44 gün müharibənin içindən Featured

“Allah bizi utandırmasın”

 

Mahir Hüseyn,

“Ədəbiyyat və incəsənət”

 

27 sentyabr 2020-ci il.

Briqadanın maşın kolonu ucsuz-bucaqsız bir ilan kimi cəbhə istiqamətində sürünürdü.

Səhərdən içimizdə yığılan qorxunun bir hissəsi artıq çəkilmişdi. İnsan qorxunun içində çox qaldıqda, qəribədir, ona alışmağa başlayır. Qorxu yox olmur, sadəcə səninlə yanaşı oturub yol gedir.

Hamı cəbhədə nə baş verdiyini öyrənməyə çalışırdı. Hansı istiqamətdə döyüş gedir? Harada irəliləmişik? Harada müqavimət var? Hansı kəndlər alınır?

Rəsmi məlumatlar hələ az idi. Əsl xəbərlər isə maşından-maşına, əsgərdən-əsgərə ötürülürdü.

Bəzən doğru olurdu.

Bəzən yarımçıq.

Bəzən isə heç bir həqiqətə söykənməyən bir cümlə bütün kolonun içində xəbər kimi dolaşırdı.

Müharibədə informasiya da güllə kimidir. Hara düşəcəyini bilmirsən, amma adamı yaralaya bilir.

Mənim isə qulağımda tamam başqa bir cümlə vardı.

Qardaşımın səhər dediyi:

“Haqqını halal elə...”

O cümlə yol boyu məni buraxmırdı.

Sanki maşının mühərrik səsinə qarışmışdı.

Rabitə tağım komandirinin Füzuli, Beyləqan istiqamətində vəziyyət haqqında nəsə danışdığını eşitdim. Telefonumu çıxarıb xalam oğlu Rihat Pashayev nömrəsini yığdım.

Cavab vermədi.

Bir daha yığdım.

Yenə yox.

Qardaşımın telefonuna zəng etdim.

Sönülü idi.

Elə həmin an telefon zəng çaldı.

Anam idi.

Telefonu açdım.

Sual atəşinə tutdu məni.

— Hə, mama... Yox, narahat olma. Bir az əvvəl Rihatla da, Tahirlə də danışdım...

Sözlər ağzımdan çıxırdı, amma özüm də bilirdim ki, yalan danışırdım.

— Yox... narahat olma. İndi yəqin şəbəkə tutmur. Mən rabitə ilə danışmışam. Hə, salamatçılıqdır. Uşaqlar nətərdi? Üzlərindən öpərsən...

Bəlkə də anam da mənim yalan danışdığımı bilirdi.

Bəlkə o da mənim kimi rol oynayırdı.

Mən guya onu sakitləşdirirdim.

O isə guya mənə inanırdı.

Ana ilə övlad arasında bəzən belə qəribə bir anlaşma olur. Həqiqəti demədən də həqiqəti anlayırlar.

Telefonu söndürdüm.

Bir müddət ekrana baxdım.

Sonra yolun qabağına.

Briqadanın kolonu hərəkət edirdi.

Bizim tabor əsas istiqamətdən ayrılıb Goranboy istiqamətində hərəkətə davam etdi.

Yol boyu insanlar düzülmüşdü.

Magistral yolların üst keçidlərində bayraqlar dalğalanırdı.

Şüarlar səslənirdi.

İnsanlar əsgərlərə əl edir, alqışlayırdı.

Bəziləri əvvəlcədən hazırladığı siqaret bloklarını, su qutularını, isti paltarları maşınların bortuna atırdı.

Bəziləri isə öz avtomobilləri ilə kolonun yanına yaxınlaşır, sürəti azaltmadan əllərindəki ərzaqları əsgərlərə ötürürdü.

O an əsgərlərin üzündə qəribə bir təbəssüm görürdüm.

Kimsə əl yelləyirdi.

Kimsə başını çıxarıb salam verirdi.

Kimsə alqışlayırdı.

Amma mənim içimdə tamam başqa bir hiss böyüyürdü.

Yenə Tahirin dediyi cümlə yadıma düşdü:

“Allah bizi utandırmasın.”

Bu dəfə həmin cümlə beynimdə daha ağır səsləndi.

Çünki yol kənarında dayanan insanlar bizə sadəcə su, çörək, siqaret vermirdilər.

Onlar bizə inanclarını verirdilər.

O gün ilk dəfə düşündüm:

Bizim artıq məğlub olmaq haqqımız yoxdur.

Bu insanların qarşısında yox.

Bu uşaqların dalğalandırdığı bayrağın qarşısında yox.

Əllərində isti paltar tutub əsgər gözləyən anaların qarşısında yox.

Səhərdən yol kənarında dayanıb övladına deyil, bütün əsgərlərə “Allah sizi qorusun” deyən insanların qarşısında yox.

Çünki müharibənin ən ağır yükü bəzən belindəki silah olmur.

Bəzən ən ağır yük sənə olan inamdır.

İnsan güllədən qaça bilər.

Amma ona bəslənən inamdan qaça bilmir.

Tez-tez maşın başçılarından məruzələr alırdım.

Sürücülərə diqqətli olmalarını, yuxulamamalarını tapşırırdım.

Kolonun nizamını qorumağa çalışırdım.

Amma əslində hər birimiz öz içimizdə başqa bir kolon idarə edirdik.

Qorxularımızdan, xatirələrimizdən, yarımçıq qalmış söhbətlərimizdən ibarət bir kolon...

Gecə saatlarında Qızılhacılı kəndinə çatdıq.

Dərhal maşınları təhlükəsizlik qaydalarına uyğun məsafələrdə yerləşdirdik.

Bölmələri bir-birindən uzaq saxladıq.

Hər şey sakit görünürdü.

Amma müharibədə sakitlik heç vaxt tam sakitlik olmur.

Bir qulağım rabitədə idi.

Növbəti komandaya qədər burada gözləməli idik.

Telefon isə əlimdən düşmürdü.

İnsan bəzən ən pis xəbərin gələcəyini hiss edir.

Amma yenə də telefona baxır.

Çünki bilməmək bəzən bilməkdən daha ağırdır.

Telefon yenidən zəng çaldı.

Ekranda anamın adı göründü.

Bu dəfə danışmaq istəmirdim.

Çünki verəcəyi sualların cavablarını əvvəlcədən düşünməli idim.

Bir neçə saniyə telefona baxdım.

Sonra açdım.

— Mama...

Anam danışmağa başladı.

Mən isə onun ilk cümlələrindən sonra artıq nəsə baş verdiyini anladım.

Və elə həmin an Rihatın yaralanması barədə xəbəri aldım.

Donub qaldım.

Beynimdə hər şey bir anlıq dayandı.

Rihat...

Mənim xalam oğlum.

Cəmi bir il əvvəl ali hərbi məktəbi bitirmişdi.

Gənc tağım komandiri.

Beyləqan korpusunun həmlə taborunda döyüşürdü.

Sonralar öyrənəcəkdim ki, həmin istiqamətdə ön xəttin yarılmasında iştirak edib, düşmən səngərini keçib, müdafiənin ikinci eşalonundakı səngərdə bir neçə güllə yarası alıb.

Amma o gecə mən bunları bilmirdim.

Bildiyim yalnız bu idi:

Rihat yaralanmışdı.

Nə deyəcəyimi bilmirdim.

Amma anam məndən daha iradəli çıxdı.

Səsi sakit idi.

— Yüngül yaralanıb, salamatdır. İndi gözləyirik hospitala gətirsinlər. Sən narahat olma. Diqqətli ol. Özünü qoru...

Bir anlıq susdu.

Sonra adımı çəkdi:

— Mahir?..

— Ay can, mama...

Səsindəki o tanış istilik birdən bütün cəbhəni mənim üçün dəyişdi.

— Haqqım sizə halaldır. Allah qorusun... səni də, əsgərlərini də. Diqqətli ol, qadan alım.

Heç nə deyə bilmədim.

Telefonu qulağımda saxladım.

“Qadan alım...”

Gəncəli ananın, min dəfə eşitdiyim o şirin ifadəsi həmin gecə mənə dünyanın ən ağır və ən gözəl cümləsi kimi gəldi.

Bəzi sözlərin mənası zamanla dəyişir.

Uşaqlıqda adi səslənən bir söz, ölümün bir addımlığında sənə vəsiyyət kimi gələ bilir.

Rihata zəng etdim.

Cavab vermədi.

Bir daha yığdım.

Yenə cavab yox idi.

Narahatlığım daha da artdı.

Amma ən azı birimiz evə qayıda bilərdi.

Yaralı da olsa...

Birimiz.

Qaldıq ikimiz.

Tahirdən isə hələ xəbər yox idi.

Telefonu cibimə qoydum.

Rabitəyə qulaq asdım.

Uzaqdan partlayış səsləri gəlirdi.

Gecənin qaranlığında həmin səslər bəzən yaxın, bəzən uzaq eşidilirdi.

Hər partlayışdan sonra sükut yaranırdı.

O sükut isə növbəti partlayışa qədər adamın beynində min cür fikir yaradırdı.

Mən o gecə səhərə qədər yatmadım.

Əsgərlərimin bir hissəsi yatmağa çalışırdı.

Bəziləri səssizcə oturmuşdu.

Kimsə siqaret çəkirdi.

Kimsə telefonda evdəkilərlə danışırdı.

Kimsə isə heç kimə zəng etmirdi.

Bəlkə də zəng etməyə qorxurdu.

Mən rabitədən bir an belə ayrılmadım.

Çünki artıq anlayırdım:

Müharibə xəritədə çəkilən oxlardan ibarət deyil.

Müharibə bəzən bir telefon zəngidir.

Bəzən ananın səsində gizlənən titrəyişdir.

Bəzən qardaşının səhər dediyi “haqqını halal elə” cümləsidir.

Bəzən yol kənarında sənə uzadılan bir butulka sudur.

Və bəzən də bir ananın gecənin içində oğluna dediyi:

“Haqqım sizə halaldır...”

Səhər açılırdı.

Biz hələ də Qızılhacılıda idik.

Qarşımızda müharibə vardı.

Arxamızda isə bir ölkənin bizə olan inamı.

O gecə mən bir şeyi çox aydın başa düşdüm:

Bəzi yollar insanı cəbhəyə aparmır.

Bəzi yollar insanı öz taleyinin içinə aparır.

Bizim yolumuz da artıq geri dönülməz yerə çatmışdı.

Və səhərin ilk işığında mən yalnız bir şeyi düşünürdüm:

Allah bizi utandırmasın...

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.