(Subyektiv baxışlar və tənqidlər)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
"Ədəbiyyat və İncəsənət" portalı üçün
Ötən illərdən etibarən ara-sıra sosial şəbəkələr üzərində bəzi poetik deyişmələrin şahidi olmuşam. Onlardan bəzisi maarifləndirici, faydalı və səviyyəli olsa da, təəssüf ki, bəziləri ədəbiyyatı ucuzlaşdıran, milli kimliyimizin ayrılmaz parçası olan Ana dilimizin gözdən salınmasına yol açan mənasız və hətta, utancverici deyişmələr olub...
Tərif və təqdimat:
Şeirləşmə və ya şeirləşmək iki və ya daha çox insanın bir-birinə şeirlə, qafiyəli sözlərlə cavab verməsi, şeir vasitəsilə ünsiyyət qurması və ya dialoq aparmasıdır.
Bu anlayış həm xalq ədəbiyyatında köklü bir ənənəyə malikdir, həm də müasir dövrdə insanların gündəlik və ya bədii ünsiyyət formalarından biridir.
Şeirləşmənin ən peşəkar və tarixi forması aşıq yaradıcılığındakı "deyişmə"lərdir.
Meyxana sənəti də şeirləşmənin bir növüdür. Burada tərəflər müəyyən olunmuş ritm (bəhr) və qafiyə əsasında növbə ilə şeir fırladırlar. Həmçinin, günümüzdə şeirleşmənin ən bariz nümunəsi yazılı və virtual şeirləşmədən ibarətdir. Belə ki, adətən dostlar, sevgililər və ya şairlər sosial şəbəkələrdə, mesajlaşma proqramlarında, məxfi və ya açıq qruplarda bir-birinə poetik cavablar yazaraq şeirləşirlər. Biri bir bənd şeir yazır, qarşı tərəf isə onun mənasına və qafiyəsinə uyğun olaraq öz şeiri ilə cavab verir.
Hər halda bəbahətənlik əsasında olan şeirləşmə ədəbiyyatda mövcuddur. Bu, duyğuları, fikirləri və ya zarafatları adi cümlələrlə deyil, poeziyanın dili ilə qarşı tərəfə ötürmək sənətindən ibarətdir. Buna görə də kimsə onu inkar etmək məqamında deyil...
Əsas mülahizələr:
Şeirləşmə ilə bağlı bir neçə əsas mülahizəni söyləmək olar:
1. Şeirləşmədə ədəb-ərkan və etikaya xas olmayan söz, misra, bənzətmə və cümlədən çəkinmək lazımdır. Heç bir halda heç bir insanın şərəf və ləyaqəti hədəf alınmamalı və alçalmamalıdır. Əslində bu, ədəb-ərkan və əxlaqdan gələn ədəbiyyat adının hər kəsdən tələb etdiyi əsas məsələdir.
2. Şeirləşmə adı altında milli kimliyin əsas parçası sayılan Ana dilinə sayğısızlıq göstərilməməli və heç bir halda şeirləşmə bəhanəsi ilə Ana dilimizi bərbad və gülünc hala salacaq hərəkətlərə yol verilməməlidir. Buna misal olaraq şeirləşmə zamanı işlədilən bəzi əcayib və mənasız ifadələri göstərmək olar...
3. Qadınlar öz aralarında və ya kişilərlə təyin olunmuş mədəni və etik çərçivədə şeirləşə bilsələr də bəzi şeirləşmə növlərində onların kişilərə qoşulub bu işdə iştirak etməsi yaxşı iş sayılmır.
Meyxana Azərbaycan şifahi xalq ədəbiyyatının (folklorunun) və milli poeziyasının bir hissəsi hesab olunsa da meyxananın da özünəxas mənası, ədəb-ərkanı vardır. Üstəlik, tarix boyu xanımlar bu sahədən uzaq olmuş, məsələn ümumi və ya xüsusi məkanlarda kişilərlə qadınlar meyxana deyişməsinə çıxmamışlar.
Bu, mənim şəxsi yanaşmam, yaxud hansısa qara fikirli və ya qısqanc baxışlı bir adamın fikiri deyil. Əslində Odlar Yurdu Azərbaycana xas olan mentalitetin tələbidir. Hər kəs fərdi və özəl həyatında istədiyi kimi davrana bilsə də ictimai həyatda istər-istəməz müəyyən çərçivəni qorumalıdır...
Bu qədər əminəm ki, belə deyişmələrə qoşulan tanıdığım bəzi qadınların həyat yoldaşı bundan xəbər tutsa, bəlkə də onlar əbədiyyən ədəbiyyat sahəsinə və ədəbi mühitə həsrət qalar, yalnız evdə əyləşib özləri üçün yazıb-yaratmağa məhkum ola bilərlər. Bilmirəm, bəlkə bu da onlara çox görülə bilər...
Kimsə öz yaxın çevrəsi, dostları və ya rəfiqələri ilə şeir formasında deyişə, hətta, meyxana söyləyə bilər. Lakin kişilər arasında elə poetik şeirləşmələr var ki, onu qadınların iştirakı olmadan, həm də qapalı qruplarda həyata keçirmək daha münasibdir. Bunu sosial şəbəkədə ümumiləşdirmək, xüsusilə də açıq məkanda qadınları belə bir deyişmələrə cəlb etmək və ya müxtəlif bölgələrdən olan bəzi qadın yazarların həmin deyişmələrə qatılmasına şərait yaratmaq yaxşı hərəkət deyil. Bu, sonda ədəbi mühit daxilində və ardınca cəmiyyət arasında "qadın meyxanaçılar"ın formalaşmasına şərait yaradır.
Mən bu qəbil şeirləşmələrə heç cür bəraət qazandıra bilmirəm. Hələ buna kənardan baxıb bizə və ədəbi mühitimizə gülən, rişxənd edənlər də az olmur...
Düşünürəm ki, yaşından, cinsindən, siyasi və dini mənsubiyyətindən, həmçinin ədəbi sahədə əməyindən asılı olmayaraq ədəbiyyat sahəsində olan hər kəs ədəbiyyatı uca tutmağa, onu ucuz və mənasız işlərə xərcləməkdən çəkinməyə mükəlləfdir...
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


