İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru olub o. O dövrün uşaqları dərhal bildilər ki söhbət kimdən gedir.
Rafiq Savalan (Ağayev Rafiq) 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb. Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı, radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyib.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edib, "İmam Əli" və "İmam Rza filmlərinin dublyajına rəhbərlik edib.
Əsərləri
1. Nigarın nağılları
2. Ağ qızılın nağılı
Tərcümələri
1. L. N. Tolstoy. Əsərləri. XII c.
2. L. N. Tolstoy. Əsərləri. XVI c.
3. V. V. Ovçinnikov. Palıd kökləri
4. M. M. Zoşşenko. Lenin haqqında hekayələr.
5. F. Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası
Filmoqrafiya
1. Dağlı çörəyi
2. Bakı milyonçuları. Ağa Musa Nağıyev
Ədib 29 oktyabr 2023-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)


