“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla güneydə çox tanınan Çalğın Məhəmmədin şeirini təqdim edir. Şeir mərhum Qənirə Paşayevaya ithaf olunub. Və sadəcə, oxuduqca insanın damarlarında qanı donur.
QƏNİRƏ
Qənirə!
Eşidirsənmi?
Ey mənim şəhid sevgilim!
Sənə Təbrizdən yazıram
Bu dilsiz şəhərdən
Bu əsir şəhərdən.
Qənirə!
On üç aydır burdayam
On üç aydır zindan çəkirəm öz otağımda
On üç aydır şeirlərimlə danışıram axşamlar
On üç aydır səni yalnız yuxularımda görürəm
Və on üç aydır sənin gözlərinə həsrətəm.
Qənirə!
Ey mənim şəhid sevgilim
Qulağın məndədirmi?
Əynimdəki paltarların hər yeri ağrıyır
Mənə hədiyyə verdiyin köynək ağlayır
Ağ şəhərdə qoluma bağladığın saata baxıram – zaman küsübdür.
İçəri şəhərdə boynuma asdığın qızıl medalla danışıram – yuxularımda.
Otağımın divarlarında bir şəkilin var
Səni o şəkildən endirib
Təbrizin küçələrində gəzdirirəm.
Axşam, səni otağa qaytarıb
Təkrar divardan asıram.
Qənirə!
Ey Turanın mələkəsi
Qənirə!
Ey Tovuzun avanqard gözəli
Sən baxanda,
Günəş utandığından üzünə yaşmaq vurardı
Sən yeriyəndə,
Ayaq izlərindən su içərdilər kəkliklər
Qənirə!
Sənin yanaqlarından sonra
Nə üz ilə bitəcəklər lalələr?
Sənin gözlərindən sonra
Nə təhər qıylaşacaqlar badamlar?
Qənirə!
Ey mənim şəhid sevgilim
Səni sevməyənlər,
Badə qaldırırlar Fəxri Xiyabanında ölümün sağlığına.
Səni sevməyənlər,
Qara köynək geydirdilər şeirimə
Bunlar kimdirlər?
Düşüncəni şəhid edirlər.
Bunlar kimdirlər?
Şeirin əyninə qara köynək geydirirlər.
Qənirə!
Səni sevməyənlər...
Səni sevməyənlərə ölüm olsun Qənirə.
Qənirə!
Ey uca boylum
Ey Kə`bə gözlüm
Sənin gözlərinə and olsun
Tovuzun yaylağında
Saçların küləyi ötərdi.
Tovuzun dağlarında
Duman sənin ayaqlarından öpərdi.
Səni ayaqdan saldılar.
Bunlar kimdirlər?
Qumrunun səsin kəsdilər.
Bunlar kimdirlər?
Hardasan Babək?
Bilirəm qolların yoxdur
Gözlərini aç
Burada
Daş, daşı yeyir
Qardaş, qardaşı...
Qənirə!
Ey ədəbin sultanı
Mədəniyyət səndən doğuldu
Sən dünyanın ən qiymətli mumiyası idin – oğurlandın.
Sən şeir idin
Biz küçələrdə “Şeir kimdir?” axtarırdıq.
Pərdəni aç, anam qurban
İşıq düşsün.
Mən bilirəm
Yusifi quyuya kim saldı.
Yunus dənizdə kimin güdazına getdi – bilirəm.
Mən bilirəm
Hüseynin başını kim kəsdi.
Səni kim öldürdü Qənirə - onu da bilirəm.
Qənirə!
Ey şeirin padişahı
Hər zaman uzun bir şeir yazdım
“Bu şeiri Qənirənin uca boyundan oğurlayıbsan” – dedilər.
Hər zaman sətirlər süzdülər şeirimdə
“Bu şeiri də Qənirənin yerişindən oğurlayıbsan” – dedilər.
Hər zaman kəlmələr təbəssüm açdılar şeirimdə
“Bunu da Qənirənin gülüşündən oğurlayıbsan” – dedilər.
Dillərə düşməyəsən deyə -
Adını, ətrini, səsini gizlətdim şeirlərimdə
Tapdılar Qənirə
Adının da, ətrini də, səsini də
Tapdılar şeirlərimdə.
Qənirə!
İstədim “Səni sevdiyimi” otağımın divarlarına yazım
Əmniyyət qüvvələri evimi müsadirə etdilər.
İstədim adını şeirlərimdə gətirim
Kitablarım yasaq oldular məhkəmə tərəfindən
İstədim səninlə bi stəkan çay içim Tarqovidə
“Ajda”-nı yığışdırdılar.
İstədim səninlə danışam beş dəqiqə sahildə
Sözlərimi külək apardı.
Qənirə!
Sən yoxkən!
Təkrar səni sevdim
Bağışlayarsan
Kirpiklərimin arasına mina basdırıblar Qənirə
İndi sənə ağlaya bilmirəm
Halal edərsən.
Qənirə!
Ey Tovuzun qu quşu
Gözün arxada qalmasın
Sən Qənirə idin
Və Qənirə də qalacaqsan...
Səni sevəcəyəm
Bu gün də,
Sabah da,
Birisi gün də...
Səni sevəcəyəm
Nə qədər bu dəniz yerindədir
Və nəqədər bu hava vardır.
Qənirə!
Ey mənim şəhid sevgilim
Bağışla məni
Sən, mənim şeirlərimdə oxunarkən nəzərə gəldin
Və mən, adının üstümdə olduğu üçün zindana düşdüm.
Səndən sonra
Şeirin ləzzəti uçar...
Məndən sonra
Qadınların tərəfində kim duracaqdır?
Bakı, ayılanda biləcəkdir
Əlləri kimin qanına batdı
Və Təbriz, biləndə ayılacaqdır
Kimi öz evində zindana saldı...
Yatmışdım
Yuxumda bir tünbətün gördüm
Bəzi ölülər yuxuda uğursuz olarlar.
Sonra bir uca boy qız gördüm
Bir ağ xalat
Bir sarı çiçək
Doktor qıza elektrik şoku yükləyirdi
Dozanı qaldır
100 jul,
Dozanı qaldır
200 jul
Dozanı qaldır
360 jul
Dozanı...
Doktor əllərindki əlcəkləri çıxartdı
Tibb bacısı dərindən bir ah çəkdi
Monitordakı Tovuzun yaşıl dağları
Bakının şoran düzlərinə çevrildilər
Yuxudan dik atıldım.
Ürəyimdən gəlmirdi deyəm
Bu şeir Qənirədə ölmüşdür
Və Qənirə
Bu şeirin başlanışında vəfat etmişdir...
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)