Klaviaturamız da dilimizin keşiyində durmalıdır Featured

 İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Texnologiya inkişaf edir, ünsiyyət vasitələri dəyişir, informasiya sürətlənir. Bəs bu sürətin içərisində ana dilimizi qoruya bilirikmi? Müasir dövrdə sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilib. Facebook, Instagram,TikTok, YouTube və digər rəqəmsal platformalar milyonlarla insanın gündəlik ünsiyyət, informasiya mübadiləsi və fikir paylaşımı məkanına dönüb. İnsanlar artıq yalnız danışmaqla deyil, yazmaqla, şərh bildirməklə, paylaşım etməklə, video və səsli mesajlar göndərməklə də ünsiyyət qururlar. Bu baxımdan sosial şəbəkələr dilin istifadəsi və yayılması üçün yeni, geniş bir meydan açıb.  

Lakin bu geniş imkanların digər tərəfi də var. Sosial şəbəkələrdə Azərbaycan dilinin işlədilməsində müşahidə olunan nöqsanlar, sözlərin təhrif edilməsi, qrammatik qaydaların pozulması, xarici sözlərə həddindən artıq meyil göstərilməsi və danışıq dilinin yazı dilinə nəzarətsiz şəkildə köçürülməsi getdikcə diqqətçəkən problemə çevrilir.

 

Ən narahatedici məqam isə dil səhvlərinin tədricən adi hal alması, düzgün yazılış və ifadə qaydalarının əhəmiyyətini itirməsidir. Bir zamanlar səhv hesab edilən yazı formaları indi geniş yayılır, təkrarlanır və xüsusilə gənc istifadəçilərin dil vərdişlərinə təsir göstərir.

Beləliklə, sosial şəbəkələr bir tərəfdən ana dilimizin yayılması üçün böyük imkanlar açır, digər tərəfdən isə onun düzgün işlədilməməsi nəticəsində dil mədəniyyətinin zəifləməsinə şərait yarada bilir.

Sosial şəbəkələrdə Azərbaycan dilinin qarşılaşdığı problemlərdən biri xarici sözlərin və yad ifadələrin axını, xüsusilə ingilis, rus və türk dillərindən gələn ifadələrin düşünülmədən və yersiz işlədilməsidir.

Bəzən Azərbaycan dilində tam qarşılığı olan sözlər kənara qoyulur, onların yerinə xarici ifadələrdən istifadə edilir. Hətta bəzi istifadəçilər bir cümlə daxilində bir neçə dilin sözlərini qarışdıraraq danışmağı müasirlik əlaməti hesab edirlər.

Halbuki xarici dil bilmək başqa, ana dilində fikri düzgün ifadə edə bilməmək tamam başqa məsələdir. Dünyanın müxtəlif dillərini öyrənmək insanın dünyagörüşünü genişləndirir. İngilis, rus, türk və digər dilləri bilmək böyük üstünlükdür. Ancaq bu üstünlük ana dilinin hesabına əldə edilməməlidir.

Azərbaycan dilinin zəngin söz ehtiyatı olduğu halda, qarşılığı olan sözlərin əvəzinə yad ifadələrə üstünlük vermək dilin daxili imkanlarından kifayət qədər istifadə etməmək deməkdir.

Sosial şəbəkələrdə ən çox rast gəlinən hallardan biri də sözlərin və ifadələrin süni şəkildə qısaldılmasıdır. İnsanlar vaxta qənaət etmək, daha sürətli yazmaq və ya özlərinə məxsus ünsiyyət tərzi yaratmaq məqsədilə sözləri yarımçıq yazır, hərfləri buraxır, şəkilçiləri ixtisar edir, bəzən isə sözlərin ümumi görünüşünü dəyişdirirlər.

Əlbəttə, rəqəmsal ünsiyyətdə qısaltmalardan istifadə etmək müəyyən mənada təbiidir. Lakin problem bu vərdişin sosial şəbəkədən kənara çıxaraq insanların ümumi yazı mədəniyyətinə təsir göstərməsidir.

Daim təhrif olunmuş sözlər yazmağa alışan insanın rəsmi mətn hazırlayarkən, məktub yazarkən və ya fikrini yazılı şəkildə ifadə edərkən çətinlik çəkməsi mümkündür.

Unutmaq olmaz ki, yazı yalnız məlumat ötürmək vasitəsi deyil, həm də düşüncənin ifadə formasıdır. Sözləri düzgün yazmaq dilə hörmətin və savadlı ünsiyyətin əsas göstəricilərindən biridir.

Digər ciddi məsələ Azərbaycan dilinin qrammatik quruluşunun pozulmasıdır. Bəzi paylaşımlarda cümlələr xarici dillərin sintaktik qəlibləri əsasında qurulur, söz sırası dəyişdirilir, şəkilçilər yanlış işlədilir, fikirlər Azərbaycan dilinin təbii ifadə qaydalarına uyğun olmayan şəkildə təqdim edilir.

Bəzən insan yazdığı cümlənin hansı dilin qaydalarına əsaslandığını özü də hiss etmir. Çünki davamlı təkrar olunan ifadələr zaman keçdikcə nitq vərdişinə çevrilir.

Bu, xüsusilə ictimai səhifələrdə, geniş izləyici auditoriyası olan hesablarda və müxtəlif informasiya platformalarında daha diqqətlə izlənilməlidir. Çünki belə məkanlarda işlədilən dil formaları çoxsaylı insanlar tərəfindən mənimsənilə bilər.

Sosial şəbəkələrdə dil mədəniyyətinə mənfi təsir göstərən başqa bir amil də kobud, təhqiramiz və bayağı ifadələrin geniş yayılması, nitq mədəniyyətinin kobud şəkildə pozulmasıdır.

Bəzi istifadəçilər öz fikirlərini əsaslandırmaq əvəzinə təhqirə, istehzaya və alçaldıcı ifadələrə müraciət edirlər. Mübahisələr zamanı etik ünsiyyət qaydaları unudulur, qarşılıqlı hörmət arxa plana keçir.

Bu, təkcə əxlaq və davranış məsələsi deyil, həm də dil mədəniyyəti problemidir. Çünki dil insanın düşüncə və mənəviyyat dünyasını əks etdirir.

Zəngin dil mədəniyyətinə malik insan öz narazılığını da, etirazını da, tənqidini də təhqirsiz və təhqiredici ifadələrə ehtiyac duymadan çatdıra bilməlidir. Söz insanı yüksəldə də bilər, alçalda da. Sosial şəbəkələrdə yazılan hər bir ifadə müəllifinin dil mədəniyyəti haqqında müəyyən təsəvvür yaradır.

Sosial şəbəkələrdə diqqətdən kənarda qalan məsələlərdən biri də durğu işarələrinin düzgün işlədilməməsidir. Vergülün, nöqtənin, sual və nida işarələrinin yerində istifadə olunmaması cümlənin mənasını dəyişə, fikrin anlaşılmasını çətinləşdirə bilər.

Bəzən bütöv bir mətn heç bir durğu işarəsi olmadan yazılır. Başqa hallarda isə durğu işarələri təsadüfi şəkildə yerləşdirilir. Bunlar xırda texniki səhvlər kimi görünə bilər. Lakin yazı mədəniyyəti məhz belə detallardan formalaşır. Səliqəli və düzgün yazılmış mətn oxucuya hörmətin də göstəricisidir.

Bəs sosial şəbəkələrdə Azərbaycan dilinin qorunması mümkündürmü? Əlbəttə, mümkündür. Hətta sosial şəbəkələr dilimizin təbliği və inkişafı üçün indiyədək mövcud olmayan imkanlar yaradıb.

Bu platformalar vasitəsilə qədim Azərbaycan sözlərini tanıtmaq, unudulmaqda olan ifadələri yenidən gündəmə gətirmək, folklor nümunələrini yaymaq, klassik ədəbiyyatımızı təbliğ etmək və düzgün yazı qaydalarını geniş auditoriyaya çatdırmaq mümkündür.

Xüsusilə tarix, ədəbiyyat, etnoqrafiya, folklor və dilçiliklə məşğul olan səhifələr bu istiqamətdə mühüm iş görə bilərlər.

Sosial şəbəkələr yalnız əyləncə və vaxt keçirmək vasitəsi olmamalıdır. Onlar həm də maarifləndirmə, milli-mənəvi dəyərlərin qorunması və ana dilinin təbliği üçün səmərəli vasitəyə çevrilməlidir.

Bunun üçün hər bir istifadəçi özündən başlamalıdır: sözləri mümkün qədər düzgün yazmalı; Azərbaycan dilində qarşılığı olan ifadələrə üstünlük verməli; xarici sözləri yalnız zəruri olduqda işlətməli; qrammatik və orfoqrafik qaydalara diqqət yetirməli; kobud və təhqiramiz ifadələrdən uzaq durmalı; paylaşdığı məlumatın dil və məzmun baxımından keyfiyyətinə fikir verməli; uşaqlara və gənclərə düzgün yazı və ünsiyyət nümunəsi göstərməlidir.

Burada ictimai səhifələrin, bloq müəlliflərinin, jurnalistlərin və geniş izləyici auditoriyasına malik şəxslərin məsuliyyəti xüsusilə böyükdür. Çünki onların yazı və danışıq tərzi çoxsaylı insanlara nümunə ola bilər.

Bu gün ana dilimiz yalnız məktəbdə, kitabda, televiziya və radioda deyil, həm də kompyuterimizin və mobil telefonlarımızın ekranlarında yaşayır. Biz hər gün yüzlərlə söz yazır, şərhlər bildirir, fikirlərimizi paylaşırıq. Deməli, hər birimiz fərqində olmadan Azərbaycan dilinin müasir mənzərəsinin formalaşmasında iştirak edirik.  

Sosial şəbəkələrə görə dilimizi günahlandırmaq doğru deyil. Texnologiya dilin düşməni deyil. Əsas məsələ bu texnologiyadan necə istifadə etməyimizdir. Sosial şəbəkələr dilimizi zənginləşdirən vasitəyə də, onun təbii ifadə imkanlarını zəiflədən amilə də çevrilə bilər.

Bütün bunlar bizim seçimimizdən, məsuliyyətimizdən və dil mədəniyyətimizdən asılıdır. Unutmayaq ki, ana dilinin taleyi yalnız alimlərin, müəllimlərin və dövlət qurumlarının məsuliyyəti deyil. Bu dil hər gün milyonlarla insanın yazdığı və danışdığı sözlərlə yaşayır.

Kompyuterimizin, telefonumuzun klaviaturasında yazdığımız hər bir söz də ana dilimizə münasibətimizin göstəricisidir. Gəlin, sosial şəbəkələrdə də dilimizin qədrini bilək. Sözlərimizi təhrif etməyək, yad ifadələrlə yükləməyək, kobudluğa və savadsızlığa meydan verməyək. Çünki dilimizi yalnız kitab səhifələrində deyil, virtual dünyada da qorumaq borcumuzdur.

Ana dilimizi küçədə, evdə, məktəbdə, efirdə qoruduğumuz kimi, sosial şəbəkələrdə də qorumalıyıq. Klaviaturamızdan çıxan sözlər dilimizin sabahına xidmət etməlidir. Klaviaturamız da ana dilimizin keşiyində dayanmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.