“Ədəbiyyat və incəsənət” portalı Züleyxa Nadirin şair Əkbər Qoşalı ilə müsahibəsini diqqətinizə çatdırır.
50 yaş ömür payızının başlanğıcıdır. İlk orta yaş addımının atıldığı, yorğunluğun, usanmağın, tərləmə və istibasmaların, oturduğun yerdə mürgüləmələrin, amma yatağa girərkən yuxuların qaçdığının başlanğıc nöqtəsidir 50. 50 çox önəmli və sərt bir küncdü, döngədi, təyyarənin üfiqi istiqamətdə hərəkətidi. 50 yaş kədərdi, sevincdi, hissiyyatdı, duyğudu, möcüzədi, lirikadı, hikmətdi, mistikadı. 50 ömrün naxışı, keçmişin xatirəsi, bu günün nuru, sabahın işığıdı...
Əgər ömrü bir kölgəyə bənzətsək, 50 onun cizgiləri, kölgənin xəttidir. 50 kölgə xəttini keçməyin təbii yolunu tapmaq uğrunda savaşaraq məğlub olmaqdır. O xəttdən çıxmaq kölgəni tutmağa bərabərdir. Nə xəttdən çıxa bilərsən, nə də kölgəni tuta bilərsən. Mümkün deyil. 50 yaş nəyisə hiss etmək, qavramaq, duymaqdır...
Hər yaş önəmlidi, amma 50 çox mühümdü, öz fərqliliyi var. 50 bəziləri üçün qaçmaq, nəfəs-nəfəsə gəlməkdir, bəziləri üçünsə yerində saymaqdır . 50 nəyinsə ovuclarının içindən düşüb itməsinə anlayaraq əsəbləşmək, qəzəblənmək, üzülmək, bir az da qorxmaqdır. 50 həyəcandır, ayaqlarını yerdən kəsib uçmaqdır, kölgənin xəttini aşmaqdır bəzən. İşinə, çevrənə, keçmişinə, özünə qəzəblənməkdir 50...
50 yaşlanmamağa, və ya yaşlanmaqdan qorxmağa deyil, formada qalmağa üstünlük verən, onu əldə etməyə çalışan, rahatlığa, keyfə köklənən bir yaşdır. 50 xoşbəxt bir yaşlı olmağa cəhd etməkdir. 50 ömrün yarısı sayılan bir zaman kəsiyinin döyünən ürəyidir...
Bütün bu parametrlərin daşıyıcısı nasir, publisist, şair Əkbər Qoşalının 50 illik yubileyində iştirak edə bilməmişdim və bundan dolayı özümü suçlu sayırdım. Mən də bir az düşünüb-daşındım, belə qərara gəldim ki, "günahımı yumaq" üçün eloğlumla söhbət edib müsahibə hazırlayım. O da sağ olsun razılaşdı və standartdan kənar, ordan-burdan, pərakəndə, ütüsüz, sığalsız verdiyim 50 suala çox gözəl, çox rahat, çox düzümlü cavablar verdi...
"Mən Allahın adaşıyam" deyən Əkbər bəyin 50 suala verdiyi 50 cavabdan ibarət müsahibəni onu sevənlərə, onu bəyənib qəbul edənlərə təqim edirəm...
- Əkbər Qoşalı kimdi?
- Yazdıqları ilə yalnız özünü deyil, yaddaş qatlarını formalaşdıran etno hadisələri də ifadə edən (ən azı buna çalışan) yazar. Əgər yalnız bir cümləlik ifadə uyğun görülsə və o ifadədə yazarlıq varsa, deməli, cavab verənin kimliyi ilk növbədə bu əməli çalışma sahəsində təcalla edir. Zatən yazar kimliyi insanın digər özəlliklərini, xarakterini "ələ verir", tanıdır...
-"Əkbər" sözü adətən Allahla qoşa çəkilir: Allahu Əkbər. Yəni ki, Allah vəsfə gələcək hər şeydən böyükdür, ucadır, uludur. Adınızda daşıdığınız bu böyüklük taleyinizə də hopubmu?
- Bu sualın cavabı ciddi məsuliyyət tələb edir. Mən dindar deyiləm, amma Tanrısız da deyiləm, təbii. Olsun ki, mənsub sayıldığım dinin rituallarını gərəyincə yerinə yetirmirəm, bununla belə, mənsub olduğum ulusun İslamöncəsindən bəri daşıdığı dəyərlərə biganə deyiləm. Həm də işin içinə aramaq, axtarmaq, öyrənmək və öyrətmək sevdası daxildir...
İllər öncə yazmışdım:
Nə kafirəm, nə də pirəm,
Nə ikiyəm, nə də birəm;
Mən Allahın adaşıyam,
Mən Ona yoldaş deyiləm...
-Hər kəsin bir missiyası var. Özünüzü hansı missiyanın sahibi sayırsınız və o missiyanı yerinə yetirmisinizmi?
- Özümü ideyalı ədəbiyyatın nümayəndəsi sayıram, bunu yalnız özüm deyil, bir çox dəyərli aydınımız da belə yaraşdırır, belə görür. Deməli, bu sayğınlığın, yaraşdırmanın haqqını vermə əzmindən, iradəsindən farağat etməməliyəm...
-Nə zamansa "axxx... ürəyimi boşaltdım" demisinizmi?
- Olub, əlbəttə, olub. Kinli insan deyiləm, lakin sayğısızlara da həmişəlik dözüm lüksüm yoxdur. Sualın ikinci yozumu ürəyini, ürək dərdini açmağa kiminsə olması ilə bağlıdır. Rəhmətlik Qabil deyirdi ki, "Gedən yerim olaydı"... Ürək daşıdıqlarından deşilmə həddinə çatıbsa, həmdərdin, anlayanın, dərdləşib yüngülləşəcəyin və uğurlaşa biləcəyin olmadısa, batdın...
-Şairin ilhamı ruh aləmindən qidalanır, yoxsa SÖZ dünyasından?
-Bunlar təzadlı və ya diametral ayrı kateqoriyalar deyil. Məncə, SÖZ Dünyası məhz Ruh aləminə bağlıdır. Yoxsa sözün nə dadı-duzu, nə dərinlik və üfüqü olardı?..
- Şairlik qəhrəmanlıqdı, yoxsa ruhun harayıdı?
- Nə həmişə qəhrəmanlıq, nə həmişə haray deyil... Bəs (iraq olsun) yenilginin kədərini, sevdalı pıçıltıları kim yazar, kim poetikləşdirərdi?..
- Ürəyinizə ağırlıq gətirən nə olur ki, onu yalnız özünüzə etibar edirsiniz?
-Onsuz olarmı?.. Hər insanın könlündə saxladıqları vardır... Könül ağıl deyil, o birbaşqa yaddaşdır, bir ayrı hadisədir. Bəlkə son nəfəsdə, bəlkə, daha öncələr rəmzlərlə, ya bir başqa deyilişlə, şəkillənmə ilə qismən ifadə olunar. Bəlkə elə bir an yetişər könlündəki səni yola çıxarar, bir çoxunun səndən gözləmədiyi addımlara sövq edər... O nəsnə ki ağırlıqdı, qoy o, başqasına yük olmasın - mənim ağırlığım elə bir ürəklikdir... Ovqatın belə diqtə etdiyi hallar olur...
-SÖZün müqəddəsliyini qəbul edirsinizmi?
-Hər nəsnədən öncə SÖZ vardı deyiblər. Bəlkə, hər nəsnədən sonraya qalmağı bacaranları da SÖZ yaşadacaq. SÖZün kamil qəzəlini yüzillər öncə Füzuli yazıb, SÖZün hallarını yenə yüz illər öncələrdə Şah babamız Xətai vəsf edib... Onlardan öncə, onlardan sonra SÖZü ÖZ bilib yazanlar olub, daha da olacaq, yəqin. SÖZ necə deyərlər, xarakter misalidir, tale kimidir... SÖZ haqqında bütün bu deyilənlərdən sonra, "SÖZ müqəddəsdir" deməliyiksə, dərin məhəbbətlə deyək. Əgər müqəddəs olduğunu qəbul ediriksə, onda məsuliyyət ən yüksək həddə çatar. Belə olunca da, bəlkə SÖZdən qorxmaq, SÖZdən çəkinmək, yaxud az danışıb, çox iş görmək kimi formullar, yanaşmalar öncüllük qazanar. Elə deyilmi? Bax, bu məqam yetişincə, SÖZümüz çağdaş anlamda ədəbiyyat olmaz, ruhaniyyat olar, bəlkə...
-Deyirlər ki, sizin kənddə qızıl çıxarılır. Yəqin siz də bu səbəbdən qızıl kimi oğlansınız (bir təbəssüm işarəsi)...
- Etiraz etməyim, istərsinizz (təbəssüm işarəsi)...
-Şəxsi sirriniz olmamış olmaz. Olubmu ki, onu sirr olmaqdan çıxarıb kiminləsə paylaşasınız?
- Hər sirrin öz zamanı, hər zamanın öz sirri var. Əgər bir insanın saxladığı, vaqif olduğu sirr İlahi, yaxud elmi, dövləti sirr kateqoriyasında deyilsə, onu çox da qloballaşdırmamağı daha yaraşıqlı buluram. Yəni mənim sirrim mənim üçündür. Bəlkə yüzminlər üçün onun heç bir önəmi yoxdu. Bununla belə, insanın sirri olmasa, insanlıq kəm qalmış olardı...
-Bu dünyanın açılmayan sirrləri var. O sirlərdən hansınısa açmaq gücünü özünüzdə hiss edən vaxtınız olubmu?
- İddialı çıxar. Bəlkə, belə ovqat, belə hallar olur bəzən. Məncə, bu yalnız elm adamlarına deyil, bir çox yaradıcı insana da agah ola bilir. Anadoluda bir yaxşı söz var: "Aklın yolu birdir". Sirrə vaqif olmaq yalnız duyğu hadisəsi deyil, burada duyğu ilə ağıl, könüllə beyin, necə deyərlər, "vəhdəti-vücud" halında olmalıdır. Bu, yəqin ruh dərəcələndirməsi, ruhi əyardır.
Dünya qalsın dünyalığında, bizim öz dünyamızdan bir olmuş - doğrulmuş hadisəni deyim: mən 44 günlük müharibə başlamamışdan həftələr öncə "Ermənistanın Təslim Aktı"nın layihəsini hazırlamış, orada, imzalanma ili olaraq 2020-ci ili, məkan olaraq, Şuşanı göstərmişdim. Dövri mətbuatda yayınlanıb o yazı və o vaxt məni az qala sadəlöhvlükdə suçlayan, nə bilim anrı-bəri danışanlar, inanmayanlar həmin ilin oktyabrından ciddi fikir dəyişimlərinə getdi. Niqti, sözü diametral dəyişənlər gördüm və çox qəribə hisslər keçirdim... Bilirsiz, mənim təsbitlərim, bulqularım öncəgörmə deyildi, falçılıq deyildi - öz xalqına, mədəni irsinə, dövlətinə, dövlətçiliyinə inanırsansa, "haqqın incəlsə də, üzülməyəcəyinə" əminsənsə və müvafiq hadisələri diqqətlə izləyib, təhlil edirsənsə, Tanrının lütfü ilə qələm adi qaydada yazmır. Artıq özün özünü aşmış, adiliklərdən, onun-bunun sırıdığı "gerçəklik"lərdən sıyrılmış olursan. Bilməm, deyə bildimmi?
- Necə lazımdır dediniz... Sizcə, bu dünyanın dərk olunmağı insanın elminə bağlıdır, yoxsa hər şey Tanrının əlindədir?
- Tanrını unutmaq olmaz. Uğur varsa, Tanrının lütfü illa təcalla etmişdir. Uğursuzluq isə olsun ki, bəndə hesab-kitabsızlığı, toxtaqsızlığından qaynaqlanır. Bir də hər uğursuzluqda bir uğur, hər uğurda iki uğur olduğuna inanıram. Uğur bir gəldimi, bir də gələcək; uğursuzluğa tab etməyinsə ən yaxşı yolu, orada sənin hələ qiymətləndirməyin bir uğurun olduğunu qəbul etməkdir. Dini təsəvvürlərdə də keçir bu mətləblər.
-İnsan olmaq üçün bir ömür bəs edir, yoxsa bir gün, bir saat, bir an yetərlidir?
- "Həmişə insan qalmaq!" - bu haray, bu çağırış, yanılmıramsa, Çingiz Aytmatova məxsusdur.
Necə deyib şair? "Qorxuram insanlıq ölə, insan yaşaya"... İnsanlığın təntənəsi ilmüdam görünməz, vacib bir an gələr Gün işığı kimi aydınladar çevrəni. İnsanlıq həmişə vardır, amma onun ifadəsi, təcalla və təntənəsi həmişə hər kəs üçün agah olmaya bilər.
-SÖZdən toxunmuş naxış şair ruhunun məhsuludur, yoxsa zəhmətin bəhrəsidir?
-Ədəbiyyatşünasların qəbul görmüş sözü - belə bir akademik fikir var: istedad zəhmətlə cilalanır, şəkil alır və inkişaf edir. Mən də belə bilirəm.
-Dahilərdən kimsə deyib, istedad öz taleyini əldə etmək qabiliyyətidir. Bu, doğrudanmı belədi?
- Bu söz orjinalda, bəlkə, bir qədər fərqlidir - istedad bir qabiliyyətdirmi? Bu, fəlsəfi yoruma möhtacdır. "Qabiliyyət" sözünü daha çox bacarıq, işin öhdəsindən gələbilmə yetənəyi kimi alqıladığımızı düşünürəm. Tale istedadla, yaxud yalnız istedadla əldə edilə bilirmi? - Dartışmaya (mükaliməyə) açıq mövzudur. Sizin sualınızdakı cümlənin iqlimi elədir, sanki xoşbəxt taledən söz açılır. Keşkə də belə olsaydı...
-SÖZlə duelə çıxmaq, yoxsa SÖZlə oynamaq? Hansına üstünlük verirsiniz?
- SÖZlə dərdləşmək, SÖZlə uğurlaşmaq. Üstünlük bunlarda olsun...
- "Nə mutlu türküm deyənə"! Türk düşmənlərinin ruhuna saplanan bu cümlənin sevgi yükü nə qədərdi?
- Bu söz bildiyiniz kimi, bir tarixi dönəmin qapanıb, yeni dönəmin başladığı il(lər)də deyilib. Qazi Mustafa Kamal Paşa Atatürkün bu sözü, Osmanlının küllərindən doğan Türkiyə Cümhuriyyətinin quruculuğunda iştirak etmiş bütün xalqların birliyini - birgə xoşbəxtliyini və qürurunu ifadə edir. Yəni bitdiyi sanılan yerdən doğulan bir ölkədən, xalqdan söz edilir! Anadolular demiş, yeddi düvələ qarşı savaşmış, adıyaman "Sevr Müqaviləsi"ni yırtıb atmış xalq mutlu xalqdır, əlbəttə! Buradakı sevgi inamı, qəhrəmanlığı, haqqın təntənəsini şəkilləndirir!
-Dünya Gənc Türk Yazarlar Birliyini qurmaq ehtiyacı həmin sevgidən doğdu, yoxsa başqa səbəbdən həvəsləndiniz?
- O boyda iş sırf həvəslə olası deyildi, təbii. Sevgi vardı, eşq vardı, amma inamsız o sevgi, eşq neynəyə bilərdi? 25 ildir meydanda olan, Türk dünyasının dörd tərəfində tanınan, güvənilən bir brendə çevrilmiş Birlik demək ki, həm də peşəkarlıq hadisəsidir.
- Publisist SÖZ kəsərlidir, yoxsa şair SÖZü?
- Vaxt olar şair sözü, vaxt da olar publisist sözü daha təsirli olar. Kəsərlilik mövzuya, o ifadə anındakı ovqata bağlı ola bilər. Daha universalı şair-publisist sözü olar, yəqin (təbəssüm işarəsi)...
-Türkçülüklə turançılıq arasında bir məsafə varmı? Varsa bu məsafəni aşmaq istəyən yolçu hardan başlamalıdır?
- Qavramlar önəmlidir, qavramlara yüklədiyimiz anlamlar isə daha önəmlidir. Türkçülük Turana - Türk birliyinə xidmət edir (yaxud etməlidir). Yoxsa, məhəlli türkçülüklə böyük ülkü peşində yürümək olmaz...
-Yolçu demiş... tale yolunuz sizi istədiyiniz səmtə apardımi? Yoxsa ömür yolunuzun girintili-çıxıntılı dolanbaclarında istiqamətini dəyişdi?
-Biz nəslin orta məktəb illəri sovetlərdə keçdi. Ucqar dağ kəndindən qaynar şəhər ortamına gəldiyimizin ikinci ilində imperiya dağıldı, işlərin şəkli, fəlsəfəsi başqa səmtə yön aldı..
Gəl gör ki, dövlət müstəqilliyinin zövqü-səfasını dadmamış, kəndlərimizin, şəhərlərimizin işğalları, soydaşlarımızın didərgin düşməsi, keçmiş "müttəfiq respublika"nın - guya bizimtək beynəlmiləl olan, faşizmə birgə qalib gəldiyimiz Ermənistan özü faşizmin yeni təzahürü, təmsilçisi kimi qarşımıza çıxdı. Yeniyetmə vaxtı, gəncliyin ilk illərində belə kardinal dəyişimlər, alışmadığımız, hazırlaşmadığımız hallar az qala hər şeyə təsir etdi. Məsələn, mən Politexnik İnstitutunun babat öyrəncisi, ictimai fəalı kimi, yəqin Baltikyanı ölkələrdən birinə təyinat alacaqdım, mühəndis kimi çalışacaqdım... Bizim fakültənin gələnəyi belə olub, deyirdilər. Lakin bir də baxdıq, mühəndislik yalnız ədəbi, siyasi yazılarımızda özünü göstərir. Baxmayaraq, ali təhsilimi fərqlənmə diplomu ilə bitirdim, iş elə gətirdi ki, bir gün də olsun mühəndis kimi çalışmadım. Sonra ikinci ali təhsil aldım: Dövlət və bələdiyyə idarəetməsi istiqaməti üzrə... Gənclər, İdman Nazirliyi, Atatürk Mərkəzi, Milli Məclis... Və ictimai, yaradıcı fəaliyyət...Yazan belə yazıbmış, yəqin... "Mövlam nə yaparsa, doğru yapar".
-Sizin üçün zaman nədi?
- Ah, zaman, zaman... Zamanı yorumlamaqçün uzun bir zaman lazımdır. Uzun zaman, bizim zaman, bizim eradan öncə, bizdən sonra. Fağır zamanı necə bölüb-bölüşdürmüşük öz aləmimizdə. Biz bu ilə 2023-cü il deyirik, örnəyi, hicri təqvimini əsas alan ölkələr bir başqa təqvimdədi. Yaradıcılıqda zamana, məkana sığmayan, yaxud çərçivəsiz anlayışlar meydan sulayır. Sulasın, təbii... Ustad ANAR demiş, qoy, ədəbiyyat öz estetik dəyərləri ilə inkişaf etsin. Elə ANARın "Macal"ını yada salsaq, yeri var. Zaman bir anlama şərtidir. Əgər "Zaman maşını", "Zamana yolçuluq", "Zamanı bitmiş" kimi anlayışlar nə zamansa yeni, yaxud praktik məzmun qazana bilsə, "zamanşünaslıq" yeni anlayışlar, qavramlar tələb edəcək. Zaman bir fəlsəfi araşdırma mövzusu olaraq daha "əllə tutulan" ola bilər, nəinki poeziya ilə, ədəbiyyatla... Qoy, ədəbiyyat zamanı ötsün, öz zamanını yaratsın...
- Zamanı tutub saxlamaq istədiyiniz zaman olubmu?
- Əslində, Zamanı tutub saxlamaq özü mahiyyətcə fövqəltəbii hadisədir. Çünki zamanı tanımlayan məhz onun "geridönməzliyidir". Bütün zamanlarda fikirlərinə istinad edilən Aristotel deyirdi ki, bizi əhatə edən təbiətdəki bəlirsiz hadisələr içərisində ən bəlirsiz olanı elə zamanın özüdür. Çünki heç kim bilmir zaman nədir və onu necə idarə etmək olar...
Amma biz yazar əhliyik. Hərdən zamanı tutub saxlamaq istəmişik. Hansı zamanı tutmaq istər insan? Xoş günlərini, ədalətin təntənəsinə tanıq olduğu saatları. Dövlət başçımız Şuşanın azad olunduğunu müjdələdiyi dəqiqələrin ötüb-keçməməsini istərdik, yəqin, elə deyilmi?.. Ancaq o böyük sevincin dalğa-dalğa yayılması, hüceyrələrimizədək nüfuz etməsi, bizi bizdən alması üçün o anın, necə deyərlər, dondurulmaması lazımdı, təbii. Təbii, hər birimiz, "birdən başqaları eşitməz, bu böyük sevincə gec qalar, amandı" deyib, hayqırmaq, bağırmaq istədik. Həmən sosial mediaya cumub, paylaşım eləmədikmi? Bax, tutub saxlamaq istədiyimiz zamanı məhz özümüz həmən bölüşmə ehtiyacı hiss etdik. Bir də iki könlün pıçıltı məqamı var - bitməlidir bitirəməzsən, getməlisən gedəməzsən. Elə bilərsən, zaman nəfəsini içinə çəkib durur... Bax, o, bir başqa hadisədir və onu özünlə belə bölüşmək istəməzsən. Yəni zaman var, zaman var...
-Deyirlər, zaman dəyişdikcə biz də dəyişirik. Bu dəyişim həyatınızda hansı dərəcədə baş verir?
- Dəyişim vardır, ancaq o zamanınmı dəyişməsidir, əcaba? Bəli, "zəmanə dəyişib, "zəmanə korlanıb", "bizim zamanlarda belə deyildi" deyilir, yazılır - eşitmişik, oxumuşuq. Lakin bu deyimlər, yazımlar, sanki, sözgəlişi, üslub gərəyi deyimlər, yazımlardır. Zaman zamanlığında, kainat kainatlığında və öz genişlənməsindədir... Gəlib gedən bizlərik...
- Bu gəlimli-gedimli dünyada bu gün hansı arzularlarla yaşayırsınız?
- Bugünkü arzularım içində ən möhtəşəmi tarixi Azərbaycan torpaqlarının uhulət və suhulətlə bir bayraq altında birləşməsidir: öncə Zəngəzur-Göyçə, sonra... sonrası çözülə-çözülə gələr inşallah!
- Bu həyatda sizin üçün ilahiləşən və adiləşən nələrsə varmı?
- İlahiləşmənin mexanizmini təsəvvür etməkdə xeyli çətinlik çəkirəm. O yəqin ki, yaradılışdan olan müqəddəslikdir. Adiləşmə isə az qala hər həftə rastlaşdığımız olaydır. Keşkə adiləşmələr bunca sürətli olmasaydı... Bəlkə də yaşın ötməsi, bilgilərimizin, informasiyalarımızın artması qarşılığında, adiləşmələrin olması normal haldır. Lakin adiləşmə o deməkdir ki, bir zamanlar sən onu adi bilməmisən, səninçün, bəlkə, əlçatmaz, ünyetməz, modelləşdirilə bilməyən bir şey olub... Yəni bir növ sadəlöhv düşünmüşük nə zamansa... Bax, yenə zaman...
- Deyirlər, "dünyanı gözəllik xilas edəcək". Bəzən də "dünyanı sevgi xilas edəcək" deyə səslənənlər var. Amma son zamanların qlobal hadisələri diktə edir deyim ki, dünyanı kişilər xilas edəcək. Sizcə, hansı?
- Dünyanı anlayış xilas edəcək.
- "Kişi ağlamaz" deyirlər. Nə dərəcədə doğrudur?
- Bu mövzuda mötəbər fikirləri haçalanan görmüşəm. Kişili-qadınlı heç bir insan ağlamasaydı keşkə... Ağlamaq heç də həmişə zəiflik əlaməti deyil ki?! Örnəyi: sevincdən ağlamağı hara yazaq? Bir atın, itin müdhiş vəfasını görüncə göz yaşlarını tuta bilməməyə nə deyirsiz bəs?
Möhtəşəm bir filmdən, qeyri-adi ifadan fövqəladə dərəcədə təsirlənmək - bəs bunlar kişiliyi zədələrmi?.. Zədələməz.
-Yəqin ki, içinizə axan göz yaşlarınız olub...
- "Ağlaya bilməyənlər" içinə ağlar...
- Həyatınızda təzadlar çox olub, yoxsa oxşarlıqlar?
- Deyə bilərəm ki, hər ikisi olub, ancaq hansının çox olduğunu deyə bilmərəm. Bəlkə də bizə təzad kimi, oxşarlıq kimi gələn olaylar zamanla təzadlıq, oxşarlıq siqlətini itirib. Oxşarlıqlar çox olsa, burada bir qədər monotonluq əsintisi yaranar; təzadlar aşırı dərəcə alsa, gün-güzəran, ovqat çəpdişli çarxlar altında düşmüş kimi olar. Ömrün uyumlu olması bir nemətdir.
-Zəif damarınız varmı?
-Deyirlər, hər kəsin zəif damarı -"Axilles dabanı" var. O damar, o daban şəxsin özünə ziyan vurmaqdan ötəyə keçməsin keşkə... Ulusa, ülküyə zərər toxunmasın, doğmalara zaval dəyməsin!
- Bəs xarakterinizdə ən "tünd" olan nədi?
- Haqsızlıqda israr, "öz doğruları"nda inad edənləri bağışlaya bilmirəm. Güvən oyunu oynayanlarla barışmaq və yenidən şans tanımaq da çox çox çətin olur...
-Yalanla həqiqətin sərhədlərini müəyyənləşdirə bilirsinizmi?
- Yalanla həqiqətin sınırını demarkasiya və delimitasiya etməyə gücüm yetər...
-Mən özümü ən yaxşı siyasətçi hesab edirəm. Düşünürəm ki, siyasətlə məşğul olmamaq özü bir siyasətdir. Bəs, siz?
- Bizim ədəbi nəsil siyasətdən qıraqda qala bilmədi - bu, bir gerçəklikdir. 90-cı illər nəsli ədəbi yaradıcılıqla ictimai-siyasi fəaliyyəti az qala birgə sürdürdü. Bu gedişat sanki, inersiya ilə davam edir. Təsəllimiz: "millət yoludur, haqq yoludur, tutduğumuz yol"...
- İnsanların yaxşı-pis olduğunu necə ayırd edirsiniz?
- İnsan yüzdə yüz yaxşı, yaxud pis olmaz, yəqin. Könül istər pis kateqoriyasında bilinənlərin də yaxşılarını oyadaq, yaxşılığa inandıra bilək onları. Rəhmətlik Söhrab Tahir deyirdi:
Qızıl toxum dənəsidir yaxşılıq,
Hara düşsə, bitəsidir yaxşılıq...
Yaxşılığı ayırd etməyə nə var? O, insanın fitrətindən gəlir, sanıram.
-Həyatda heç nə ilə dəyişə bilməyəcəyiniz xatirəniz varmı?
- Belə xatirələr inşallah gələcəkdə də yaranar. İndiyədək yaddaşımızın altun səhifəsinə yazdıqlarımız var, əlbəttə. Xatirəsiz ömür nə ömürdü?..
- Səni varlığıma ac qoyacağam,
Daha xatirəmi yavanlıq eylə, - bu misradakı poetik deyim sevginin hansı məqamından xəbər verir?
- Ah, elqızı... Bu dəfə ora toxunmasaq olmazmı heç?
- Olar. O zaman deyin: ədəbli olmaqla əbədi olmağın bir qohumluğu varmı?
- Əbədi olmaq ədəbi, ədəbli olmaqla yalnız qafiyələnə bilər...
- Sevincinizi ən çox kimlərlə bölüşürsünüz?
- Ailəmlə, doğmalarla.
- Kədər sizi üstələyəndə kimin yanına gedirsiniz?
- Ya dostumun, ya özümün. Dostumu daha asan tapıram...
-Sizcə, bu həyat ittihamçı prokuror, müdafiəçi vəkil, yoxsa ədalətli hakimdir?
- Həyat səhnəsində bunların hamısı iştirak edir...
- Taleyə inanırsınızmı? Onun Tanrı tərəfindən yazıldığına şübhəniz yoxdur ki?!
- Tanrı yazıb, ömrümüz bir cümlədir,
Hər cümlənin sonunda bir nöqtə var.
Şah işarə nə sual, nə nidadır,
Hərəsinin yanında bir nöqtə var...
- Ənənəvi sual: inanırsınızmı ki, yenidən doğulsaydınız Tanrı yenə də sizə indiki taleyi bəxş edərdi?
- Bilmirəm... Tanrım yəqin ki, yaşanmış ömrə baxıb ona uyğun qiymət verər, bəxşiş verər...
- Musiqinin hansı janrından zövq alırsınız: saz, caz, yoxsa xalq musiqisi?
- Saz öndə olmaqla xalq musiqisi.
- Əkbər Qoşalının bioqrafiyasındakı titullar, təltiflər, kitablar, mükafatlar, ictimai-siyasi vəzifələr və sadalamadığım daha nə qədər ödülü ömrün qazancı adlandırmaq olar, yoxsa taleyin şansı?
- Vallah, məndən daha çox ödülləndirilən çoxsaylı çağdaşlarımız var (təbəssüm işarəsi).
-Viktor Hüqo yazır ki, 40 yaş gəncliyin qocalığı, 50 yaş qocalığın gəncliyidir. Hüqoya haqq verirsinizmi? 83 il ömür yaşayan Hüqo nədən bu qənaətə gəlmiş olar?
-Qismət olsun, Hüqo yaşına yetişək, görək necə olur (təbəssüm işarəsi).
- Qocalıq və ölüm ədəbiyyatın əzəli və əbədi mövzusudur. Bu, sizin yaradıcılığınızda necə əks olunub?
-Olum varkən, ölüm varkən, qocalıq nə olan şeydir?..
-Müsahibələrinizin birində "Ürək daşı" haqqında demisiniz: "Mən bu kitabı ürəyimlə yazmışam, ürəyimi zədələmədən yazdığım şeirlərin toplusudur". Açması?
- Ürəksiz yazılan nəyə yarayar, kimə təsir edər, nə duyğu-düşüncə yaradar ki?
-Şeirlərinizdə təbiət motivləri çoxluq təşkil edir. Bu, doğulduğunuz yerlə əlaqədardı, yoxsa İlahi vəhy kimi bir duyğudu?
-Məncə, yazdıqlarımda coğrafiyadan, təbiətdəki relyef, landşaft və suxurlardan, rəngarənglikdən daha çox insanın, insanlığın, toplumun, ulusun mədəniyyət iqlimi, etnoyaddaşın suxurları, dilin relyefi təcalla edir.
-Gəldik sonuncu suala. 49 suala cavab verdiniz. İstərdim ki, 50-ci sualı özünüz verəsiniz...
- Bəlkə, suallar elə 49-da da qalsın (təbəssüm işarəsi). Mən burada sizə əsənliklər diləmiş olum. Gününüz ağ olsun! Nəcib diqqətiniz çox xoşdur.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)