İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
19-cu əsrdə Tiflisdə azərbaycanlı ziyalılar elitası formalaşmışdı, bu elita ən müxtəlif sahələrdə, elmdə, maarifçilikdə və mədəniyyətdə böyük işlər görürdü. Elə bu ənənə növbəti əsrə də keçmişdi...
İslam İbrahimov 1922-ci il dekabrın 25-də Tiflis şəhərində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən İslam əvvəlcə Şəkər nənənin himayəsində, daha sonra isə Bakıda böyük qardaşı Əjdərin (sonralar Əməkdar hüquqşünas Əjdər İbrahimovun) yanında boya-başa çatıb. Orta təhsil aldıqdan sonra 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
1944-cü ildə təhsilini başa vurub. Həmin il "Kommunist" qəzetində tərcüməçi kimi fəaliyyətə başlayıb. 1945-ci ilin sonlarında işdən azad edilərək Moskvaya göndərilib və burada SSRİ Komissarlar Sovetində Azərbaycan nəşri şöbəsinin redaktoru təyin edilib. 1949–1953-cü illərdə A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun aspiranturasının fəlsəfə-estetika şöbəsində təhsil alıb.
Bir müddət Moskvada "Literaturnaya qazeta"da Azərbaycan üzrə müxbir işləyib və Azərbaycana qayıdıb. Azərbaycana qayıtdıqdan sonra Bakı kinostudiyasında ssenari şöbəsinin böyük redaktoru, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri vəzifələrində çalışıb
1961-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Şərqşünasların XXV beynəlxalq konqresində iştirak edib. 1965-ci ildən ömrünün sonuna qədər M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərib. 1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub.
İlk yazıları 1944-cü ildə çap olunub. 1950-ci ildən etibarən dövri mətbuatda elmi-nəzəri və tənqidi yazılarla müntəzəm çıxış edib. Bu məqalələrin bir qismi "Əsr və sənətkar" kitabında toplanıb. İ. İbrahimov tənqidçiliklə yanaşı, bədii yaradıcılıqla da məşğul olub.
O, "Bakının bir günü" sənədli filminin ssenarisini, C. Cabbarlı adına Kirovabad (indiki Gəncə) Dövlət Dram Teatrında səhnəyə qoyulmuş "Anaların divanı" faciəsini, "İşıqlı gecələr" ("İliç Buxtası") kinossenarisini, Azərbaycan radiosunda səsləndirilmiş "İnsanlar – köçəri quşlar" pyesini, "O, belə məğrur idi" kinossenarisini, "Həftənin altıncı günü" və "Tələbələr" pyeslərini, Cəlil Məmmədquluzadənin hekayələri əsasında işlədiyi "Quzu" pyesini yazıb.
Tərcüməçi kimi Mark Tvenin hekayələrini, Cek Londonun "Martin İden", Səbahəddin Alinin "Asfalt yol", Mixail Bubennovun "Ağcaqayın", Layoş Meşterhazinin "Prometey müəmması" romanlarını, Tennessi Uilyamsın "Şüşə heyvanxana" pyesini, "Hindistan və Pakistan" hekayələrini, Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" povestini, Vladimir Razumnının "Həyatın estetikası" kitabını və başqa əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə edib.
Bundan başqa, Məmməd Cəfər Cəfərovun "Hüseyin Cavid" monoqrafiyasını Azərbaycan dilindən rus dilinə, Nazim Hikmətin bir neçə pyesini isə türk dilindən rus və Azərbaycan dillərinə tərcümə edib.
Ədib 29 iyul 1985-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.07.2026)


