İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AYB, AJB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və İncəsənət” üçün
Sosial şəbəkələr artıq bəşər həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Həyatda demək olar ki, 7-dən 77-ə qədər hər kəs sosial şəbəkə istifadəçisidir. Bəziləri isə necə deyərlər, sosial şəbəkə hesablarında yatırlar...
İndiyədək bir çoxlarının müəyyən səbəblərə görə, internet və xüsusilə də sosial şəbəkələri yaradanları ən ağır ifadələrlə lənətlədiyinə şahid olmuşam. Amma mən bununla razılaşmıram. Çünki bu elm və texnologiyanın inkişaf tələbidir. Onunla mübarizə aparmaq və ya qarşısını almaq isə mənasız və məntiqsizdir.
Digər sahələrdə olduğu kimi, bu sahənin də bir sıra ziyanları ilə yanaşı bir çox böyük faydaları vardır. Məlumatların asanlıqla ötürülməsi, işlərin asanlaşması, tanışlıqlar və s. o cümlədəndir. Amma unutmayaq ki, bu sahədə mövcud problemlərdən sığortalanmaq üçün sadəcə hər kəsin həyatda mədəniyyət, ədəb və etika sahibi olması kafidir. Çünki həyatda ədəb və etikaya sahib olan hər kəs istənilən sahədə ədəbli davranmağa mükəlləfdir...
Bu arada sosial şəbəkələrin böyük bir faydası da var: deməli, bu sosial şəbəkələrdə hər kəs öz yaşı, cinsi, vəzifəsi, peşə və sənəti, eləcə də siyasi, sosial, dini, ictimai, mədəni, irqi və digər mənsubiyyətindən asılı olmayaraq, özünün də heç bir xəbəri olmadan öz kimliyini, səviyyə və durumunu yazıb paylaşdığı statuslar, şərhlər və hətta, bəyənmələr (layk) vasitəsilə türk qardaşlarımız demişkən: "kuzu-kuzu" başqaları üçün ifşa edir...
Biz sosial şəbəkələri izləməklə bir çox istifadəçilərin ağıl və mədəniyyət səviyyəsini, məktəb və müəllimdən aldığı tərbiyənin durumunu, dunyagörüşünü, gündəlik həyat tərzini, xüsusilə də şizofreniya (reallığı qiymətləndirmə bacarığının itirilməsi), narsistlik (şəxsiyyət pozuntusu, özünə həddindən artıq heyranlıq duyulması), sadizm (başqasına acı verməkdən həzz alma) və s. bu kimi müxtəlif nevroloji və psixoloji xəstəliklərdən əziyyət çəkdiyini çox asanlıqla təsbit edə bilərik. Buna görə də sosial şəbəkələr əslində istifadəçiləri üçün həm də "kimlik güzgüsü"dür.
Yeri gəlmişkən bunu da əlavə edim ki, son zamanlar bir çox oğlanlar elçi düşmək istədikləri qızın, bir çox qızlar isə onlara sevgi elan etmiş oğlanların əsil kimliyi və səviyyəsini, keçmişini və bu gününü öyrənmək üçün əsasən onların istifadəçi olduğu sosial şəbəkə hesablarına üz gətirir və daha çox statuslarını bir-bir araşdırırlar...
Əsənliklər!
“Ədəbiyyat və incəsənət”
(26.11.2026)


