Mənim Kəlbəcərəm, mənim Cəbrayılım, mənim Hadrutum... Featured

Mahir Hüseyn,

“Ədəbiyyat və incəsənət”

 

Elə qəhrəmanlar var ki, onların hekayəsini danışmaq üçün sözlər yetmir. Çünki yaşadıqları hadisələr bəzən ən cəsarətli ssenaristlərin belə xəyalına gəlməz. Onlar kino qəhrəmanlarına bənzəmirlər — kino qəhrəmanları onlara bənzəməlidir...

 

Bu gün sizə belə bir qəhrəmandan danışacağam. Amma mən onu nə döyüş meydanından, nə də qəhrəmanlıq salnamələrindən tanımışam. Mən onu uşaqlıqdan tanıyıram. Əlindən tutub yeriməyi öyrətdiyim, idmana aparıb yumruq vurmağı, təpik atmağı öyrətdiyim balaca bir oğlan kimi...

Tahir Hüseynov — evimizin sonbeşiyi, qardaşım, arxam-dayağım!

Hansı arada böyüdün, ay qardaş? Hansı arada mənim əlindən tutub yeritdiyim o uşaq ölümün gözünün içinə baxan, düşmənin bağrında tufan qoparan bir döyüşçüyə çevrildi?

Müharibə başlayanda Tahir Murov silsiləsinin keçilməz zirvələrini aşanların, yüksəkliklər uğrunda döyüşənlərin sıralarında idi. Cəbrayılın azadlığına gedən qanlı yolda öz izini qoydu. Sonra isə Hadrut...

Ah, Hadrut! Sənin küçələrində nələr yaşandı, nələr!

Tahir və silahdaşları düşmənin içinə sızdılar. Onların özlərini güvəndə hiss etdikləri yerdə peyda oldular. Düşmən haradan gələcəyini bilmədiyi təhlükənin içində qaldı. Bir neçə saat əvvəl özünü əmin hiss edənlər üçün hər kölgə vahiməyə, hər səs təhlükəyə çevrildi. Hadrutda düşmənin mövqelərini sarsıdan, onun müqavimətini qıran əməliyyatlarda Tahirin və silahdaşlarının rolu əvəzsiz oldu.

Qəsəbədə yerləşən erməni alayının artilleriya rəisini aldadaraq yaxına çəkib zərərsizləşdirdilər. Ön xətdən irəlilədilər, geri çəkilən düşmən qüvvələrinə pusqular qurdular. Düşmənin öz arxasında belə rahat nəfəs almasına imkan vermədilər.

Amma bu hekayənin ən ağır səhifəsi hələ qarşıda idi...

Düşmən arxasında əməliyyat zamanı Tahir başından güllə yarası aldı.Başından!

Bəzən bir güllə insanın bütün həyatını dəyişir. Bəzən bir yara adamı döyüşdən yox, həyatdan ayırır. Amma Tahir yaralı başı ilə döyüşü davam etdirdi. Bir gün yox, iki gün yox — daha üç gün!

Təsəvvür edin: ağrı, qan, yorğunluq, hər an pusqudan çıxacaq ölüm... Və bütün bunların içində geri çəkilməyən bir iradə.

Nəhayət, qrup komandirinin təkidi ilə geri qayıtmağa məcbur oldu. Lakin onun üçün geri dönüş də təhlükəsiz yol demək deyildi.

Yolda düşmənə məxsus hərəkətdə olan Toyota Prado avtomobilinin qabağını kəsdi. Düşmənin canlı qüvvəsini zərərsizləşdirdi, şəhid və yaralı silahdaşlarını maşına yerləşdirdi, sükan arxasına keçdi.

Və düşmənin içindən geri döndü...

Arxadan güllələr yağırdı. Hər an maşına dəyən bir güllə hər şeyi bitirə bilərdi. Sükan arxasında isə başından yaralanmış, günlərlə döyüşmüş bir gizir oturmuşdu. Onun üçün artıq öz canı belə ikinci planda idi. Maşında silahdaşları vardı — onları sağ-salamat çatdırmalı idi!

O, düşmənin güllə yağışı altında maşını ustalıqla idarə edərək özünü də, yaralılarını da bizim tərəfə sağ-salamat çatdırdı.

Budur, qəhrəmanlıq! Sözlə deyil, canla yazılan qəhrəmanlıq!

İndi deyin, mən necə sadəcə «Səninlə fəxr edirəm» söyləyim? Bu söz hansı hissimi ifadə etsin? Qardaşımın başından güllə yarası alıb üç gün döyüşməsini, düşmən mühasirəsinin içindən silahdaşlarını çıxarmasını, ölümün nəfəsini ensəsində hiss edə-edə geri dönməsini hansı cümləyə sığışdırım?

Tahir, mən səni böyüdəndə heç düşünərdimmi ki, bir gün sənin haqqında danışarkən sözlər bu qədər aciz qalacaq?

Mən sənə yumruq vurmağı, təpik atmağı öyrədirdim. Həyat isə səni elə bir döyüşçüyə çevirdi ki, sən düşmənin qarşısında təkcə gücünü deyil, iradəni, ağlı və yoldaşına sədaqəti də göstərdin.

Sənə baxanda gözümün önünə iki Tahir gəlir: biri əlindən tutub yeritdiyim, idmana apardığım balaca qardaşım; digəri isə Hadrutun dərinliyində düşmənə qəfil zərbə vuran, yaralı başı ilə döyüşən, silahdaşlarını xilas etmək üçün güllə yağışının altına sürən Cənab gizir...

İkisi də sənsən, qardaşım!

Biri mənim xatirələrimdə yaşayır, digəri isə mənim qüruruma çevrilib.

Səninlə fəxr edirəm demək azdır. Çox azdır! Çünki sən mənim üçün sadəcə qəhrəmanlıq göstərmiş bir əsgər deyilsən. Sən ailəmizin sonbeşiyi, uşaqlığımın bir parçası, dar gündə arxamı söykədiyim qardaşım, bu gün adını çəkəndə ürəyimə həm qürur, həm də sözə sığmayan bir duyğu dolan insansan.

Bəlkə də illər sonra bu hadisələr haqqında filmlər çəkiləcək, kitablar yazılacaq. Bəlkə sənin yaşadıqlarını bir gün ekranlarda izləyəcəyik. Onda insanlar heyrətlə soruşacaqlar: «Bir insan bütün bunları necə edə bilər?»

Mən isə sakitcə deyəcəyəm: «Siz ekranda qəhrəman görürsünüz. Mən orada uşaqlıqdan tanıdığım qardaşımı görürəm...»

Tahir Hüseynov!

Cəbrayılın azadlığına gedən yolda göstərdiyin şücaətə, Hadrutda yazdığın qəhrəmanlıq salnaməsinə, silahdaşlarını qorumaq üçün öz canını təhlükəyə atdığına görə sənə təşəkkür edirəm.

Amma ən çox ona görə minnətdaram ki, bu gün mən sənin adını çəkəndə qürurla köksümü ötürür, başımı dik tuturam.

Mənim Kəlbəcərim...

Mənim Cəbrayılım...

Mənim Hadrutum...

Və o torpaqlarda öz cəsarəti ilə iz qoyan mənim Tahirim!

Var ol, Cənab gizir!

Səninlə fəxr edirəm, qardaşım. Kaş bu sözlərin içimdəki hisslərin heç olmasa bir qismini ifadə etməyə gücü çataydı...

Bəzi qəhrəmanların adı tarixə yazılır. Bəzilərinin hekayəsi isə tarixin özünə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.