“Sükutun səsi” sükutu dilləndirdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gənclərin yaratdığı ədəbiyyat yaşlıların yaratdıqlarından nə ilə fərqlənir? Tez-tez bu sualın qoyuluşunun şahidi oluram. Təbii ki, suala ən müxtəlif cavablar vermək mümkündür, mənimsə cavabım belədir: Gənclər üçün hələ ömür-gün qarşıdadır, onlar daha çox gələcəklə bağlı mesajlara söykənirlər, ona görə də nikbin poeziya yaradırlar. Yaşlılarda isə əksərən hər şey artıq arxada qalıb, onlar keçmişin nostaljisinə və xatirələrə bağlanırlar, bu səbəbdən də kədərli və bədbin poeziya yaradırlar. 

Gənclik demişkən, ölkəmizdə gənclər ədəbiyyatının bir lokomotivi hesab edilən Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti tədbiri barədə sizləri məlumatlandıracağam. 

Belə ki, qurumun təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında bədii qiraətçi, şair Müşfiqə Baləddinin  “Sükutun səsi” adlı ədəbi-musiqili tədbiri keçirilib. 

Tədbirdə Millət vəkili, Xalq şairi  Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,  şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Azərbaycanın Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, tərcüməçi İmdad Avşar, Azərbaycan Yazıçılar Birliyinin Quba Regional bölməsinin sədri, ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisi şair Ramiz Qusarçaylı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist  Əkbər Qoşalı, Azərbaycanın tanınmış diktoru, Azərbaycanın Xalq artisti, “Tərəqqi” medalı laureatı Eldost Bayram, Azərbaycanın Xalq artisti Xalidə Quliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva və digərləri iştirak edib.

Bəri başdan deyim ki, bu qədər say-seçmə adamın tədbirə qatılması təşkilatçının tək təşkilatçılığının yüksək səviyyədə olmasından qaynaqlanmır, həm də ortaya qoyduğu məhsulun keyfiyyətinə dəlalət edir. 

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəmanların xatirəsinə sayğı duruşu ilə başlayıb. Ədəbiyyat-mədəniyyət xadimlərinin çıxışları, gənc yazar-qiraətçi Müşfiqə Baləddin haqqında fikirlər dinlənilib.  Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətini və davamlı olmasınının vacibliyini diqqətə çatdırıb. Bədii qiraətçi müxtəlif nəsillərə mənsub  şairlərin şeirlərini ifa edib. Bundan başqa Müşfiqə Baləddinlə birgə qiraətçilər Anar Atakişi, Rəşad Mikayılov və Elman Baxşının təqdim etdikləri kiçik kompozisiyalar dinləyicilərin marağına səbəb olub. 

Ssenaristi  İctimai TV-nin əməkdaşı Günel Mehri, aparıcısı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Xanlarqızı olan tədbirə kollektiv foto çəkilməklə yekun vurulub.

Və sonda gəncliyin bütün layihələrinə, tədbirlərinə qucaq açan və bu gözəl tədbirə də evsahibliyi edən Gəncliyə Yardım Fonduna xüsusi minnətdarlığımızı bildiririk.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.