“Tələb olunan şey çox diqqətli və rasional olmaqdır” - Güzide Kotanla müsahibə Featured

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Xoş gördük, Güzide xanım. Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz.

-Bakalavr təhsilimi İqtisadiyyat fakültəsində, magistratura təhsilimi isə Fatih Universitetinin Hüquq fakültəsində bitirmişəm. Bilgi Universitetində ədəbiyyat seminarlarına qatılaraq yazıçılıq təhsili, həmçinin, Ssenari Müəllifləri Assosiasiyasının emalatxanalarında ssenaristlik təhsili almışam.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Ancaq ədəbi səyahətimə başlayanda mənə güc verən böyük bir ailəmin olması idi. Yazmağıma imkan verən əsas arteriya bu gün həyatda olmayan ailə ağsaqqallarımdan aldığım ilham oldu. Məsələn, babam Avni Narmanlı böyük şair olub. Onun da çox dəyərli romanları, hekayələri var idi. Eləcə də, mənim yazıçı şəxsiyyətimin formalaşmasında atam Nebil Kotanın anama yazdığı şeirlər çox dəyərlidir. Bu dəyərli mirasdan aldığım payla ürəyim ucaldı, dünyagörüşüm genişləndi.

 Bu arada istedad mütləqdir. Bununla belə, onun texnikasını və riyaziyyatını öyrənmək mümkündür. Məsələn, tənlik qurulmazsa, cümlələr titrəyəcək və sözlər səpələnib havada uçacaq. Ədəbiyyatın texnikası və riyaziyyatı ziddiyyətli ifadə kimi görünsə də, mən belə hesab edirəm. Mən ağlımdan, eləcə də ürəyimdən istifadə edərək düzgün və nizam-intizamla yazmağın tərəfdarıyam. Tələb olunan şey çox diqqətli və rasional olmaqdır. Bütün məsələ diqqəti cəmləmək, personajların ruhuna daxil olmaq, onlar kimi düşünmək və o insan olmaqdır. Xarakterlərin mükəmməl uyğunlaşması, kəskinləşməsi və işarələnməsi. Bir sözlə, mövzunun mənimsənilməsi və möhkəm konstruksiya. Personajları yaxşı bilmək və buna görə də ədalətli davranaraq onları yazarkən obyektiv olmaq lazımdır.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi

 

-Uşaqlar üçün yazdığım “Xəyallar diyarının açarı” adlı 65 hekayədən ibarət 10 şəkilli kitabımın son variantını iki cilddə topladıq. Fantastik ədəbiyyatda metaforalarımdan istifadə etdiyim bu kitablar ibtidai siniflərdə ev tapşırığı kimi tədris olundu. Bəzi jurnallarda mətnlərin bölmələri götürülərək test sualları kimi istifadə olundu. Həmçinin bəzi universitetlərdə yekun dissertasiya və qrup işi kimi nəzərdən keçirilib.

 "Unudulmuş Foto Çərçivəsi" adlı hekayə kitabım həyat təcrübələri və bir az da ironiya ilə qarışan 19 hekayədən ibarətdir.

Sonralar iki romanım – “Zəkkum” və “Yüz illik xəyanət” nəşr olundu.

Son romanım “Məsumluq” biz tənhalaşdığımız və evlərimizə çəkildiyimiz pandemiya dövrünə təsadüf etdi. “Məsumluq” cümhuriyyətin ilk illərində Ərzincanda başlayan və bugünkü İstanbula qədər uzanan epik hekayədir... 27 dekabr 1939-cu ildə Ərzincanda gecə baş verən zəlzələ faciəsindən sonra köklü bir tarixə malik bir ailənin həyatında dönməz dəyişikliklər nəsillər boyu davam edir.

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Yazarkən tək qalmaq mənim üçün çox önəmlidir. Yaratdığım dünya ətrafında hərəkət etmək və o dünyada həyat tapmaq üçün bütün diqqətimi cəmləməliyəm. Sakit, stresssiz, hər hansı narahatçılıqdan uzaq olmalı və daxili səsimi dinləməliyəm. Məsələn, televizorun açıq, qucağımda noutbukun, əlimdə telefonun olması mümkün deyil. Günün ən məhsuldar və konsentrasiya ilə yazdığım saatları günorta saatlarıdır. Axşam düşməyə başlayan kimi aydın düşünmək mənim üçün çətinləşir. Zərurət olmadıqca gecə yazmaq ən son seçimimdir.

 

-Ən çox sevdiyiniz yazıçı kimdir?

 

-Hörmətli yazıçı Pınar Kür mənim müəllimim olub. Bütün kitablarını darıxmadan, zövqlə oxumuşam. Onun bir sözü həmişə yaddaşımdadır.

"Unutma ki, oxucu səndən daha ağıllıdır.  Çünki oxucu bir səhv tapıb hər hansı bir şəkildə o  yanlışı yazıçıya çatdıracaq”.

 

 -Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Guzidə xanım!

 

-Xoşdur Habil bəy! Mən də sizə və bütün əməkdaşlara təşəkkür edirəm! Türkiyə və Azərbaycan qardaş ölkələrdir... Bunu "bir millət, iki dövlət" kimi çox gözəl ifadə etmişlər... Ümidvaram qədim dostluğun nəticəsi olaraq aramızda olan birlik, həmrəylik daim davam edəcək...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.