “Kitabdakı şeirlər haraydır, gileydir, şairin Atillaya dediyi şikayət, Pənah xana söylədiyi ağı, Xocalıya oxuduğu layladır. Bu ağı və laylalarla Şəhriyarı öz dərdindən hali edir, Cavad xana, Babəkə, Qazan xana ürəyini boşaldır, əzabını bölüşmək üçün şaha, şeyxə və şairə-Şah İsmailə pənah gətirir”. 

 

İblis yenə fitnəsində, şeytan şərində,

Ağrı canda, nisgil gözdə, yara dərində.

Tağım uçdu, belim sındı Xudafərində, 

Şeyxim mənim, şahım mənim, şairim mənim!

 

Və ya:

 

Qanlı bir yuxu gördüm, yuxu yozanım haray,

Ustad Dədə Qorqudum, ulu ozanım haray,

Gəlsin Tüpdağıdanım, Halaypozanım haray,

Qüdrətimə xal düşdü, arıma güllə dəydi.

 

 

Ta qədim zamanlardan bu günümüzədək müharibələrdə saz, söz silahla bərabər olub. Zəlimxan Yaqub əsərlərində  şeirini, sözünü yarağa, gülləyə,  mərmiyə, ildırıma, şimşəyə döndərir. Zəlimxan yaradıcılığında söz ordunu ayağa qaldırmağa qadir qüdrət sahibidir:

 

Haqqın var baş olub, başda durmağa,

Qaldır məmləkəti ayağa, şeirim!

Misralar meydanda mərmiyə dönsün,

Kəlmələr gülləyə, darağa, şeirim!

Qızıldan bahadır hər gün, hər saat,

Gözləmir, heç kəsi gözləmir həyat.

Torpağı silkələ, göyləri oyat,

Sığışma dəftərə, varağa şeirim!

 

Şair bu mövzuda yazdığı əsrlərdən birini “Vətən yaraları” adlandırıb. Kəlbəcər rayonunun işğalına həsr olunmuş bu poema bir yazının, bir tədqiqatın mövzusudur. Poema bu misra ilə başlanır: “Dedilər ki, bu axşam Kəlbəcər də verildi ”. Müəllif “verildi”kəlməsini görün əsərdə necə təqdim edir:

 

Birdən birə elə bil,

Duyğularım, hisslərim kaman kimi gərildi!

Söhbətə bax, sözə bax 

Kəlbəcər də verildi...

 

“Tək bircə Kəlbəcər gedibsə əldən, mənim kimisinə haramdı dünya” deyərək haray çəkirdi Zəlimxan Yaqub:

 

Necə ola bilər ki,

Bircə günün içində məğlub olsun Kəlbəcər,

Bir daşı, bir qayası tərpənməsin tük qədər?!

Mən buna inanmıram,

Mən bu məğrur dağları məğlub olmuş sanmıram!

 

Belə olanda şair haray çəkir, fəryad qoparır. Ən uca dağın zirvəsin qalxaraq gur səsi ilə bütün Azərbaycana müraciət edir: “Gözünü yaş yandırıb, qəlbimi qəm tutanlara, ayağı yer, dili söz, əli qələm tutanlara, ağsaqqallara, qocalara, sərkərdəyə, ozana, tariximizi qan içində yaradıb, qan üstündə yazanlara, əri şəhid olanlara, oğul məzarı üstə saçlarını yolanlara, toyu yasa dönənlərə, alışmamış sönənlərə, milyonçuya, rüşvətxora, oğruya, alçağa, baş kəsənə, atasından inciyib, anasından küsənə, qorxağa, fərariyə, kənara çəkilənlərə, aradan əkilənlərə, Vətən adı gələndə arzuları çin olanlara, qeyrətli oğullara, işi ancaq söz olub, söz üstə yarışanlara, qaçqın, köçkün, didərgin, evsiz-eşiksiz qalanlara, dili səssiz, laylasız, əli beşiksiz qalanlara, partiyalara, dəstələrə, dəstəbazlara, qurumlara, hayasız alverçilərə, halal ticarətçilərə, min dəfə soyulanı bir də üstəlik soyanlara, dünya malından ötrü öz doğma qardaşına daldan güllə atdıranlara, min dəfə əziləni yenidən əzdirənlərə, Vətəni qəlbində yox cibində gəzdirənlərə səslənir, onları haraylayır”:

Mən sizi çağırıram,

Mən niyə çağırıram?

Bu çağırış, bu nida, bu səs nə deyir sizə?

Ürəyimi göynədən,

Dodağımı yandıran nəfəs nə deyir Sizə?

Düşünün fikirləşin!

      

Xəyanətkarları, satqınları lənətləyir Zəlimxan Yaqub: “Çoxu eşşək gəzir hərifləməyə, çoxu yəhərlənmiş hazır at gəzir, Şuşa əlimizdən gedəsi olsa, çoxu kəlləsinə güllə sıxırdı, “maşallah” hələdə salamat gəzir”:

 

Vaqif! Ey sərvərim, ey tacidarım!"

Başdan Şuşa adlı tacı vermişik!

Şuşanı verməklə düşmən cənginə,

Məkkəni vermişik, Hacı vermişik!

 

O illərdə şair təkcə Dədə Qorquda,  Qazan xana, Şah Xətaiyə müraciət etmirdı, həm də “Allahım mənə bir ağsaqqal yetir” deyərək  Tanriya müraciət edirdi:

 

Allahım mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.

İstər göydən endir, özün bilərsən.

...İstər Cavanşiri qaldır yerindən,

İstər Xətaini təzədən gətir.

...Baş ver, başımızda tac ola bilsin

Ruh ver qolumuzda güc ola bilsin.

...Dönsün nəsillərin ziyarətinə,

Məkkə ola bilsin, Hacc ola bilsin!

...Adamı insana, kütləni xalqa

Tayfanı millətə çevirmək üçün,

Allahım, mənə bir ağsaqqal yetir!

 

Və 1993-cü ildə Tanrı o, ağsaqqalı Azərbaycana yetirəndə, xalqın təkidli tələbi ilə Ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə Zəlimxan Yaqub yazırdı:

 

Addımbaşı  ölümlə çarpışan şirim mənim,

Ölümsüzüm, olməzim, əbədi dirim mənim,

Gur ocaqlar yandıran ocağım, pirim mənim,

Yüz minlərin içində minim yox, birim mənim,

Allah özü də təkdir, baxma meydanda təksən,

Sən qalib gələcəksən!

 

 

Lakin qalibiyyətin təmin edilməsi üçün çox iş görmək lazım idi. Ən birincisi isə ordudan, başlamaq lazım idi. Qarabağın qalibiyyəti ordudan keçirdi. Şair haray çəkirdi: Mənə ordu gərəkdir, xəstəyə dərman kimi, mənə ordu gərəkdir, nəfəs kimi, can kimi, mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.

Şair həm də soyuq səngərlərdə Vətənə keşik çəkən, başsız dəstəbaşçıların başsızlığı üzündən canını düşmən gülləsinə güdaza verən əsgərlərimizə müraciətən yazdığı “Əsgər qardaşma məktub” şeiri çox təsirlidir. Onun əsgərlərimizə müraciət formasına diqqət yetirin: Mənim şah damarım, mənim sağ gözüm:

 

Özün qaz səngəri, özün aç yolu,

Dumandan, gümandan çıxart milləti.

Ən güclü ordunun zərbəsinə dön,

Ən ağır zamandan çıxart milləti,

 

Qələbə pay deyil, hədiyyə kimi.

Gətirib hardansa verələr sənə.

Özün qazanmasan lənət oxuyar,

Bu dağlar, bu düzlər, dərələr sənə.

 

Şair bizim Böyük Qələbəyə, Müqəddəs qələbəyə Gün kimi, Ay kimi inanırdı. O, bu qələbənin çox uzaqda olmadığını da hiss etmişdi. Şeirlərindən göründüyü kimi Qarabağ düyününü danışıqlar yolu ilə deyil,  savaş yolu ilə həllini istəyirdi. Ömrünün sonuna yaxın Qarabağ haqqında yazdığı şeirlərdə xalqı, milləti savaşa, döyüşə çağırırdı,”Son saatım, son xilasım, son əlacım hücumdu” deyərək hər bir Vətən oğluna səslənirdi:

Qara buludların yaxasını cır,

Dəli şimşəklərin inadını qır,

Yer kimi silkələn, göy kimi hayqır       

Haydı Vətən oğlu sərhədləri aş,

Savaş istəyirəm, dəli bir savaş.

Hiss edirdi ki, bu “dəli savaş”da qalib olacağıq. Yoxsa bizi babaların ruhu bağışlamaz, gələcək nəsillər bizi başa düşməz, şəhidlərin ruhu od tutub yanar. Ona görə gur səsilə hayqırırdı:

 

Anam Azərbaycanım! Dayanma məzlum, fağır,

Məzlumların başına göydən od-alov yağır.

Bütün oğullarını səslə, döyüşə çağır,

Bir göz qırpımı belə qiymətli an deməkdir,

Tökülən hər damla qan bir həyacan deməkdir,

Bu gün döyüş meydanı Azərbaycan deməkdir.

Yaxşılara yaxşı ol, yaman ol yamanlığa,

Ana Vətən,hazır ol Böyük qəhrəmanlığa!

 

Zəlimxan Yqaub həmişə səsi, sözü şeirləri ilə xalqı birliyə çağırırdı. Bu baxımdan onun “Şair harayı” poemasının finalı çox maraqlı və təsirlidir: “Nurlu axşam düşər, qızıl dan olar, qızıl sünbül bitər, qızıl dən olar, millətin dirəyi qızıldan olar, daşlar gül bitirər, qayalar çiçək, bu gün yumruq kimi birləşə bilsək”:

 

Torpağın dalınca torpaq gedəcək,

Ağacın dalınca yarpaq gedəcək,

Qanımız getdisə canımız gedib,

Baş getdi dalınca papaq gedəcək.

Dünya şirinlikdən daddan çıxacaq,

Papaq unudulub yaddan çıxacaq,

Ləçək bağlanacaq başlara ləçək,

Bu gün yumruq kimi biz birləşməsək!

 

Zəlimxan Yaqub 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” poemasında: ”...Şah İsmyıl Xətayim, igid oğlu, ər oğlu, O, da Heydər oğludur, İlham da Heydər oğlu” deyərək Prezident İlham Əliyevin indi xalqımızı bir məslək, bir amal uğrunda birləşdirəcəyinə və  böyük qələbəyə nail olacağını inanırdı. Şair O günü görməsə də arzuları çin oldu. Cənab Ali Baş Komandan İlham Əliyev bir yumruq kimi birləşdirdi bu xalqı. Ali Baş Komandan, Azərbaycan Əsgəri  və Azərbaycan Xalqı bir yumruğa çevrildi. Birlik rəmzinə çevrilən bu “ Dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Bu birlik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı. Milyonlarla insanın arzuları çin oldu. İndi Qarabağ azaddır. Qarabağ Azərbaycandır! Sənin də ruhun şaddır, Zəlimxan Yaqub! Çünki sənin də arzuların çin olub. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.