Redaksiyanın poçtundan – Alı Mustafayevə rekviyem Featured

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poştundan rubrikasındakı növbəti məktubu sizlərə təqdim edirik.

 

Salam, mən Nərmin Nizamlı.

Daha əvvəl sizin portalınızda yazım dərc olub, indiyə kimi esse müsabiqələrinin qalibi adına layiq görülmüşəm. Sizə yazdığım yazılardan birini yollayır və arzu edirəm ki, bu yazını həm bəyənər, həm də portalınızda dərc edərsiniz.

 

NƏRMİN NİZAMLI

Mən ölsəm qəbrimin üstünə ancaq lalə qoyun...

Esse

 

Azərbaycan mətbuat tarixinin unudulmaz siması, Milli Qəhrəman Alı Mustafayev 20 noyabr faciəsinin ən ağır itkilərindən biri idi. Cəsur jurnalist təkcə o məlum vertolyot qəzasında deyil, ondan əvvəl də dəfələrlə ölümün gözünə dik baxmışdı. Cəbhə bölgəsindəki çəkilişlər zamanı yaralanmasını xəstəxanada müalicə ilə geridə qoysa da, amansız tale Qarakənd səmasında ona eyni şansı tanımadı. O, cəmi 39 illik ömrünə vətəni, elmi, qızı Laləni və könlündən qopan bənzərsiz şeirlərini sığdırdı.

Alı Mustafayev şirin ömrü çox sevirdi — "Həyatdan, dünyadan bezən kim olub?" deyən elə məhz onun özü idi. Lakin əfsus ki, həyat bəzən çox amansız olur. Onun şirin ömrü vaxtsız bitsə də, adı və ruhu övladının sevgisində, vətən torpağında əbədi qovuşdu bəlkə də...

 

"Mən ölsəm qəbrimin üstünə ancaq,

Başqa gül qoymayın lalədən qeyri.

Qoy onu sinəmdə bitirsin torpaq,

Əzəldən sinəmdir Lalənin yeri." 

       (Alı Mustafayevin şeirlərindən)

 

Bilmərəm, o, şeirlərində öz ölümünü və taleyini qabaqcadanmı yazmışdı, yoxsa bu şirin ömür sadəcə amansız bir təzadla sona yetdi? Lakin bir şeyi dəqiq bilirəm: o, ölümü seçmirdi, həyatı və yaşamağı çox sevirdi. Amma həyatla vətən arasında seçim qarşısında qalsaydı, yəqin ki, heç bir tərəddüd etmədən yenə vətənini seçərdi.

Alının həyatın özündən də böyük sevgiləri vardı: sadiqliyi, qızı Laləsi, sətirləri və sonsuz vətən eşqi. Bir insanın ürəyində bu qədər böyük sevgiləri daşıyıb, heç bir təhlükədən qorxmadan öz yolundan dönməməsi onun şəxsiyyətinin böyüklüyünü göstərir. Bunların hər biri onun ömrünün qırılmaz bir parçası idi.

Bəlkə də buna görədir ki, mən “Əgər bir şair olsaydım, hansı şair olardım?” sualına cavab axtararkən ağlıma gələn ilk sima məhz Alı Mustafayev olur. Çünki mən onun kimi yazmaqdan daha çox, onun kimi hiss etməyi, ətrafda baş verən haqsızlıqlara və ağrılara biganə qalmamağı, hər anı dəyərli yaşamağı mühüm hesab edirəm. O, özündən sonra yalnız poetik sətirlər deyil, bütöv bir həyat və cəsarət nümunəsi qoyub getdi. Və mən onun haqqında düşünərkən, içimdən gələn bu misralarla ona səslənirəm:

 

"Ömrünü görürəm şeirlərində,

Yazdığın həvəsli sətirlərində.

Sən qorxub çəkinmə bircə an belə,

Dünya unutsa da, mən unutmaram."

 

Bəli, mən onu, onun yarımçıq qalmış ömrünü, vətənə və sənətə olan sonsuz sədaqətini heç vaxt unutmayacağam.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.