Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Hərdən sözdən də küsürəm, sözün yiyəsindən də. Sadəcə küsürəm. Heçnəsiz, filansız. Sözün ağırlığını ruhumun çəkə bilmədiyi vaxtlar da az olmur. Çəkib aparır söz məni qaranlıq quyunun düz dibinə. "İndi hünərin var, çıx bu quyunun dibindən"- deyirəm öz-özümə. Onda da hardansa bir söz peyda olur, tutur ruhumun əlindən, cıxarır məni bu dar quyudan və dönürəm öz işıqlı hücrəmə. Özümə. O zaman əlimi haqqın dərgahına qaldırıb "Şükür sənə, ilahi"-deyirəm, nə yaxşı ki, söz var. Nə yaxşı ki, sözün yiyəsi, dünyanın sahibi var -deyirəm. Bax o vaxt o şükranlığımı da, bu bir ovuc ümid işartısını da o Sözə borclu qalıram. Dönüb qayıdıram öz mənimə. Onu da deyim ki, məni heçnəylə heyrətləndirmək olmaz. Bircə Sözdən başqa. Söz də söz ola ha. Axı sözün əlindən tutub yeriyənlər də çox deyil. Sözün ucundan tutub ucuzluğa gedənlərsə o qədərdi ki...
Sözü urvatdan salanlar biz bildiyimizdən də çoxdu indiki zamanda. Sözdən boluq eləcə. Hər sözdən danışmıram ha. İlahi sözdən, sufi sözdən danışıram .
Sözüylə yaralayıb (yaxşı mənada) sözüylə məlhəm qoyanların duyğularının qonağı olduğum vaxtlar da az olmur. Elə gözəl doyururlar ki, adamı sözlə, "şükür varlığına" deməkdən başqa əlindən heç nə gəlmir. Varlığına şükr etdiklərim, əsl söz sahibləri elə də çox deyil. Bu gün Qəşəm Nəcəfzadədən söz açmaq istəyirəm. Dəliliyi, çılğınlığı, küsəyənliyi, hövsələsizliyi ilə birgə şairdi ki şair. Ayağı yer tutar deyə heç üzünə də vurmamışam bu vaxtacan düşündüklərimi. Hərəmiz bir qaranlıqda işıq axtaranlardanıq. Amma dünyalarımız birdi. Fikir ayrılıqlarımız olsa da sözümüz eyni odda bişib. Bizi söz bir araya gətirir sözün həqiqi mənasında. Axı bütün şairlərin ruhu ürəkdən su içir. Hər nə qədər boyunlarına almasalar da bütün şairlər tənhadı, kimsəsizdi. Bunu mən deyirəm. Bütün şairlər ruhla cismin çəkişdiyi nöqtədə ruhuyla can çəkişdirir və bu xüsusiyyətdi hamımızı eyni havaya kökləyən, eyni ruhda birləşdirən, eyni küləklərdə, yağışlarda yol yoldaşı edən. Bəlkə bu çağacan Qəşəm haqda yüzlərlə məqalə, esse, hətta şeir də yazıblar. Bəlkə yox, elədi ki, var. Amma onu olduğu kimi tanıyan, tanıdan, ruhunun qapılarını ərklə açan, sözlə döyən, sonra da elə sözlə də sığal çəkən olmayıb bəlkə də. Bəlkə də olub. Bilmirəm. Mən bu gün istədim bir ayrı pəncərədən baxım şairin söz dünyasına. Qorxmadan, çəkinmədən, bəzəksiz, düzəksiz, olduğu kimi. Çünki bilirəm ki, o da yorulub boğazdan yuxarı təriflərdən, yalançı alqışlardan. Səmimiyyət gəzir o da mənim kimi. Şeirləri kimi pafossuz, içdən, , ərkyana yazı gözləyir, bilirəm. Axı mənim tanıdığım Qəşəm qocalığa can atan, atları baxışları ilə qamçılamaq istəyən, yerdə qalan ömrünü çəlik ayaqları ilə döyəcləmək arzusunda olan dəli yolçudu. Dəli şair demirəm, çünki şairlik elə dəlilikdi. Sözünü tutub gedir o da ruhunun uçduğu yerə. Elə başı da sözə bərk qarışıb. Nə bilmək olar, bir də gördün, arzuları çin oldu, saqqalında dən bitdi, əllərində əsa. Gözünü açıb yumacaq və görəcək ki, bir özüdü, bir sözü, bir də dünyası. Məncə, illərin yorğunluğudu Qəşəm Nəcəfzadəni qocalığın eşqinə salan. Əlini, ayağını uzadıb dincəlmək istəyir azacıq. Amma inanmağım gəlmir nəsə Qəşəmin nə vaxtsa dinc oturacağına. Təki sağlıq olsun.
Gözlərim eynək gətirsin,
Saqqalım qar.
Əllərim çəlik ..
Yaşım qocalıq pulu
-deyən şair əslində qocalmaq yox, yaşamaq eşqindədi. Qocalınca, əlləri çəlik tutunca, saçı, saqqalı ağarınca, gözləri torana düşüncə yaşamaq həm də. Tanrı arzusuna çatdırsın.
Sükutun içində qərib hay-harayı var Qəşəm Nəcəfzadənin həm də. Ərkyana səsi-küyü ilə bir andaca götürər sükutu başına. Özü demiş, bütün yorğunluğunu düymə gözlərində gizlədərək bir gümrahlıq qatar səssizliyə. Heç kim hiss etməz içindəki təlatümü, ağrını. Yox, hiss edərik. Üzünə vurmarıq sadəcə. Qoşularıq hamımız ona. Ortalığa bir söz atar, hamı düşər o sözün dalınca. Dildən-dilə gəzər söz. Sözdən söz doğar və vaxtın keçməsindən heç kimin xəbəri olmaz.
Mənim də gümanım sözümə çatır,
Kənddən gətirdiyim hirsimə çatır.
Arzum dilə düşür, söz eləyirsiz,
Məni nişan verib göz eləyirsiz
-deyir Qəşəm Nəcəfzadə.
Amma əslində o qaş-göz edənlərin hamısı onu yaxşı mənada nişan alıb. Bəziləriyçün işıqdı, bəziləriyçün ümid, bəziləriyçün dəli şair, bəziləriyçün vətəndaş, bəziləriyçün adicə Qəşəm. Amma hamısının könlündə ona qarşı müqəddəs Qəşəm sevgisi var. Onu nişan verməyənlər, o olan tərəfə baxmayanlarsa sadəcə varlığından qorxub ürkənlərdi. Bəlkə də özü bilmir, bəlkə də bilir. Bəlkə də…
Qəşəmin kini, küdurəti də bircə saatlıq, bircə günlük, bircə həftəlik, bircə aylıq, uzaqbaşı bircə fəsillikdi. Elə küsməyi də. Unutqandı. İncikliyi, nifrəti ürəyinə yük eləməz. Uşaq kimidi. Bircə sözlə ovutmaq olar onu. Söz deyirəm haa.
Şeirlərindən tanıyıram Qəşəm Nəcəfzadəni. Nə yol yoldaşı olmuşam, nə illərin sınağından çıxmış dostluğumuz olub, nə hansısa layihələri bir yerdə işləmişik.Heç dünənəcən (müsəlmanın dünəni) üzünü də görməmişdim. Yazdıqlarından ürəyini oxuyurdum sadəcə. Elə indi də uzaqdan uzağa oxuyuram şairin fikrindən keçənləri. Necə olmasa həmkarıq. Arada bir söz körpümüz var.
Bəzən gülür, bəzən ağlayır, bəzən uşaq kimi atılıb düşür, bəzən küsür, bəzən barışır Qəşəm Nəcəfzadənin sözü. Amma neynirsə özü olmaqdan çıxa bilmir. Hər şeydə özüdü.
Hərdən elə şeirlər yazır ki, gözümüzü döyə-döyə qalırıq. Qafiyəsiz, nizamsız, dağınıq, tör-töküntü. Bax belə:
Mən gözəl oğlanıydım, qəşəng qızlar,
Məni tanımadınız, məni görmədiniz.
Bir də məni nə vaxt görəcəksiniz,
Nə vaxt şeirimi oxuyacaqsınız,
Hansı minillikdə, hansı əsrdə.
Bilirik ki, ruhunu yazır. Bilirik ki, əhvalının yorğun, qərarsız, yuxusuz, ac, susuz vaxtıdı. Amma onu da bilirik ki, bu vaxtında da özüdü. Bu vaxtında da sözü yaddan çıxarmayıb. Yazıb. İş orasındadı ki, bu dağınıq, tör-töküntü şeirlərdə də bir nizam var və adamla dialoqa girməyi bacarır. Cansız deyil. Ruhu var. Doğmalaşır səninlə.
Hərdən öz əhvalımızın korşalan vaxtında elə yazıyla çıxır ki, qarşına az qalırsan döyəsən bu şeiri. Özü də hönkürə-hönkürə, sızlaya -sızlaya. Deyəsən ki, axı hardan oxudum səni? Mənə lazım idi ağlamaq gecənin bu vədəsi? Bilirsiz niyə? Əslində o yazıda özünü, öz həyatını, hiss etdiklərini, yaşadıqlarını oxuyursan Qəşəm Nəcəfzadənin dili ilə. Axı yazı səni düşündürə, özündən qopara, özündən ala bilirsə, demək şair bacarıb. Demək, bu da uğurdu. Şairin uğuru. Elə bu misra kimi:
Əllərin bulud kimi kölgə salır
Saçlarımın işığına.
Deyəsən yağış yağacaq axşama,
Xəbərin varmı, bilmirəm.
Və ya:
Hecanı dodağınla ölçdüm,
Çiçəyi nəfəsinlə ölçdüm.
Küləyi saçınla ölçdüm,
Həsrəti küsməyinlə ölçdüm.
Əslində bütün sevənlərin, həsrət çəkənlərin hiss etdiyi , ancaq ifadə etməkdə çətinlik çəkdiyi duyğulardı şair ruhundan süzülüb gələnlər. Sevdanın, hicranın ən ali mərtəbəsində yaşananlardı bəlkə də, şair qələmə alıb. Hər misrada heca-heca özüdü şair.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər?
Bundan səmimi, saf şeir ? Yalvarış var bu misralarda sanki. Sevdiyini səsdən belə qorumaq, mühafizə etmək eşqi var həm də. Yenə sevginin ali Qəşəm Nəcəfzadə mərtəbəsi. Hiss edirsən ki, birnəfəsə qalxıb bu pillələri şair. Özü də ürəklə, sevə-sevə qalxıb.
Qol-qola,
Əl-ələ səndən keçərlər şeirlərim.
Bayraqları nidalar.
Demişdim, mən ölsəm
Tabutumu səndən aparsınlar.
Yenə ürəyin sufi sevdası İlahiyəcən yol alıb gedir şair düşüncələrində. Misralar kilidləyir duyğularını. Çıxa bilmirsən bu İlahi eşqin ağuşundan. Gözlərini yumub düşürsən bir dəli sevdanın qucağına. Sanki gözünü açsan əlindən uçub gedəcəkmiş kimi kirpiklərini çəpər edirsən bu eşqin dörd yanında. Özü də yorulmadan, usanmadan. Yenə şairin sözünə dua edirsən avaz-avaz. Elə sözün yiyəsinə də - Tanrıya da.
İcazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün
Onun sağlığına siqaret çəkək -
-deyən şairin unutmağı da sevməyi kimi əzabdı. İndi bütün yarımçıq sevdaların şərəfinə yazılmış ən ağır unutmaq şeirini çəkə bilirsən çək sinənə.
Divarı siqaret tək çəkmək olar,
Həmişə belə eləyirəm,
Siqaret yerinə divarı çəkirəm.
Divara söykənmək adama səbr gətirir.
Bu da bir zəfəridi unudulanların məncə . Amma unudulurmu unudanlar? Bunu da şair bilər.
Əllərimin uçmaq səsi
Şeirlərimdi, dinlə.
Hərf-hərf, heca-heca sevgiyə sarı uçan barmaqların pıçıltısı gəlir qulağına bu misralardan. Özü də şeir-şeir.
Qəşəm Nəcəfzadə ruhunu şeirə qoyduğu üçün bəlkə də yorğun düşür. Yox! Nə qədər yazsa da ürəyindəkiləri deyib qurtara bilmir məncə. Bir tərəfdən bu da yorur şairi. Yaşadıqlarını, hiss etdiklərini olduğu kimi sözə çevirə bilməmək də yorur axı adamı. Demək, duyğuları sözün fövqündə dayanıb Qəşəm Nəcəfzadənin. Söz aciz qalanda duyğularının qarşısında susur şair. Elə susqunluğunun özü də şeirdi onun.
Heç fikir eləmə , qurbanın olum,
Adam başqasını gedib sevər də.
Adam sevdiyini ata bilər də,
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.
Bundan böyük sevgi, bundan acı həsrət, bundan möhtəşəm ayrlıq nəğməsi harda var? İncikliyi də, barışı da, bağışlamağı da mükəmməldi Qəşəm Nəcəfzadənin. Sevdiyini onsuzluğa uğurlamağı da, küsməyi də, getməyi də özünə bənzəyir şairin. Heç kimi təkrarlamır vüsalı da, hicranı da söz yolçusunun. Həmişə sözünə sarılır, həsrətin dar boğazından sözüylə keçir. Ruhunu qoruya-qoruya həm də.
Qəşəm Nəcəfzadənin sevgisi bütövdü, yarımçıq deyil. Övlad sevgisi, ata sevgisi, yar sevgisi, dost sevgisi, qələm, vərəq sevgisi - hamısı eyni şəkildədi. Günəşli havada da, sazaqda da bu sevgi dəyişməz. Bircə ürəyindən nigarandı. Özü kimi şıltaqdı ürəyi də. Bəlkə bu inamsızlıqdı onu gecə-gündüz rahat qoymayan. Onun yazılarını oxuduqca adama elə gəlir ki, şair yatmır. Ya da bir gözü açıq yatır. Qələmi də əlində. Barmaqları sözə keçib sanki. Özü də bərk-bərk. Bir ovucda gizlədib ürəyini şair. Kim qopara bilər sözdən bu əlləri?
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!
- deyən şair torpağı bütöv görsə də keçmişin ağrısını yaşaya-yaşaya daddı bu möhtəşəm sevinci. Gedib müqəddəs Şuşa divarlarına dedi bu şeiri. Orda qoyub gəldiyi gəncliyini axtara-axtara dedi. Saçlarının dəninə dedi, üzünün qırışına, gözlərinin kədərinə dedi. Amma bir az ötkəm, bir az məğrur, bir az dəli, havalı dedi. Bu dəfə qalib idi Qəşəmin sözü. Başı dik idi sözünün. Utanmırdı dediklərindən. Amma hər şeyə rəğmən yenə göynərti vardı içində özü boyda. Olsun. Buna da şükür.
Bəzən özü də bilmədən ətrafdakıların xətrinə dəyir. Bəzən haqlı, bəzən haqsız. Bir az keçir, peşman olur. Bəlkə də boynuna almır. Amma bilirsən ki, peşmandı. Gözünün içindən bilirsən, səsindən bilirsən, sözündən bilirsən. Uşaqlaşır gözündə bir anın içində. Yaddan çıxır umun, küsün. O anda unudursan hər şeyi və bağışlayırsan olanları. Sözə bağışlayırsan, qoşmaya, gəraylıya bağışlayırsan. Axır ki, bağışlayırsan.
Öləndən sonra istəyirəm bir şəklim olsun,
O şəkli heç kəs oxuya bilməsin,
Ortasını qat kəssin-
-deməklə əslində hələ heç kəsin, elə bu dünyanın da onu yaxşı tanıya bilməməsi qənaətindədi şair. Amma mən səni yaxşı tanıyıram, Qəşəm Nəcəfzadə. Sözündən tanıyıram, səsindən tanıyıram, baxışından, yerişindən, duruşundan, tənhalığından tanıyıram. Ürəyini buz kimi saxla və o yana tələsmə hələ. Bu yanda o qədər deyilməyən sözün, verilməyən cavabların, açmadığın qapıların var ki. Hələ oxucular qapını çox çalacaq. Hazır ol. Onsuz da mesaj qutuların doludu. Məndən də incimə. Səni bir az fərqli yazdım. Bir az öyə- öyə, bir az küsdürə-küsdürə, bir az incidə-incidə, bir az sarıya-sarıya. Bəlkə sənin ürəyincə olmayacaq dediklərim. Amma mənim ürəyimcədi.
Bayaq bir şəklini gördüm instaqram səhifəndə, əziz dost, şeir adam.
Əllərində qar, başında qar, əynində sazaq, gözündə od. Şeir deyirdin qarın eşqinə qar altında:
Görəsən bu qar kimin göz yaşıdı,
Gözlərim dolunca yağsın,
Gözlərim doyunca yağsın.
Əlində qar sevinirdi, gözündə sevgi. Hardansa bir dəli Söz gəlirdi sənə sarı ağappaq qar rəngində.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)