“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Bahəddin Salmanın
“Özünü doğan adam” hekayəsini “Mütaliə saatları”nda oxucularına təqdim edir.
Doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür.
J.Labrüer
O gecə bəzi şeylər qəfildən öz adiliyini pozdu. Əvvəl Fiday yaşayan küçənin, sonra digər iki küçənin də işıqları söndü. O an payız bitdi, qış başladı. Külək necə əsdisə, binadakı bəzi mənzillərin yaxşı örtülməmiş pəncərələri çilik-çilik oldu. Pərdələr dil kimi çölə uzandı. Qulaqlarında zingildəyən və hardan gəldiyi məlum olmayan kilsə xorunun səsi azmış kimi, bu səsləri də eşidəndə Fidayın bədəninə qəribə bir xof düşdü.
-Axı, bu nə həngamədir?- deyə öz-özünə pıçıldadı. Ardınca get-gedə zilə qalxan miyoltu eşitdi. Qaranlıq mənzili və həmin an az qala içindən çıxıb qaçmaq istədiyi bədəni ovsunlayıcı vahiməyə büründü. Eşitdiyi son səs, qapı qonşusu, rus əsilli yetmiş səkkiz yaşlı Marinanın Peyzek adlı boğaz pişiyinin səsi idi. Marina iki gün əvvəl binanın blokunda qarşılaşdığı Fidaya təntənəli şəkildə belə demişdi:
-Mənim fərasətli qızım Peyzekin bu gün, ya sabah ana olacağını bilirsən?
Fiday onu zərrə qədər də sevindirməyən bu xəbəri süni təbəssümlə qarşılayıb, - Jaketinizi tərs üzünə geyinmisiz, Marina xala,– deyə pilləkənlərlə evə qalxmış və on il saxladığı ağ-qara rəngli Temza adlı ölmüş pişiyini xatırlayıb məyus olmuşdu.
-O, doğrudanmı, ləçər “qızınını” doğduğundan xəbərsizdir?! - deyə düşündü. Kilsə xoruna qoşulan miyoltu yavaş-yavaş həngaməyə çevrilirdi. O özünü dəmir xaçı dişləri arasında sıxıb, caynaqları ilə insan sinəsini cırıb dağıdan və o xaçı həmin yerdə basdırmaq istəyən vəhşi pişiyin burnu üstündə hiss edir, onun fısıltılarını, nəfəs aldıqca burun dəliklərinin necə yığılıb açıldığını xəyalına gətirirdi. Əllərini qulaqlarına sıxıb eyvana çıxdı. Başını yuxarıya qaldıranda bir anlıq duruxdu.
-İlahi, bismillah!!!, - qorxudan, soyuqdan tir-tir əsdi, dişləri şaqqıltı ilə bir-birinə dəydi.
Sürətlə hərəkət edən buludlardan biri ağzı açıq, uzun, ağ saçları sağa-sola dağılmış, gözləri cadulu qadına bənzəyirdi. Qadının sağ əlini dişləri arasına almış canavarın gözləri Fidaya zillənmişdi. Onun ardından gələn bulud isə köpmüş qarnına ilanların darışdığı iri bədənli kişiyə bənzəyirdi. “Yəqin ilanlar onu qarnından sancırlar!” deyə Fiday fikirləşdi. Digər tərəfdə üz cizgilərindən vasvası ciddilik süzülən gənc oğlan sağ əlində tutduğu, aydın görünməyən nəyinsə ucunu gicgahına söykəyərək göy üzündə süzürdü. “Deyəsən, əlindəki tapancadır, bu saniyə özünü öldürəcək!” deyə Fiday pıçıldadı və silahdan atəş açılacağını düşünüb gözlərini qıydı. Özündən asılı olmadan çılpaq ayaqlarının çox pis üşüdüyünü hiss edirdi. Qeyri-adi seyr halında olan gözlərini göydən ayırıb, ayaqlarına yönəltmək istəyirdi ki, başqa qorxulu mənzərə ilə rastlaşdı. Eyvanın önündə - parkın tən ortasındakı ağacın uzun, çılpaq budaqlarının altına tabut qoyulmuşdu. Tabutun kənarları öləziyən işıqla əhatələnmişdi, açıq qalmış orta hissəsi isə qaranlıq dərin quyunu xatırladırdı. Təxminən iki dəqiqə sonra arıq, uzun bir adam közərən siqaretini sümürə-sümürə gəlib tabutun sağ tərəfində dayandı. Sonra aşağı əyildi, əlləri ilə tabutun kənarından yapışıb kədərlə ağlamağa başladı. Onun arabir sümürdüyü siqaretin közərtisində Fiday naməlum adamın burnunu görə bilirdi. Vaxt keçdikcə adamın öz-özü ilə danışığı da eşidildi. Fiday nə qədər çalışsa da, küləyin, Peyzekin, kilsə xorunun səsindən onun nə dediyini anlamadı.
-Eeeeeeh, rədd olun, uydurma gicbəsərlər! Rədd o-l...u...u...n!!!- deyə gözlərini tabutun önündə dayanmış adama zilləyib, ikrah dolu qəzəblə bağırdı. Onun bağırtısı pişiyin səsi ilə üst-üstə düşdü.
Tabutun bir addımlığında dayanan naməlum adam zülmət gecədə küçəni ağuşuna alan bu bağırtının, elə bil, hardan gəldiyini əzbər bilirdi. Başını dikəldib, baxışlarını səs gələn tərəfə yönəltdi. Onun bu hərəkətini görən Fiday cır səslə “Səni görüm zibilə qalasan!“ deyə təngənəfəs halda otağa qaçdı. Bu dəfə çarpayının üstündə unutduğu mobil telefonun yanıb-sönən işığını gördü və qorxudan qışqırdı.
-Ay Allaaaah! Axı, sənin səsini nə vaxt batırmışam?! - əlləri əsə-əsə telefonu götürüb, “yes”düyməsinə basdı. Zəng edən Fəridə idi.
- Sən salamatsan?- qadın səmimi narahatçılıq dolu səslə soruşdu.
-Başa düşmədim, nə demək istəyirsən?
-Sən niyə belə danışırsan?! Mən elə bildim, sən artıq ölmüsən!- qadın hönkürdü. Qəfildən zil səslə qışqır-bağır salan Peyzekin səsini eşitdi, ağlamağı dayandırıb, bir neçə saniyə qulaqlarını diqqətlə telefona şəkləyəndən sonra söhbətinə davam etdi:
-Sənin evindən uşaq səsi gəlir? Ay aman, sənin uşağın olub, hə?! Gözlə qaş arasında onu hansı küçədə qalmışdan qazandın?!
Peyzekin ah-fəğanı, doğrudan da, körpə səsinə bənzəyirdi. Qadının kinayə dolu sözləri davam etdikcə Peyzek də susmurdu.
-Ay Allah, uşağın səsi necə atasının səsinə oxşayır! Eyy, sən necə ikiüzlüsən?! Bəs, deyirdin “Uşaq kimi məsuliyyəti boynuna götürmək çiyinlərini qırar?” Bəs, çiyinlərin niyə qırılmayıb, ay oğraş, de görüm niyə qırılmayıb?!
-Nə danışırsan e? Qulaq as, sən nəsə musiqi səsinə oxşayan səs eşidirsən?- buz kimi ayaqlarını bir-birinə sürtüb, dişləri ilə dodaqlarını həyəcandan gəmirməyə başladı.
-Hə, eşidirəm! Vicdanın çığırır ki, sən şərəfsizsən!!! Əgər sən ata olacaqdınsa, bu qələti mənnən niyə eləmədin, ay şərəfsiz?! Ah, özün də bilirdin ki, bizdən törəyən uşaq necə gözəl olacaqdı! Əgər uşağa görə səndən pul qoparacağımı düşünmüsənsə, sənin üzünə tüpürüm! Dayan görüm, düzünü de, həm səndən doğduğu uşağa, həm də sənə baxa biləcək, səni pulla yemləyən imkanlısını tapmısan, hə?! – yüksək səslə qışqırdı. - Sənin yolunda xərclədiyim pullar burnundan gəlsin! Ay Allah, sən bir cırcıramanın səsinə bax! Elə bil, atasına söyüş, qarğış yağdırdığımı eşidib deyə belə bağırır e!!! Get, tez o əkdiyin, yer almasının ağzını yum, yoxsa ərinməyib gələrəm ora, üçünüzü də... Dayan, dayan üçünüz demişkən, doğub atıb sənin üstünə, aylıq pul verir ki, uşağına baxasan? Heç o cırcıramanın səndən olduğuna əminsən? Səni aldadıblar, ay biqeyrət cəngavər! Elələrinə uşağının qanından olan ata yox, əfəlliyindən qapazaltı olan qoyun lazımdır. Bəs, sən niyə mələmirsən, hə? Oy bağışla! Gör bir, mən nə danışıram e!!! Axı, sən başı kəsilmiş qoyunsan, mələməyin Allahın yaradıcılığına ziddir.
-Qulaq as mənə...
-Asmayacam! Şərəfsiz!
-Onda cəhənnəm ol, dilotu yemiş ləçər!
Özünü heç cür ələ almağı bacarmayan qadının amansız ittihamlarından təngə gələrək telefonu divara çırpdı. Otaq qaranlıq olduğundan bir neçə yerə bölünmüş telefonunun haralara düşdüyünü görmədi və çılpaq ayaqla onların üstünə basıb, qorxuyla qışqırdı, özünü çarpayıya atdı. Əlləri ilə üşüyən ayaq barmaqlarını isitməyə başladı. Qəfildən kilsə xorunun, Peyzekin miyoltusunun kəsildiyini hiss etdi və qeyri-təbii dalğınlıqla gözlərini otağın pəncərəsindən göyə zillədi. Göy üzü ilə bağlı heç nə bayaqkı kimi deyildi. Əllərini ayaqlarından götürüb üz-gözünü ovuşdurdu. Dərindən ah çəkdi. Su içmək üçün çarpayıdan qalxdı. Ayaqlarını ehtiyatla yerə basaraq otaqdan yenicə çıxmışdı ki, qapı döyüldü. Tərəddüdlə qapıya yaxınlaşdı.
- Kimdir?
İllərdir üst mərtəbədəki mənzildə yaşayan həm qonşusu, həm də yaxın dostu Fərrux idi.
-Deyəsən, evdə şamdan, çıraqdan heç nəyin yoxdur?- içəri daxil olan Fərrux, qaranlıqda qapının kilidini axtarmağa çalışdı.
-Kilid vurmağa ehtiyac yoxdur. Gəl mətbəxə. Siqaretin var?- dostunun gəlişindən içinə xeyli rahatlıq çökən Fiday təmkinlə soruşdu.
-Hə, var. Elə indicə almışam.
Mətbəxə keçdilər. O həm üşüdüyü, həm də mətbəxin işıqlanması üçün qazın dörd gözünü də yandırdı.
-Çay içəcəksən?
- Yox, çox sağ ol. - Fərrux siqaret qutusunu masaya qoydu - Bilirsən niyə gəlmişəm?
- Yox. – Fiday stəkana doldurduğu suyu başına çəkdi.
- Fəridə mənim yanımdadır!- gözləri ilə tavana işarə verib gülümsündü. - Kaş ki, bayaqdan mənimlə necə sevişdiyini görəydin. Amma məsələ başqa cürdür. - Stula əyləşdi. - Sevişib qurtarandan sonra mənə sənin vəfasızlığından danışdı.
Fiday onun danışdıqlarına məhəl verməyib masa əsgisi ilə qazın üstünü silməyə girişdi.
- Özümü qoydum gicliyə! Guya ki, onun halına yanıram. Deyir, “O, mənimlə ancaq yataqda nəzakətlə davranırdı. Elə ki istəyinə çatdı, sifətindən zəhrimar tökülürdü! Mən ona evlənməyimizi, bütün bu haqq-hesaba özümüzə aid evimizdə davam eləməyi məsləhət görürdüm, amma o, elə hey bu işlərə mənasız baxdığından danışırdı!!!” Adamın Allahı var, onu sevmədiyini, bundan o yana özünü zorlamayacağını lap başdan ona dediyini özü də boynuna aldı. Mənə sual verəndə ki ”Fərrux, səncə, o mənə qarşı böyük səhv eləməyib?” qoydum özümü aktyorluğa. Cəld əynimi geyindim, səsimi əsdirə-əsdirə “Bu saat yuxarı çıxıb, elə evindəcə o oğraşın payını verəcəm. Qoymaram sənin kimi qadının hissləri ilə bu cür oynasın!” deyə siqaret almağa getdim. - Qəhqəhə çəkdi – A kişi, mən qapının ağzında ayaqqabılarımı geyinirəm, bu da başlayıb ki, ”Qurban sənə, Fərrux, nə olar, mənə görə özünü zibilə salma!” Ha, ha, ha, ha. Necə bic qızdı... İstəyir ki, gəlib səni döyəm.
-Bic deyil, sadəcə, sənə inanıb! – Fiday əskini bir kənara fırladıb masaya yaxınlaşdı, damağına siqaret qoydu və əllərini şalvarının ciblərinə sürtdü.
Çöldə bir quş həyacanla sağa-sola uçurdu. Fərrux alışqanla onun siqaretini yandırıb pərt halda təkrar stula əyləşdi. Dostunun Fəridənin tərəfini saxladığını düşünüb bir an susduqdan sonra zarafala dedi:
- Hə də, sən onu daha yaxşı tanıyarsan! Qulaq as, səndən mənim bura gəldiyimi soruşsa, de ki, “Hə, gəlmişdi.” Deyərsən ki - başını qaşıyıb iki-üç saniyə bəhanə fikirləşdi, - Hə, tapdım, deyərsən ki, “Fəridəni nə haqla incidirsən? deyərək əclaf mənimlə yumruq davasına çıxdı. Canımı zor-bəlaynan qurtardım.” Ha, ha, ha, ha... Məndə də qiyamət ideyalar var e...görürsən?! Dediklərimi yaddan çıxarma, yaxşı?
-Aha. – Fiday barmaqları arasındakı siqareti sümürərək quşu izləyir, tez-tez də öz bədənini geri dartırdı. Buna səbəb quşun arabir onun pəncərəsinə yaxın uçub həyəcanla geri qayıtması idi. Quş bunu elə sürətlə edirdi ki, elə bil, özünü bu saniyə pəncərəyə çırpacaqdı.
- Siqaret alandan sonra evə çıxacaqdım, amma dedim, gəlim səni də məsələdən xəbərdar edim. Baxma da, sabah onun ağzından nəsə eşidəndə çaş-baş qalmıyasan.
“Bu quş zamanda azıb!” deyə Fiday fikirləşdi və siqaretin kötüyünü pəncərədəki dibçəyin torpağında söndürüb Fərruxa tərəf çevrildi:
- Ötüb keçənləri, ölən doğmalarını, ya da nə bilim, köhnələn hər şeyi yadına salmaq səni də incidir?
-Mən nə danışdım, bu nə cavab verdi!- Fərrux üz-gözünü turşutdu - Yox, incitmir! Çünki xatırlamıram. - əllərini bir-birinə çırpdı. - Vəssalam!- cavab verdi.
-Amma mənim bir ilə yaxındı ki, halım hal deyil. Keçmişə ilişib qalmışam. Baxıram, hamı, elə sənin özün də, ancaq sabaha hazırlıq görürsünüz. Amma mən istəsəm də bu cür edə bilmirəm. Keçmişə aid nə varsa hamısını dərinliyinə kimi yada salıb sonra da əzab çəkirəm. Qəribədir e, hər dəfə məktəbimizin yanından keçəndə nə sinif uşaqları, nə də bizə dərs deyən müəllimlər deyil, ancaq anam gəlir ağlıma, hə, bir d əkişi, atamı deyirəm. - Kədərlə gülümsünüb, söhbətinə davam etdi. – Sənə demişəm, ya yox, bilmirəm. İkinci sinifdə oxuyanda, dərs qurtarandan sonra birinci mərtəbədə dayanıb kişini gözləyirdim. Qəribə səslər eşitməyə başladım. Səsin arxasınca düşüb idman zalına qədər getdim. Səs basketbol topunun səsi imiş. Bu oyunla tanışlığım birinci dəfə onda oldu. Yuxarı sinif uşaqlarının hündür boyları, topun uzaqdan tora atılması çox xoşuma gəlmişdi. Sən demə, bir saatdır oturub onlara baxırmışam. Bərk acdığımı hiss eləyəndə kişinin niyə gecikdiyini fikirləşə-fikirləşə məktəbin həyətinə çıxdım. Yazıq kişi idman zalından başqa məktəbin hər tərəfində məni axtarırmış. Onu uzaqdan görən kimi sevincək maşınına tərəf qaçdım. Ona uşaqların oyunu haqqında həvəslə danışmaq istəyirdim. Amma o məni uzaqdan barmağı ilə hədələdi. Sonra da məktəbin darvazası ilə üzbəüz dayanan qaraj tərəfə qaçdı. Mən də təəccüblə onun hara qaçdığına baxa-baxa gəlib maşının yanına çatdım. - Qaza doğru yaxınlaşıb, çaynikdən özü üçün su süzdü. Su dolu stəkanın şəffaf üzündən quşa baxmağı da unutmadı. Quş, elə bil, sakit bir dənizin üstündə uçurdu. Sonra suyu başına çəkdi. - Sən demə, məni çırpmaq üçün ona nar ağacının möhkəm çubuğu lazım imiş. Qolumdan tutub, maşının arxa oturacağına itələdi, sonra da...
-Xəşilini çıxardı, hə? Ha,ha, ha...
-Hə, demək olar! –Fiday da kədərlə gülümsündü.- Əsəbi soyuyanda kişinin üzündə qəribə utancaqlıq gördüm. İndi fikirləşirsən ki, bu hardan yadına düşdü? Düşür də, nə bilim! İki gün əvvəl məktəbin darvazasının ağzında durmuşdum. – Xəstəhal şəkildə stula əyləşdi.- Heç fikir verməmişəm, sən demə, nar ağacı çoxdan orda deyilmiş. Yerində kiçik mağaza tikiblər! - Gözləri doldu. – Darvazaya söykənib ağladım...
- Burda ağlamalı nə var ki?
-Çünki ağac da yerində yoxuydu, başa düşürsən?!!!–üzünü qollarına yastılayıb, yüksək səslə ağlamağa başladı.
-Bəlkə, o çürüyübmüş, - Nə edəcəyini bilməyən Fərrux çaş nəzərlərlə ona yaxınlaşdı və əllərini onun çiyinlərinə toxundurdu. – Ya da ola bilər ki, bərk külək əsib, ağac da qırılıb. Hamı keçmişə aid nələrisə xatırlayanda kövrəlir, bu qədər ürəyinə salma!- sakit səslə dedi.
-Məsələ keçmişə aid nələrisə xatırlayıb kövrəlmək deyil! Hamı, hər şey zamanla buz parçası kimi əriyib gedir. Amma sən...–Fiday dikəldi və gözlərini Fərruxun gözlərinə zillədi. Bunu elə etdi ki, elə bil, dünyanın ən günahkar adamı bu bir cüt gözdən çıxıb qaçacaqdı. - De görüm, heç uşaqlıqdan bizi öz evimizin qapısı ağzına, oradan da təkrar məhəlləyə daşıyan köhnə liftimizin bir gün təzəsi ilə əvəz olunacağını ağlından keçirmisən?!
-Onu elə başqasıyla dəyişsələr yaxşıdır, əziz dost! – deyib qımışdı.
-Məncə, elə deyil, - xəyala daldı. - məktəb vaxtı yeddinci mərtəbəyə aid yeddirəqəmli düyməni yandırıb əritməyimizi... bunu heç vaxt unutmamışam! Heç yaddan çıxara bilmirəm!
Fərrux sualedici nəzərlə Fidaya baxıb, çiyinlərini çəkdi.
– Məncə, sən çox şeyi unutmamısan!
- Yadına düşmür?! -əlinin tərsiylə göz yaşını sildi.
Fərrux dinmədən başını yelləyib stula əyləşdi.
– Hər dəfə barmaqlarımı yeddirəqəmli düyməyə toxunduranda dəmirə yapışmış, ərimiş damcılar məni dəhşətə gətirir. Elə bil, o gün, o saniyələr, həmin vaxtda elədiyimiz şit zarafatların hamısı yeddirəqəmli düyməyə calaq olunub. Həmin düyməyə toxunanda liftin məni yeddinci mərtəbəyə yox, illər əvvələ- keçmişin titrəyən əllərinə tərəf apardığını hiss eləyirəm...
-Bəlkə, sabah gəlib mənim evimdə qalasan, hə? – Fərrux ayağa qalxıb, qaza yaxınlaşdı, əllərini oda yaxın tutub gözucu Fidayı süzdü.- Sənin üçün də dəyişiklik olar. Özü də, deyəsən, ancaq bizim rayonun işıqlarını keçiriblər, yəqin səhərə yaxın yandırarlar. – Dostundan cavab gəlmədiyini görüb söhbəti dəyişmək üçün əlavə etdi. - Bayaqdan heç soruşmursan, sən heç bilirsən Fəridə nəyə görə mənnən yatır?
-Nəyə görə?
-Sənin acığına! - Fidaya sarı çevrilib qəh-qəhə çəkdi. -Ha, ha, ha...
–Sən fədakarlığa bax e! – acı-acı gülümsünsü. Özünyaxşı bilirsən ki, mənim onunla heç bir münasibətim qalmayıb. Əvvəllər biz ancaq seksə görə bir yerdəydik. Daha ondan da iyrənirəm. - Sol çiynini pəncərənin küncünə söykədi. Quş hələ də uçurdu. “Necə həyacanla uçur! Görəsən, yorulmur? Lap kor adamlar kimidir, hələ onlardan da hissiyatlıdır. Harasa dəyməmək üçün qanadlarında çubuq da gəzdirmir, amma hiss edir... dəyəcəyi bütün təhlükələri hiss edir. Bəs mən kor olsaydım, ya da bu quşun yerində olsaydım?!” deyə fikirləşdi. Fərruxun nə danışdığını eşitmirdi. Gözlərini yumdu. Bir neçə saniyəlik də olsa, qaranlıqda həyəcanla uçan quşun nələr hiss elədiyini duymaq istədi. Hündür bir ağacın ən yüksək budağından özünü boşluğa buraxdı. Hara qonacağını bilmədi, çünki heç yeri görə bilmirdi, hər yer qaranlıq idi. Binalara, ağaclara, yanmayan işıq dirəklərinə dəyməmək üçün daha da hündürə qalxdı. Qalxdıqca küləyin daha güclü əsdiyini, qanadlarını zorla tərpətdiyini, uçmağın çətinliyini, öz naşılığını hiss elədi. Bir az da hündürə qalxmışdı ki, ayın gümüşü işığının səmanı necə sehrli bir nura bələdiyini gördü. Gözləri açıldı, küləyin yumşaq tüklərini necə oynatdığını, qanadlarını açdıqca onu incə şəkildə üşütdüyünü hiss elədi. Yüksəkliyin, geniş boşluğun bu yerində həzin bir səssizlik baş qaldırdı. “Deyəsən bura Allahın iş otağıdır? Dünya adlı işini idarə eləmək üçün özünə yaxşı yer seçib. Quşlar, quşlar... Sizin dərdiniz daha ağır imiş...Siz öləndə həm göydən, həm yerdən köçürsünüz” deyə fikirləşdiyi yerdə buludlar topa halda ayın qarşısını kəsdilər. Heç tərpənib getmədilər də. Ayın gümüşü parıltısı yoxa çıxdı. Nə edəcəyini bilmədi. Sağa-sola qanad çırpıb, həyəcandan daha da yüksəyə qalxdı. Qəribə bir ürək bulantısı, yorğunluq hiss elədi. Dayanmaq istəyir, amma hara, necə qonacağını bilmirdi. Daha gücü tükənmişdi. Yavaş-yavaş aşağı enir, endikcə də ona doğma olan bir səs eşidirdi.
-...Nc, nc, nc, deyirəm necə sarsaq adamsan e. Heç kişi də o cür qadını özündən aralı tutar?! Amma sənə halal olsun, onu mənə qısqanmadın. Ümumiyyətlə, sən, qadın mövzusunda həmişə gözütoxsan.
...Səsə çatır, amma hansı səmtə uçduğunu, nələrin yanından keçdiyini, önündə nəyin durduğunu görə bilmirdi. Qorxusundan qışqırmağa başladı və nəyəsə dəydi. Diksinərək geri çəkildi. Ayağı stula ilişdi və yerə yıxıldı. Gözlərini yenicə açmışdı ki, quş zərblə pəncərəyə çırpıldı.
-Ay səni... - Fərrux, cəld hərəkətlə ona yaxınlaşıb, aşağı əyildi. -Yarasaydı, qorxma.
Yerdən qalxmadan, süst halda Fərruxa tərəf çevrildi. Dostu ona lap yaxın dayanmışdı. Hər iki əlini onun çiyinlərinə dayayıb, gözlərinin içinə baxdı. -Yarasa deyildi, məniydim! Quş olmağa ehtiyac yoxuymuş, indiyə kimi mənim ruhum koruymuş! – Fiday təngənəfəs halda pıçıldadı.
-Nə?
-Yarasa deyildi, quşuydu .- Fərruxdan tutub ayağa qalxdı.
-Bəlkə də.–Fərrux, ayağıyla stulu yerinə itələyib, lağlağı şəkildə sözünə əlavə elədi. – Özün də yekə kişisən... Elə qorxdun... Sən lap ağciyərmişsən ki...
Fiday çənəsində keyləşmə hiss edirdi.
-Sən get... get evə, mən də uzanıb yatım!- əli ilə çənəsini ovxalayaraq otağa keçdi. Yorğanı qaldırıb çarpayıya uzandı, dizlərini sinəsinə sıxıb üstünü örtdü.
-Başa düşmədim, indi bu nə demək idi?! Sənə nə olub?
-Hələ də nə olduğunu öyrənə bilmədin?
-Dayan görüm, Fəridəyə görə incimisən məndən?
-Fərrux, get evə... arxayın ol, inciməmişəm. O ki qaldı Fəridəyə, əgər mənim acığıma sənnən yatıbsa deməli, sən olmasan, acığa başqası ilə də yata bilərdi. Əmin ol, qadınlar pis şeyləri həmişə nəyinsə, kiminsə acığına eləyir. Hələ arada Allahın qələmin oğurlayıb özlərinə yeni tale yazmağı da xəyal edirlər! On beş il əvvəl bir qız sevmişdim, yadındadır?
-Yadımdadır.– Fərrux qəribə bir maraqla gözlərini qıyıb, çarpayının küncünə oturdu.
- Səndən çıxmayan iş... Hər nəysə...Ondan sonra heç bir qadını sevə bilmədim... Heç ciddi münasibətim də olmadı. Dörd aylıq münasibətimizin axırında mənə dedi ki, “Üzrlü say, bizim hisslərimiz qarşılıqlı deyil!” Soruşdum ki, “Nə vaxtdan?” Dedi ki, “Dörd aydır.” Dedim “Bunu dörd ay əvvəl desəydin, mənim üçün daha rahat olardı!” Çox soyuqqanlı cavab verdi:“Nə fərqi var? Dörd il sonra deməmişəm ki, dörd ay sonra demişəm!” Bunu eşidəndə gözlərimdə anamdan eşitdiyim hadisə canlandı - məndən əvvəl doğacağı, ancaq doğa bilmədiyi, qarnında ölən dördaylıq uşağına görə babamgilin həyətindəki alma ağacından özünü asıb öldürmək istəyibmiş. Ona demək istədim ki, “Axı, anam üzünü görmədiyi dördaylıq uşağa duyduğu sevgiyə görə nə vaxtsa intihar eləmək istəyib... Sən də qadınsan, sevginin möhtəşəmliyini başa düşüb məni anlamalıydın!” Demədim! Nə həmin dəqiqə, nə də ondan sonra. Zaman keçdikcə başa düşdüm ki, bizdən fərqli olaraq onların sevgisi bədənlərinin üç yerində - bətnlərində, ürəklərində, beyinlərində bir-birinə zidd, həm də elə əlaqəli dayanıb ki... – dərindən içini çəkdi. - Onlar həyatlarının ən uğursuz anını zamanla möhtəşəm saniyələrlə əvəz edirlər... Necə ki, qocalmış qartal, dağın hündür zirvəsinə qalxıb dimdiyini daşa döyüb qırır, günlərlə, aylarla təzə dimdiyin çıxmasını gözləyir, sonra o dimdiklə pəncələrini çıxarır, tüklərini yolur... ilan köhnə dərisini sərt yerə sürtüb çıxarır... qadınlarda özlərini yenidən doğmağı bacarırlar. Məsələn, anam öz uğursuzluğunu məni doğmaqla uğura çevirdi, sevdiyim həmin qız, mənə qədərki uğursuz sevgisinin intiqamını məndən almaqla qadınlıq inamını özünə qaytardı– bəlkə də, o, bunu fərqində olmadan eləmişdi... Fəridə də uğursuzluğunu inadla uğura çevirmək istəyir, sənin üstündən özü-özünə dəyər qatır, ya da başqa şeylər...Bax, belə. Yatmaq... ancaq yatmaq istəyirəm. Bir-iki saat sonra siqaret almaq üçün aşağı düşəcəm. Kefim olsa, görüşərik! – sonra pıçıltı ilə əlavə elədi – Çətin...mən bütün yollarda azmışam!
Fərruxun getməsi ilə elə bil ki, ən böyük arzusu həyata keçdi. Bir neçə saatdır yaşadıqlarını xatırlamamaq üçün ona daim ruhi rahatlıq verən həmişəki xəyali məkanı - təbiəti, ordakı ab-havanı, ən əsası isə təkliyi beynində toplamağa çalışdı. Bu yer heç vaxt heç kəsin ayağı dəyməyən uzun sıx ağacların çevrəsində dizə qədər qarla örtülmüş meşə idi. Burda onun kiçicik çadırı, əyninə geyindiyi boz rəngli qalın kürkü, gözlərinə qədər uzanan və qulaqlarını örtən papağı, həzin şəkildə əsən qış küləyi, arabir ağacların arasından öz işığını meşəyə salmaq istəyən günəşi, ayı, soyuq gecələri və buz kəsmiş sabahları var idi. Ayağa qalxıb hündür ağacaların kökü üstündə bitən bitki yarpaqları topladı, ocaq qaladı, çaydanı qarla doldurub çay dəmlədi.
Qaynar çayı hortultu ilə boğazına sümürdükcə, ağzından çıxan buxarı görüb ruhu uyuşurdu. Bir az sonra hündür ağacların ən uca yerinə söykənmiş ayın gümüşü şəfəqlərini, gah da ayaqlarını dizə qədər isidən ocaqdan atılan qığılcımları pərəstiş dolu baxışlarla süzüb, eşidilən canavar ulartılarını lirik piano musiqisinə bənzər şəkildə dinləməyə başladı. Canavar səsləri kəsiləndə gözlərini qaranlığa zilləyir, elə bil növbəti ifanı gözləyirmiş kimi sevinir, gülürdü. Yuxusu gəlirdi. Elə əsnədi ki, az qala üzü yanlardan çat verəcəkdi. Yerdən ovucladığı qar topaları ilə ocağı söndürdü.
Çadıra girib kürkünü çıxardı və hansı səmtdə olduğunu əzbərdən bildiyi qalın, yumşaq döşəyin üstünə uzandı. Çadırın içi qaranlıq olduğu üçün heç nə görünmürdü. Əlini sağ tərəfə uzadıb enli xəzi üstünə sərdi.
-Bu nə gözəl, nə əvəzsiz rahatlıqdır...- deyə mızıldandı. Bütün bədənini ram edən yuxudan o qədər sərməst olmuşdu ki, üzündə xoşbəxtliyin, rahatlığın nuru peyda olmuşdu. Bu nur, şəffaf şüşə kimi parıldayırdı.Naməlum bir səsdən hər şey qəfil dağıldı.
-Bu nədir, nə baş verir?! – qaşqabağını töküb yatdığı yerdən qəzəblə dikəldi. Səs kəsmirdi. Dözməyib çadırdan çölə çıxdı. Az öncə qaranlıq olmasına baxmayaraq, ətraf sübhün tutqun işığına bürünmüşdü.
Qarşısında orta yaşlı, ağbəniz, üzü azacıq qırışmış, bəstəboylu, gümüşü saçlı bir kişi dayanmışdı. Bu kişi əynindəki uzun, qara paltonun ətəyinə yapışmış qar dənələrini çırpa-çırpa ona baxıb ikrahla deyinirdi. “Mən də heyrətə gəlmişdim.” Paltosuna yapışmış qar dənələrini təmizlədikdən sonra qəhvəyi rəngli kaşmir şərfini boynundan çıxardı. Şərfi səliqə ilə qatlayaraq Fidayın üzünə baxmadan lağ-lağıyla dilləndi:
-Nədir, rahatçılığını pozdum?
-Sən hardan çıxdın?!- deyə Fiday qaşlarını çatdı.
-Heç, üzündəki cizgilərin eybəcərliyindən xəbərin var?
-Nə var ki üzümdə?
-İndiyə qədər hiss eləmədiyin, görmədiyin hal. Buna o tərəfdə qəzəb deyirlər. Doğrudan da, sən dünyaya gəlməyə hazır vəziyyətdəsən.
-Nə sarsaq-sarsaq danışırsan?Dünyaya gəlmək nədir?
-Çox nəzakətsiz adamsan. Kaş, orda da bu cür davam eləməyəsən. Elə bilirsən, o dünyada burdakı kimi, hər gün eyni rahatlıqla, eyni həzlə yaşayacaqsan?- deyə üşüyən əllərini nəfəsi ilə isitməyə çalışan kişi gözlərində uçuşan şən təbəssümlə soruşdu:
-Hər şeydən, hər kəsdən uzaq bayaqkı rahatlığın yadındadır?
-Hə, yadımdadır.
-Bax, o, sənin dünyaya gəlmədən yaşadığın əvvəlindi. Sən kiçik boy, daha çəlimsiz gövdəylə doğulanda bu həyatından ayrı düşdüyün üçün şikayətlə ağlayacaqsan. - Son sözünü Fidayı ələ salırmış kimi dedi. - O göz yaşlarının səbəbi, belə bir rahatlıqdan qopmağın olacaq. Fəqərələrin, sümüklərin dartıldıqca sən hal-hazırkı (əli ilə onun boyuna işarə verdi) boyuna yetişəcəksən. Zaman keçdikcə sənə necə yarandığını izah eləyəcəklər, amma sənin əvvəllər harada olduğunu deməyə heç kimin gücü çatmayacaq. Sənin dünyaya gəlməyində rolu olan iki doğman... Onlar səni yedirib-içirib, geyindirib, özlərinə öyrədib, gözlənilmədən yoxa çıxacaqlar. Əvvəlcə yumşaq, tor basmış, sonra da dərisi codlaşmış ovuclarının içində itirdiyin o kəslərin istisini hiss eləyəcəksən. Təbii ki, bu, hamıda belə olmur, amma səndə lap elə bu cür olacaq. Sevdiklərinlə dolu geri dönüşü olmayan keçmişin, səni laaaap (bu sözü xüsusən uzatdı) qoyun kimi mələdəcək! Ha, ha, ha... Bu cür kövrəklik hamıda olmur, soyuqqanlı adamlar çoxdur. Ölənin, yox olanın geri qaytarılması mümkün olmayan bəh-bəhsiz dünya səni gözləyir. Hələ çox şey var e, məncə, bu qədəri bəsdi. Bax, belə. Gəldim ki, bir azdan doğulacağını sənə çatdırım. Mənim də işim bundan ibarətdir: sənin kimilərinə doğulacağını xəbər vermək, bir də o tərəfə sancı ötürmək.
-Nə, yəni mən bu xoşbəxt həyatımdan ayrılıram? - kədərlə dodaqlarını büzən Fiday soruşdu.
-Əlbəttə!- kişi təsvirolunmaz əminliklə dedi və əlini paltosunun döş cibinə salıb kiçik, yazılı bir kağız parçası çıxardı və ona doğru uzatdı: - Götür, burda səni nə gözlədiyini qısa şəkildə izah eləyiblər. Biləsən, insanın yaratdığı heç bir şey öz rəngini özü seçə bilmədiyi kimi, Allahın yaratdığı insan da öz taleyini özü yaza bilməz! Nə eləsən də, bu kağızda yazılandan kənara çıxa bilməzsən. Götür, götür, mən tələsirəm! O tərəfi qışqırıq götürdü, tələs.. Get, göbəyini kəssinlər. Ha, ha, ha... Axı, insanlar analarından iki dəfə qopurlar – doğulanda, bir də anaları öləndə!
Tərəddüdlə kişiyə yaxınlaşdı, kağızı alıb orda yazılanları aydın səslə oxumağa başladı:
“Ağ vərəq üstünə həyat çəkdilər, qarası-qurası üstünə düşdü”. Qorxu dolu gözlərini kağızdan ayıranda kişinin bu sözləri deyə-deyə, şən və qarşısıalınmaz qəhqəhələrlə uzaqlaşdığını gördü:
- Qorxma, balaca oğlan, mən sənin böyüməyini də görəcəm, buna əmin ol! – Kağızı yenidən oxumaq istədi, amma bu dəfə ora başqa sözlər yazılmışdı: “Qaranlıq səmada qorxu ilə qanad çırpan o quşun, sübhdən başqa çarəsi yoxdur.”
Çadır da, meşə də qeyb oldu. Amma kağız əlində idi. Özündən xəbərsiz, pıçıltı ilə kağızda yazılan sonuncu cümləni təkrarladığı vaxt bu naməlum kişinin, illər əvvəl oxuduğu məktəbdə qarovulçuluq edən, tənəffüs vaxtları çatanda zəngi basan, şən bir qoca kimi bütün şagirdlərin və valideynlərin sevgisini qazanmış mərhum Zakir dayı olduğunu xatırladı. Üzündə kədərli təbəssüm yarandı. Elə bu vaxt Zakir dayının verdiyi kağız parçası da qeyb oldu. Yatdığı yerdən dik atıldı. Boş ovuclarına baxdı. Titrək səslə bir neçə dəfə təkrarlamağa başladı:
-O quşun sübhdən başqa çarəsi yoxdur. O quşun sübhdən başqa çarəsi yoxdur...Bəs, birinci cümlə necəydi?! – deyə tələsik ağlından keçirdi.
Çarpayısına bitişik çəkməcədən tələsik kağız-qələm götürdü. Nə qədər istəsə də birinci cümləni xatırlayıb, vərəqə köçürə bilmədi. Zakir dayının şirin zarafatlarını, məktəbdəki bütün uşaqlara göstərdiyi qayğını, səsini xatırlayanda içini çəkdi, əlləri ilə dizlərini qucaqlayıb, kövrək səslə pıçıldadı:
-Zakir dayı, nə olar zəngi vur!
Qəflətən dəhlizin işığı yandı, bir neçə saniyə sonra azan səsi, ardınca isə divarın o biri üzündən yaşlı Marinanın sevinc səsləri eşidildi:
-Axx, Boje... Mənim gözəl qızım dünyaya uşaqlar gətirdi. Niyə sən məni oyatmadın, qızım? Axxx,mənim nəvələrim, mənim pişiklərim... Slava Boqu...