Tətbiqi riyaziyyatçı şair... Featured

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Müsahibələrinin birində deyib ki:- “Ən nifrət etdiyim xüsusiyyət yaltaqlıqdır, yaltaqlara nifrətim o qədər güclüdür ki, şiddətindən az qala ürəyim dayansın. Qalan bütün mənfi xüsusiyyətlər yaltaqlığın kölgəsində qalır. Xaraktercə yardımsevərəm, dostluqda sədaqətə böyük üstünlük verirəm. Riyakarlığa dözümsüzəm. Bu hallarla üzləşəndə bəzən kimlərəsə iradımı bildirdiyim olur və təbii ki, yaxşı qarşılanmır. Dürüstlüyü qiymətləndirməyə çalışıram, amma çox vaxt əks reaksiya ilə qarşılaşıram. Bəzi məqamları çıxmaq şərti ilə (müqəddəs olanları da var) yalana səbrim çatmır. Düşmən deməzdim, arzuolunmaz adama çevrildiyim məqamlar olub. Bir də əqidəsiz adamlardan zəndeyi-zəhləm gedir.”

 

Haqqında söhbət açmaq istədiyim Süleyman Abdulla 5 noyabr 1965-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində dünyaya göz açıb. Yeri gəlmişkən, görkəmli şairimiz Ayaz Arabaçı da bu kənddəndir.

1972-1982-ci illərdə Arabaçı kənd orta məktəbində orta, 1983-1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda "Tətbiqi riyaziyyat" ixtisası üzrə ali təhsil alıb. 1984-1986-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-1991-ci illərdə "Xəzərneftdonanma" idarəsinin balansında olan "İsrafil Hüseynov" adına sualtı boruçəkən gəmidə kapitanın 2-ci köməkçisi işləyib, 1992-1993-cü illərdə Milli Qvardiyasının zabiti olub və həmin qvardiyanın tərkibində Qubadlı, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. 1995-ci ildən mətbuatda çalışır. 10-dan yuxarı şeir və nəsr kitablarının müəllifidir. Əsərləri 1988-ci ildən dövri mətbuatda çap olunur. Şeirləri bir çox dillərə tərcümə edilib. "Fəlsəfə müəlliminin ölümü" romanı və "Cavabsız qalan qisas" adlı irihəcmli hekayəsi Özbəkistanda kitab şəklində dərc edilib...

“Asi olanlara rəğbətim yoxdur, hərçənd ki, özüm də konkret bir inancın dayışıcısı deyiləm. Yaradanın olduğuna inanıram, yaradılanın yaradanın üzünə ağ olmasını nankorluq sayıram. Hər kəsdən, hər şeydən narazı olan adamlar var, belələri ilə rastlaşdığım da olub, amma onların mənim həyatımda yeri yoxdur deyə dərhal uzaqlaşmağa çalışmışam. Axı, onları razı salmaq əsla mümkün deyil.”- söyləyir.

Güclü, sirli və dərin emosional dünyaya sahib adamdır. Möhkəm iradəsi var. Onu qarşısına qoyduğu məqsəddən yayındırmaq mümkün deyil. Heç bir çətinlikdən qorxmur və ayaq üstə möhkəm durmağı bacarır. Qarşısındakı insanın əsl niyyətini və hisslərini tez hiss edir, onu aldatmaq demək olar ki, mümkünsüzdür. Sevdiklərinə və dostlarına qarşı çox sadiqdir. Onların dar gündə arxa durmağı bacarır. Cox ehtiraslıdır- həm işə, həm də münasibətlərə bütün enerjisini qoyur. Haqsızlığı və ya xəyanəti asanlıqla unutmur, lazım gəlsə cavabını da verməkdən çəkinmir. Çox qapalı adamdır, daxili dünyasını hər kəsə açmağı xoşlamır. Sevgi və dostluqda son dərəcə sadiqdir, həyatındakı insanlara canla-başla bağlanır...

Deyir ki:- “Ömrün xəzan dövrü bəlkə də insan həyatının ən mükəmməl dövrüdür. Bu elə bir dövrdür ki, insan müdrikləşir, heç nəyə səthi yanaşa bilmir, hər şeydə bir məna axtarır. Başqa sözlə, ömrün payızı bir növ yaşanılan səhvlərin, doğruların hesabatı dövrüdür. Səssizliyə çəkilib su şırıltısında olub-keçənləri, xətalı-günahlı və ya əksinə… yaşadıqlarının xatırlamaq insanın öz vicdanı qarşısında hesabatıdır...”

Şair Süleyman Abdullanın 61 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.