Vircinya Vulf otaqlarının səssizliyi Featured

Zülfiyyə Mirzəyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Dünya ədəbiyyatına adını böyük həriflərlə yazdıran feminist yazar deyərkən ağla gələn ilk insan Virciniya Vulfdur. Həyat kitabının səhifələri qorxu, sarsıntı izlərini bir ömür yanında daşımışdı. Yaşadığı acıların bir səbəbi var idi: dünyaya qadın olaraq gəlmişdi. V.Vulf elə bir çağda yaşamışdı ki, qadınlar və kişilər arasında ayrıcalıq pik nöqtədə idi...

O dönəmlərdə qadınlar təhsil ala bilməzdi, hətta kitabxanaya getmək üçün icazə kağızının olması lazım idi. Gördüyü hadisələrdən sarsıntı keçirən Vulf çarəni qələm və dəftərdə görür, bütün qadınları  “Özünüzə aid bir otağınız və boş zamanınız olsun. Yazın, kişilərin nə deyəcəyini düşünmədən yazın” şuarı ilə yatdıqları yuxudan ayılmağa səsləyirdi.

Valideynlərinin ikinci evliliyindən dünyaya gələn V.Vulf  insanların dua kimi dillərində əzbər etdiyi “qadın xoşbəxtliyi”dən nəsibini almır. İstər ailədaxili yaşadığı sarsıntılar, istərsə də cəmiyyətdə qadına olan münasibət onu dəfələrlə intihar etməyə sürükləyir. Bir çoxu uğursuzluqla nəticələnsə də ömür yoluna məhz intiharla nöqtə qoyulur. Geridə isə nakam ömür və insanlığa bəxş etdiyi əsərlər qalır.

 Yazılan hər bir kitab müəllifin sirli dünyasını özündə əks etdirir. Açıq şəkildə deyə bilmədiyini obrazın rəngarəng dünyası ilə insanlara çatdırır çox zaman həmin insanlar. V.Vulf da görmək istədiyi dünyanı “Özünə aid bir otaq” əsərində oxucularına təqdim etmişdi. Əsərdə təsvir edilən hadisələr, müəllifin acı təəssüf hissi ilə yazdığı sətirlər illər keçməsinə baxmayaraq, öz aktuallığını hələ də qoruyur.

 Yazar olmaq istəyən V.Vulf cəmiyyətin soruşduğu sualla feminist olmağa addım atır. “Bizim qədər istedadlı olduğunuzu irəli sürürsüz. Əgər elədisə, niyə bu günə kimi Şekspir kimi dahi aranızdan çıxmadı?” kəlmələri V.Vulfu incitmiş, günlərlə kitabxanasından çıxmamasına səbəb olmuşdu. Balaca uşaq olarkən Şekspirin itirdiyi bacısını kitabında yenidən canlandırmış, yuxarıda verilən suala onun xəyali həyat hekayəsi ilə cavab vermişdi. Evlənərkən fikirləri belə soruşulmayan bu varlıqların istedadlarını üzə çıxarsalar nələr olacağını göz önünə gətirmişdi. V.Vulf oxuduğu kitablarda onu dəhşətə gətirən hadisələrlə rastlaşmışdı. Əgər qadın ana və ata tərəfindən seçilən oğlanla evlənmək istəmirsə, valideynlər onu döyə bilər,  günlərlə bir otaqda saxlaya bilərdilər. Buna heç kəs dəhşətli hadisə kimi yanaşmazdı.  Hətta dünya belə qadınların tərəfində deyildi. Ona kinayə ilə gülərək “Yazmaqmı?”-deyirdi. “Yazmaq sənin hansı işinə yarayacaq?”- kimi suallar verməklə qadın istedadı bir daha gözardı edilirdi. Vulf göstərir ki, kişilərlə eyni hüquqa malik olmayan qadın təbii ki, Şekspir ola bilməz. Olsa belə, kimsə onu ciddiyə almaz. “Oxumaq, yazmaq qadın işi deyil”- deyib yazıları bir kənara atılardı. Bəli, məhz bu səbəbə görə həmin dönəmlərdə yazan bir çox qadınlar yazılarını kişi adı ilə çap etdirməyə çalışmışdılar.

 Dünyanın hansı bucağına, hansı əsrinə diqqətimizi yönəltsək, bu halların hər ölkədə olduğunu deyə bilərik. Təsadüfi deyil ki, 16-cı əsrdə yaşamış M. Füzuli “Leyli və Məcnun” əsərində qadına iki dəfə ağlamaq hüququ verildiyini söyləmişdi: ailə həyatı qurarkən və yoldaşı öldüyü zaman. Ancaq bu iki halda qadının ağlaması insanlar tərəfindən adi hal kimi qarşılana bilərdi. V.Vulfun toxunduğu məqam-evlənərkən qadının istəyinin soruşulmaması burda da öz əksini tapmışdı. Bir az zamanda səyahət edib 19-cu əsrə gəlsək, qadınların “bilməsi lazım olan işlər”in siyahısı ilə M.Ə.Sabirin “Bəhri-Təhvil” əsəri vasitəsilə tanış ola bilərik. Beləliklə, görünür ki, istər müxtəlif ölkələrdə, istərsə də fərqli zamanlarda qadınların həyatı müəyyən məqamlarda bir-birinə bənzəmişdi.

V.Vulf müxtəlif dönəmlərin qadın yazarları, onların üzləşdiyi çətinlikləri işıqlandırmışdı. Həssas təbiətə malik olan bu yazarların özlərinə aid otağının olmamasından gileylənmiş, yazılarını hər kəsin oturduğu otaqda yazmağa məcbur olduqlarını söyləmişdi. Jane Austenin “Qürur və qərəz” əsərini insanlardan gizlətməyə məcbur olmasaydı daha yaxşı roman alınardımı sualını özünə vermişdi.  

“Kişilər qadınların onlara rəqib olduqlarını bilirlər və buna görə ya ən zəifini, ya da ən cahil olanını seçirlər. Əgər elə düşünməsəydilər, qadınların onlar kimi bilikli olmasından heç vaxt qorxmazdılar”- fikirləri boşuna söylənməmişdi. Bunu doğuran səbəblər dövrün baş bəlası idi. Qəribədir, anadan dünyaya gələn bir toplum, qadını önəmli varlıq kimi görməz, ona şiddət göstərilməsini adi hal hesab edirdi. Təssüflər olsun ki, müasir dövrümüzdə də bu problem qalmaqda davam edir. Bəlkə də, buna görə kitabı oxuyarkən müəllifin bizimlə günümüzdə mövcud olan hadisələri müzakirə etdiyini düşünürsən.

V.Vulf qadınları hər mövzuda kitab yazmağa və pul qazanmağa çağırır. Pul vasitəsilə qadınlar rahat səyahət edəcək, istər gələcək, istərsə keçmiş haqqında düşünəcək, xəyalları suların dərinliyinə qədər enəcəkdir.

 Fikrimizin əvvəlində Şekspirin bacısı haqqında danışmışdıq. Əslində həmin qadın dünyada mövcud olan bütün kişilərə qarşı qoyulmuş, müəqəddəs varlıq kimi əbədiləşmişdir. Həmin qadın sizlərin də, bizlərin də içində yaşayır. Qab yuyan, uşaqlarını yatızdıran bütün qadınlarda ondan bir parça var əslində. Ancaq insanları deyil, onların duyğularını, səmanın əsrarəngizliyini, təbiətin al-əlvanlığını  görsək, həqiqətlərlə üzləşəsək, münasibətlərimizi ancaq qadın və kişi dünyası ilə deyil, reallıqla əlaqələndirsək, həmin xəyali qadın yenidən ətə və sümüyə bürünəcək, yazacaq və yaşadacaqdır...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2.23)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.