Qabaqcıl təcrübələrə örnək olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsi çərçivəsində Seyfəddin Dağlının təkrarən nəşr olunan “Gəcil qapısı” romanının təqdimatı keçirilib.
Tədbirdə ilk öncə əsər haqqında geniş məlumat verilib.
Kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın tanınmış yazıçısı, görkəmli publisist, ictimai xadim Seyfəddin Dağlının zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardan biri olduğunu söyləyib. Onun ədəbi irsinin çox zəngin olduğunu vurğulayaraq, yazıçının keşməkeşli ömrünü xalqının, dövlətinin maariflənməsinə həsr etdiyini, öz peşəkar, kəskin qələmi ilə dövrünün çatışmamazlıqlarını, haqsızlığını, qanunsuzluğunu əsərlərində açıq şəkildə ifadə etdiyini bildirib. Seyfəddin Dağlının yaradıcılığında Cənubi Azərbaycan mövzusunun xüsusi yer tutduğunu və yazıçının bu əhəmiyyətli və eyni zamanda mürəkkəb mövzuya həmişə xüsusi həssaslıq ilə yanaşdığını, neçə-neçə hekayəsinin, romanının məhz bu mövzuda olduğunu bildirib.
Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri Qəmər Bağırova atası Seyfəddin Dağlının çoxşaxəli yaradıcılığından söhbət açaraq, dramaturqun yaratdığı obrazları, bədii qəhrəmanları həyatdan, xalqın içərisindən götürdüyünü və bu obrazların hər birinin yüksək peşəkar bədii təxəyyül ilə canlandırıldığını söyləyib. Təqdimatı keçirilən “Gəcil qapısı” romanının Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına həsr edildiyini və kitabda Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların mürəkkəb taleyi, çətin güzəranı və mübarizə yollarından bəhs edildiyini bildirib.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi İlqar Əlfioğlu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri İbrahim Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Məlikzadə Xanımbacı, Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Həcər Rəsulova və başqaları çıxış edərək Seyfəddin Dağlının həyat və yaradıcılığından danışıb, təqdimatı keçirilən əsərin məziyyətlərindən söhbət açıblar.
Təqdimat mərasimində kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sözün hikmətinə dəyər verən sənətkar-Seyfəddin Dağlı” adlı videomaterial nümayiş olunub.
Tədbirin sonunda Qəmər Bağırova “Gəcil qapısı” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)