Avstraliyadakı soydaşlarımızdan Anım Günü ilə bağlı bəyanat

Avstraliyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıblar.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) və Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı adından yayılan bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olub. Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı ölkə tarixində mühüm iz qoyub.

Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə münasibətdə bərabər tətbiqinin vacibliyi vurğulanıb, sülhün, təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin qorunmasına çağırış edilib.

Avstraliyada yaşayan azərbaycanlıların Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağı, milli birlik və həmrəyliyi qorumağı, tarixi həqiqətləri gələcək nəsillərə ötürməyi özlərinə mənəvi borc hesab etdikləri diqqətə çatdırılıb.

Sonda şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, onların əziz xatirəsinə ehtiram ifadə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.