Bu gün general-mayor Hikmət Həsənovun doğum günüdür Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Madagiz fatehi! Onu bu adla tanımışıq.

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, müdafiə nazirinin müavini  Hikmət Həsənov. Bu gün onun doğum günüdür, 51 yaşı tamam olur.

 

Hikmət Həsənov 9 oktyabr 1975-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam etdribb. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib.

2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.

Daha sonra o, 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2010-cu ildə təhsilini fərqlənmə ilə başa vurub. 2010-cu ildə Abşeron rayonunda NATO-Azərbaycan tərəfdaşlıq müqaviləsinə əsasən Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO Taborunda briqada komandiri vəzifəsinə təyin olunub. 2013-cü ildə təhsili daha da artırmaq üçün Almaniyada NATO-nun "Əməliyyat planlaşdırılması" kursunda iştirak edib.

2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi vəzifəsinə təyin olunub. 2014-cü il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ona “general-mayor" hərbi rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Silahlı Qüvvələrin ən strateji 1-ci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı 1-ci Ordu Korpusunun Komandiri olan Hikmət Həsənov cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Onun rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad edilib.

3 avqust 2021-ci ildə Hikmət Həsənov Ordu Korpusu komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.

 

Təltifləri

1. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

2. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

3. "İgidliyə görə" medalı

4. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

5. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

6. "Vətən uğrunda" medalı

7. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

8. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

9. "Hərbi xidmətlərə görə" medalı

10. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

11. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

12. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

13. "Qarabağ" ordeni

14. "Xocavəndin azad olunmasına görə" medalı

15. "Füzulinin azad olunmasına görə" medalı

16. "Suqovuşanın azad olunmasına görə" medalı

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.