Səməd Vurğunun yeganə qızı Aybəniz Vəkilova Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Böyük Azərbaycan şairi, adı dillər əzbəri, ilk Xalq şairi Səməd Vurğunun, bildiyimiz kimi iki məşhur ədib oğlu var – Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlu. Qızı isə elmə könül vermiş Aybəniz Vəkilovadır. Bu gün onun anadan olmasının 89 illiyidir. Vurğunun hər 3 övladı dünyadan köçüb. Amma yaddaşlarda qalıblar.

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxuyub (sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirib.

Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışıb. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olub. O, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak edib. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olub.

1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olub. Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılıb, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılıb (www.samedvurgun.com)

Şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olub. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olub.

 

SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülüb.

Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər  Əliyev tərəfindən də qiymətləndirilib, ulu öndər 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərib.

2002-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2003-cü ildə isə "Prezident təqaüdçüsü" adına layiq görülüb. 2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı verilib.

O, 2009-cu il iyun ayının 13-də, ömrünün 71-ci baharında həyata gözlərini qapayıb.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.