Zəhmətdən yoğrulmuş ad(t)am Featured

Hafiz Ataxanlı,

“Ədəbiyyat və incəsənət”

 

Mənim atam – Eynullayev Minəxan Ataxan oğlu şair, yazıçı  ictimai xadim, idarə müdiri olmayıb. Qolunun gücü, alnının təri ilə çörək qazanıb, övladlarını hamıdan yaxşı geyindirib, yedizdirib. Elektrik montyoru və bənna kimi bütün enerjisini işə sərf edib. Yazıb-oxumaq bilməsə də, pulu tanıyıb. Amma pulgir deyildi. O qədər evlərin divarını hörüb ki, həm də o dövrlər, kərpicin, kubikin yox, qara çay daşının işləndiyi vaxtda. Heç birinə də qiymət deməyib. Gücün nəyə çatar, onu da verərsən, - söyləyib.

 

Kəndimizdəki evlərin çoxunun divarlarında atamın əllərinin, qabarlı barmaqlarının izi qalıb. Bir də ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Lənkərandan Yardımlıya qədər ərazidə yenilənən işıq dirəkləri atamın böyük zəhmətinə şahiddir.

Gözümü açanı, ağlım kəsəni atamı zəhmli, zabitəli gördüm. Bəzən bir acıqlı baxışı yetərdi ki, özünü yığışdırasan.  Danladığı vaxt da olub, az hallarda üstümə qışqırıb da. Fəqət, heç vaxt əl qaldırmayıb. Mənimlə qürur duyub. Çünki 4-cü sinifdən əlaçı və ictimai fəal şagird kimi şöhrət qazanmışdım. Atam buna görə fərəhlənirdi. Gecələr yatanda (o vaxtlar da mən hamıdan gec yatardım) əllərini gözünün üstünə qoyub yuxuya getmək istərkən üzündəki xoşbəxt təbəssümdən mənim uğurlu gələcəyim haqqında düşündüyünü duyurdum. Bunu onun səsli düşüncələrindən öyrənmişdim. O səsli düşüncələrdə məni partkom, (özü Sov.İKP üzvüydü) rayon komsomol komitəsinin  birinci katibi, raykom, bəzən də Mərkəzi Televiziyanın xarici ölkələrdən reportaj verən xüsusi müsbiri vəzifələrində görürdü.

Qəribə xasiyyəti vardı: orta təhsilli adam əziz-giramisi olsa belə, onun  sözünə inanmazdı. Sən nə bilirsən? – deyə qışqırardı. Ali təhsilli adamınsa yalanına belə , inanardı.

1973-74-cü illərdə kənddə hər evdə televizor yox idi. 1975-76-cı illərdən başlayaraq tədricən telivizor alanlar çoxaldı. Biz də telivizor almaq istəyimizi dilə gətirəndə atam qaşqabağını tökdü:

-Uşaq (məni nəzərdə tuturdu) məktəbi qurtarıb instituta girənə qədər bu qapıdan içəri televizor girməyəcək!

Vəssalam! Hökm verildi. Sonradan öyrəndim: müəllimlərdən biri atama deyib ki, Minəxan kişi, maşallah, Hafizin çox böyük gələcəyi var. Çalış, televizordan uzaq qalsın, korlana bilər.

Məlum: ali təhsilli adamın illah da, müəllimin məsləhəti atam üçün qanun idi.

1983-cü ildə mən qəbul kağızını gətirib evdə göstərdim, Səttar əmi (rayonda tanınmış dil-ədəbiyyat müəllimi, atamın əmisi oğlu Səttar Novruzov) mənə bir dəstə qızılgül gətirdi, qohum qardaş yığışdı, süfrə açıldı, qurban kəsildi. Bunlar bitən kimi atam rayona getdi, Eşqalının mağazasından bir televizor alıb gətirdi.

Heç vaxt külfət üçün pul əsirgəmədi. O vaxtlar ustalar arasında “sezon”a getmək dəb idi. Əsasən Qazaxıstanda böyük tikinti işləri, indiki dildə desək, nəhəng inşaat layihələri gerçəkləşdirirdilər. Çərşənbə plovunu yeyib yola düşürdülər. Bir də oktyabrın sonu, noyabrın əvvəli qayıdırdılar. Atam qazandığı pulun çoxunu bizim üçün cürbəcür paltarlara xərcləyirdi.

70-ci illərdə ən yaxşı pioner və komsomolçuların turist ekspedisiyası təşkil edilirdi. Fəhlə, kolxozçu övladı və əlaçı olmaq göndərişin şərti idi. Mən bu standartlara tam uyğun gəldiyimdən hər il adam o siyahıda idi. Müəllim oğlu, əmioğlu Vasif istisna olmaqla, qalanları rayon partiya komitəsi katiblərinin, idarə rəislərinin  övladlarıydı. Bütün xərclər dövlət tərəfindən ödənilirdi. Buna baxmayaraq, atam cibinə daha çox pul qoyurdu.

-Bala, o uşaqların yanında utanmayasan. Yeri gələndə onların atalarınkı haram sayılır, amma mən alnımın təri ilə qazanıram.

Mənim də, qardaşımızın da tələbəlik illərimizdə işləməyimizə imkan vermədi. Siz oxuyun, pul dərdi çəkməyin, - dedi – mən hər ay xərcliyinizi göndərəcəyəm.

Heç vaxt məni ağır işlərə buraxmadı. Yalnız 10 gündən bir qoyun növbəsinə gedirdim. Yay tətilində alatorandan oyadırlar. Deyinə-deyinə (burada “ədəbi” mətnin əsasını qoyun saxlamağın iqtisadi əhəmiyyətsizliyinin və bu əziyyətlərə dəyməməsinin məktəbli zehniyyətindəki məntiq təşkil edirdi) çıxıram bələtə; qonşuların qoyunları gətirib topladığı meydançaya çiynimdə nahar yeməyi qoyulmuş torba, əlimdə ütülmüş çomaq, gözümdə yuxu, üzümdə narazılıq. Birdən, məsələn, Obaxan əmi gəlib deyir ki, ay qonşu, sabah bizim növbə olacaq, amma xeyirişimiz var, növbəmizi dəyişək, bu gün biz gedək, sabah da siz. Tələm-tələsik qayıdıram evə o vaxtlar may ayından sentyabrın sonlarına qədər kişilər eyvanda yatardılar. Atam məndən də qabaq durub Məceyrə ot biçininə getdiyindən yorğan-döşəyi açıq qalmışdı. Yığışdırmağa macal tapmamışdılar.

İlahi! Baş tutmayan qoyun növbəsindən dönüb eyvanda atamın açıq qalmış yerində ləzzətlə  uzanmaq – uşaqlıq illərimin ən xoşbəxt məqamıydı!

Atam qoçaq, cəsur kişiydi. Sanki qorxu hissini ondan almışdılar. Cavanlığında  çox vaxt qoruqdan gələndə qəbiristanlıqda daşa söykənib dincini alırmış. Gecə yarısı, canavarların çox olduğu vaxtlarda əliyalın, at üstündə Vəlişliyə - uzaq yola çıxırdı.

Heç kim onunla dalaşmağa ürək etməzdi. Hətta müəyyən  kataları bilən idmançı uşaqlar belə, atamın təbii gücü qarşısında aciz qalardılar. Heç vaxt istirahət etmədi. İşdən doymazdı, yorulmazdı. Divar hörərkən bir fəhlə materialını çatdıra bilməzdi. İkincisi qoşardılar.

Əlində hörgü sifarişi olmayanda istirahət günü evdə otura bilmirdi .Bir də görürdün, həyət-bacada vurnuxurdu, sonra çəkicini, malasını, şüqulunu götürdü. Anamın “hara gedirsən?” sualına qayıdardı ki, Əlövsət (o da hörgü ustasıydı)filankəsin evində işləyir, tələsdirirlər, o da çatdıra bilmir. Nə olasıdır ki, evdə boş-boşuna oturmaqdansa gedim əl yetirim. O qədər şərikli işləyib çörək qazanmışıq ki...

Atamın fiziki gücü, enerjisi bir məsələdə mane olurdu. Məntiq vecinə deyildi. Desəydi, qatıq qaradır, qarşısındakı adam məntiq səhifəsini qapadıb təsdiq işarəsi verməliydi. Əks halda öz üslubunda qatığın qara olduğunu isbatlayacaqdı.

Döyüş filmlərini seyr etmək - ən sevimli məşğuliyyəti idi. Filmin qəhrəmanının həyəcanlarını o da yaşayırdı. Torpaqlarımızın işğal altında olmasından söhbət düşəndə əsəbiləşərdi:

-İcazə versinlər, gedim erməninin üstünə. Silah-zad lazım deyil. Yatdıqları yerdə çöküm üstlərinə, onları yumruqla, təpiklə birinci qrup əlilə çevirməsəm, mənə də Minəxan deməsinlər.

2005-ci ildə ildə güclü başağrılarından  şikayətlənirdi. Qardaşımla Sumqayıta gəldi. Tanınmış təbib, tibb elmləri üzrə fəlsəfə doktoru Mail Tağıyevin özəl klinikasına apardım. Sağ olun, hörmət-izzətlə qarşıladı. Kənddən-kəsəkdən soruşdu, zarafatlaşdı, sonra həyat yoldaşı ilə birlikdə ultramüasir avadanlıqda yoxladı. Sonra başını qaldırıb təəccüblə atama baxdı:

-Eloğlu, sənətin nədir? Harda işləmisən?

-Montyor işləmişəm. Düşəndə ev də tikmişəm. Hörgünü bilirəm. Niyə soruşdun, doktor.

Mayıl həkim bu dəfə üzünü mənə tutdu:

-Hafiz, çoxillik həkim təcrübəmdə bu qədər çevik, mühərrik beyin görməmişəm.

-Olacaq da, Mail müəllim, 0 həkimi məlumatlandırdım, - dədəm paxıllıq anlayışını tanımır, heç vaxt heç kəsin ardınca danışmayıb, sözü olub, həmin adamın üzünə çırpıb, görüb başa düşmür, yumruğu qoyub təpəsinə. İçi ilə çölü bir olan adamdır.

Canının qərini bilən deyildi atam. Sentyabrın sonunda Səmərqənddə 22 dondurmanı birnəfəsə yemişdi. Yardımlı rayon xəstəxanasında böyrəyindən müalicə alarkən gizli-gizli soyuducuya  su qoyub içirmiş, sən demə. Dostum Etibar Bənnayevin həmişə xatırladığı bir məqam var. Sumqayıt xəstəxanalarından birində əməliyyat olunmuşdu. Əməliyyatdan iki saat sonra Etibara pıçıldayıb ki, Hafiz bilməsin, mənə buz kimi mineral su gətir. Etibar qalıb dilemma qarşısında, birtəhər vəziyyətdən çıxıb.

İştahası pis deyildi. Şirinçayı sevməzdi. Səhər yeməyinə sulu xörək yeyərdi. Mövsüm vaxtında pomidor və pendirlə səhər yeməyini edərdi. Son günə qədər iştahası yerində qaldı. Balığı çox sevərdi. Ömrünün sonuna qədər  eynəyə ehtiyacı qalmadı. Meyvələrdən almanın dəlisiydi. Deyirdi, yanımda kabab yeyələr, vecimə deyil, alma yeyib mənə verməsələr, özüm, dilimlən istəyərəm.

Nəvələrinə çox bağlıydı. Nuridə, Fəridə, Nicat, Təbriz, Alim, Şahin, İlkin, Leyla, Nərgiz, Günay, Sevinc, Mələk, Səidə - ondan ötrü həyat mənbəyi idi.

Hər biri ilə fərqli- fərqli zarafatları  vardı. Bir də görürdün, səhər-səhər bağ-bostanı gəzir, yetişmiş armud, alma, gavalı yığıb gətirir nəvələrinə. Ya da iki daşın arasında  gözdən itib bir vedrə böyürtkənlə qayıdırdı. Yığırdı nəvələri başına.

Başqaları arın-arxayın durub, yemək yeyib meşəyə oduna gedəndə atam artıq bir at yükü odunla qayıdırdı. Üstəlik torbasında mövsümə uyğun nəvələr üçün əzgildən, qaragilədən, dağ keşnişindən, vəcələdən-filan nəsə olmalıydı.

Əvvəldə yazdığım kimi savadsız idi. Amma və lakin... Azərbaycanda və dünyada baş verən proseslərdən anlayışı vardı. Bütün nazirlərin, komitə sədrlərinin, Bakının, Sumqayıtın, Gəncənin, Şəkinin, Lənkəranın və təbii ki, Yardımlının icra başçılarının ad-familiyalarını  bilirdi. Birdən mənə yaxınlaşıb fikir bildirirdi:

-Bala, deyəsən axı filan naziri vuracaqlar?!

-Nədən  bilirsən, ay dədə?

-Yan-yörəsini budayırlar. Heydər Əliyevin bütün çıxışlarına qulaq asırdı. Prezident belə sərt, zəhmli olsa, yaxşıdır, - deyirdi, - yoxsa bəzi adamlar ölkənin daşını, divarını da yeyərlər.

Yeri gəlmişkən, işıq idarəsində  işləyəndə məvacibi həddindən artıq çox idi. Bundan istifadə edib respublikada çıxan bütün qəzetlərə abunə yazdırmışdılar. Qonşumuz, poçtalyon İbarət əsasən cümə günü bütün qəzetləri gətirib çəpərin üstünə qoyurdu. Axşam yeməkdən sonra atam qəzetləri ortaya qoyub, bala, başuva  dönüm, oxu, görək, nə yazırlar?” deyirdi. “Kommunist” qəzetindən beynəlxalq və yerli xəbərləri oxuyurdum. Sonra keçirdim heydər Əliyevin çıxışlarına, müsahibələrinə. Oxuduqca özümü rəhmətlik Aydın Qaradağlıya bənzədib lovğalanırdım. “Sovet kəndi” qəzetinin “Pürrəngi çay içə-içə” rubrikası vardı. Vaqif  Bəhmənlinin hazırladığı səhifədə satira, yumoristik yazılar, felyetonlar verilirdi. Mən o yazılarda oxu tərzimi dəyişirdim, rəhmətlik Şahmar Ələkbərovun “Mozalan”da  səsləndirdiyi ironik müəllif mətninə uyğunlaşdırmağa çalışırdım. Yəni, dolayısı ilə, ustadım Nadir Hüseynovdan  öncə səhnə danışığımın formalaşmasında atamın rolu olub.

Dostluqda möhkəm idi. Yaş fərqinə baxmayaraq Şahnəzəri dost kimi çox qiymətləndirirdi. İlk bələdiyyə seçkilərində onun seçilməsi üçün var qüvvəsi ilə çalışırdı. Kimin hünəri nəydi ki, atamın yanında Şahnəzər haqqında artıq-əskik danışa?! Şahnəzər ailəsi ilə birlikdə Maştağaya köçəndən sonra  qonşularla bələtin ağzında oturub söhbətləşirdi. Tavarxan əmi dünyada baş verən hadisələrdən  danışırdı, Kamal əmi  Bakının Basin (indiki Füzuli) küçəsindəki gənclik məcaralarını dilə gətirib kövrəlirdi, atam da Qazaxıstanda  onlara ilişən sərxoş qazaxları necə başa saldığını xatırlayırdı.

2016-cı il, martın əvvəllərində Əliş zəng vurub dedi ki, qağa, dədəmin vəziyyətindən gözüm su içmir. İlk baxışda qorxulu bir şey yoxdur, amma bəzi məqamlarda məni narahat edir. Dedim, Əli, elə günü sabah gəlin Sumqayıta. Səhərisi gün zəng vurdu ki, dədəm deyir, qoy çərşənbəni evdə keçirim, sonra gedərəm, bir-iki ay da qalaram.

... Və 2016-cı il, martın 27-də, axşam tərəfi qardaşımdan zəng gəldi:

-Qağa .... dədəmiz getdi...

Telefon əlimdən düşdü. Dəlicəsinə hönkürdüm. Qızım Leyla sonralar etiraf edəcəkdi:

-Ata, bunca çətinliklərdən keçdiyinin şahidi olmuşdum, ilk dəfə səni belə çarəsiz görürdüm.

Və mən 1983-cü ilin fevralında 42 yaşlı Sabahgül bibimin dünyasını dəyişmə xəbərini alanda atamın düşdüyü çarəsizliyi  xatırladım. Atam xəbəri eşidən kimi dizi üstə çökdü, iniltili səslə “Sabayül, niyə ocağımızı söndürdün?”  demişdi.

... Səhər yeməyindən sonra rayon mərkəzinə gedib, qardaşı İsabalaya, bacısı Esmiraya baş çəkib,  kəndə dönəndə, bibisi qızı Anaşla halallaşıb. Qaraxan əmimin, Fətulla əmimin uşaqlarına dəyib, hamısı ilə də halallaşıb. Evə çatan kimi qardaşımı səsləyib:

-Əli, bala, kömək elə, saçımı-saqqalımı yüngülləşdirəcək .

Hamama girib, şam namazını qılıb (5 ilə yaxındı ki, namaza başlamışdı) İştahla yeməyini yeyib. Əllərini qaldırıb şükranlığını bildirib. Çay içmək istəyəndə “vay dədə, vay” deyə qışqırıb və başı masanın üstünə gedib.

Mərhum yazıçı-publisist Şükür Səlimxanlının maraqlı, qəlbi titrədən bir ifadəsi vardı:

“Atam ölən  gündən kürəyim yel çəkir”. Düz on  ildir ki, mənim də kürəyim yel çəkir.

Ruhun şad olsun, zəhmətdən yoğrulmuş adam!

Nur içində yat, atam!

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2026)

 

 

                                                                                

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.