“Ədəbiyyat və incəsənət” portalı Dünya ədəbiyyatından seçmələr rubrikasında sizləri tatar yazıçısı Rabit Batullanın “Canından can ver” hekayəsi ilə tanış edəcək. Hekayəni Azərbaycan dilinə türkoloq Məleykə Mirzəli çevirmişdir.
Rabit BATULLA
(Роберт Мөхлис улы Батуллин) –
yazıçı, dramaturq, tərcüməçi, rejissor
1938-ci il martın 26-da Tatarıstanın Zəy rayonunun Tübən Lojı (Olıjı) kəndində müəllim ailəsində anadan olub. Uşaqlığı Şikmamaevo kəndində keçib. 1956-1961-ci illərdə Moskvada M.S.Şepkin adına Teatr məktəbinin aktyorluq şöbəsinə daxil olub. Məktəbi bitirdikdən sonra Əliəsgər Kamal adına Tatar Akademik Teatrında aktyor kimi çalışıb, eyni zamanda rejissorluğa böyük maraq göstərib.
1963-cü ildə ona Kazan Kukla Teatrının direktoru, həmçinin Kazan Televiziya Studiyasının Uşaq redaksiyasının direktoru vəzifəsi təklif olunub və burada onun ədəbi yaradıcılığa marağı güclənib. Uşaqlar üçün müxtəlif əsərlər yazmağa başlayıb. 1968-ci ildə Tatarıstan Yazıçılar Birliyinin üzvü olub.
1977-79-cu illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda Ali Ədəbiyyat Kurslarında oxuyub. Sonra Kazan Teatr Məktəbində müəllimlik etməyə başlayıb.
Tatarıstan Xalq yazıçısıdır. Abdulla Tukay adına Dövlət Mükafatına layiq görülmüş müəllifin indiyədək 88 kitabı nəşr olunub. Kazanda yaşayır.
Əsərlərinin bir qismi qardaş türkcələrə uyğunlaşdırılıb, habelə ruscaya, ingiliscəyə və Qafqaz dillərinə çevrilib.
CANINDAN CAN VER
Onunla qonşu idik. Uşaqlığımız, gəncliyimiz Kazanın Nəsiri küçəsində keçmişdi. Qonşumun ləqəbi Dulat, yəni “dəli at” idi. At kimi çılğın, tez özündən çıxan, dəli-dolu təbiəti vardı. Dulat Rəssamlıq Akademiyasına, mənsə universitetin jurnalistika bölümünə daxil oldum. Sonradan onun ailəsi şəhər mərkəzinə köçdü. Amma bizim əlaqəmiz qopmadı. Boş vaxtlarımızda həmişə birlikdə olurduq; rəsm sərgilərində, tamaşa premyeralarında, onun emalatxanasında görüşürdük.
Dulat mahir rəssam idi. Akvarel, yağlı boya, kömür və oyma texnikasını yaxşı öyrənmişdi. Ondakı istedad başqasında olsaydı, dövlətdən sifarişlər alıb yerinə yetirər, dolanışığını düzəldib kef edərdi. Amma Dulatın təbiəti elə deyildi. Çox hərəkətli, ipinin üstünə odun yığılmayacaq tipdən idi.
Dulatdan da sifariş yan keçmədi, ona da verildi; ətli qolları, kök üzü ilə “Zirvəni fəth edən donuzçular” adlı rəsm əsərini sıxıla-sıxıla yaratmışdı. O, bir dəfə yarızarafat, yarıəsəbi:
– Donuz şəkilləri çəkə-çəkə mən özüm də donuza döndüm, qardaş, – demişdi.
“Zirvəni fəth edəndonuzçular” tablosu üçün dövlətdən yaxşıca pul da almışdı. Ondan sonra “Elmetin şölələri” adlı bir rəsm çəkdi. O rəsmi Yeni Pismən dağının zirvəsinə çıxıb çəkmişdi. Aşağıda adı dəyişdirilib Leninoqorski şəhərinə çevrilən Yeni Pismən kəndini, ondan o tərəfdə üfüqdə torpağın qanını soran “durnaları” görürsən. Bu “durnaların” sağında və solunda isə təbii qaz alovlanıb yanır...
Dulatın bu iki rəsmini sərgi salonunun ən gözəl yerindən asdılar. İncəsənət qurumları həm sərginin açılışında, həm də bağlanışında Dulatın işini yüksək qiymətləndirdilər. Sərgidən sonra verilən fasilə zamanı əllərində şampan qədəhləri tutmuş insanlar onun yanına gələrək təbriklərini çatdırdılar. O vaxt Dulat mənə:
– Gəl dostum, yaxşısı budur, emalatxanaya gedək, öz arağımızı içək! – dedi. Biz oradan getdik.
Dulata bu rəsmlərə görə sanballı məbləğdə pul verdilər. Onu bu cür rəsmləri çəkməyə yoxsulluq məcbur etmişdi. O, əməyinin haqqını almışdı və aldığı pulu sağa-sola xərcləyirdi. Amma Dulatın əhvalı günü-gündən pisləşirdi. Onu daxilən nəsə əzirdi. Nəsə onu dəhşətli dərəcədə narahat edirdi. Çox çəkmədi ki, Dulat içkiyə qurşandı.
Mən bunun səbəbini təxmin edirdim. O, çəkdiyi rəsmlərdən çox narazı idi.
Müsəlman tatar kəndlərindəki ilxı fermalarını ləğv edib, yerində donuz fermaları quraraq tatar qadınlarını donuz çoşkaları saxlamağa məhkum etmişdilər.
Elmet ətrafında neft çıxarılması tatar xalqının fəlakətinin başlanğıcı olmuşdu. Bununla SSRİ-nin başqa yerlərindən Tatarıstana tatar olmayan millətlər axın etdilər. Tatar kəndlərinin cəmləşdiyi yerlərdə yeni şəhərlər salınmağa başladı. O şəhərlər tatar kəndlərini uddu. Bu gün minlərlə kubmetr təbii qaz yandırılıb göylərə sovrulur. Neft torpağı məhv eləyib. Bulaqlar quruyub. O köhnə dupduru çeşmələrin suyundan bu gün neft tamıgəlir. Kəndlər içməli suya həsrət qalıb. Dulat Daqaşevin rəsmlərində tərrənnüm olunan, öyülən bunlar deyildimi? O, “Elmetin şölələri” rəsmini çəkməklə öz vicdanını satmışdı.
Emalatxanaya gəldik. Qədəhləri ağzınacan araqla doldurduq. İçkinin dəmi Dulatın başına vuranda öz-özünə donquldanmağa başladı:
– Dost, bilirsənmi, özümdən zəhləm gedir! İyrənirəm özümdən! Güzgüyə baxıram və üzümə tüpürürəm! Tfu Dulat Daqaşın sifətinə! Beş qəpiklik adam deyil! Xaltura lənətə gəlmiş iblisdir, barmağını versən, əlini, əlini versən, başını udar sənin...
Hökumət Muxtar Respublikanın yaranmasının hansısa ildönümü münasibətilə Moskvada Tatarıstan rəssamlarının sərgisini təşkil etməyi qərara almışdı. Rəsmlər Moskvadan gələn önəmli heyət nümayəndələri tərəfindən seçilmişdi. Sərgiyə aparılan əsərlər arasında “Elmetin şölələri” da var idi. Sevin, havaya uç! Bu, şöhrət qapılarının açılması, böyük pullar demək idi!
Rəsmləri Moskvaya gedən qatara yükləmək üçün hazırlıq başlayanda Dulat Daqaşın “Elmetin şölələri”nin yoxa çıxdığı bəlli oldu. Kim götürmüşdü? Niyə oğurlayıblar? Bunu heç kim bilmədi. Şəkli axtarmaqdan milislərin ayaqlarında taqət qalmamışdı. Sonda sərgi üçün seçilən əsərlər “Elmetin şölələri” olmadan Moskvaya yola salındı.
Moskvada bu sərgiyə gələn rəssamlıq sənətinin nüfuzlu tənqidçiləri, mütəxəssislər, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri sərgini kəskin tənqid elədilər:
– Tatarıstanda zəngin neft yataqları var. İnsanlar orada qarışqa kimi işləyirlər. Rəssamlar öz rəsmlərində neftçilərin əməyini lazımi səviyyədə əks etdirməmişlər. Oradakı məşhur qazmaçıların portretləri haradadır? Qazma qurğuları haradadır? Asfalt yollar haradadır?
Bu ağır tənqiddən sonra Tatarıstan rəssamları dəstə-dəstə Elmet və Bögölməyə yaradıcılıq ezamiyyətinə axışdılar. Ədəbiyyatı, jurnalistikanı neft basdı. Biz hələ də həmin neftdən təmizlənə bilməmişik.
Prokurorluq “Elmetin şölələri” tablosunun oğurlanması ilə bağlı istintaqı genişləndirib şəhərin dörd yanında axtarışları davam etdirdi. Ancaq heç bir iz tapa bilmədi. Beləliklə, bu təhqiqat işi xətm olundu.
Mən, təbii ki, bunun Dulatın əməli olduğunu təxmin etmişdim. Dulatın kefi, həqiqətən də, yerinə gəlmişdi. O, rəsm çəkə-çəkə əvvəlki kimi deyinməyə davam etsə də, üzündə təbəssüm peyda olmuşdu. Amma mən bu dəyişikliyin sirrini özündən soruşmadım. Xeyli keçəndən sonra Dulat özü açıldı:
– Mən onu bıçaqla parçalayıb İdil çayına atdım. Buyurub çaydan çıxartsınlar, Həştərxan sərgisinə qoysunlar!
Mən dinmədim.
– Niyə gülmürsən?
– Heç gülməli deyil! Sən cinayət törətmisən!
– Nə cinayət törətmişəm ki? Öz əsərimdir. Ataram da, kəsərəm də! Kimə nə dəxli var?
– Amma o artıq sənin əmlakın olmaqdan çıxmışdı. Hökumətin, Mədəniyyət Nazirliyinin və nəhayət, xalqın əmlakı idi! Sən onun pulunu almışdın! Əgər bu işi sənin etdiyini bilsələr, səni tutub dama basacaqlar. Rəsmin pulunu sənə ödətdirəcəklər. Sənin bu əməlinin adı açıq-aşkar vicdansızlıqdır, dostum. Pulunu gözəlcə yedin, üstündən su içdin, sonra da rəsmi cırıb atdın.
Dulat birdən ayıldı. Mənə baxdı. Baş verənlər onu təəccübləndirmişdi. Qapı ilə divar arasında var-gəl etməyə başladı. Onsuz da dağınıq olan saçını iki əli ilə lap darmadağın etdi:
– Ödəyəcəm, – dedi qəfildən. – Ödəyəcəm!
Amma pulun çoxunu artıq xərcləmişdi. Oturacağı qaldırdı, altından kiçik bir qutu çıxardı. Qutudan bir qədər pul götürüb:
– Bax budur, pul buradadır, – dedi və pulu saymağa başladı. Təlaşla saydıqdan sonra: – Yarısı gedib, – dedi. – Bir yerdən tapıb üstünü düzəldərəm. Amma borclu qalmaram.
Atasına maşınını satdırdı. Ondan-bundan borc alıb rəsm əsərinin pulunu topladı və birbaşa Mədəniyyət Nazirliyinə getdi.
Nazirlik bir-birinə dəydi! Ölkə bu xəbərlə sarsıldı! Milis, prokurorluq əl-ayağa düşdü. Rəssamlar qəzəbləndi! Jurnalistlərin bu qeyri-adi hadisə haqqında yazmaqdan barmaqları az qalırdı qabar bağlasın.
Dulatın işi məhkəməyə çıxarıldı. Hökm oxundu. Oğurluq! Cinayət! Sosialist əmlakını dağıtmaq! Məkrli xuliqanlıq!
Dulat üç il müddətinə azadlıqdan şərti məhrum edildi. Məhkəmənin də bütün xərcləri onun üstündə qaldı. Rəssamlar İttifaqından qovuldu. Emalatxanasını əlindən aldılar. Dulat beləcə lüt-üryan ortada qaldı.
Emalatxanadakı bütün əşyalarını bizim anbara daşıdıq.
Narahatlıq verməmək üçün valideynlərinin yanına qayıtmadı. Qalmağa yeri olmadığından həyətimizdəki sahibsiz anbarı ona verdik. Birlikdə təmizləyib təmir etdik. Elektrik çəkdik. Ucuzluq bazarından soba aldıq. Yandırmaq üçün odun hazırladıq. Tək pəncərəli dördkünc otaqda qalmaq üçün yaxşı-pis bir yer sahmanladıq.
Həmkarlarının yanına gedəndə kimisinin ona yazığı gəlirdi, kimisi də satqıncasına gülürdü. Bəzi riyakarlar da:
– Sovetin düşməni, antisovetçik! – deyib ona söz atmağa başlayırdılar.
Bundan sonra Dulat daha anbardan çölə çıxmadı.
Aldığı bu dərin yaradan sonra özünü uzun müddət toparlaya bilmədi. Bu arada mən ona rəsm kağızı, müxtəlif boyalar, karandaşlar gətirirdim. Ümid edirdim ki, o, yenidən şəkil çəkməyə başlayacaq.
Zaman keçdikcə Dulat qarşısındakı kağıza qara qələmlə nəsə çəkməyə başladı. Daha sonra boyalara üz tutdu. Rəssama can gəlmişdi. Çəkdiyi şəkilləri də çox bəyənirdim.
Amma Dulat o gözəl tabloları qəzəblə cırıb atırdı. Gördüklərim mənim qəlbimi yandırırdı.
– Niyə cırdın? Necə gözəl idi axı! – deyərək yerdəki kağız parçalarını toplayırdım.
– Gözəl deyil, – deyirdi.
Təkrar işə girişirdi, təkrar iztirablı gecələri başlayırdı.
Bir gün mənə dedi:
– Dostum, bilirsən nə deyəcəm, mənim ilham pərim yoxdur. Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?
Həqiqətən də, Dulatın könlünü fəth edən bir qız olmamışdı.
Həmin gündən sonra uzun müddət görüşmədik. Bir-iki dəfə “emalatxana”sına gəldim. Amma qapısı kilidli idi. Bəlkə də, qapını heç açmamışdı. Özünü rəsmlərinə vermişdi, var gücü ilə çalışırdı, hər halda.
Bu hal iki-üç gün belə davam etdiyinə görə narahat oldum. Qulağımı qapıya tutub içərini dinşədim. Səs-səda yox idi. Qapıya gup-gup vurmağa başlamışdım ki, içəridən donqultusu gəldi. Oh, Allaha şükür, sağdır! Dulatın qapını açması ilə gedib yatağa sərilməsi bir oldu. "Səni, Xorasan tənbəli!" deyə qışqıracaqdım ki, heyrətdən ağzım açıq qaldı.
Molbertdəki rəsmdən gözəl bir qız mənə baxırdı. Bu, atın boynuna sarılmış amazon idi. Onun paltarı, çiynindən aşırdığı qılınc kəməri, atın cilovu, yəhəri, yüyəni ən xırda təfərrüatına – kirpiklərinə qədər çəkilmişdi. Elə bil gerçək idi. At canlı kimi idi, deyərdin, şahə qalxacaq, qız isə sanki səninlə danışmağa başlayacaqdı. O qədər gözəl idi ki, bu gözəlliyə vurulmamaq mümkün deyildi. Şairin təbirincə desək, o qədər gözəldir ki, hətta sevgidən də qorxursan. Rəsmin alt küncündə “Çöl qızı Süyümbikə[1]” yazılmışdı.
Gözümə buna oxşar başqa rəsmlər də sataşdı. Nitqim tutulmuşdu. Özümü Orta əsrlərdə, ondan sonrakı yüzilliklərdə yaşamış tarixi qəhrəmanların rəsmlərinin sərgiləndiyi qalereyada hiss edirdim.
Nə qədər qalmışdım mən bu sərgidə, xatırlamıram. Dostumun yorğunluqdan dərin yuxuya getdiyini görəndə isə sakitcə qapını çəkib örtdüm və anbardan çıxdım.
Dulat üç gün, üç gecə yatandan sonra çölə çıxdı. Gərnəşdi və:
– Qardaş, gəl, – dedi. – Kaban gölünün kənarında gəzişib gələk. Hərəkətsizlikdən oynaqlarım pas tutdu...
Mən bu təklifi sevinərək qəbul elədim. Dulat həyat dolu, coşqun dəniz kimi idi. Orada gəzərkən gələcək planlarını alovlu şəkildə danışmağa başladı. Mənsə ondakı bu gözəl dəyişikliyə daxilən çox sevinirdim.
Anbara döndük.
– Anbar demə, dostum! Bura emalatxanadır! Baxsana, mən burada necə gözəl rəsmlər çəkdim, – dedi.
Dulat rəsmlərin üstünə örtük saldı. Təkgözlü elektrik sobasında çay dəmlədik. Anam peremeç[2] bişirmişdi. Tez evə qaçıb xeyli peremeç gətirdim. Qaynar peremeç dostumun ağzını yandırsa da, ikisini iştahla gözünə təpdi. Üstündən də çay qurtumlayıb içdi. Tərləmiş üzünü dəsmalla sildi və xoş bir əhvalla mənə dönüb:
– Can dostum, bilirsənmi, mən xoşbəxtəm! – dedi.
Kaban gölünün sahilində gəzərkən onun nəsə demək istədiyini sezmişdim. Oradakı söhbətlər, əslində, bundan xəbər verirdi. Amma işin öz axarı ilə getməsini istədim. Onun özünün danışmasını gözlədim.
Dulatın gözləri par-par parıldayırdı. Sonda özünü saxlaya bilmədi:
– Qardaş, bir gün qapımı bağlamağı unutmuşdum. Yenicə yuxuya gedirdim ki, kimsə içəri girdi. Küçəmizdən birinin olduğunu düşünərək çarpayımdan qalxdım. Bu nədir? Qarşımda gözəllər gözəli biri dayanmırmı? Zöhrə ulduzu kimi cazibədar qız! Nə Andreyin ağlını başından alan Polşa gözəli, nə Miloslu Venera, nə də dəniz köpüyündən doğulan, uğrunda müharibə gedən gözəl Helen; and içirəm ki, heç biri onun kölgəsi ola bilməzdi. Bu otaqdakı yeganə oturacaqda, indi sənin oturduğun stulda əyləşdi. Mən hələ də çarpayımda otururdum. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Necə soruşum “Sən kimsən, haradan gəlmisən?” Dəli kimi yorğanıma sarılıb yerimdə oturmuşdum. Həmin vaxt gecənin qonağı olan qız özü danışmağa başladı. Ah, dostum! Onun səsi yoxdumu, nəyə bənzədim, bilmirəm?! O könül oxşayan, ürəkaçan sehrli səs mənə dedi:
– Üzr istəyirəm, Dulat bəy! Çox gec narahat edirəm sizi. Gündüzlər çalışırsınız. İşinizə mane olmaq istəmədim. Ona görə gecə vaxtı gəlməyi seçdim.
O da elə sənin kimi mənə yaxın oturdu. Onun dadlı qoxusunu, bədəninin hərarətini hiss edirdim, o da mənim hərarətimi hiss edirdi.
– Bağışlayın, – dedim, – şalvarımı geyinim.
– Yox, yox! – Gözəl qadın dedi. – Geyinmək lazım deyil, axı mən sizin ilham pərinizəm. Alın məndən ilhamınızı. Bəs şair necə deyir: “Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?” Mənim adım İlhamiyədir.
– Oo! Nə gözəl addır – İlhamiyə! Mənimki də Dulat!
– Adınızı bilirəm. Rəssamlar İttifaqının üzvlüyündən çıxarıldığınızdan da, emalatxanadan qovulduğunuzdan da xəbərdaram.
Sonra oturub çay içdik. Göz-gözə baxışdıq. Ah, o dəqiqələrin şirinliyi, ah, o anların doyulmazlığı... Başa sala bilmərəm səni, dostum!
İlham pərim könlümü oxşayan səsiylə:
– İndi gələk əsas məsələyə! İlk çəkdiyin rəsmlər nə üçün xoşuna gəlmirdi sənin, bilirsən? – soruşdu.
– Nə bilim? Elə bil onları çəkən mən deyildim.
– O rəsmlərdə can yox idi, ona görə. Cansız rəsm ölü doğulmuş körpə kimidir. O rəsmlərdə niyə can yox idi? Çünki sən onlara öz canını verib könül dolusu çəkmirdin. Sırf məcburiyyətdən, dolanışıq dərdindən robot kimi çəkirdin. Portret çəkərkən canından bir parçanı rəsmə verməlisən ki, sən öləndən sonra da o rəsm yaşasın!
Ona heyranlığımın həddi-hüdudu yox idi! Gözəlliyi ilə yanaşı, zehni də aydın və tərtəmiz idi. Belə bir dilbəri necə sevməmək olar? Biz yenidən eşq gəmisinə minib xoşbəxtlik dənizində səyahətə başladıq.
Sonra yenidən çay içmək üçün qalxdıq.
– Əzizim! Sənin əsas mövzun yoxdur. Mövzu deyəndə, yəni üslub, stil, varlıq, istiqamət, məqsəd. Rus şairi Aleksandr Blok bütün şeirlərini platonik məhəbbətlə sevdiyi bir insana yazmışdı. Məşhur rəssam İvan Şişkin meşə rəsmlərini çəkməkdən doymadı...
– Mənim ustadım İlhamiyədir.
Mən Dulatın sözünü kəsdim:
– Bir dəfə gələndə mənə də göstərərsənmi məşuqəni? – dedim.
– Bax budur, “Çöl qızı” tablosuna işarə etdi. – Aç, bax. Mən onu çəkmişəm.
Örtüyü qaldırıb tabloya baxdım. Gözəl! Həqiqətən də, çox gözəl idi o qız, buna söz ola bilməzdi. “Çöl qızı” ilk gördüyümdən daha gözəldi. Baxışları daha canlı olmuşdu. Bəlkə də, mənə elə gəlirdi. Bəlkə də, fikrimdəki dəyişikliyə görə idi. Rəsm dəyişməyib, amma mən dəyişmişəm, kim bilir, bəlkə də, onu belə sevmək istəyim şəkli dəyişmişdi. Sevmədiyin adamın yaxşı xüsusiyyətini görə bilməzsən. Çünki onun yaxşı tərəfini görmək istəmirsən. Sevdiyin insanın da eyiblərini görmürsən, çünki görmək istəmirsən. Amma mən bu “Çöl qızı”nda tək bir qüsur tapdım. Həddindən artıq gözəl idi!
Dulat üzümə maraqla baxırdı. Tablonun məndə oyatdığı təəssüratı gözümdən oxumaq istəyirdi.
– Deməyə söz tapa bilmirəm. Sənə həsəd aparıram, dostum. Mən də sənin kimi olmaq istərdim! Tatar rəssamlıq sənəti yeni ixtiraların, kəşflərin və möcüzələrin astanasındadır! – dedim.
“Bahadır” adlı tablo da eynilə belə idi. İlk gördüyümdən bəri daha yaxşı idi.
– Tanıdınmı bunu? – Dulat dedi.
– Yapança Bahadır.[3]
– Doğru! Düz tapdın. Bu odur!
“Çöl qızı” rəsmində sərtlik ilə həlimlik iç-içədir, bu rəsmdə isə sərtlik və fədailik daha qabarıqdır.
O günlərdə Rəssamlar İttifaqı yağlı boya rəsmlərinin müsabiqəsini elan etmişdi. İştirakçılar müsabiqəyə təxəllüsləri ilə qatılacaqdı. Biz müsabiqəyə Dulatın “Çöl qızı Süyümbikə”, “Bahadır” rəsmlərini göndərdik. Dulat müsabiqədə “Yetim” təxəllüsü ilə iştirak elədi. Müsabiqə uzun çəkdi. Bir ildən çox vaxt keçdi. Nəhayət, nəticələr açıqlandı: Yetimin hər iki tablosu birinci olmuşdu. Və rəssamın əsl adının yazılı olduğu çanta açıldı. Nəticə:
– Yetim: Dulat Daqaş!
Salonda böyük bir səssizlik yarandı.
– Dulat Daqaş! – deyə aparıcı təkrar etdi.
Dulat ağır-ağır səhnəyə doğru getdi. Bu zaman biri:
– Təbriklər, Dulat! Maşallah! – deyə qışqırdı. Salon onu alqışlamağa başladı.
Bu hadisə rəssamları, dövlət adamlarını təəccübləndirmişdi. Bəziləri Rəssamlar İttifaqından qovularaq məhkəmə tərəfindən cəzalandırılan Dulatın qəfil yüksəlməsinə qəzəbləndi, bəziləri sevindi, bəziləri də heç əhəmiyyət vermədi.
Dulatın həyatında yeni bir sənət dövrü başlamışdı. İndi o, var gücü ilə rəsmlər çəkirdi. Artıq onun Rəssamlar İttifaqında hörməti var idi. Xarici ölkələrdə keçirilən sərgilərdə onun portretləri divardan düşmürdü, rəsm həvəskarlarının şəxsi kolleksiyalarında öz yerini tuturdu.
Yaşadığımız şəhərdə dalbadal sərgilər keçirilirdi. Hər il sərgi təşkil olunsa belə, onun material qıtlığı olmazdı.
Son sərgisində o, mükafat aldığı həmin iki rəsm əsərini də qoydu. Sərgi üçün sürpriz olacaq “Koşçak oğlan”[4] portretini də çatdırmalı idi. Lakin Dulat xəstələndi. Xəstə olsa da, portreti tamamlamaq üçün gecə-gündüz çalışdı. Getdikcə onun vəziyyəti pisləşirdi. Amma portreti bitirdi.
Həmin axşam İlham Pərisi Dulatın yanına gəldi. Dulat buna sevindi. İlhamiyə əlini sevgilisinin alnına qoydu. Alnı soyuq idi. İlhamiyə:
– Niyə xəstələndiyini başa düşürsənmi? – dedi.
– Başa düşürəm, çiçəyim, – dedi Dulat.
– Çəkdiyin bütün rəsmlərə canından can verərək gəldin bu günə. Bu, sənin qismətindir, Dulat!
– Bəli, doğrudur, bu, mənim taleyimdir, – taqətsiz Dulat dedi.
– Birdənəm, mən səni sağalda bilərəm.
– Necə? – dedi Dulatın baxışları.
– Rəsmlərinə canından pay etdiyin parçalar var ha, hamısını rəsmlərdən yığıb sənə qaytaracağam. Beləliklə, gəncliyində olduğun kimi güclü olacaqsan.
Dulat gülümsədi. Sevgilisinin əlini ovuclarının arasına alıb bərk-bərk sıxdı.
– Xeyr, bircəm, İlham Pərim. Mən Süyümbikəni, Koşçak oğlanı, Yapança Bahadırı cansız qoya bilmərəm. Yaşasın onlar.
– Yaşasınlar, – dedi dilbər.
Dulat üç gün sonra canını təslim etdi. Yaşasın deyə, ən son portreti də sərgiyə qoyduq!
Rəssamımızın son səfərinə yola salınması möhtəşəm bir mərasimə çevrildi.
Məşhur rəssam Dulat Daqaşın tabutu öz rəsmlərinin sərgiləndiyi böyük salonun ortasına qoyulmuşdu. Son görüşünə gələnlərin sayı-hesabı yox idi. Yas mərasiminə qatılanlar məşhur rəssamın “Elmetin şölələri”nı bu zaldan qaçıraraq bıçaqla tikə-tikə doğrayıb çaya atmağını dahilik əlaməti olaraq qəbul etdilər. Dahilər nə etsə, yaraşarmış...
Cənazəni qaldırmağa gələn, qollarına qırmızı-qara zolaq sarınmış adamlar tabuta yaxınlaşanda zalda qeyri-adi bir hadisə baş verdi: öncə “Çöl qızı Süyümbikə” portretindəki qız canlandı. Portretdən çıxıb tabutun yanına gəldi. Hamı heyrətdən donmuşdu. Süyümbikə heç nə demədən Dulatın açıq alnından öpdü və bir göz qırpımında camaatın arasına qarışıb əvvəlki yerinə keçdi. Sonra on bahadır canlandı və tablodan çıxdı. Onlar cənazəni qaldırmalı olan məmurlardan əvvəl tabutu yerdən qaldırdılar. Cənazənin ayağını ön tərəfə tutub salondan çıxdılar...
Camaat tabutun ardınca getməyə başladı. Heç kim “Tabutu cənazə maşınına qoyaq!” demədi. Heç kim demədi ki, cənazəni bir az da biz çiynimizdə aparaq. Beləcə bahadırlar yorulmadan rəssamın tabutunu qəbiristana qədər çiyinlərində apardılar.
Molla cənazə namazından sonra:
– Mərhumun ən yaxın qohumlarından üç nəfər məzara ensin. Cənazə qəbrə endiriləcək! – dedi.
Mən çəkinirdim. Koşçak oğlan, Yapança Bahadır və Batırşah tez hərəkətə gəlib məzara atıldılar. Cənazəni üsulca məzara yerləşdirdikdən sonra üç bahadır taxtaları düzüb məzardan çıxdı. Kürəklərlə məzarın üstünə torpaq atılmağa başladı. Məzarın üzəri torpaqla örtüləndən sonra canlanmış bahadırların yoxa çıxdıqlarını gördüm.
Birbaşa sərgi salonuna qaçdım. Bahadırların hamısı yerində idi. Uzun müddət onların arasında gəzdim. Sanki canlı idilər. Hara getsəm, mənə baxır, məni izləyirdilər. Süyümbikə tablosunun qabağında Dulatı düşünüb dayandım. “İnnə lillahi və inna ilayhi raciun” deyəcəkdim ki, bir səs “Məkanı cənnət olsun!” dedi.
Ətrafa baxdım, heç kim yox idi. Yenə eyni duanı etdim. Yenə bir qadın səsi “Məkanı cənnət olsun!” dedi. Sonra “Çöl qızı Süyümbikə”nin portretinə diqqətlə baxdım. Gözlərində kədərli bir təbəssüm vardı. Bayaq eşitdiyim sözlərin onun dodaqlarından çıxdığı bəlliydi.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
[1]Süyümbikə Xan (1516 - vəfatı: 1554, Moskva), Kazan xanlığını Süyümbikə və ya "Xanbikə" kimi idarə edən tatar sultanı. Kazan xanlığının idarəsini öz üzərinə götürmüş qadın hakim. O, Tatarıstanın milli qəhrəmanı sayılır. Kazandakı Süyümbikə qalası onun adını daşıyır.
[2] Peremeç – xəmirin içinə qiymə qoyulan, ağzı bir az açıq saxlanılaraq qızardılan, diametri dörd-beş sm olan yuvarlaq şəkilli tatar milli yeməyinin adıdır.
[3] Yapança Bahadır (? - 1552) Kazan şəhərini düşmənlərin hücumundan qorumuş sərkərdə. Sərhəddə gizlənən süvarilərin komandiri. 1552-ci ildə Kazanın müdafiəsində şəhid olub.
[4] Koşçak(Koçak) oğlan (?- 1552)- 1552-ci ildə Kazan şəhərinin müdafiəsində şəhid olan sərkərdə.