“Ədəbiyyat və incəsənət” portal akademik Nizami Cəfərovun Prezident İlham Əliyevə müraciətinin mətnini təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizin dövlət və dövlətçiliyimiz uğrunda gördüyünüz müstəsna xidmətlər içərisində elmə, elm xadimlərinə göstərdiyiniz diqqət və qayğı misilsizdir. Müasir Azərbaycan memarı, Ulu öndər Heydər Əliyevin də insan- beyin kapitalına verdiyi dəyərin layiqli davamçısı olaraq hər zaman biz ziyalılar Sizi öz arxamızda, ruhumuzda hiss etmişik. Məhz bu dəyərə güvənərək Sizin ədalətinizə sığınıram və müraciət edirəm.
Məlumdur ki, müasir dövrün informasiya mübadiləsinin platformaları artıq dəyişib, genişlənib. İndi oxucu, dinləyici və tamaşaçı bütün məlumatları sosial şəbəkələrdən alır. Əlbəttə, bu tendensiya çoxfunksionallıq nöqteyi-nəzərdən təqdir olunur. Lakin təəssüf ki, bəzən bu tendensiya məqsədli insanların şəxsi mənafeyinin alətinə çevrilir.
Belə ki, uzun illərdir tanıdığım, vaxtılə tələbəm olan, ömrünü elmə, təhsilə, milli-mənəvi dəyərlərə həsr edən, çoxsaylı elmi məqalələr, monoqrafiyalar müəllifi olan, "Xızlr", "Biz türklərik, Tanrımız Göy qübbəsi", "Kökün yaddaş kitabı", "Ilham Əliyev: Ipək yolu sivilizasiyası Azərbaycan diplomatiyası", "Islam mədəniyyətində sufizm" kimi kitabların müəllifi Nərman Qocatürkün rəyçisi, elmi redaktoru olmuşam. Bu elmi mübadilə tanışlığı mənim Nərman Qocatürkü daha yaxından tanımağa, onun mənəvi dəyərlərə verdiyi xüsusi qiymətin şahidi olmuşam. Bununla yanaşı Nərman Qocatürk uzun illərdir Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti olaraq, "Fəlsəfə tarixi" və "İslam fəlsəfəsi" fənlərini tədris edir.
Son zamanlar sosial şəbəkələrdə kimlərsə məqsədli şəkildə onun şərəf və ləyaqətinə xələl gətirmək məqsədilə ona qarayaxma kompaniyasına başlamışlar.
Konkret olaraq instaqramda "Tələbə mediası" və "7 news ", "Arqument.az" saytları kəskin şəkildə heç bir əxlaqa sığmayan, heç bir konkret inandırıcı dəlillərə hesablanmayan ittihamlar irəli sürürlər. Bu isə bir ziyalı kimi məni hədsiz narahat edir.
Ulu Öndərimiz Heydər Əliyev müəllim peşəsini cəmiyyətin və millətin gələcəyi üçün əsas dayaq hesab edirdi və deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Müəllimə yönələn hər hansı bir təzyiq, məhz onun adına gələn hər hansı bir xələl cəmiyyətin güzgüsü olaraq mənəviyyata yönələn güclü silahdır.
Çox hörmətli prezidentimiz, cənab İlham Əliyev!
Bir insana, xüsusən də gənclərə xitab edən müəllimə belə psixoloji basqı etmək cəmiyyət üçün yolverilməzdir. Ona qarşı yönələn ittihamlar heç bir həqiqətə sığmır. Göstərilən arqumentlər məqsədli şəkildə əsassızdır.
İnanıram ki, çox qısa zamanda böhtan xarakterli bu məlumatlar öz obyektiv həllini tapacaq.
Şuşa bayrağını qələbə və ədalət rəmzi olaraq qəlbimizin başına tac edən Ali baş komandanımızın qılıncdan kəsərli sözünə biz alimlər inanırıq.
Hörmətlə,
Akademik, Əməkdar elm xadimi Nizami Cəfərov.
“Ədəbiyyat və incəsənət”
(19.11.2026)


