Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsanlar dəyişirmi? Məncə, yox. Cəmiyyətimizdə kimsə vəfat edən kimi onun həyatını, seçimlərini, səhvlərini müzakirə etməyə başlayanlar tapılır. Bir insan qəza keçirib həyatını itirirsə, “Niyə gecə vaxtı orada idi?”, “Yanında niyə həmin adam var idi?” kimi suallar verilir. Başqa səbəbdən dünyasını dəyişənlər haqqında isə “Görəsən, nəyi səhv etmişdi?”, “Niyə belə yaşayırdı?” "Onu öldürüblərsə, deməli nəyisə səhv edib" kimi mühakimələr səsləndirilir. Sanki insanlar vəfat edən şəxsin arxasınca danışarkən onun artıq özünü müdafiə edə bilməyəcəyini unudurlar. Halbuki ölüm heç kəsə başqasının həyatını mühakimə etmək, onun səhvlərini gündəmə gətirmək və şəxsi seçimləri üzərindən hökm vermək haqqı qazandırmır.
Mövzu ilə əlaqədar “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, insanlarda tənqidi təfəkkür özü bir ədəbi hadisədir və o, etik normalar çərçivəsində etik səciyyə daşımalıdır:
“Tənqid özü ədəbiyyat və incəsənət nöqteyi-nəzərindən bir janrdır və onun əsas mahiyyəti cəmiyyətin maarifləndirilməsi, onun sağlamlaşması, saflaşması və daha proqressiv istiqamətə yönəlməsinə xidmət etməyə yönəlmiş bir janrdır. Və sonradan bu janr ictimai elmlərin digər sahələrinə də, xüsusən digər sosial-kommunikasiya sahələrinə də şamil edilmiş və sosial-siyasi platformalarda müxtəlif rəqibə qarşı istifadə metoduna çevrilmişdir. Elə bu baxımdan da biz tənqidin insanlara qarşı yönəlməsinin birinci növbədə etik tərəflərinə baxmalıyıq. Tənqidi ümumiyyətlə edənlər kimdir və onu hansı məqsədlə edirlər, burada hansı niyyətləri güdürlər? Təbii ki, əgər tənqid şəxsi maraqlar və onun reallaşması üzərində qurulubsa, onun cəmiyyət və dövlət üçün əhəmiyyəti yoxdursa, o tənqid, demək olar ki, etik normalardan da kənara çıxaraq şəxsi intriqa məsələlərinə çevrilir və sonradan hətta vəfat edən insanlar üçün də bunu səsləndirirlər.
Sosioloqun sözlərinə görə, vəfat edən insanlar üçün tənqidin səsləndirilməsini həm mədəni baxımdan, həm ənənəvi baxımdan, eləcə də etik və insani dəyərlər baxımından düzgün yanaşma, düzgün amil hesab etmək olmaz:
“Daha çox fikirləri insanlar şəxsi intriqa zəminində səsləndirirlər. Digərlərinin şəxsi həyatını, onun keçmişini müzakirə etmək, təbii ki, cəmiyyətin, demək olar ki, insanların arxaik dəyərlərə, arxaik təfəkkürə xas olan xüsusiyyətlərini göstərir. Bütün hallarda insanın şəxsi həyatının və səhvlərinin, şəxsi həyatına aid olan məsələlərin ictimai müzakirəyə çıxarılması yol verilməz hallardır. Vəfat etdikdən sonra isə bu kimi məsələləri müzakirə predmetinə çevirmək, demək olar ki, həm etik baxımdan, eləcə də ənənəvi dəyərlərin önəminin azalmasına təsir edən amillərdir. Xüsusən də indiki sosial mediada insanların kütləvi şəkildə istifadəsi ilə bu kimi hallara daha çox yol verilir. Düşünürəm ki, bu halların aradan qaldırılması, insanların bu istiqamətdə öz təfəkkürlərində olan bu kimi hallara yol verməsi halları azalmalıdır. Şəxsi həyat, səhvlər, onun keçmişi ilə bağlı məsələlərin müzakirəsi ictimai əhəmiyyət daşımırsa, yenə də qeyd edirəm, cəmiyyətin və dövlətin maraqlarına uyğun deyilsə, onun ictimai müzakirəyə çıxarılması bütövlükdə şəxsi intriqa və şəxsi niyyətlərə söykənən məsələlərdir ki, bu da insanda eqo, psixi, emosional vəziyyətin təsviri kimi halları artıran amillərdir”.
“Ədəbiyyat və incəsənət”
(26.11.2026)


