Bu gün istedadlı yazar Sadıq Qarayevin doğum günüdür. Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktoru, dosentdir, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvüdür, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı laureatıdır.
“Ədəbiyyat və incəsənət” portalı doğum günü münasibətilə Sadığı təbrik edir, oxuculara isə onun yeni hekayəsini təqdim edir.
Dan yeri sökülən kimi qoruqçu Vəliş kişi oyanacaq, əvvəlcə diqqətlə ətrafdan gələn səslərə qulaq asacaqdı. Daha sonra, qara atını minib sahənin ətrafını dolanacaqdı. Qurban bunları dəqiq öyrənmişdi. Vaxtında özünü hadisə yerinə yetirməli idi. Ancaq yerindən qalxa bilmirdi. Dünən bütün günü və gecəyarıya qədər yonca sahəsini suvarmış, çox yorulmuşdu. Amma əlacı nə idi. Qalxmalıydı.
Səma buludsuz idi. Qurban ulduzlara baxa-baxa yola çıxdı. Ona elə gəlirdi ki, ulduzlar göz vurub, gülümsəyirlər, onun hara getdiyini bilirlər. Qurbanın bu cür getməkdən xoşu gəlirdi. Alabaş da qabaqda gedirdi. Sahibinin hara getdiyini o da ulduzlar kimi bilirdi. Amma nə qədər etmişdisə, sahibini saxlaya bilməmişdi.
Getdilər, getdilər, gəlib üzüm bağlarına çatdılar. Bol meyvəli tənəklər sanki adama gəl-gəl deyirdi. Cəld cərgələrin arasına girib Qurban yetişmiş üzümləri salxımlarından qopardı, vedrələrini doldurmağa başladı. İşi az sonra tam yekunlaşdırdı, ağzına kimi dolmuş iki pudluq dəmir vedrələrindən yapışıb sürətlə bağdan çıxmağa başladı və cərgənin sonuna gəlib çatdı. Ehtiyatla yan-yörəsinə, Vəliş kişinin çardağına tərəf baxıb, qara atın orda olduğunu görüb, kişinin hələ sahəyə enmədiyinə əmin olduqdan sonra cərgədən çıxdı və iri addımlarla, tez-tez evlərinə tərəf getməyə başladı. Vedrələr çox ağır idi, nazik qulpları əllərini kəsirdi. Çox tələsirdi. Aparıb boşaldıb yenə qayıtmaq lazım idi. Çünki, bu iki vedrə üzüm onun nəzərdə tutduğu iş üçün az idi.
...İkinci dəfə bağa girdi. Salxımları tez-tez qoparır, ara-sıra gilələrin ən iri və ən şirəlilərini ağzına da atırdı. Qənd kimi şirin idilər gilələr. Nəhayət, vedrələrini ağzına kimi doldurdu. Sürətlə, hündür otları yara-yara bağdan çıxmağa başladı. Axırıncı cərgənin sonuna az qalırdı, artıq taqətdən düşmüşdü, çox yorulmuşdu və vedrələrin qulpları əllərini doğram-doğram eləmişdi.
Alabaş hürüb irəli atıldı. Qurban başını qaldıranda, cərgənin sonunda qara atın sürətlə ona tərəf gəldiyini gördü… An keçmədi ki, qamçı açılmasının müdhiş səsi havanı yardı, ancaq Qurban cəld tərpənib vedrələrini də ardınca sürüyərək götürüldüyündən qamçı onu tam tutmadı, yalnız ucu dəydi. Bununla belə, belində nazik, yandırıcı ağrı hiss etdi.
-Sənə deyirəm, dayan! Onsuz da qaça bilməyəcəksən, kopoğlu!
Vəliş kişi bağırdı.
Qara at yüz metirlik cərgəni sürətlə başa kimi qaçır, Vəliş onu çöndərib yenidən, yeni cərgəyə salırdı. At çatana qədər Qurban məftillərin arasından iki cərgə o tərəfə keçə bilirdi. Ancaq arada bir dəfə qamçı böyründən elə bərk dəydi ki, Qurbanın canını aldı.
(Onun yerinin göyərtisi iki ay Qurbanın bədənində qalacaqdı. Qəribədir ki, həmən bu Vəliş kişinin özünü də sonralar üzümləri yığılmamış bağa girmiş quzularını qamçıladığı uşaqlar daşlayıb, bir böyrəyini zədələyəcəkdilər. Elə Vəliş kişi bu zədədən dünyasını dəyişəcəkdi).
Vəliş kişi Qurbanı tanımışdı və inadından əl çəkmirdi. Elə bil, doğulanda göbəyi üzüm bağlarına atılmış, Sovet əmlakını qorumağa beşikdə and içmiş Vəliş kişi get-gedə lap coşurdu.
Vedrələri orda qoyub qaçmaq Qurbanın heç ağlına da gəlmirdi, üzümləri mütləq aparmalı idi. Həmin vaxt Qurbanın anası yəqin namaz üstündə idi, biçarə üzüm oğrusu güc-bəla ilə Vəliş kişidən yaxasını qurtara bildi.
(O hadisədən təxminən on gün sonra Vəliş kişinin ətrafı və örtüyü quru qamışdan, “döşəməsi” taxta parçalarından olan “iki mərtəbəli” çardağı günün günorta çağı yandı. Evlərindən günorta yeməyindən qayıdarkən kişi çardağının yalnız beton dirəklərinin salamat qalmasına şahid oldu.
Sovetlər dağılan kimi nə hökümətin, nə də kimsənin mülkiyyəti olmayan üzüm bağları sahibsiz qaldı. Yerli iqlimə illərlə uyğunlaşmış, yüksək şəkərliyi, xüsusi ləziz qoxusu ilə seçilən, məhsullarının keyfiyyətinin dünyada rəqabəti olmayan, qiymətli gülabı, rakaselin, ağadayı, kişmişi, əsgəri, hənəqırna, misqalı, keçiməməsi kimi üzüm sortlarının tənəklərini camaat dibindən kəsib apardılar, Vəliş kişinin çardağı kimi yandırdılar. O camaat ki, bir vaxtlar sovxozçu qismində özləri bu bağları salmış, yayın istisində, qışın soyuğunda ailəlikcə min bir zəhmətlə becərmişdilər, bu bağların hesabına maaş almış, ev-eşik düzəltmiş, məhsul vaxtı külli miqdarda mükafatlar almışdılar, oğul-uşaq böyüdüb, oxudub evləndirmişlər, indi bütün bunları məhv etdilər. Üzüm tənəkləri bu xəyanəti də bütün digər bitkilər kimi insana bağışladılar. Yenidən pöhrələdilər. Lakin insanlar fikirlərində, onları məhv etmək qərarında qəti idilər. Elə bilirdilər ki, onları məhv etsələr, yerindən qızıl parıldayıb ucalacaq. Və başladılar qoşqulu traktor salıb, bu yerləri şumlamağa, tənəklərin yerin altında qalan gövdələrini də köklü halda çıxardıb apardılar. Vəliş kişi xoşbəxt idi ki, çardağının yandığını görsə də, bu günləri görməmişdi, dünyadan köçmüşdü).
***
Gün xeyli yuxarı qalxmış, isti düşmüşdü. Əli indi yuxudan oyanırdı. Anasının səsi gəldi:
-Ana qurban, gün günortadı, adam bu qədər yatar? Dur gəl aşağı.
Əli yerindən qalxıb ikinci mərtəbədən aşağı düşdü, süfrə başına keçdi. Bakıda oxuyandan evlərinin dadlı səhər naharı üçün yaman tamarzı qalmışdı.
Axşamdan sağılmış inək südünün qaymağı ilə şirin çay içdi. Keçi pendiri ilə kişmişi üzümdən yeyə-yeyə anasından soruşdu:
-Qurban hanı, gözümə dəymir?
Ananın üzü qayğılı ifadə aldı. Bir az düşünüb dedi:
-Həyətdədir, sən çörəyini ye, gələr indi.
Əli ayağa qalxdı. Həyətə çıxıb, yan-yörəyə baxdı, Qurbanı görmədi. Evin qırağında təndirəsər deyilən yerdən tüstü çıxdığını gördü və ora getdi. Qurbanı əcaib halda görüb təəccüblə soruşdu:
-Ə sən nə iş görürüsən, üst-başın palçıq, üz-gözün hisin-pasın içindədir?
Qurban ona baxıb, gülmsədi.
(Nədənsə Qurbanın bu andakı gülümsəyən iri qara gözlərindəki və simasındakı doğmalıq, qayğılı ifadə və burada edilən söhbət həmişəlik Əlinin göz və səs yaddaşında qalacaqdı).
-Söz soruşmuram?
Əli yenə acıqla sual etdi.
-Bəhməz düzəldirəm. Sən get, üst-başına hiss qonacaq, mən də bir azdan gəlirəm. Üç-dörd gündən sonra Bakıya gedəcəksən, yenə dərslərin başlaycaq, get dincəl.
Qurban qayğılı halda qardaşına bunları dedi, işinə davam etdi.
Əli yaxınlaşıb, onun düzəltdiyi qəribə cihaza baxmağa başladı.
-Ə, bu nədir, düzəltmisən? Sən lap kimyagərsən ki. Bunun işləklərinə bir bax e. Laboratoriyadır elə bil.
Qurban gülümsəyib, barmağını cihazına tuşlayaraq onun funksiyalarını izah etməyə başladı. Əli də gülümsəyib dedi:
-Ey kimyagər, heç bilirsən Vitis sylvestris nə deməkdir?
Qurban başını qaşıdı:
-Hardan bilim, nədir? De bilim.
Əli cəld öz sualını özü cavablandırdı:
-Latınca üzümün beynəlxalq adıdır. Vitis sylvestris deyəndə sən də, zənci də, monqol da söhbətin üzümdən getdiyini başa düşür. Bax bu, başına hoqqa açdığın üzümdən.
Qurban qəh-qəhə çəkib güldü. Sonra dedi:
-Qaqaş, sənin işin-gücün yoxdur? Niyə gedib dincəlmirsən, həyəti gəzib, öz əlinlə meyvələrdən yığıb yemirsən?
Əli ona mənalı-mənalı baxdı, sonra yaxınlaşıb cihazın “xortumundan” süzülən mayedən ovcuna yığdı, qoxuladı. Üz-gözünü turşudub hirslə dedi:
-Ə bu ki, spirtdir? Nə bəhməz? Sənin nə vaxt dilinə düz söz gələcək? Bu il məktəbi bitirdin, vurma cədvəlini bilmirsən! Avara-avara işlərlə məşğulsan. İndi bu spirti neyləyəcəksən? Yoxsa, araq düzədib içəcəksən?
Qardaşının söz tapa bilmədiyini görüb bir az da üstünə getdi:
-Mənə düzünü de, bu spirt sənin nəyinə lazımdı? Cavab ver, yoxsa indi vurub, aşırdacam hamısını!
Onların səsinə anaları gəldi. Əlinin qolundan tutub özünə tərəf çəkərək dedi:
-Gəl gedək. Qurban da işini qurtarıb gələr.
Əli lap əsəbləşdi:
-Nə iş? Bu adam pis işlərlə məşğuldu. Heç vaxt düz söz danışmır. Gecə yarıya qədər veyillənir, evə gəlmir. İndi də araq düzəltməyə başlayıb. Siz də fikir vermirsiz! Bunun axırı yaxşı olmayacaq!
Sözünü bitirən kimi yaxınlaşıb Qurbanın “aparatını” vurub aşırmaq istədi. Anaları onun qabağına keçdi, qolundan tutub evə tərəf çəkdi, dedi:
-Gəl, sonra danışarıq.
-Bunun işinə bax, üst-başından, üz-gözündən cin ürkür! Sonra özünüz də peşiman olcaqsız!
Əli bunları deyib acıqlı halda oradan uzaqlaşdı.
...Həmin gün axşamçağı Qurban evdə yenə danlandı. Bu dəfə anası tərəfindən:
-İnəkləri axşam hörükdən açıb gətirəndə niyə yoncalığın qırağında yaxşıca otarmırsan, südləri azalıb?
O da həmişəki kimi, dinmədi.
***
Üç yoldaş idilər. Hərəsi bir tərəfdə saqqız kollarının daşlı, çınqıllı diblərini əvvəl külünglə, ardınca isə ucu döyülərək sivriləşmiş mıxla qazırdılar. Sonra boyları bir metrə çatan, açıq kül rəngli, yarpaqları və zoğları xırda tükcüklərlə örtülmüş sarı çiçəkli saqqız kollarının yerin altında qalan, diametri üç-beş santimetr olan, qara rəngli əsas kökünü iti bıçaqla kəsirdilər. Bu zaman ağ rəngli, südəbənzər, nisbətən qatı maye çıxırdı. Kəsilmiş kolu qazılmış yuvaya qoyurdular ki, üstünə gün düşməsin. Çünki, gün düşəndə kol az “süd” verirdi. Bir az sonra bıçaqla həmin qatılaşmış “südü” sıyırıb parçın içinə tökürdülər. Saqqız kolunun kökünü bir az aşağıdan yenidən kəsirdilər, hər dəfə yenidən kəsdikcə, çıxan “süd” azalırdı. Parça yığılan süd daha da qatılaşır, bərkiyir, açıq şabalıdı rəng alırdı. Bu da olurdu təbii saqqız.
Dostları Qurbanı səslədi:
-Gəl çıx görək, səni gözlüyürük. Neyliyəcəksən o qədər saqqızı? Satacaqsan? Gəl görək, gətirdiyini də çıxart qoy ortaya.
(Dağ saqqızını doğrudan da satırdılar. Bir parçdan əlliyə yaxın çeynəm çıxırdı. Rayon mərkəzində çeynəmini 40-50 qəpikdən satmaq olurdu.)
Qurban işini bitirib könülsüz halda yoldaşlarına yaxınlaşdı. Torbasını açdı, pendir, pomidor ortaya qoydu. Sonra isə Yemişanın kögəsində arxası üstə uzanıb dedi:
-Siz yeyin, mən bir az yatım. Yuxum gəlir.
***
Əli getməyə hazırlaşırdı. Yaxşı ütülənmiş qara şalvar, ağ köynək geyinmişdi, nənəsi, atası, anası və bacısı ilə də görüşdükdən sonra anasının onun üçün hazırladığı sovqat dolu iri çantasını əlinə alıb gülərək dedi:
-Yaxşı, bu mürəbbə, pendir, üzüm kimi yeyəcəkləri çantaya yığmısız ki ağır gəlsin? Hələ anamdan olsa idi kortof, soğan da qoyardı. Bəs pul? Bakıda çörəyi pendir verib alacam, ya mürrəbə verib metroya minəcəm?
Hamısı onun bu sözünə gülüşdülər. Anası nigaran halda yenə kimisə gözləyirmiş kimi pəncərədən yola boylandı, oğluna yaxınlaşıdı, əlindəki az midarda pulu ona uzadıb dedi:
-Anan ölsün, atan ehtiyacımız var idi deyə ərizə yazıb maaşı vaxtından tez aldı, xərclədik. Götür bunu, birtəhər ötüş, gələn maaşda göndərərik.
Nənəsi sözə qarışdı:
-Sizin nə vaxt ehtiyacınız olmayıb ki… Bu uşağa pul saxlamadız. İndi orda tələbə yoldaşları pul çıxardanda bu neyləyəcək?
Atası saata, sonra isə Əliyə baxıb gülümsəyərək uşaq vaxtı səvələdiyi kimi dedi:
-Kopolu kişisən. Bax gör sənədlərin yerindəsə gedək, səni yola salım, qatara gecikərsən birdən.
Əli gülümsədi:
-O mərifətsiz yalançıdan muğayat olun, qoymayın evə gec gəlsin, avara işlərlə məğul olsun. İndi Allah bilir, hardadır, bizi də aldadıb ki, dağa gedirəm…
Əli ilə atası getdilər. Nənə də çıxdı həyətə. On dəqiqə keçdi. Qurban qaranəfəs içəri girdi. Tez əlindəki hazır saxladığı pulu anasına uzatdı. Bacısı heç anasının əlinə pulun dəyməyinə macal vermədi, cəld əskinasları qamarlayıb Əligilin arxasınca qaçdı…
Ana xeyli Qurbanın üzünə baxıb soruşdu:
-Niyə gec gəldin?
Qurban zornan gülümsəyib dedi:
-Bazara saqqızla bərabər pendir də aparmışdım.
Anasının gözləri yaşardı, özünü ağlamaqdan güclə saxlayıb dedi:
-Neçə gündür inəkləri də çöldə sağıb, xəstə pişik balalarını yedizdirirsən, elə bilirsən xəbərim yoxdur…
Hər ikisi susdu. Ana pəncərədən yola baxaraq yavaş səslə dedi:
-Vəsiyyət edirəm ki, mən öləndə, harada olsan da səni gözləsinlər. Sənin çiyinlərində qəbirə getmək istəyirəm.
***
Bir aydan çox idi ki Əli onu görmək istəyirdi. Görə bilmirdi. Nəhayət gördü. Yonca sahəsinə gedən kiçik arxın kənarında durmuşdu. Yanında sarımtıl iki pişik balası var idi. Günəş üfüqdəydı, batana yaxın qırmızımtıl sarı rəngə boyanmışdı, həm də iri idi. Arxın içindən dum-duru su axırdı. Arxın qıraqlarından sallanan, keçən ildən qalan saralmış çayır otunun nazik yarpaqlarını axar su aparırmış kimi üzərində üzdürürdü. Hər tərəf yaşıl çəmənlik, əkin sahələri və topa-topa bitmiş ağaclardan ibarət idi.
O, qonur qırmızımtıl rəngli köynəkdəydi, gənc yaşına xas simasında gözəllik var idi, kefi kök, təbəssümlə dayanmışdı. Amma qayğısı da üz-gözünə hopmuşdu.
Deyirdi ki, neynirdin dəfnə bu qədər xərc çəkirdin, öz rahatlığına xərcləyəydin də pulunu.