O, tarix elminə dəyərli töhfələr verdi Featured

BU GÜN MƏRHUM ŞAHİN FAZİLİN ANIM GÜNÜDÜR

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şahin Fazil.

Bu ad elm aləmində çoxuna tanışdır. Onun tədqiqatları tək Azərbaycanla kifayətlənmir, Yaponiyaya, Əfqanıstana qədər gedib çıxır. Qubalılar isə bir məşhur həmyerliləri kimi onu sevir, böyük ehtiram bəsləyirdilər.

Bu gün görkəmli alimin anım günüdür.

 

27 mart 1940-cı ildə Quba şəhərində anadan olan Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib.

1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub.

1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib. 1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilib.

 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülüb. Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazıb və çap etdirib.

İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görüb. 142 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazıb və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirib. 1998-ci ildən "Məcməüş-şüəra"nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunub. 2009-cu ildə Yaponiyanın iki şəhərində (Sinday və Tokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış edib.

 "Azərbaycan haykuları" adlı kitabındakı bir neçə şeiri Tokioda dərc olunub. Ş. F. Fərzəliyev onlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq elmi konfranslarda iştirak edib, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərlə elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi olub.

Onun namizədlik və doktorluq dissertasiyaları tariximizin ən mürəkkəb dövrlərindən biri olan XV–XVI əsrlərdə ölkəmizin siyasi, ictimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri əsasında) həsr edilmiş olduğundan mühüm elmi işlər kimi diqqəti cəlb edib.

Ş. F. Fərzəliyev namizədlik və doktorluq dissertasiyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirib. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında, o cümlədən "Üzeyir Hacıbəyov" Ensiklopediyasında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Ş. F. Fərzəliyev Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırıb, öz sözünü deməyi bacarıb.

Bir neçə monoqrafiyanın, o cümlədən ("Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə", "Quba tarixi", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu", həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir. Prof. Ş. F. Fərzəliyev eyni zamanda müxtəlif dövlət universitetlərində pedaqoji fəaliyyətdə də olub.

Prof. Ş. F. Fərzəliyev son illərdə tərcüməçilik fəaliyyətini daha da genişləndirib, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirib, bununla kifayətlənməyərək, onlara sanballı "Ön söz" başlıqlı məqalələr, həmçinin geniş şərhlər yazıb. O həm də Jozef Tiflisinin "Mir Veys və Şah Hüseyn", Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" kimi dəyərli mənbələrin tərcüməçisidir.

Ş. F. Fərzəliyev müxtəlif problemlərə həsr olunan çoxsaylı məqalələr müəllifi kimi həm Respublikamızda, həm də xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Tehran, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak edib.

2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olub, Azərbaycan tarixşünaslığına dair mühazirə oxuyub. Azərbaycan xalqının vətənpərvər övladı və tanınan alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə edib.

Ş. F. Fərzəliyev gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərib. Onun rəhbərliyi ilə 13 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəri olub. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında sədr müavinidir. Prof. Ş. F. Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olub, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik edib.

İndiyədək Ş. F. Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxıb. Ş. F. Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1992-ci ildən). O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ və Azərbaycan) təltif olunub.

 

Mükafatları

1. Əfqanıstanın dövlət medalları — "Qədirbilən Əfqan xalqı adından" medalı, "Sədaqət" ordeni, "Səvr [Aprel] inqilabının 10 illiyi" ordeni.

2. Əfqanıstan Mülki Aviasiya nazirinin Fəxri Fərmanı.

3. Əfqanıstan Əfqanıstan Nazirlər Şurasının sədri və Ticarət nazirinin Şahin Fazilin fəaliyyəti ilə bağlı Fəxri Fərmanları.

4. Azərbaycan AMEA-nın Fəxri fərmanları.

 

Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.