İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz (keçmiş Vartaşen) rayonu yarandığı tarixdən (1930-cu il 08 avqustdan) sonra burada nəşrə başlayan ilk qəzetin adı “Vartaşen kolxozçusu” olmuşdur. Sonralar bu qəzet "Varlı həyat", "Lenin bayrağı", “Oğuz yurdu” adı ilə nəşrini davam etdirmişdir.
Adından asılı olmayaraq qəzet müntəzəm olaraq öz oxucularına rayonun içtimai-siyasi həyatı, onun tarixi, sosial-iqtisadi inkişafı, quruculuq işləri, təhsili və mədəniyyəti ilə bağlı məlumatları çatdırmış, bölgənin tarixi salnaməsinin yaradılmasında böyük rol oynamışdır.
Təəssüf ki, qəzet maddi imkansızlıq səbəbindən 2023-cü ilin avqust ayından öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur.
Nə xoş ki, təxminən iki il aralıqdan sonra “Oğuz xəbərləri” adı ilə yenidən öz fəaliyyətini bərpa etmişdir. İlk nömrəsi 25 oktyabr 2025-ci il tarixdə işıq üzü görmüşdür.
2025-ci ilin sentyabr ayından Media Reyestrində qeydiyyatdan keçmiş; “Şəki Ensiklopediyası” MMC-nin rəhbəri Aydın Məmmədovun təsisçiliyi; AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Tərəqqi medallı, “Qızıl qələm” media mükafatı laureantı, 40 ilə yaxın rayon qəzetinin redaksiyasında müxbir, redaktor müavini və redaktor olmuş, təcrübəli mətbuat işçisi N.Hüseynlinin məsul redaktorluğu ilə fəaliyyətə başlayan “Oğuz xəbərləri” qəzeti hazırda ayda bir dəfə 8 səhifə olmaqla 500 nüsxə ilə çap olunur.
Yenilənmiş formatda və yeni adla fəaliyyətini bərpa edən qəzetin əsas məqsədi Oğuz rayonunda baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni və təhsil sahələrinə dair yenilikləri işıqlandırmaq, rayonun inkişafı istiqamətində həyata keçirilən tədbirləri, layihələri və uğurları ictimaiyyətə çatdırmaqdır.
“Oğuz xəbərləri” qəzeti həm ənənəvi mətbuat dəyərlərini qoruyaraq, həm də müasir informasiya tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Nəşr Oğuz rayonunun həyatında baş verən hadisələri operativ və obyektiv şəkildə təqdim etməklə yanaşı, rayon sakinlərinin təşəbbüslərini, uğurlarını və bölgənin sosial-mədəni inkişafını əks etdirməyi qarşısına məqsəd qoyub.
Bu ay qəzetin fəaliyyətə başlamasının bir ili tamam olur. Bu müddət ərzində qəzetin səhifələrində verilmiş materialları mövzu və tematik bölgü baxımından belə təsnif etmək olar:
* yerli idarəetmə və ictimai həyat. Ölkədə baş vermiş içtimai-siyasi və iqtisadi yeniliklər, Rayon İcra Hakimiyyətinin tədbirləri, bələdiyyə layihələri, infrastruktur yenilənmələri (yol, qaz, su, elektrik təchizatı) və dövlət proqramlarının icrası ilə bağlı rəsmi və xəbər xarakterli materiallar.
* təhsil və maarifçilik. Oğuz rayon məktəblərinin fəaliyyəti, qabaqcıl müəllimlərin iş təcrübəsi, buraxılış və qəbul imtahanlarının nəticələri, məktəblərdə keçirilən tərbiyəvi və vətənpərvərlik tədbirləri.
* diyarşünaslıq, tarix və toponimika. Qəzetin ən dəyərli yükünü təşkil edən bölmələrdən biridir. Oğuzun kəndlərinin (Yaqublu, Filfili, Calut, Padar, Bucaq və s.) etimologiyası, mikrotoponimləri, tarixi abidələri və yerli el ağsaqqalları haqqında sənədli-publisistik yazılar.
* hərbi-Vətənpərvərlik və Şəhidlərin xatirəsi: 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatlarında şəhid olmuş oğuzlu döyüşçülərin həyat yolu, qazilərin sosial vəziyyəti və xatirə gecələri barədə anım yazıları.
* ədəbi-bədii həyat. Yerli şair və yazarların (o cümlədən regionda tanınan imzaların) şeirləri, hekayələri, ədəbi esse və yubiley məqalələri.
* kənd təsərrüfatı və iqtisadiyyat: Qoz-fındıq bağlarının vəziyyəti, tütünçülük, heyvandarlıq, yerli sahibkarlıq subyektlərinin fəaliyyəti və fəsillərə uyğun aqrar təsərrüfat xəbərləri.
Qəzetin janr və üslub xüsusiyyətlərini də belə təsnif etmək olar:
* rəsmi-xəbər janrı. Rayon miqyaslı xəbərlər informativ, neytral və rəsmi publisistik dildə təqdim olunur.
* oçerk və portret yazıları. Təhsil xadimləri, müharibə veteranları, zəhmətkeşlər və mədəniyyət nümayəndələri haqqında bədii-publisistik çalarlarla zəngin fərdi təsvirlər.
* araşdırma və tədqiqat məqalələri: Yerli toponimiya, folklor və tarixə dair elmi-kütləvi üslubda yazılmış analitik yazılar.
Qəzetin funksional və sosial rolu haqqında isə demək olar ki, qəzet Oğuz rayonunun gündəlik ictimai-mədəni salnaməsini yaradır və gələcək tədqiqatçılar üçün ilkin mənbə rolunu oynayır. O həmçinin ünsiyyət və ictimai rəy körpüsüdür. Yerli sakinlərin uğurlarını işıqlandırmaqla yanaşı, regionun ziyalı qatının, müəllim və tədqiqatçılarının tribunasına da çevrilir. Qəzetə çap olunan materiallar müəyyən dövrün ictimai-siyasi, sosial, mədəni və ədəbi həyatını öyrənmək üçün gələcəkdə mühüm yazılı mənbə olacaqır.
Sonda xüsusi olaraq vurğulamaq istərdik ki, “Oğuz xəbərləri” rayonun mədəni-maarif, səhiyyə və təhsil obyektlərinə, digər idarə və təşkilatlara, oz oxucularına tamamilə pulsuz çatdırılır. Bu, bəlkə də, ölkədə oxucularına pulsuz çatdırılan yeganə qəzetdir.
“Oğuz xəbərləri”nin təsisçisini, məsul redaktorunu və yazarlarını qəzetin bir yaşının tamam olması münasibəti ilə təbrik edir, onlara Oğuz rayonunun salnaməsini yaratmaq yolunda uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(02.10.2026)


