Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədliyə 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın elmi-pedaqoji fəaliyyəti, ana dilimizin zənginliklərinin öyrənilməsi, milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində xidmətlərinə vurğu edilib.
Fazil Mustafa Salatın Əhmədlinin 2024-cü ildə işıq üzü görmüş “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji sözlüyü” kitabını xüsusi vurğulayaraq bu əsərin xalqımızın tarixi yaddaşının, dünyagörüşünün və mənəvi-mədəni özünəməxsusluğunun yaşadılması baxımından da önəmli olduğunu bildirib:
“Dialekt və şivələr dilimizin yerli özəllikləri ilə birgə, xalqımızın dünyagörüşünü, tarixi təcrübəsini, məişət mədəniyyətini və mənəvi yaddaşını da yaşadır. Hər bir unudulmaqda olan sözün qeydə alınması, əslində, milli yaddaşımızın bir parçasının qorunması deməkdir”.
Komitə sədri milli mədəniyyətin davamlılığında yaradıcı ziyalıların, ictimai təşəbbüslərin və vətəndaş cəmiyyətinin mənəvi məsuliyyətinə də diqqət çəkib. Bildirib ki, yerli dil və folklor irsinin toplanması, sistemləşdirilməsi və təbliği milli kimliyimizin qorunmasına, nəsillərarası mənəvi varisliyin möhkəmlənməsinə xidmət edir.
Fazil Mustafa yubilyara ünvanladığı xoş arzularında onun ictimai, yaradıcı fəaliyyətinin və sözə bağlılığının bundan sonra da milli-mədəni irsimizin öyrənilməsinə dəyərli töhfələr verəcəyinə inamını ifadə edərək, yeni kitablar və yaradıcılıq uğurları arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2026)


